Azərbaycan diasporasının formalaşması Heydər Əliyevin müstəsna xidmətlərindəndir

post-img

Görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibə.

(əvvəli qəzetin 21 noyabr 2023-cü il tarixli sayında)

 

– Dünyada Azərbaycan diasporası və onun gənc müstəqil ölkəni dəstəkləməsi 1990-cı illərin əvvəllərində şirin bir arzu olsa belə, əslində bir xəyal idi. Dünyaya səpələnmiş azərbaycanlılar haqqında az-çox məlumatlı olsaq da, onların təşkilatlanması, deyək ki, erməni diasporu kimi fəaliyyət göstərməsini deyə bilmərik. Müstəqilliyin ilk illərində buna cəhdlər edildimi? Heydər Əliyevin qayıdışından sonra diaspora quruculuğu  işi hansı səviyyədə idi? 

– Etiraf etmək lazımdır ki, dünyada Azərbaycan diasporasının yaranmasi, təşkilatlanması və ciddi işlər görməyə başlaması bilavasitə ümummilli lider ­Heydər Əliyevin müstəsna xidmətidir. İstərdim məsələnin tarixinə bir ekskurs edək ki, bu fikrimin nəyə əsaslandığını oxucularımız da aydın görsünlər. 

Əvvəla, ötən əsrin 70-80-ci illərində ­Heydər Əliyev qətiyyəti, müdrikliyi və cəsarəti sayəsində  Azərbaycanın bütün dünyada tanınmasına yönəlmiş çox mühüm addımlar atılmışdı. Əlbəttə, qırmızı imperiyanın amansız təqibləri üzündən diaspor quruculuğu ilə açıq və sistemli şəkildə məşğul olmağa imkan yox idi. Amma mədəniyyət, incəsənət, elm sahəsində ciddi işlər aparılır və respublikanın nailiyyətləri təbliğ olunur, açıq-gizli dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkanlardan istifadə etməyəyə çalışırdılar. Bu işdə, təbii ki, Heydər Əliyevin təşəbbüsü və ideyası ilə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti, sonradan adı “Vətən” cəmiyyəti olan qurum  yaradıldı və bu qurum soydaşlarımızın birliyinə və Vətənlə əlaqələr qurmalarına yol acdı.

İkinci mühüm məsələ, Heyrdər Əliyev hakimiyyətinin ilk dövründə – 1970-ci illərdə azərbaycanlı tələbələrin kütləvi şəkildə SSRİ-nin ayrı-ayrı şəhərlərinə, çox yüksək təhsil verən institut və universitetlərinə göndərilməsi idi və həmin illər yəqin ki, sizin yeniyetməlik, gənclik dövrünüzə təsadüf etdiyindən, siz də yaxşı xatırlayarsınız. Qısaca, bir faktı deyim: O illərdə  SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı qazanmış 20 minə yaxın azərbaycanlı gənc  Sovet İttifaqının  50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə təhsil alıb. Təbii, bunların bir çoxu ali məktəbi bitirəndən sonra təhsil aldıqları şəhərlərdə qalıb əmək fəaliyyətinə başlayırdılar. Bir çoxu gəlib Azərbaycanda evlənib ailəsini götürüb gedirdi. 

Üçüncü, Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, nəhəng dövlətin hökumətinin ikinci şəxsi kimi fəaliyyəti nəinki SSRİ-nin bütün respublikalarına səpələnmiş azərbaycanlılar, hətta dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynadı. Heydər Əliyev artıq Azərbaycanın simvoluna çevrilmişdi və xaricdə yaşayan gənclərimiz bu adla qürur hissi yaşayırdılar.

Dördüncü, artıq Heydər Əliyev Vətənə qayıdıb Naxçıvanda siyasi fəaliyyətə başlayanda 1991-ci ildə Muxtar Respublikanın Ali Məclisində məsələ qaldırıb   31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi haqqında qərar qəbul olunmasına nail oldu. Bununla da kifayətlənməyib, bu tarixi günün bütün Azərbaycanda bayram kimi qeyd olunması ilə bağlı ölkə parlamenti  qarşısında məsələ qaldırdı. Bütün bunlar onu göstərirdi ki, Ulu öndər Azərbaycan diasporasının formalaşmasına çox vacib bir məsələ kimi baxıb və davamlı olaraq, bu məsələni diqqətdə saxlayıb. 

Qaldı müstəqilliyimizin ilk illərinə, bu məsələ AXC hakimiyyəti illərində gündəmə gətirildi. O zaman bu məsələni milli siyasət məsələləri üzrə dövlət müşaviri kimi fəaliyyətə başlayandan az sonra mən qaldırdım. Buna qədər belə bir məsələ ümumiyyətlə kimsənin yadına düşmürdü. İndi deyirlər, xarici ölkələrdə 50 milyon azərbaycanlı var, amma sizi inandırım, heç 50 nəfər tapmaq olmurdu ki, bir tədbirə cəlb edə bilək. Çünki əlaqələr yox idi. 

Bu məsələnin vacibliyini nəzərə alaraq Əbülfəz Elçibəylə diaspora barədə söhbətimiz oldu və ona Dünya Azərbaycanlılarının I Qurultayının çağırılması haqqında təkliflərimi söylədim. İnsafən, təkliflərimi qəbul etdi və qurultayın keçirilməsinə razılıq verdi. Amma bu şifahi həll ediləsi bir məsələ deyildi. Ona görə mənim rəhbərliyimlə  Dünya Azərbaycanlılarının birinci qurultayının çağrılması ilə bağlı sərəncam layihəsi hazırladıq və mən onu Prezidentin katibliyinə təqdim etdim. Burada Təşkilat Komitəsinin heyəti, sədr, iştirak edəcək müvafiq nazirliklər  və sair məsələlər əksini tapmışdı. 

Bir neçə günlük ölkəmizin şimal regionlarına səfərə getdim. Şəkidən qayıdıb Qəbələyə çatanda məni qarşılayan rayon icra hakimiyyətinin başçısı dedi: “Hidayət müəllim, təbrik edirəm. Radioda indicə məlumat verildi ki, prezident Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə bağlı sərəncam imzalayıb, sizi təşkilat komitəsinin sədr müavini təyin edib”. Bu mənim üçün gözlənilməz idi, çünki bu vəzifə Baş nazirə, dövlət katibinə həvalə ediləsi bir vəzifə idi. Tədbiri keçirmək üçün yüksək səalhiyyəti olan məmur lazım idi ki, təçkilatı məsələləri həll etsin.  Qayıdandan sonra Əbülfəz Elçibəylə görüşdüm və dedim: “Bəy, üstümə çox böyük yük qoymusunuz”.  Dedi: “Onu, ancaq siz edə bilərsiniz”. 

Müşavirliyi səfərbər edib çox ciddi şəkildə təşkilatçılıq işlərinə, xaricdə yaşayan tanınmış soydaşlarımız, onların yaratdıqları təşkilatlarla əlaqələr qurmağa başladıq. Sonra mənə müxtəlif yerlərdən təsirlər göstərməyə başladılar ki, qurultayı tez keçirək. O zaman Prezidentin mədəniyyət üzrə Nihat Çətinqaya adlı bir müşaviri var idi. Əvvəla, humanitar məsələlər üzrə dövlət müşaviri varsa, mədəniyyət üzrə müşavir kimə lazım idi, bilmirəm. Təbii ki, bu artıq bir qurum idi. Bu adamı Türkiyədən gətirmişdilər,  o da dövlət idarəçiliyindən, prinsiplərindən tamam xəbərsiz idi.  Yeri gəlmişkən, Əbülfəz Elçibəyin hərbi məsələlər üzrə müşaviri də türk idi. Bakıdan gedəndə mənim yanıma gəlib ağladı ki, Rəhim Qazıyev məni işləməyə qoymadı. Hətta bir dəfə Əbülfəz Elçibəy məndən soruşdu ki, “Bu Nihat bəy niyə istəyir ki, qurultay tez keçirilsin?” Dedim: “O, kiçik iş adamıdır 20-30  iş adamını başına toplayıb, onlarla yeyib-içir və istəyir ki, onların iştirakı ilə bu tədbiri yola verək”. 

Məsələni qəti şəkildə qoydum ki, qurultayı yəqin ki, bu il keçirə bilməyəcəyik. Çünki biz hələ yeni-yeni dünyadakı Azərbaycan cəmiyyətləri, təşkilatları ilə əlaqələr yaradır, onlara məktublar yazır, belə bir tədbirin keçirilməsi ilə bağlı təkliflər verməyi, münasibətlərini bildirməyi xahiş edirdik. Qurultayın keçirilməsinə hazırlıq üçün azı bir il vaxt lazımdır. Amma bu tədbiri keçirmək AXC hakimiyyətinə nəsib olmadı və çox keçmədi ki, Heydər Əliyev Bakıya gəlib haqqı çatan yerdə – Prezident kürsüsündə oturdu.

