“Heydər Əliyev Naxçıvandakı sovet hərbi əmlakını bütünlüklə milliləşdirdi”

post-img

Naxçıvan Sərhəd Dəstəsinin ilk milli komandiri, sovet dövründə burada ya­radılmış 41-ci Sərhəd Dəstəsini sovet-rus hərbçilərindən təhvil almış cəsur azərbaycanlı zabit, istefada olan general-mayor Cahangir Qulamov o zaman Ermənistanın yaratdığı ağır blokada və muxtar respublikaya davamlı təzavü­zü şəraitində ümummilli lider Heydər Əliyevin talenin ümidinə qalmış qədim diyarda gerçəkləşdirdiyi müstəsna xilaskarlıq missiyası barədə söhbətə belə başladı:

– Təsəvvür edin ki, sovet dönəmin­də Naxçıvan ərazisindəki bir çox sərhəd məntəqələri Ermənistanın nəzarətində idi. Sədərəkdəki indiki birinci sərhəd zastavası Azərbaycanda yeganə hərbi məntəqədir ki, Türkiyə, İran və Ermənis­tan arasında sərhədə nəzarəti həyata keçirir. Belə bir mühüm zastava Naxçı­vanda yerləşsə də sovet zamanı Ermə­nistandakı Artaşat sərhəd dəstəsinə tabe edilmişdi. Məqsəd aydın idi: Azərbaycanı dil və din qardaşlarının yaşadığı ölkələr­dən kənarda qoymaq. Ordubad rayonun­dakı “Yaycı” zastavasından “Kotam” sər­həd məntəqəsinədək bütün bütün hərbi keşik obyektləri də Naxçıvandakı 41-ci Sərhəd Dəstəsinə deyil, Ermənistan ərazisində süni şəkildə yaradılmış Mehri Sərhəd Dəstəsinə tabeliyinə verilmişdi.

Bu rüsvayçı vəziyyət ermənilərin Naxçıvana qarşı davam edən hərbi təca­vüzü zamanı sərhədçilərlə yerli hakimiy­yət orqanları arasında ciddi problemlər yaradır, əhalini narazı salırdı. Belə tale­yüklü məsələ ulu öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra öz həllini tapdı. Çünki dahi şəxsiyyət, dünya şöh­rətli dövlət xadimi, siyasət qrossmeysteri Zaqafqaziyada sərhədlərin qorunması işinin necə təşkil olunduğunu bütün incə­liklərinə qədər bilirdi. Ulu öndər Sərhəd Qoşunları Zaqafqaziya Dairəsinin və 41-ci sərhəd dəstəsinin rəhbərliyindən tələb etdi ki, muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin hamısı ərazidəki dəstəyə tabe edilsin. 

Bu məsələ Naxçıvan Muxtar Respub­likası Ali Məclisinin tələb etdiyi müddətdə, yəni 3 gün ərzində (30 oktyabr 1991-ci il) həll edildi. SSRİ imperiyası rəsmi şəkildə buraxılmamış, sovet hərbi əmlakı və ob­yektləri respublikalar arasında bölünmə­miş belə belə addımın atılması o zaman üçün görünməmiş və mümkün olmayan bir hadisə idi. Bu müşkül Ulu öndərin zə­kasının, iradəsinin və siyasi nüfuzunun gücü ilə mümkün olmuşdu.

Xatırladaq ki, müsahibimiz Cahan­gir Qulamov 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. Hərbi xid­mətini də buradakı sərhəd qoşunla­rında keçib, sıravi əsgərdən polkov-nik rütbəsinədək yüksəlib. Sərhəd qoşunlarında qüsursuz xidməti və əməliyyat sahəsində təcrübəsi nəzərə alınaraq DTK-nın Moskvadakı Ali Mək­təbinə göndərilib. Rus və fars dilləri­ni mükəmməl bildiyinə görə qonşu ölkələrlə bir sıra yüksək səviyyəli görüşlərdə iştirak edib, siyasi cəhət­dən də yetkinləşib. 28 iyul 1992-ci ildə müstəqil Azərbaycanın Dövlət Sərhə­dini Mühafizə Komitəsi sədrinin müa­vini – Naxçıvan Sərhəd Dəstəsinin rəisi vəzifəsinə təyin edilib. Sonrasını general belə açıqladı:

– 1992-ci ildə SSRİ məkanı artıq yox idi, amma SSRİ silahlı qüvvələri Azər­baycan ərazisində mövcud idi. Buna görə də Heydər Əliyev Naxçıvan Ali Məc­lisində məsələni belə qoydu ki, bu silahlı qüvvələrin statusu müəyyənləşməlidir. Ulu öndərin böyük səyləri, qətiyyəti nəti­cəsində Naxçıvandakı 75-ci motoatıcı di­viziya və 41-ci sərhəd dəstəsi bütün əm­lakı ilə Azərbaycanın tabeliyinə verildi. 29 avqust 1992-ci ildə sərhəd qoşunlarının sonuncu nümayəndələri Naxçıvanı tərk etdi və sərhəd dəstəsində müstəqil Azər­baycanın milli bayrağı dalğalandırıldı. 

Beləliklə, ölkəmizin xidməti ərazisin­də sərhədlərimizi tam mühafizə altına götürən ilk milli sərhəd dəstəsi yaradıldı. O zaman Naxçıvandan fərqli olaraq, res­publikamızın digər ərazisindəki sərhəd dəstələrinin əmlakının 50 faizinin Rusiya Federasiyasına, 50 faizinin isə Azərbay­can Respublikasının sərəncamına ve­rilməsi barədə razılaşma olmuşdu. Belə bir şəraitdə 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin yığıncağında “Naxçı­van Muxtar Respublikasının müdafiəsi­nin və sərhədlərinin qorunması haqqın­da” məsələyə baxıldı. 

Qəbul edilmiş qərara əsasən muxtar respublika ərazisində yerləşmiş keçmiş SSRİ Silahlı Qüvvələrinin tabeliyində olan silah-sursat, texnika, hərbi və mülki əmlak bütünlüklə Azərbaycana təhvil ve­rildi. Bundan sonra mən müstəqilliyimizin bərpasından sonra ilk dəfə Azərbaycan bayrağı altında Türkiyəyə və İrana sər­həd komissarlarının görüşünə getdim. Bununla da ulu öndər Heydər Əliyev göstərdi ki, Azərbaycan öz sərhədlərini öz gücü ilə qorumağa qadirdir. 

– Cənab general, təhvil-təslim pro­sesinə qədər hadisələr necə davam etmişdi? Sovet-rus sərhədçiləri Nax­çıvanı tərk edənədək hansı hadisələrə şahidlik etmişdiniz?

– Mən o zaman sərhəd dəstəsində əməliyyat idarəsinin rəisi idim. Açığını deyim ki, rus sərhədçiləri Naxçıvanı tərk etmək istəmirdilər və onlar hərbi hissə­də digər millətlərdən olan zabitləri də öz tərəflərinə çəkərək sonadək dayanmaq üçün təbliğat aparırdılar. Azərbaycanlı zabit və əsgərlər isə bununla razılaşmır­dılar. Hərbi hissələrdə gərginlik getdik­cə dözülməz həddə yaxınlaşırdı. Həmin vaxt Ukrayna prezidenti Leonid Kravçu­kun səlahiyyətli nümayəndəsi Rimma Mi­roşniçenko muxtar respublikaya gəlmiş­di. O, əvvəlcə Ali Məclisin sədri Heydər Əliyevlə görüşdü. Məhz dahi şəxsiyyətin köməyi ilə ukraynalı xanımın zabit və əs­gərlər qarşısında çıxış etməsi üçün ko­mandanlığın razılığı alındı. 

“Siyasi səhvə” yol verməyəcəyinə komandanlığı əmin edəndən sonra şəx­si heyət qarşısında çıxış edən Rimma Miroşniçenko nitqini bu sözlərlə bitirdi: “Cənab zabit və əsgərlər! Mən respublika prezidentinin tapşırığı ilə sizin qarşınızda çıxış edirəm. Əgər sentyabrın 1-dək Uk­raynaya qayıdıb rəsmi şəkildə qeydiyyat­dan keçməsəniz, doğma vətənin silahlı qüvvələrində xidməti davam etdirmək haqqında raport verməsəniz, siz ölkə vətəndaşlığından çıxarılacaqsınız. Vətən yolunuzu gözləyir!” 

Təsəvvür edirsinizmi belə bir çıxış o zaman nə demək idi? Bu, şəxsi heyətinin 40 faizi ukraynalı olan, Moskvaya tabe olan sərhəd dəstəsi üçün necə böyük zərbə idi. Məhz kiyevli qonağın bu çıxı­şından sonra onların qarşısını kəsməyə çalışan rus hərbçilərinin artıq heç nəyə gücü çatmadı. Başa düşdülər ki, onlar da tezliklə buradan getməli olacaqlar. Sonralar bu hadisəni müzakirə edən rus hərbçilərindən biri belə demişdi: “Heydər Əliyevin rəhbərlik etdiyi yerdə belə də ol­malı idi”.

– Həmin dövrdə rus zabitləri həm sərhəd qoşunlarında, həm də orduda çox güçlü təbliğat apararaq Naxçı­vandan getməmək üçün güclü dirəniş göstərmişdilər.

– Bəli, sovetdənqalma rus hərbçiləri, neçə olursa-olsun, əmlakın, hərbi texni­kanın daha çox hissəsini və ən yaxşıları­nı götürməyə çalışırdılar. Bu yolda onlar hər vasitəyə əl atırdılar. Bu proseslərdə qarşıdurmalar zamanı həm ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti, həm də yerli hərbçilərimizin göstərdiyi qətiyyət və şücaət nəticəsində təhvil-təslim prosesi Naxçıvandakı hərbi hissələrdə, o cümlədən sərhəd dəstəsin­də uğurla başa çatdı. 

– SSRİ-dən qalma silah-sursatın, hərbi texnikanın tamamilə Naxçıvan­da saxlanılması, əsl mənada, milliləş­dirməsi Ulu öndərin Vətən qarşısında daha bir müstəsna xidməti kimi tarixə yazılıb.

– Əlbəttə, bu danılmaz bir tarixdir. Ulu öndər Heydər Əliyevin dediyi hər bir söz, fikir faktlara, dəlillərə söykənirdi. Azər­baycanı, Naxçıvanı heç cür əldən vermək istəməyən Moskva danışıqlar aparmaq üçün muxtar respublikaya ən təcrübə­li əməkdaşlarını göndərmişdi. Onlarla görüşün birinci günü Rusiya nümayən­də heyətinin tərkibindəki bir polkovnik Heydər Əliyevə şübhəli görünmüşdü. Ulu öndər məni yanına çağırıb onunla bağlı fikrimi soruşdu və aramızda qısa bir söh­bət oldu. Görüşün müəyyən məqamında Heydər Əliyev özünəməxsus təmkinliklə sözə başladı: “Cənablar, başa düşürəm ki, bu, çox mürəkkəb və çətin proses­dir. Gəlin, məsələyə vicdanla yanaşaq, bir-birimizi aldatmağa çalışmayaq”. 

Sonra Rusiya tərəfdən danışıqlarda iştirak edən həmin polkovniki ayağa qal­dırdı və amiranə səslə dedi: “Siz, cənab zabit, DTK-nın generalı ola-ola polkovnik forması geyinərək bizi aldatmaq istəyir­siniz. Özünüzə hörmət qoymursunuz, heç olmazsa, general rütbəsinə hörmət qoyun”.

Sonra rusiyalı general otaqdan çıxa­rıldı. Bundan sonra danışıqlar biz istədi­yimiz məcrada getdi və nəticə əldə olun­du. Görüş başa çatdıqdan sonra bizim sərhəd dəstəsinin komandiri polkovnik Jukov ifşa olunmuş generala yaxınla­şaraq demişdi: “Sizə dedim ki, Heydər Əliyevi aldatmaq mümkün deyil”.

– Sərhəd dəstəsinin təhvil-təslim prosesi necə keçdi?

– Ümumiyyətlə, sərhəd dəstəsinin təhvil-təslim prosesində Rusiya gene­ralları danışıqların növbəti mərhələsinə keçməzdən əvvəl bir yerə yığışır, təxmini ortalığa çıxa biləcək sualları götür-qoy edir, müzakirələr aparırdılar. Bir sözlə, özlərini Heydər Əliyev qarşısında sı­nağa hazırlayırdılar. Təhvil-təslim başa çatdıqdan sonra rus zabitlərindən biri Azərbaycan nümayəndə heyətinin tər­kibində olan Dövlət Sərhədi Mühafizəsi Komitəsinin rəis müavini, polkovnik Arif Əliyarova etiraf etmişdi ki, bu müzakirələr əvvəldən axıradək Heydər Əliyev istədi­yi istiqamətdə gedib. Bu, Azərbaycanın dövlət müstəqilliynin tələbi idi. 

Uzun və gərgin keçən görüşlərdən sonra Naxçıvan Sərhəd Dəstəsinin təh­vil-təslim prosesi başa çatdı. Heydər Əliyevin prinsipiallığı nəticəsində hərbi hissənin bütün əmlakı, texnika və sursa­tı ilə birlikdə Azərbaycan Respublikası­nın yurisdiksiyasına verilməsi haqqında sənədlər imzalandı. O sənədlərin hamı­sında mənim də imzam var. Sonda 41-ci Sərhəd Dəstəsinin komandiri Jukov ayağa qalxaraq məni təbrik etdi. Mən isə bizimlə üz-üzə əyləşmiş Heydər Əliye­vi göstərib dedim: “Mən öz generalımın əmrini gözləyirəm”. Yalnız Ulu öndərin razılığından sonra mən Sərhəd Dəstə­sinə rəisliyi qəbul etdim.

– Sonrakı xidmət dövründə Ulu ön­dərlə görüşləriniz oldumu?

– Bilirsiniz ki, 1992-ci il oktyabrın 24-də Naxçıvanda AXC-nin dəstəyi ilə döv­lət çevrilişinə cəhd edildi. Həm Naxçıvan Ali Məclisinin, həm Daxili İşlər Nazirliyi­nin binalarının ələ keçirilə bilməməsində Sərhəd Dəstəsinin şəxsi heyətinin bö­yük rolu oldu. Bundan sonra prezidentin sərəncamı ilə mən vəzifəmdən azad edil­dim. Ulu öndər 1993-cü ilin may ayında məni yenidən Naxçıvanda Dövlət Göm­rük Komitəsinin sədri vəzifəsinə təyin etdi və 7 il bu vəzifədə çalışdım. Ulu öndəri­miz Heydər Əliyev Bakıya ali hakimiyyətə qayıtdıqdan sonra isə bir daha onunla görüşə bilmədim.

Sonrakı dövrdə isə Milli Təhlükə­sizlik Nazirliyinin Akademiyasında və Fövqəladə Hallar Nazirliyində işlədim. General-mayor rütbəsini də Fövqəladə Hallar Nazirliyində aldım. Bu nazirlikdə ən önəmli işlərimdən biri də xüsusi riskli xilasetmə xidmətinin yaradılması və for­malaşdırılması oldu. 

Sonda onu deyim ki, məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin əvəzolun­maz xidmətləri nəticəsində Azərbaycan bütün bu çətin tarixi proseslərdən üzüağ çıxaraq öz müstəqilliyini möhkəmləndir­di. Dövlət müstəqilliyimizin əsasını təşkil edən ordu quruculuğu Naxçıvandan baş­layaraq bütün Azərbaycanı əhatə etdi. Məhz bugünkü güclü ordumuzun təməli o zaman Naxçıvanda qoyuldu. Ulu ön­dərin yaratdığı əsaslar üzərində onun la­yiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 3 il əvvəl 30 il işğal altında qalan torpaq­larımızı azad edərək Vətənimizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. 

Hər bir azərbaycanlı üçün bundan bö­yük iftixar hissi ola bilməz. Buna görə də xalqımız ulu öndər Heydər Əliyevi daim böyük qürur və ehtiram hissi ilə anır.

– Maraqlı söhbət üçün sağ olun.

 

Söhbəti hazırladı:
H.SƏBUHİ
XQ 

Naxçıvan





Müsahibə