Səhnə yeni pyeslər sorağında

post-img

Teatrın bünövrəsini təşkil edən dramaturgiyaya yeni nəfəsin gəlməsi sənət üçün həyati əhəmiyyət daşıyır. Son zamanlar gənc müəlliflər bu janrdan uzaq düşmüşdülər. Lakin artıq irəliyə doğru addımlar atılır. Gənc teatrsevərlər artıq özlərini bu sahədə sınaya bilirlər. Bu baxımdan “Xarakterlər” Müasir Dramaturgiya Festivalının keçirilməsi təqdirəlayiqdir. 

Xatırladaq ki, İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İn­cəsənət Universiteti, Azərbaycan Dövlət Yuğ Teatrı, Bakı Marionet Teatrı, Teatro.az sənət portal və başqalarıdır. “Avropa­nın dram əsərlərin tərcümə şəbəkəsi” də sınaqlarda yardımçı olub. Hələ ilin əvvə­lində festival çərçivəsində dramaturq İs­mayıl İmanın “Niyə pyes yazmaq lazım­dır?” adlı ustad dərsi keçirilib. Pyeslər isə münsiflər heyətinə anonim imzalarla göndərilib. 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müsabiqədə ilk 3 yeri tutmuş pyeslər müəyyənləşdirilib və qalib əsər rejissor oxunuşu şəklində teatr mütəxəs­sislərinə və tamaşaçılara təqdim olunub. Bu, Şəbnəm Xeyrullanın “Arqon” monop­yesidir. Pyesin oxunuşu maraqla qarşı­lanıb və sonra müzakirə edilib. Sonda müəllif Şəbnəm Xeyrulla çıxış edərək, fikirlərini tamaşaçılarla bölüşüb və təşki­latçılara təşəkkürünü bildirib. 

Sonrakı yerləri Jalə İsmayılın “Göyər­çin dimdiyində bir qəfəs küçə” və Hacı Səfərovun “Aysu və başqası” pyesləri tutub. Birinci yerə layiq görülmüş “Arqon” pyesinin festivalın tərəfdaşı Yuğ Dövlət Teatrının səhnəsində tamaşaya qoyul­ması qərara alınıb. 

XQ

Mədəniyyət