İlk dövrlər təbii ki, ölkədəki gərginlik, ağır iqtisadi durum və Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsi davam etdiyindən bu məsələ arxa plana keçdi. Vəziyyət nizama düşəndən, atəşkəs əldə ediləndən sonra məsələni Ulu öndərə məruzə etdim. Yəni biz baxdıq ki, prezident bütün xarici ölkələrə hər hansı səfəri zamanı mütləq o ölkədəki azərbaycanlılarla görüşür. Heydər Əliyev etiraz etmədi, dedi: “Baxarıq”.

– Hidayət müəllim, Ümummilli ­liderin ilk xarici ölkəyə –  Fransaya rəsmi ­səfəri zamanı mən də bunun canlı şahidi olmuşam. O zaman "Xalq qəzeti"nin əməkdaşı kimi Prezident Heydər Əliyevi müşayiət edən jurnalislər qrupunda təmsil olunurdum. Yadımdadır, Ulu öndər iş qrafikinin gərgin olmasına baxmayaraq,  Avropada söz sahibi olan bu dövlətin azərbaycanlı vətəndaşları ilə çox maraqlı bir görüş keçirdi. Hamı heyrət və sevinc dolu baxışlarla müstəqil Azərbaycanın dövlət başçısını dövrəyə alıb, sanki Azərbaycanın müstəqilliyinin gerçək olduğuna arxayınlaşmaq üçün ciddi cəhdlə məhz Azərbaycan Prezidentinin əlini sıxmağa şans arayır, bunu qazanandan sonra isə bir çoxlarının, bəlkə də həsrəti uzun çəkənlərin gözündən sevinc yaşları gilələnirdi. Doğrusu, o zaman Ulu öndərin də səsində bir kövrəklik duydum. 

– Bəli, tamamilə doğru qeyd edirsiniz. Ümumiyyətlə, Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla hər hansı şəkildə bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna və milli ideologiyasına çevirmək üçün ən adi görüşdən belə istifadə edirdi. 

Belə görüşlər sonrakı səfərlərdən çox böyük miqyas almağa başladı. Məsələn, Heydər Əliyev Almaniyaya rəsmi dövlət səfəri zamanı orada yaşayan azərbaycanlılarla o vaxtkı paytaxt Bonn şəhərində çox möhtəşəm bir görüş keçirdi. İnanın, Almaniyanın ucqar şəhərlərindən belə axışıb bu görüşə gəlmişdilər. Hotelin konfrans salonunda ayaqda durmağa yer yox idi. Gürcüstanda azərbaycanlılarla görüş Rustaveli adına teatrın böyük salonunda keçirildi. Eləcə də dünyanın başqa ölkələrində. Artıq biz də Ulu öndərin yaratdığı bu ənənəni davam etdirir, hara gedirdiksə azərbaycanlılarla sıx görüşlər keçirirdik. 

İlk məruzəmdən sonra da iki dəfə də qurultay barədə ulu öndərə məruzəm oldu. Hardasa ilyarım ərzində müxtəlif vaxtlarda. Yenə eyni cavabları verdi ki, “baxarıq...” Sonra artıq dayandım və özlüyümdə düşündüm ki, Heydər Əliyev yəqin bunun vaxtının çatmadığını bilir. Hətta sonralar Heydər Əliyevin Milli Qəhrəmanlarla, həlak olan Milli Qəhrəmanların ailə üzvləri, din xadimləri, milli azlıqların nümayəndələri  ilə ayrı-ayrılıqda keçirilən görüşlərində hiss etdim ki, ulu öndərin belə tədbirləri ləngitməsi heç də təsadüfi deyil. Çünki görüşlər, tədbirlər keçiriləndə özüm də dərk etməyə başlayırdım ki, bu görüşün vaxtı elə indi imiş, prezident bunu bilib bu vaxta salıb. 

Vaxtın uzanmasına baxmayaraq, diaspora quruculuğu istiqamətində iş gedirdi. Məsələn, 1998-ci ilin mayında Heydər Əliyev məni ABŞ-a göndərdi, orada Amerika Azərbaycanlılarının Konqresində iştirak və çıxış etdim,  Ulu öndərin konqresə təbrikini çatdırdım. Belə tədbirlərə Azərbaycanın yüksək vəzifəli rəsmi dövlət adamının gəlməsi oradakı soydaşlarımızı daha da ruhlandırır və bu işin ölkəmiz üçün nə qədər vacib olduğunun əhəmiyyətini çatdırırdı. 

2001-ci ilin yazında Prezident ­Heydər Əliyev bizi topladı və onun göstərişi əsasında sərəncam hazırlandı.  23 may 2001-ci ildə  sərəncam imzalandı və  1-2 noyabr Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi tarixi bəyan edildi. Yəni, nə əvvəlki sərəncamı xatırladı,  nə ad çəkdi, nə də bu barədə danışdı, sadəcə qurultayın keçirilməsi ilə bağlı təşkilatı məsələlər barədə tapşırıqlarını verdi. Hətta təşkilat komitəsi belə yaradılmadı, sadəcə bir müddət sonra Prezident Aparatının rəhbərinin sərəncamı ilə işçi qrupu yaradıldı. Təbii ki, mən də qrupun üzvü idim. 

Doğrusu, bu işçi qrup bir iki dəfə toplandı, amma real olaraq elə bir iş görmədi. Əsas iş bizim müşavirliyin və onun rəhbəri kimi mənim üzərimdə idi. Dünyanın elə bir ölkəsi qalmadı ki, orada yaşayan azərbaycanlılarla əlaqə qurmayaq, məktub göndərməyək, izahat işləri aparmayaq. Başqa cür ola bilməzdi, çünki artıq sərəncamda konkret vaxt göstərilirdi və bu vaxta hər şey hazır olmalı idi. 

Açığını deyim ki, bu işçi qrupun bəzi üzvləri ciddi cəhdlə bu işləri siyasiləşdirməyə başladılar. Guya bunlar Heydər Əliyevə sədaqət nümayş etdirmək istəyirlər deyə,  təklif etdilər ki, ölkədən kənarda hakimiyyətə qarşı müxalifət olan diaspor üzvləri qurultaya dəvət edilməsin. Bu adamlar başa düşmürdülər ki, söhbət dünya azərbaycanlılarından gedir, nə müxalifət, nə qeyri-müxalifət. Onlara izah etməyə çalışdım ki, sonra soydaşlarımız bunu ciddi qəbul etməzlər, qurultay haqqında mənfi rəy formalaşar, belə etmək, Azərbaycan övladlarını dosta-düşmənə bölmək olmaz. Yenə mənə qarşı çıxdılar...

Soydaşlarımızın böyük bir hissəsi əsasən Rusiyada yaşayır, amma orda demək olar heç bir təşkilatlanma filan yox idi. O vaxta qədər müəyyən işlər görmüşdük, Moskvada səfirlikdə Rusiyaya yaşayan tanınmış azərbaycanlı soydaşlarımızla çox sıx görüşlərimiz olmuşdu. Orada bütün Rusiyanı əhatə edə biləcək bir təşkilat yaradılmalı idi. Prezident məni Moskvaya göndərdi və biz orda Rusiya Azərbaycanlıları Konqresini yaratmağa nail olduq. Rusiyanın çox hörmətli azərbaycanlı akademiki, məşhur həkim Məmməd Əliyev Konqresin sədri oldu. İndi Prezidentin köməkçisi vəzifəsində çalışan Zeynal Nağdəliyev Konqresin məsul katibi, aparatın rəhbəri oldu. Bir müddət sonra Moskvada “Prezident” hotelinin böyük konqres salonunda Rusiya Azərbaycanlılarının birinci  qurultayı keçirildi. Rusiya hökumətinin yüksək vəzifəli məmurları, tanınmış dövlət xadimləri dəvət olunmuşdular və hamısı gəlib iştirak etdilər. Mən orda Ulu öndərin təbrik məktubunu oxudum və çıxış etdim.  Hamı heyrət içində idi ki, “Allaha çox şükür, biz də belə yerdə rəsmi toplaşdıq”. Bunlar çox böyük hadisə idi. 

Biz əsasən səfirlər, konsullarla işləyirdik. O zaman müxalifət, iqtidar adamları söhbəti qalxanda, ABŞ-da fövqəladə və səlahiyyətli səfirimiz  işləyən Hafiz Paşayevdən başqa heç kim məni müdafiə etmədi. Hafiz müəllimlə telefonla danışanda o, birmənalı mövqe nümayiş etdirdi və dedi, “doğru düşünürsünüz, bu məclisə ya hamı çağrılmalıdır, ya da heç kimi dəvət olunmamalıdır”.

Bu məsələni tam hazırlayandan sonra Prezident Heydər Əliyevə məruzə etdim. Heydər Əliyev bununla bağlı bir-iki sual verdi. Soruşdu: “Sən əminsən ki, tədbirdə onlar bir insident törətməzlər?” Dedim: “Bəli, tam arxayınam. Orda başqa heç bir şey ola bilməz”. Dedi: “Get hamısını dəvət et. O adamlara da mənim adımdan de, qərarım belədir”. 

Bundan sonra biz qurultaya nümayəndə seçməyi buraxdıq xaricdə yaşayanların öz ixtiyarına. Bu tam bir demokratik seçim oldu. Əlbəttə elə nüfuzlu və tanınmş azərbaycanlılar var idi ki, onların iştirakı çox vacib idi və onları biz özümüz dəvət etmişdik. Amma əsas seçimi onların ixtiyarına buraxmağımızın özü çox yaxşı təşəbbüs oldu. 

Qurultay ərəfəsində Heydər Əliyev  təkrar işçi qrupunun əsas üzvləri kimi bizi yanına dəvət etmişdi. Bu tədbirdə mən bir az çox danışdım. Məsələn, Mirzə Fətəli Axundovun 150 illik yubileyində də Ulu öndər onun kötükçəsini Yaponiyadan Bakıya gətizdirmişdi. Qəbulda  Axundovun kötükcəsindən, özündən, Mirzə Fətəlinin valideynlərinin ayrılmasından, Axundovun atası anasının üstünə günü gətiriməsindən, anasının Fətəlinin atasından ayrılmasından danışdım. Fətəli qalmalıymış atasının yanında, amma çılğınlıq edib,  anasıyla getmək istəyib. Böyük bacısı qoymayıb. Sonra Mirzə Fətəli özü yazır ki, “Mirzə Fətəli Axundov olmağıma görə bacıma borcluyam”. İndi Mirzə Fətəlinin kötükcəsini tapa bilməməyimizdən ətraflı danışdım. Bu söhbətlər bir az uzun çəkdi. Əslində gördüm Prezidentin özü çox maraqla buna qulaq asır, deyə təfsilatı ilə söhbət etdim. Görüşdə iştirak edən yüksək vəzifəlilərdən biri sonra mənə telefon açıb dedi: “Prezident sənə çox hörmətlə yanaşır. Ayrı adam onun yanında o qədər danışa bilməzdi. Sən az qala bir saat danışdın”. 

Qurultay öz işinə başladı və həmin dövr üçün həqiqətən möhtəşəm keçdi. Təsəvvür edin ki, həmin ərəfədə dünyanın əksər ölkələrində 300-dən artıq azərbaycanlı icması və təşkilatı fəaliyyət göstərirdi və onların, demək olar hamısından nümayəndələr dəvət etmişdik. Ümumilikdə Qurultaya dünyanın 36 ölkəsindən 403 nümayəndə gəlmişdi, iştirakçıların sayı isə  1105 nəfər idi.

– Ulu öndər qurultayın keçirilməsi, gedişindən razı qaldımı?

– Qurultay çox yüksək səviyyədə keçdi. Ulu öndərin çıxışı elə ilk dəqiqədən bütün salonda iştirak edənlərin vətənpərvərlik duyğularını ehtizaza gətirdi, Vətən həsrətlilərinin qəlbini kövrəltdi. Xüsusilə ­Heydər Əliyev elə ilk sözündə deyəndə ki, "Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada Müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir?!”

Salonda oturanlar, ömrü boyu Vətən məsuliyyətinin nə demək olduğunu bilməyən qurultay iştirakçıları da bu sözlərin sehrindən uzun müddət  çıxa bilmədilər. Siyasi ritorikadan uzaq və gerçək mənzərəni canlandıran Ulu öndərin müdrik sözləri, içində azacıq vətəndaşlıq hissi olan bir azərbaycanlını belə rahat buraxa bilməzdi və buraxmırdı da.

“Gülüstan” Sarayında verilən möhtəşəm ziyafət başa çatanda xeyli nümayəndə Ulu öndərin başına toplaşmışdı və heyranlıqla ona baxırdı. Yaxında durub bu mənzərəni seyr edir, ləzzət alır, həm də Prezidentin mənə bir sözü olacağını düşünüb gözləyirdim. 

