Milli xatirənin kitab abidəsi

post-img

Müsahibimiz Respublika “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovadır.

– Nəzakət xanım, düz 79 ildir ki, Azərbaycan xalqı II Dünya müharibə­sinin ağrı-acılarını xatirələrində yaşa­dır. Xalqın haqqa dərin inamı mayın 9-da Qələbə müjdəsi ilə cilalansa da, ölən, itən, taleyi naməlum qalan igidlə­rimiz də olub. Sizin rəhbərliyinizlə bu­raxılan xatirə kitabları onların adlarını nə dərəcədə əbədiləşdirə bilir? 

– Müharibə olum-ölüm məsələsidir, itkisiz başa gəlmir. XX əsrin ortalarında Azərbaycanın igid oğulları da Hitler fa­şizminə qarşı öz canları, qanları ilə mü­barizə aparıblar və faşizm Qafqazdan Reyxstaqa qədər geri oturdulub. II Dün­ya savaşında respublikamızdan cəbhəyə yollananların yarıdan çoxu döyüş mey­danlarında həlak olub, aralarında itkin düşənlər də çox olub. Bu mənada, Böyük Vətən müharibəsində xalqımızın verdiyi itkiləri bəlli etmək, bunu tarixləşdirmək, müharibənin vurduğu yaraları fakt kimi əbədiyyətə ünvanlamaq, bir xatirə olaraq yaddaşlara hopdurmaq, silinməz tarixə çevirmək üçün, şübhəsiz, vacib addımlar atılmalı idi və ölkəmizdə bu proses 1 may 1997-ci ildən Ümummilli lider Heydər Əliyevin göstərişi ilə birbaşa Respublika “Xatirə Kitabı” Redaksiyasına tapşırıldı. 

Düzdür, keçmiş İttifaq dövründə II Dünya müharibəsində həlak olan, itkin düşən döyüşçülər haqqında ensiklope­diya çapa hazırlanırdı. Nəşrin respub­likamız üçün nəzərdə tutulmuş 20 cil­dindən cəmi 3 cildi çap olunub. Biz işə başlayanda fəaliyyətimizi yalnız bunlarla məhdudlaşdırmadıq. Gərgin iş prosesi və araşdırmalar nəticəsində aşkar etdik ki, xalqımızın qəhrəman oğul və qızlarının adları təkcə SSRİ-nin şəhər və rayonları­nın tarixində öz əksini tapmır, uzaq diyar­lar – Polşa, Macarıstan, Fransa, İtaliya və Yuqoslaviyada da onların qəhrəmanlıqla­rı salnamə kimi səciyyələnir. Bu ölkələrin Qardaşlıq qəbiristanlıqlarında faşizmlə mübarizədə həlak olmuş minlərlə Azər­baycan övladı uyuyur. Qərara gəldik ki, siyahıya onlar da, həmçinin müharibədən sonrakı hərbi qarşıdurmalarda, Əfqanıs­tanda və Çernobıl faciəsində, 20 Yanvar və Xocalı hadisələrində həlak olanlar da daxil edilsin. Növbəti cildlərdə isə Qara­bağda şəhidlik zirvəsinə ucalmış, itkin düşmüş vətəndaşlarımızdan bəhs etdik. Kitabın, ümumilikdə, 20-yə yaxın cildi çap olunub. Beləcə, yaddaş kitablarımız daha da dolğunlaşıb. 

Bu gün də redaksiyamızın əsas ama­lı həmvətənlərimizin döyüş yollarını, qəhrəmanlıqlarını, həlak olduqları, itkin düşdükləri yeri və s. araşdırmaq, doğ­ru-dürüst məlumat əldə etmək və onların xatirələrinə vəfa borcumuzu yerinə yetir­məkdir. Düşünürəm ki, üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməklə dövlətçilik işinə təkan verir, böyük bir ta­rixi epoxanın olaylarını açıq-aydın gələ­cək nəsillərə göstəririk. 

– Əslində, “Xatirə Kitabı” mühari­bə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu nəşrlərdə insan talelərinin qaranlıq məqamlarına işıq salınır...

– Hər bir ölkənin “Xatirə kitabı”nda bizim Əsir və itkin düşmüş, girov götü­rülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə araş­dırmalar əsasında hazırladığımız “Xatirə Kitabı” da nəşr olunduğu gündən minlər­lə soydaşımız barədə ictimaiyyətə bəlli olmayan həqiqətləri üzə çıxarıb, öz milli vətənpərvərlik iradəsini nümayiş etdirib. Bu nəşr dövlət büdcəsindən maliyyələş­diyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır. 

“Xatirə Kitabı: 44 gün – tarixi Zəfər” kitabının 3 cildinə ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidimiz haqqında məlumatlar daxil edilib. Eyni zamanda, Respublika “Xatirə Kitabı” re­daksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab çap edib və bu kimi kitabların yenə də hazırlanması istiqamətində ardıcıl işlər görülür.

– Bildiyimizə görə, redaksiyanızın sifarişi ilə sənədli qəhrəmanlıq filmləri də çəkilir...

– Elədir. Bir neçə ay əvvəl Nizami Kino Mərkəzində redaksiyamızın “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunub. Bu filmlər Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əli­yev, Toğrul Abbasov və Mətləb Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir. Ümumilikdə, bu layihə çərçivəsin­də 8 film çəkilib. 

Bir daha vurğulayım ki, 9 May Qələ­bə Günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır və bu möhtəşəm günün tarixə qızıl hərflərlə yazılması ölkəmiz üçün olduqca zəruridir. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, heç kim unudul­mur, heç nə yaddan çıxmır! 9 May, eyni zamanda İkinci Dünya müharibəsində nasist Almaniyası ilə əməkdaşlıq etmiş njdeləri yetirən və onlara heykəllər qoyan xain ermənilərlə bizi fərqləndirən cəhətlər qabardılır. Qəhrəmanlıq hekayələri həm də gənc nəsil üçün əsl vətənpərvərlik nü­munəsidir.

Əlbəttə, müharibə heç zaman heç bir xalqa fayda verməyib. Bu gün də bir sıra ölkələrdə müharibə dalğaları geniş yayılmaqdadır. Lakin dünya, eləcə də Azərbaycan öz humanist idealları ilə mü­haribəyə qarşıdır və hər zaman bu kon­tekstdən çıxış edəcək. 

Ə.DOSTƏLİ
XQ



Müsahibə