Rusiyanın paytaxtında təşkil olunan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisi sentyabrın 4-dən öz işinə başlayıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.
Mədəniyyət Nazirliyindən bildirildiyinə görə, sərgidə nazirliyin nümayəndələri və uşaq yazıçısı, “İrs” Nağıllar evinin rəhbəri, professor Solmaz Amanova iştirak edirlər. Təmsilçilərimiz sərgi çərçivəsində bir sıra tədbirlərə qatılıblar. Azərbaycana dair yeni nəşr edilmiş qiymətli kitabların nümayiş olunduğu milli stenddə ölkəmizin tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.
Sərgi çərçivəsində “Kitab sənəti” müsabiqəsində Azərbaycan 9 nominasiya üzrə 10 diplom alıb. Solmaz Amanova “Turac və sehrli daraq” kitabı ilə “MDB-də nəşr olunub” nominasiyasında qalib gəlib, həmçinin “Narmis və Tacşir” kitabı ilə müsabiqənin Qran-Prisinə sahib olub.
Mükafatçılar sırasında Səbuhi Əhmədov (“Azərbaycan silahları IX–XVII əsrlərdə: təkamül və inkişaf” monoqrafiyası), “Sirus Mirzəzadə: rəngkarlıq, qrafika, monumental incəsənət” fotoalbomu, “Azərbaycan Milli Xalça Muzeyi” fotoalbomu da var.
XQ