Dəlidağın bala Ədaləti

post-img

Sənətin çətin yollarından onun necə keçib gəldiyini yaxşı bilirəm. Onu da bilirəm ki, Ədalət körpəliyindən sazın bəxtəvəridir. Sanki saz üçün doğulub. Gözünü açıb evlərində saz görüb. Həm ata, həm də ana nəslində yaxşı saz-söz biliciləri olub. Özü də kiçik yaşlarından aşıq sənətinin eşqinə düşüb, sənətin çətin yollarında yürüməyə başlayıb. 

Artıq yeniyetmə vaxtında Ədalət öz ifaları ilə sənətsevərləri heyrətlən­dirməyi bacarıb. Ona Dədə Ədalətin davamçısı – Bala Ədalət deyiblər. Bu adı sənət eşqinin möcüzəli uğuru kimi qazanıb. O, 1967-ci ilin fevral ayında Kəlbəcərin Yellicə kəndində anadan olub. Elə rayondakı musiqi məktəbində də təhsil alıb. Aşıq Şəmşir adına Kəlbə­cər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansanblının rəhbəri Əliş Quliyev Ədalətin ilk ustadı olub. Daha sonra ustad aşıqlar Qəm­keş Allahverdidən və Dədə Ədalətdən mükəmməl dərs alıb.

Ədalət 18 yaşından toy məclislərində, el şənliklərində gözəl ifaları ilə tanınıb, sevilib. 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində uğur qaza­nıb. Sonra ustad aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan” folklor müsabiqəsində qalib gəlib. 2006-cı ildə ölkəmizdə keçirilən “Ozan” müsabiqəsin­də də 1-ci olub. Sənətdə qazandığı uğur­ların nəticəsi kimi, dövlətimiz tərəfindən 2007-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Ədalət Dəlidağlı saz-söz məclislə­rində həmişə başa çəkilir. O, təkcə saz çalıb oxumaqla kifayətlənmir. Məclislərdə gözəl dastan danışmaqla və ürəyinə ya­tan şeir nümunələrini əsl bədii qiraət us­tası kimi söyləməklə də könülləri oxşayır. Aşıq Şəmşirin, Zəlimxan Yaqubun, Məm­məd Aslanın, Bəhmən Vətənoğlunun, Şücaətin və başqa şairlərin şeirlərindən seçmələri öz sazının sədaları altında ustalıqla səsləndirir və ruhumuza layla deyir. Sinəsi, elə bil, qaynayan söz çeş­məsidir. Yüzlərlə şeiri və 15-dək dastanı əzbərində yaşadır. 

Aşığa Dəlidağlı təxəllüsünü verənlər yanılmayıblar. Ədalət Dəlidağlı sazın, sözün, sənətin dəlisidir. Digər aşıqlar­dan dəli-doluluğu ilə seçilir. O, Dəlidağın qucağından ulduzları sayrışan göylərə boylanıb, sənət dünyasının zirvəsinə boylanıb. Ədalət Dəlidağlı təxəllüsü ona “xəncərə gümüş yaraşan kimi” yaraşır. Bu adı öz sənəti ilə doğruldub və Dəlidağ ucalığında zirvəyə yüksəldib. Bu ada sa­zın, sözün heyranları böyük rəğbət bəs­ləyir, bu adı dağlar kimi uca tuturlar. 

Onun ifasında hər hansı havacat sönük səslənə bilməz. Havacatlar, san­ki, Ədalətin ürəyində ocaq çatır. Sa­zın sinəsində havacata uyğun xallar gül açır. Ədalətin ürək şəkilli sazı ürək kimi döyünür, ürək kimi çırpınır. O, “Ya­nıq Kərəmi”ni çalanda pərdələrə yanğı düşür. Başını sazının sinəsinə söykəyib havacatı havacata calayır. Onun ifasında “Ruhani”ni dinləyən insan nəfəsini içinə çəkir, sözü sükutla pıçıldayır. Sazı ahəstə dilləndirəndə səsi bulaqların həzin züm­züməsinə bənzəyir. Çılğınlıqla sazı bağ­rına basanda, başının üzərinə qaldıranda coşub-çağlayan çaya dönür. Çayın selləri məcrasına sığmır. Sazının telləri hörüyə gəlmir... Ədalət saz çalanda özündə ol­mur. Ruha bənzəyir. Gərilmiş yaya bən­zəyir. İfa etdiyi havacatlar saz sevdalıla­rının iliyinə, qanına işləyir.

Doğru sözdür ki, ustada qulluq et­məyənlərin işi xam qalar. Ədalət Dəlidağ­lı həm kamil ustadlardan dərs alıb, həm də öz şagirdlərinə və yetirmələrinə ustad dərsləri keçir. O, Aşıq Əfqan, Aşıq Qalib, Şəhriyar Laçınlı və Ülvi Cəfərov kimi da­vamçılarını ərsəyə gətirib. Onların adları­nı fəxrlə çəkir.

O, ozan-aşıq sənətinin daşıyıcılarını, aşıq məktəblərini özünəməxsus dəyər­ləndirir. Deyir: “– Azərbaycanda Göyçə, Borçalı, Tovuz, Gəncə–Şəmkir, Şirvan, Qaradağ, Təbriz, Urmiya, Dərbənd və Çıldır aşıq məktəbləri olub. Borçalı, Çıldır və Urmiya aşıqları təklikdə, Tovuz, Gən­cə–Şəmkir aşıqları həm təklikdə, həm də ikilikdə – balabançı ilə məclis aparırlar. Şirvan və Təbriz aşıqlarının havacatları və ifa tərzləri Göyçə və başqa Qərb aşıq məktəblərindən fərqlənir. Şirvan aşıqla­rında ritm daha çox üstünlük təşkil edir. Özlərinə məxsus rəqsləri var. Ona görə də məclislərə ansanblla çıxırlar. Bunların hamısı xalqımızın sərvətidir. Hərəsinin öz yeri, öz dinləyicisi və öz pərəstişkar­ları var”.

Aşıq Ədalət Dəlidağlı sazı şou alə­tinə çevirənləri, sazın çətiri altında yün­gül davrananları qınayır. Haqlı olaraq deyir ki, sazla belə davranmaq olmaz. Ozan-aşıq sənəti bizim ulu sənətimizdir. Sazımız musiqi sərvətimizdir. Onu baya­ğılaşdırmaq, sənətə kəm baxmaq bizə yaraşmaz.

Ədalət Dəlidağlının sənəti və sənət­karlığı haqqında yazdıqlarım dəryadan bir damladır. Onun sənəti kitaba, dəftərə sığmaz. Bu gün ustad Ədalət Dəlidağlı­nın doğum günüdür. Onu bu münasibətlə ürəkdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət