Mədəni intibah carçısı

post-img

Məhəmməd Əmin Rəsulzadə – 140

Prezident sərəncamı ilə 140 illik yubileyi qeyd olunan görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə məfkurə mübarizəsinə publisistik yazılarla başlayıb. O, ictimai-siyasi mövzularda məqalələri ilə xalqı azadlıq mücadiləsinə səsləyib. Sonralar böyük siyasətçi kimi tanınmaqla bərabər, o, ədəbiyyat, incəsənət, tarix kimi mövzularda sanballı yazılar qələmə alaraq, bizə miras qoyub. Teatr əsərləri barədə təhlilləri onun düşüncəsinin geniş aspektindən soraq verir. 

1985-ci ildə Bakıda Qulam Məm­mədlinin Abbas Mirzə Şərifzadə barədə salnaməsi çap edilib. Xronikal qaynaqda diqqəti bir məqam çəkir: “İqbal” qəzetinə istinadla 1913-cü ildə Bakıda “Yezid İbn Müaviyə” tamaşasının qoyulduğu bildiri­lir və Abbas Mirzənin oyunundan bəhs edən bir parça verilir. Lakin məqalə müəllifinin kimliyi göstərilmir. Yalnız döv­lət müstəqilliyi dövründə həmin məqalə müəllifinin M.Ə.Rəsulzadə olduğu aşka­ra çıxıb. 

Rəsulzadənin yazdığına görə, ta­maşa Curci Zeynalın “Kəbala yanğısı” əsəri əsasında hazırlanıb. Romanı ana dilimizə Bakı qazısı tərcümə edib. Rəsul­zadə haqlı olaraq tərcümədəki qüsurları, xüsusən onun azərbaycanlı aktyorların danışıq dilinə uyğun olmamasını tənqid edib ki, bu da XX əsrin əvvələrinin ciddi problemlərindən biri idi. Rəsulzadə aktyorlara düzgün tələffüzlə danışmağı da tövsiyə edirdi.

Müəllif tamaşaya təkcə ümumi nəzər yetirməyib, onu peşəkar teatr tənqid­çisi kimi təhlil edirdi. O, Səlma və Şeyx obrazlarının konteksində tamaşada ra­bitənin itdiyini, obrazlar arasında canlı dioloqun mənasız sükutla əvəzləndiyini diqqətə çatdırıb. Bu fikirlər Rəsulzadənin teatrın canlı sənət olduğunu dərindən duymasından xəbər verir. 

1914-cü ildə Bakıda Albaniya möv­zusunda “Əhdə vəfa” pyesi səhnəyə qoyulub. Əsəri ana dilinə görkəmli şair Səməd Mənsur tərcümə edib. Tamaşada Abbas Mirzə Şərifzadə 2 rolda oynayıb: Rəcəb və Dəmir bəy obrazlarını yara­dıb. M.Ə.Rəsulzadə 2 gəncin sevgisin­dən bəhs edən əsərin Qafqaz həyatına da yaxın mövzu olduğunu bildirərək ona yüksək qiymət verib. Bununla yanaşı, müəllif tənqidi qeydlərini yazmağı da özünə borc bilib. 

“Qaçaq Kərəm” barədə hazırlanan tamaşa da M.Ə.Rəsulzadənin diqqətini cəlb etmişdi. Zamanında Qaçaq Kərəmin şöhrəti Gürcüstana da yayılmışdı. Bu səbəbdən gürcü müəllifi onun haqqında pyes yazmışdı. Lakin əsərin kim tərəfin­dən tərcümə edildiyinin məlum olmadı­ğı göstərilir. Tamaşada baş rolu Hüseyn Ərəblinski oynayıb. Müəllif aktyorun iki illik fasilədən sonra Bakı səhnəsinə çıx­masını xüsusi vurğulayır, səhnədə rol alan Gülsabah adlı aktrisanın oyununa da diqqəti cəlb edir. Onun ana dilimizdə sərbəst danışdığını təqdir edir. Bunun­la da biz Azərbaycan səhnəsində hələ 1914-cü ildə qadınların yer almasından da xəbərdar oluruq. M.Ə.Rəsulzadə baş­da H.Ərəblinski olmaqla əsas rol ifaçıları­nın hamsına özəl münasibətini ifadə edir. 

Görkəmli siyasi xadim həm də bir teatr tənqidçisi kimi, yaranan əsərlərin milli cəhətlərinə xüsusi əhəmiyyət verir­di. Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasında bu münasibət aydın əksini tapır. Rəsulzadə aşıq sənətinin opera üçün yararlı olmasından bəhs edir, fikrini Sarabskinin canlandırdığı Kərəm obrazı­na istinadla əsaslandırırdı. Saz ifasında insanın ülvi hisslərinin ifadəsini xüsusi olaraq vurğulayır və bu kontekstdən çıxış edərək, Azərbaycan toylarında ifa olunan yad musiqiləri tənqid edirdi. M.Ə.Rəsul­zadə əsərin səhnə tərtibatına da fikir verirdi: “Mənzərə və qiyafələrə gəlincə, yenə şikayət edəcəyəm. İsfahan padşa­hının müqərribi olan keşişin bağında qo­yulan Roma heykəlləri artıq idi”. Bununla da müəllif hər tamaşada mizanların, de­talların yerli-yerində olmasını arzu edirdi. 

Məhəmməd Əmin Rəsulzadə, Hü­seyn Cavidin təbiri ilə desək, mədəniyyə­tin qılıncdan daha kəskin olduğunu yaxşı anlayan siyasi xadim idi. Buna görə də mədəniyyətin bütün sahələri ilə yaxın­dan maraqlanır, XX əsrin əvvələrində Azərbaycanda gedən mədəni intibaha münasibət bildirməyi özünə vəzifə hesab edirdi.

Ceyhun MİRZƏLİ,
kulturoloq

Mədəniyyət