Nizami milli söz sənətinin şöhrət tacıdır

post-img

Gəncədən onun izini və ruhunu heç kim silə bilməz

Nizami Gəncəvi elə dahi mütəfəkkirdir ki, bütün xalqlar ona sahib çıxmaq istəyər. Uzun illərdən bəri böyük şairimizi farslaşdırmaq, ərəbləşdirmək kimi mənasız üsullara əl atanlar çox olub. Əlbəttə, belə səylər əbəsdir və heç bir əsası yoxdur. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə köməyi ilə Azərbaycanda keçirilən Nizami Beynəlxalq Mərkəzinin forumları, şairin Vətəni Gəncədə aparılan tədqiqatlar bir daha sübut edir ki, Nizamini zorla özününküləşdirmək istəyənlər heç nəyə nail ola bilməzlər. 

Müsahibimiz AMEA-nın Gəncə Bölməsi Nizami Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovdur.

– Əlimuxtar müəllim, aldığımız məlu­matlara görə, yenə İranın bir neçə şəhə­rində bu mart günlərində saxta “Nizami həftəsi” keçirirlər. Nə məsələdir, hazıra nazirlər belə yalanlardan, qondarma “sü­butlar”ından yorulmadılarmı? 

– Azərbaycan xalqının Ümummilli lide­ri Heydər Əliyev Gəncənin və onun tarixini, Azərbaycan xalqına bəxş etdiyi mütəfəkkir­ləri nəzərdə tutaraq demişdir: “Gəncə təkcə Nizami Gəncəvi ilə məşhur deyil. Gəncə Azərbaycan xalqının çox böyük, dahi şəx­siyyətləri ilə məşhurdur. Gəncənin zəngin mədəniyyəti, möhtəşəm tarixi var və Nizami Gəncəvi də bu qədim şəhərin ən uca zirvə­sidir. Yəni böyük Azərbaycan türkü Nizami Gəncəvinin dahiliyi Gəncəni tamamladığı kimi, Gəncənin də maddi-mənəvi zənginli­yi Nizami Gəncəvidə bütövləşmişdir. Məhz bu aşkar həqiqəti nəzərə alıb əsaslandıran nizamişünas alim, professor Rüstəm Əliyev yazırdı: “Nizami Gəncəvi gerçəkliyin da­hiyanə təzahürüdür, belə bir dahiliyin məhz Azərbaycanda, Gəncədə meydana gəlməsi isə tarixi zərurət idi”. 

– Zənnimizcə, şairin özünün şeirlərin­də ortaya atılan bu mənasız sözgüləşdir­mələrə tutarlı cavablar var...

– Tamamilə doğrudur. Dahi Azərbaycan şairi Nizami Gəncəvi sonuncu məsnəvisi “İsgəndərnamə”də yazır: 

Xəzər dağlarından Çin dənizinə 

Türklərlə doludur bu yerlər yenə.

XII yüzillikdə Azərbaycan Atabəylər dövlətinin əsas şəhərlərindən olan qədim Gəncədə türk əsilli, türk qanlı və türk təfək­kürlü Nizami Gəncəvinin yetişməsini Azər­baycan alimləri ilə yanaşı, dünya şərqşünas­ları, hətta fars-İran alimləri özləri də etiraf edirlər. Azərbaycan şairi Nizami Gəncəvi ir­sinin İrandan olan tədqiqatçısı Barat Zəncani yazır: “Bir halda ki, Gəncə əhalisinin dili türk dili idi və Nizami də türkcə şeirlər yazmışdır, burada şəkk-şübhə ola bilməz”.

Nizami Gəncəvi dühasının yetişməsi Azərbaycanın XII əsrdə çiçəklənən siyasi-iq­tisadi və mədəni inkişafının bəhrəsidir. Azər­baycan alimi Mikayıl Rəfilinin yazdığı kimi, “Nizaminin yaradıcılığı və dünyagörüşü, arzu və idealları Azərbaycanın tarixi inkişafı ilə ayrılmaz şəkildə bağlıdır”.

– Qızıl Arslanın Gəncənin yaxınlığın­da dahi şairlə görüşməsi və ona bir kənd bağışlaması haqqında tarixi faktlar da Ni­zami Gəncəvinin heç vaxt bu yerləri tərk etmədiyini göstərir...

– Bəli. Nizami Gəncəvi “Xəmsə”sinə daxil olan ikinci məsnəvisi “Xosrov və Şi­rin” poemasını 1181-ci ildə tamamlayaraq Atabəylər (Eldənizlər) dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan qardaşı Qızıl Arslan Gəncənin yaxın­lığında Nizami Gəncəvi ilə görüşmüş, şairin məsləhətlərini dinləmiş, qiymətli hədiyyələr­lə yanaşı, Həmdünyan kəndini də qardaşı Ca­han Pəhləvanın adından Nizami Gəncəviyə hədiyyə etmişdir. 

Atabəy Qızıl Arslanın Nizami Gəncəviyə bağışladığı kəndin harada olması müəyyən vaxt mübahisəli olsa da, son arxeoloji qa­zıntılar, araşdırmalar nəticəsində aydınlaşıb ki, indiki Goranboy rayonu ərazisindəki (o dövrkü qədim Gəncə ərazisi) Həmənli kən­di məhz haqqında bəhs edilən Həmdünyan kəndinin ərazisi olmuşdur. Görkəmli ədəbiy­yatşünas alim Firidun bəy Köçərli yazırdı: “Gəncə şəhərinin, təxminən, 24 verstliyində – cənub-şərq səmtində vaqe bir kənd (Niza­miyə) bağışlanmışdı. Sabiqdə həmin qəryə Həmdünyan adlanırmış”. 

Bir sözlə, qazıntılar zamanı aşkara çıxa­rılmış Nizami dövrünə aid maddi-mədəniy­yət qalıqları, məmulatlar, metal əşyalar, icti­mai binaların qalıqları onu deməyə əsas verir ki, tapılan kənd, həqiqətən, dahi Azərbaycan şairi Nizami Gəncəviyə bağışlanan Həmənli kəndidir”. 

Tarixi Həmdünyan kəndinin yerləşdiyi ərazidə imam Məhəmməd Baqırın oğlu İb­rahimin (718–738) məzarı yerləşir. İnsanla­rın inanc yeri olan bu qəbir İmamzadə adı ilə ziyarətgaha çevrilmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bu gün də Gəncədə “İmamzadə Dini Kompleksi” adı ilə eyni ərazidə eyni missiyasını davam et­dirməkdədir. İmamzadə ziyarətgahı ətrafında olan əkin sahələri vaxtilə Gəncə şeyxlərinə məxsus olmuşdur. Mənbələrdə Şeyx Nizami­nin nəsil şəcərəsinin – Şeyxzamanlıların da­vamçılarının Gəncə şeyxləri olduğu bildirilir.

Nizami Gəncəvinin əsilli-nəsilli Azər­baycan şairi olması, soyunun davamçılarının bu gün də Azərbaycanda – Gəncədə, dün­yanın müxtəlif ölkələrində yaşadığını qeyd edən akademik İsa Həbibbəyli də tədqiqat­larında bu mövzuda mühüm mətləbləri dilə gətirmişdir. “Nizami Gəncəvinin atası Yusif və babası Zəki Müəyyəddin də azərbaycanlı idi. Nizami Gəncəvinin atası və anasının mə­zarları da şairin Gəncə şəhərindəki məqbərə­sinin yerləşdiyi qəbiristanlıqdadır. Şeyx Ni­zami Gəncəvi adı ilə böyük şöhrət qazanmış Nizami Gəncəvinin mənsub olduğu nəslin davamçıları sonrakı əsrlərdə də Gəncə şəhə­rində yaşamışlar. Azərbaycan Xalq Cümhu­riyyəti hökumətində Milli təhlükəsizlik nazi­ri vəzifəsində çalışmış Nağı bəy Şeyxzamanlı da mənşə etibarilə Şeyx Nizami Gəncəvinin nəslinin nümayəndəsidir. Hazırda dünyanın müxtəlif ölkələrində Şeyxzamanov, Şeyx­zamanlı soyadı ilə yaşamaqda davam edən, Nizami Gəncəvi ilə eyni şəcərədən olan azər­baycanlı sülalələr vardır”.

Akademik Rafael Hüseynovun qeydləri əsasında deyə bilərik ki, orta əsrlərdən bu günə qədər 800 təzkirə gəlib çatıb və həmin təzkirələrdə minlərlə şair və mütəfəkkir sada­lanır ki, hamısının zirvəsini Nizami Gəncəvi fəth edir. Dahi Azərbaycan mütəfəkkirinin əsərlərində yer alan tarixi Gəncə torpağı, bu torpaqda baş verən 1139-cu il Gəncə zəlzələ­si, Kəpəz dağı, Həmdünyan kəndi, Arran, Bərdə, Ərmən, Muğan və digər toponimlər 800 ildən artıq bir zamandan bəri Nizami Gəncəvinin milli mənsubiyyətinin üvanını, koordinatlarını müəyyənləşdirən mühüm ta­rixi faktlardır.

Bir məqamı da xüsusi vurğulamaq istə­yirəm ki, Prezident İlham Əliyevin Nizami Gəncəvinin 2011-ci ildə 870 illiyinin keçiril­məsi ilə və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncam­ların işığında ölkə rəhbərinin Azərbaycan elminin, alimlərinin qarşısına qoyduğu hədəf və tələblər çərçivəsində Nizaminin nəsil şə­cərəsi kimi mühüm mövzular AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Nizami­şünaslıq” şöbəsi və AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi alimlərinin birgə fəaliyyəti müstəqillik işığında araşdırılmaqda və tədqiq edilməkdədir. 

Söhbəti yazdı:
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,

Gəncə



Müsahibə