Gigiyena təkcə qayda deyil, həm də həyat tərzidir

post-img

Hepatit A virusu isə ciddi qorunma tələb edir

Həmsöhbətim 2011 - ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2015 – 2017 illərdə İtaliyanın Perugia Universitetində daxili xəstəliklər, qastroenterologiya ixtisası üzrə həkim mütəxəssis dərəcəsi alıb. İtaliyanın “Santa Maria della Mi­sericordia” hospitalında qastroenterologiya və hepatologiya, digestiv endosko­piya, neyroqastroenterologiya şöbələrində çalışaraq bu sahədə böyük təcrübə qazanıb. Xarici ölkələrdə keçirilən bir çox konfranslarda, kurslarda və seminar­larda iştirak edib, biliyini zənginləşdirib.

Hazırda ölkəmizdə yayılan qızılca yolux­maları ilə birgə sarılıq – Hepatit A virusu da həm bölgələrdə, həm də paytaxtda müşahidə edilir. Virusa yoluxmanın səbəbləri, xəstəli­yin gedişi, təhlükə dərəcəsi, müalicə üsulları və ondan qorunma yolları ilə bağlı mütəxəssis fikrinə ehtiyac duyduq.

Səhiyyə Nazirliyinin mütəxəssis-eks­perti, Mediland hospitalın qastroentere­loq-hepatoloqu Emin Məmmədov XQ-yə müsahibəsində bildirdi:

– Qaraciyərin virus xəstəliyi Hepatit A, eyni zamanda, infeksion sarılıq və ya Botkin xəstəliyi adlanır. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, xəsarət yarat­mayan xəstəlikdir. Hepatit B və C-dən fərq­li olaraq, Hepatit A virusu xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Uzun illərdir ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var. Bu xəstəliyin müsbət cəhəti odur ki, yayılması sürətlə getmir, xroniki hala keçmir, xəstə tez və tam sağalır. 

– Virusa hansı hallarda yoluxmaq mümkündür?

– Müəyyən gigiyena qaydalarının pozul­ması nəticəsində virusa yoluxma baş verir və xəstəlik yayılır. Hepatit A virusu, əsasən, fekal–oral yolu ilə digərlərinə ötürülür. Yo­luxmuş insan gigiyenaya əməl etməyəndə, fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə əl kontaktı ilə, həmçinin ətrafda toxunduğu qab, meyvə, qida, su vasitəsilə digərlərini asanlıqla yoluxdura bilər. Lakin içiləcək suyu qaynat­maqla onu tamamilə məhv etmək olar. Mey­və və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədədəki qatı qələ­vi-turşu mühitinə də davamlıdır. Viruslu yerə toxunub sonra həmin əllə meyvə, tərəvəz, şir­niyyat yemək yoluxmaya səbəb olur. 

Hepatit A virusu orqanizmə, əsasən, həzm sistemi vasitəsilə daxil olur. Xəstəliyə qan və ya cinsi yolla da yoluxmaq mümkündür. La­kin bu hallar az müşahidə edilir və kütləvi yo­luxmalara səbəb olmur.

– Sarılığın simptomları hansılardır? İnsan nə zaman yoluxduğunu bilir, yaxud şübhələnir?

– Virusa yoluxan insanda gizli dövr olur və inkubasiya müddəti adlanır. Bu dövr 2–4 həftə davam edir. Xəstəlik insanda halsızlıq, tez yorulma, əzələlərdə ağrı, iştahsızlıq, qus­ma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr virusun daha çox yoluxduru­cu olduğu dönəmdir. Daha sonra sarılıq dəri­də qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlıq müşahidə edilir. Diaqnoz qoymaq üçün Hepatit A viru­sunun qanda İgM dediyimiz göstəricisinə, qa­raciyər testlərinin laborator analizlərinə baxı­lır. Xəstəliyin gedişi bununla izlənir. 

Gözün selikli qişası və dəri saraldıqda, xəstə artıq məsələnin adi soyuqlama, mə­də-bağırsaq pozuntusu kimi yox, məhz qara­ciyər xəstəliyinin olduğunu anlayır və həkimə müraciət edir. Burada ən əsas erkən əlamət sidiyin rənginin tündləşməsidir. Bu halda hə­kimə müraciət etmək tövsiyə olunur. Sarılıq baş verdikdən sonra qaraciyərin əvvəlki və­ziyyətinə qayıtması 5 aya qədər çəkə bilər. 

Bəzən xəstələr tamamilə saralmış vəziy­yətdə həkimə müraciət edirlər. Lakin panika­ya düşmək lazım deyil. Sağlam insanın Hepa­tit A virusuna yoluxması həyatı risk daşımır. Ən əsası xəstəni təcrid etmək və digər insan­ları yoluxmadan qorumaqdır. Onunla təmasda yalnız daha öncə Hepatit A (sarılıq) keçirən insanlar və vaksinasiyası olan şəxslər olma­lıdır. Yoluxan şəxsi stasionara yerləşdirməyə hər zaman ehtiyac yaranmır. Belə ki, yaşayış yeri üzrə poliklinikanın sahə həkiminin və ya infeksionistin nəzarətində evdə müalicə al­maq mümkündür.

– Xəstəliyə hər yaşda yoluxmaq müm­kündürmü? Hansı qrup insanların bu vi­rusa yoluxma ehtimalı daha çoxdur?

– Xüsusilə 5–14 yaş qrupu uşaqlar He­patit A virusuna daha çox yoluxur. Uşaqlarda yoluxma baş verən zaman valideyinlər pani­kaya düşməsinlər. Bu zaman həkim-pediatrla­ra müraciət etsinlər, həkim nəzarətində təcrid olunaraq, müalicə alsınlar.

Böyüklər də əksər hallarda məhz uşaqlar­dan yoluxa bilərlər. Yaşlı insanlar, xüsusilə, xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən, Hepatit B və C xəstələri, sirrozlu xəstələr, al­koqolla bağlı qaraciyər xəstəliyindən əziyyət çəkənlər, ağır ürək, böyrək xəstələri Hepatit A-ya yoluxarsa, bu zaman sağalmada çə­tinliklər yarana bilər. Buna görə də, virusun alovlanması olan ərazilərdə bu qrup şəxslərə vaksinasiyadan keçmək ciddi tövsiyə olunur.

– Xəstənin müalicəsi və vaksinasiya necə aparılır?

– Hepatit A virusu yüksək immunogendir. Virusa yalnız bir dəfə yoluxma mümkündür, sonra ömürlük immunitet formalaşır. Xüsusi müalicəsi üsulu və spesifik bir antivirus pre­paratı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi də məqsə­dəuyğun deyil. Çünki ciddi virus təsirinə mə­ruz qalan qaraciyər həm də əlavə dərmanlara güc sərf etməməlidir. Lazımsız dərman müa­licəsindən qaçmaq tövsiyə olunur.

Vaksinasiya Hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doza peyvənd ala­raq, bu xəstəlikdən tam qorunmaq mümkün­dür.

– Virusa yoluxmamaq üçün nələrə diqqət edilməlidir?

– Uşaqlarda virusun yayılmasının qarşı­sını almağın ən yaxşı yolu əl gigiyenasıdır. Yüksək risk qrupunda olan insanlar peyvənd­lənmədən keçməlidirlər. Kütləvi qidalanma obyektlərində qida ilə təmasda olan insanların şəxsi gigiyenasına ciddi nəzarət etmək və on­lara mütəmadi olaraq xüsusi dezinfeksiyaedi­ci məhlullardan istifadə tövsiyə olunur. 

Xəstəliyin simptomları üzə çıxdığı və ya yoluxmaya şübhə olan andan digər insanlar­la təmasın minimuma endirilməsi, həmçinin insanların toplaşdığı ərazilərdən bir müddət uzaq qalmaq lazımdır. Bu, başqalarının yo­luxmaya daha az məruz qalması deməkdir.

Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə