Mütaliə gündəlik vərdişə çevrilməlidir

post-img

Doğru deyirlər ki, mütaliəyə maraq zəif olan bir ailədə, cəmiyyətdə heç bir inkişafdan, maariflənmədən danışmaq olmaz və bu da zamanla ailənin, cəmiyyətin zəifləməsi, geri qalması deməkdir.

 Sokrat  mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: "Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar". 

Təsadüfi deyildir ki, Ümummilli liderimiz H.Əliyev mütaliənin insanın bütöv şəxsiyyət kimi formalaşmasına, cəmiyyətin inkişafına əvəzsiz köməyini dəfələrlə vurğulamış, bu sahədə kitabxanalardan mənəvi xəzinə kimi bəhs edərək demişdi: “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. 

 Mütaliə insanın mənəvi dünyasını zənginləşdirir, onu saflaşdırır, dünyagörüşünü artırır. O, dünya mədəniyyətinin yol göstərən işarəsi, cavanlığın tərbiyəçisi, qocalığın dostudur. 

 Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevlə müsahibəmiz də elə mütaliə barədə oldu. Həmin müsahibəni oxucularımızın diqqətinə təqdim edirik.

-          İmran müəllim, xoş gördük. Sizcə, mütaliə nədir?

-         Xoş gördük. “Mütaliə” ərəb sözü olub,  “oxumaqla əldə edilən məlumat” 

anlamına gəlir. Kitab, jurnal, qəzet, qədim kağız yazılı mənbələr, elektron kitablar, hətta daş kitabələr  özlərində informasiya yükü və təcrübə toplanmış mənəvi xəzinə, bilik mənbəyidir. Mütaliə isə həmin mənəvi sərvəti, biliyi öyrənmə və mənimsəmə vasitəsidir. O, insanlar üçün sosial tələbat, onların içtimai şuurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə təsir edən içtimai əlaqə sistemidir. Fərdlərin həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdən biridir. F.Bekonun sözləri ilə desək, mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. Məlumat-axtarış və idrakı fəaliyyət növü kimi  mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları mövcuddur və bunlar kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər nəticə olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi, bu biliklər sisteminin yaradılması və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi  kimi ifadə olunur. 

-         Mütaliənin əhəmiyyəti, onun cəmiyyətin və fərdlərin həyatındakı rolu nədir ?

-         Bu barədə çox şey demək olar.  Amma gəlin biz qısa cavablandırmağa 

çalışaq. Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. U.M.Tekkerey  kitab barədə  deyirdi ki,... kitab insanın ruhunu qanadlandırır, onu ucaldır və möhkəmləndirir. Mütaliə insanı yetkinləşdirir, mənən inkişaf etdirir, intellektini artırır, onun dünyaya baxış bucağını mükəmməlləşdirir. Mütaliə edənlər öz erudisiyasiyaları, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf edib. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. 

-          İmran müəllim, dediniz ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

-         Bunu mən demirəm. Bunu son 15-20 ildə aparılmış elmi tədqiqatların nəticələri göstərir. Məsələn, psixoloqlar sübut ediblər ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha tez anlayır və daha yaxşı empati qura bilirlər.  

Və yaxud alimlərin apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompyuter vermir, əksinə televizor onları itirir... Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.  Mütəxəssislər tərəfindən aparılmış digər bir tədqiqat göstərmişdir ki, o kəslər ki, kitab oxumağı sevirlər, onlarda vaxtsız ölüm riski başqalarından 20 faiz daha az olur.

 Tədqiqatlardan o da məlum olmuşdur ki, poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir.

 Amerika alimləri apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəl igələn nəticələrə malikdirlər.

London və Uels universitetlərinin alimləri isə kişi və qadınlar arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir və s. Onu da qeyd edək ki,  hazırda dünyanın inkişaf  etmiş ölkələrinin bir çox  aparıcı  klinikalarında  yeni müalicə metodu – biblioterapiya uğurla tətbiq edilir.

-          Kitab seçimi, onun əhəmiyyəti, mütaliə vaxtı və şəraiti  barədə nə deyə bilərsiniz ?

-         Bu çox geniş bir söhbətin mövzusudur. Burda sadəcə onu qeyd edə bilərik ki, həqiqətən, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır. Yadıma məşhur rus yazıçısı İ.Turgenevin sözləri düşdü. O deyirdi ki, kitabı diqqətlə seçin, əlinizə nə düşdü oxumayın. C.Fenton isə deyirdi ki, dəyərli kitablar oxuyun ki, dəyər qazanıb başqalarının işinə yarıyasınız. Bu sözlərdə böyük həqiqət vardır. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da oxucuların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir, mənən şikəst edir. Əlbəttə, kitab seçimi hər bir oxucunun müstəsna hüququdur. Lakin bu da var ki, bir maraqsız kitab insanı ömürlük kitablardan uzaq sala bilər. Təsadüfi və ya səhv kitab seçimi xeyirdən çox ziyan gətirə bilər. Mütaliədə səhv seçimlər bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir. Məsələn, bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır, zaman xronologiyası tez-tez pozulur. Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yalnış anlamalara səbəb olur, gənc oxucuları çaşdırır, onların canlarını sıxır. Nəticədə onlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.

Bir sözlə,  düzgün kitab seçimi mütaliədə əsas şərtdir. Unutmayaq ki, Alcottun dediyi kimi, "ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır". Yaxşı  kitabların seçimində filoloq, kitabxanaçı, psixoloq və təcrübəli oxucuların məsləhətlərindən, filoloqlar tərəfindən hazırlanmış tövsiyə siyahılarından  istifadə etməyi məsləhət bilirik. 

Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan da çox asılıdır. Ona görə də şərti olaraq münasib mütaliə vaxtının təyin edilməsinə xüsusi fikir verilməlidir. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda mütaliə etmək məsləhət görülmür.

Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaliə vasitələri – stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır. Mütaliə ilə məşğul olan gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma və s. diqqət mərkəzində saxlanmalıdır.

-          Son zamanlar mütaliəyə marağın azalmasından tez-tez söhbət gedir. Bu məsələyə sizin də münasibətinizi bilmək maraqlı olardı.

-         Təəssüf ki, elədir. Həqiqətən ənənəvi mütaliəyə maraq əvvəlki dövrlərə nisbətən xeyli azalmışdır. Bunu sübut etmək üçün statistik rəqəmlər axtarmağa, sorğular keçirməyə ehtiyac yoxdur. Görünən kəndə nə bələdçi? Gedib, kitab mağazalarının və kitabxanaların (xüsusən regionlarda) qarşısında bircə gün müşahidə aparsaq, nəticəni 10-15 il bundan əvvəlki vəziyyətlə müqayisə etsək, onda hər şey gün kimi aydın olar. Bu gün ailələrdə məktəbəqədər, kiçik və orta məktəb yaşlı uşaqların əllərində şəkilli kitablar və nağıl kitabları əvəzinə mobil telefon görürüksə, mütaliəyə marağın azalmasını da “təbii” qəbul etməliyik. Onu da deyək ki, mütaliəyə marağın azalması tək bizim ölkədə deyil, bütün dünyada müşahidə olunan tendensiyadır. Bunu YUNESKO-da təsdiqləyir. Təəssüf ki, bu tendensiya bizdə daha çox hiss edilir. Təxminən 10 il bundan əvvəlki statistik rəqəmlər göstərirdi ki, il ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum olub. ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur. Ənənəvi mütaliəyə marağın azalmasının səbəbləri çoxdur.  Uzunçuluq olmasın deyə, biz həmin səbəblərdən birini qeyd etməklə kifayətlənəcəyik. Zənnimizcə, ənənəvi mütaliəyə marağın azalmasının əsas səbəblərindən biri  müasir dövrdə oxucuların daha çox internetdə elektron kitab oxumağa və axtarış aparmağa üstünlük vermələri, orada çox vaxt keçirmələridir. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Bəzən mən də elektron kitabları mütaliə edirəm. Amma düzünü deyim ki, bu zaman ənənəvi mütaliədən - kitabla fiziki təmasdan, onun çəkisindən, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan aldığım zövqü ala bilmirəm. Belə fikirləşirəm ki, şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz, bilməyəcək də. Amma hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil. Bu, əslində tarixi şəraitdən doğan zərurətdir.

-          Mütaliəyə marağın gücləndirilməsi üçün hansı amilləri vacib hesab edirsiniz?

-         Mütaliə, kitab oxumaq nə bir qanun, nə də borc deyil ki, oxucunu buna məcbur edəsən. Burada insanların mütaliəyə təşviq edilməsi, kitab təbliği, mütaliə bacarıqlarının, maraq və həvəsin, bir sıra stimullaşdırıcı amillərin olması əsas şərtdir. Mütaliəyə təşviq işləri və mütaliə bacarıqlarının formalaşdırılması çox önəmli hesab edirəm. Məncə, bu işlər ailədən başlanmalı və məktəb dövründə davam etdirilməlidir. Çünki uşaqların mütaliə maraqlarının yaranması və mütaliə bacarıqlarının formalaşdırılması onların həyatında yaşlı adamın həyatında oynadığından daha böyük önəm kəsb edir və onun sonrakı inkişafına ciddi təsir göstərir. Əgər ailədə uşaq valideynlərini daim kitab oxuyarkən görərsə, uşağın kiçik yaşlarından onların əlində olan əşyaya marağını artıracaq, özünü dərk edərkən o da gələcəkdə mütləq kitaba, mütaliəyə meyilli olacaqdır.  

Əslində bütün cəmiyyətdə insanlar mütaliəyə  təşviq edilməli, kitab təbliği işləri gücləndirilməlidir. Bunun üçün Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil Nazirlikləri, AYB-yi tərəfindən məktəbyaşlı uşaqları və gəncləri mütaliəyə həvəsləndirən birgə uzunmüddətli Proqramların hazırlanması və icrası çox faydalı olardı. Zənnimizcə, mütaliənin insan həyatındakı əhəmiyyətini açıqlayan, insanları kitab oxumağa təşviq edən video-çarxların və qısametrajlı filmlərin, yenicə çap olunmuş kitablara aid reklamların, içtimai yerlərdə keçirilmiş kitab oxuma aksiyalarının və fleş-mobların çəkilib televiziyalarda və sosial şəbəkələrdə nümayiş etdirilməsi, xəbər kimi tamaşaçılara təqdim edilməsi də səmərəli olardı. Televiziyalarda bayağı verlişlərin kitab təbliğinə və mütaliəyə həsr olunmuş verilişlərlə əvəzlənməsi daha yaxşı olmazmı?! Mədəniyyət və təhsil müəssisələri, gənclər və idman idarələrinin, eləcə də digər təşkilatların (o cümlədən iş adamları və qeyri-hökumət təşkilatlarının) bu sahədə öz fəaliyyətlərini canlandırmalarına ehtiyac vardır.

-          Sağ olun, müsahibə üçün təşəkkür edirəm.

 

 Pünhan ƏFƏNDİYEV

 

 

Müsahibə