Qurultayın ertəsi günü ayrı-ayrı yerlərdə panel iclasları keçirildi. Hamısına baş çəkdim. İnanın, zallar dolu idi, hamı iştirak edirdi. Nümayəndələr son dərəcə məmnun idilər. 

Sonra yekun iclası oldu və hamı öz razılığını ifadə etdi. Axşam qonaqlar üçün  Prezidentin adından ziyafət təşkil edildi. İnanın elə bil milli bayrama toplaşmışdılar. Onların çöhrəsindəki sevinci görmək lazım idi...  

10 il Ulu öndərin rəhbərliyi altında işlədim. Qurultaya qədər bir çox beynəlxalq miqyaslı, respublika əhəmiyyətli tədbirlər keçirmişdik. Heç bir tədbirdən sonra işçi qrupunu yığıb təşəkkür etməmişdi.  Qurultay keçirilən günün səhəri Ulu öndər işçi qrupunu topladı və hamıya təşəkkür etdi. Sonra dedi: “Mənə bir çox nümayəndə heyətlərindən müraciətlər olub ki, onları qəbul edim. Hidayət, siz onları bir-bir qəbul edin. Baxın, kimlər sizin qəbulunuzla kifayətlənməyib, mənimlə görüşməkdə maraqlı olsa,  deyin, mən onları qəbul edim. Yox, sizin qəbul etməyinizlə qane olarlarsa, onda ehtiyac yoxdur”. Dedim: “ Aydındır cənab Prezident!” Qonaqların əksəriyyəti “Avropa” hotelində qalırdı, onlara da bir rəhbər nümyəndə seçilmişdi. Siyahı tərtib edib mənə təqdim etdilər. Baxdım, çoxlu adamlar var. Onların hoteldə qalma vaxtı bizim hesaba bir həftə də uzadıldı. Səhər saat 10-dan axşam saat 8-ə qədər Prezident Aparatında  bir-bir onları qəbul etdim. 

İnanın, o qədər razılıq etdilər, Prezidentlə bağlı o qədər gözəl fikirlər söylədilər, minnətdarlıqlarını bildirdilər özümüz də məətəl qalmışdıq. Heyranlıqlarını gizlətmədən söyləyirdilər ki, indi biz Vətəndən arxası, dayağı olan bir azərbaycanlı kimi gedirik. Bir qonaq narazı getmədi və bir nəfər də təkid etmədi ki, prezident onu qəbul etsin. Çünki başa düşürdülər ki, dövlət başçısının daha vacib işləri var.Həm də dövlət başçısından heç bir xahişləri yox idi. Yalnız minnətdarlıq edirdilər. 

Bundan bir neçə gün sonra Prezidentin qəbulunda oldum, gündəlik məsələlər haqqında məruzə edəndən sonra dedim: “Cənab Prezident, qurultaya gələn qonaqlar Sizə böyük minnətdarlıqlarını çatdırmağı xahiş etdilər və Azərbaycandan çox məmnun getdilər”. Dedi: “Ayrı bir istəkləri, problemləri yox idi?” Dedim: ”Yox. Bəzi xırda məsələlər vardı, onları da özüm yoluna qoydum“. 

Birinci qurultaydan sonra azərbaycanlılar dünyanın hər yerində səfərbər olmağa başladılar, təşkilatlandılar. Artıq başa düşürdülər ki, onların Azərbaycan müstəqilliyinin qorunmasına böyük faydaları dəyə bilər. 

Qurultaydan sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında yeni bir bir mərhələ başladı. Prezident Heydər Əliyev  bu sahədə dövlət siyasətinin həyat keçirilməsini təmin etmək məqsədi ilə 2002-ci ildə “Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Daha sonra “Azərbaycan diasporu” anlayışı  elə həmin ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Xaricdə yaşayan azərbaycanlılara münasibətdə dövlət siyasəti haqqında” , eyni zamanda “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanunlar qəbul olundu ki, bu da xaricdə yaşayan həmvətənlərimizə dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi.

Bir müddət sonra Ümummilli lider ­Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhur kəlamı bütün dünya azərbaycanlılarının ən sevimli ifadəsinə çevrildi. 

– Hidayət müəllim, maraqlı söhbətə görə sizə təşəkkürünüzü bildirirk. Çox sağ olun ki, yorulmadan bizim suallara kifayət qədər müfəssəl cavab verdiniz.

İlqar RÜSTƏMOV,
 Əməkdar jurnalist
XQ

 



Müsahibə