Beyin toxuması kiçiləndə fəsadlar böyüyür

post-img

“Beyin atrofiyası – beyin toxumasının kiçilməsini və geriyə inkişaf prosesini ifadə edən tibbi termindir. Bu proses beyin hüceyrələrinin və əlaqələrin itkisi ilə təsvir olunur. Beyin atrofiyası bir sıra müxtəlif səbəblərlə əlaqələndirilir. Səbəblərin kompleksliyi bu vəziyyətin diaqnozu, müalicəsi və nəticələrinin anlaşılmasını çətinləşdirə bilər”. 

Bu sözləri ATU-nun neyrocərra­hiyyə kafedrasının müdiri, dosent Rövşən Xəlilzadə XQ-yə verdiyi mü­sahibəsində deyib. Həkim beyin at­rofiyasının yaranmasının müxtəlif səbəblərlə əlaqələndirildiyini və yaş­la birlikdə artan xəstəlik olduğunu bildirib:

– Beyin atrofiyasına səbəb olan pa­tologiyalardan biri neyrodegenerativ Al­zheimer xəstəliyidir. Əgər beyin hücey­rələri hər hansı səbəbdən zədələnir və yaxud ölürsə, beyin toxumasının həcmi kiçilir. Bir başqa xəstəlik olan multipl skleroz (MS) zamanı da immun sistemi orqanizmdə patoloji olaraq sinir hücey­rələrinə hücum edir və beyin toxuması­nın kiçilməsinə səbəb olur. Əgər xarici travma ilə bağlı əmələ gələn beyin ya­ralanmaları nəticəsində ətraf beyin toxu­ması zərər görərsə və həmin nahiyədə itki baş verərsə, o zaman cərrahi əmə­liyyata ehtiyac duyulur. Bundan başqa, insult, yüksək təzyiq və digər vaskulyar xəstəliklər də beyin toxumasının kiçil­məsinə səbəb olur. Çünki həmin vaxt beyinə kifayət qədər oksigen və qan axını təmin edilmir. Bəzi beyin infeksi­yaları – baş beyin exinokokku, meningit, meningoensefalit, beyin absesi və di­gərləri beyin toxumasında iltihab yaran­masına səbəb olur. Bundan başqa, bir sıra genetik xəstəliklər də beyinin boz maddəsinin normal inkişafına mane ola və beyin atrofiyasına gətirib çıxara bilir.

– İnfeksiya, yaxud genetik xəstə­liklər səbəbindən baş verən beyin at­rofiyasi özünü necə göstərir? Simp­tomları fərqlidirmi?

– Beyin atrofiyasının simptomla­rı əsasən, yaşlı adamlarda, bəzən isə erkən yaşlarda da rast gəlinən yaddaş problemləri, unutqanlıq, iradi funksiya­ların azalması, yəni, düşüncə, problem həll etmə keyfiyyətinin azalması, diqqət əskikliyidir. Əksər hallarda yaşlı insan­larda bu simptomlar özünü koordinasiya və müvazinət pozuntusu, sinir-əzələ ke­çiriciliyinin azalması, nitq qabiliyyətinin zəifləməsi, artan nevroloji şikayətlər, məsələn, Alzheimer və Parkinson kimi xəstəliklərlə göstərir.

– Xəstəliyin diaqnostikası, gedişi və müalicəsi necə aparılır?

– Beyin toxumasının itkisi koqnitiv funksiyalarda pozğunluq yaratdığından yaddaş, düşünmə, qərar vermə və hər hansı problemi həll etmə kimi bacarıq­lara da təsir göstərir. Məsələn, hərəkət pozğunluğu haqda danışa bilərik. Beyin toxumasının kiçilməsi beyinin bədən üzərində nəzarətinə təsir edə və koor­dinasiya problemlərinə səbəb ola bilər. Bu vəziyyət müvazinət pozğunluğu və yerimədə çətinliklər kimi problemlərə gətirib çıxarır. Hətta beyin atrofiyası şəx­siyyət dəyişiklikləri, depressiya, təşviş, həyəcan, emosional instabillik kimi ruhi problemləri inkişaf etdirir. 

Bundan başqa, beyin atrofiyası za­manı qadınlarda günlük rutin həyat fəa­liyyətini yerinə yetirmədə çətinləşmə və aktivlik keyfiyyətində azalma müşahidə edilir. Bu ən çox klimaks dövründə özünü göstərir. Həmin dövrdə yumurtalıqlardan estrogen ifraz olunmasının çətinləşməsi sadəcə menstruasiyanın pozulma prob­lemlərini deyil, eyni zamanda, nevroloji simptomların yaranmasına səbəb olur. 

Beyin atrofiyasına maqnit rezonans tomoqrafiya (MRT) və ya kompüter to­moqrafiyası (KT) kimi instrumental müa­yinə üsulları ilə diaqnoz qoyulur. Əgər beyin atrofiyası altda yatan səbəblərlə əlaqələndirilirsə, bu xəstəliyin müalicəsi birincilidir. Məsələn, atrofiyanın səbəbi Alzheimer xəstəliyidirsə, bu xəstəliyin simptomlarının idarə edilməsi üçün dər­manlardan istifadə edilə bilər. Bundan başqa, hərəkət və kommunikasiya ba­carıqlarını inkişaf etdirmək üçün fiziki və danışıq terapiyası məsləhət görülür. Simptomatik müalicə zamanı bəzi dər­manlardan istifadə edilə bilər. Lakin xü­susi hallarda neyrocərrahi müdaxilələrə ehtiyac duyulduğunu da yaddan çıxart­maq olmaz.

– Bu xəstəlikdən necə qorunmaq olar?

– Genetik səbəbləri demirik, çünki onlar altda yatan səbəblərdir. Amma ça­lışmaq lazımdır ki, heç kim beyin infek­siyalarına yoluxmasın. Bu xəstəlikdən əziyyət çəkən insanların həyat keyfiy­yətini artırmaq üçün psixososial dəstək və təcili yardım tələb olunur. Bu vəziyyət hərəkət və ruhi funksiyalarda pozğun­luğa gətirib çıxardığından, diaqnoz və müalicəsi səbəblərdən asılı olaraq dəyi­şir. Hər hansı simptom müşahidə edilər­sə, ləngimədən həkimə müraciət etmək lazımdır. 

Amma onu da qeyd etməliyik ki, trav­matik beyin zədələrində spastiklik adla­nan qeyri-iradi əzələ daralmaları baş verə bilər. Yaranan sancılar xəstənin oy­naq hərəkətlərini pozursa və ya hərəkət zamanı ağrıya səbəb olursa, müalicə edilməlidir. Müalicədə cərrahi üsullar­la yanaşı dərmanlar, fizioterapiya və məşqlər də tətbiq oluna bilər. Travmatik beyin zədələrində reabilitasiyanın mü­vəffəqiyyətinə beyin zədəsinin şiddəti, yaş, cins, xəstəlikdən əvvəlki vəziyyət, sosial-iqtisadi parametrlər kimi bir çox amillər təsir edir. 

Müalicə prosesi uzun olsa da, əksə­riyyəti gənc olan xəstələr düzgün reabi­litasiya proqramı ilə sağalırlar. Vaxtın­da qoyulan düzgün diaqnoz və uyğun müalicə bu insanların həyat keyfiyyətini artırır və simptomların idarə olunmasına yardım edir.

Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə