“Bütün sənədlərə veto qoyuram...”

post-img

ATƏT-in tarixində Heydər Əliyev səhifəsi

 

“Heydər Əliyev xatirələr işığında” layihəmizin qonağı tanınmış ictimai-siyasi xadim Həsən Həsənovla söhbətimiz davam edir.

IX SÖHBƏT 

– Beynəlxalq aləmə səs salan 1996-cı il Lissabon zirvə görüşü. Yəqin söhbətin nədən getdiyini dərhal xatırladınız. Heydər Əliyev qətiyyəti­nin və siyasi uzaqgörənliyinin sərhədsiz miqyasının üzə çıxdığı həmin təd­biri necə xatırlayırsınız? Pərdəarxası məqamlar barədə yəqin indi danışmaq mümkündür...

– 1996-cı il noyabrın 6-da Prezident Heydər Əliyev Ermənistan–Azərbaycan münaqişəsinin həlli və qarşıdan gələn Lissabon zirvə toplantısında qərarla­rın qəbul edilməsinin zəruriliyi ilə bağlı ATƏT-ə üzv ölkələrin dövlət başçılarına müraciət ünvanladı. Məktubda nizam­lanmanın əsası kimi sənədə fundamen­tal prinsiplərin daxil edilməsinin vacibliyi qeyd edilmişdi. Əsas şərtlər belə idi – a) Azərbaycan Respublikasının ərazi bü­tövlüyünə hörmət, b) Azərbaycan Res­publikasının tərkibində Dağlıq Qarabağa geniş muxtariyyətin verilməsi və Azər­baycanın Dağlıq Qarabağ bölgəsinin bütün əhalisi üçün təhlükəsizliyin təmin edilməsi. Bir sıra ölkələrdən dəstək aldıq. 

Həmin illərdə ATƏT-in Minsk qrupun­da sədr Finlandiya idi. 1996-cı il noyabrın 18-22-də Helsinkidə Minsk qrupu çər­çivəsində aparılan danışıqlarda Ermə­nistan Respublikası son dərəcə mənfi mövqe tutdu və irəli sürülən təklifləri qə­bul etməkdən imtina etdi. Bu toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Tofiq Zülfüqarov təmsil edirdi.

Toplantı başa çatandan dərhal son­ra Tofiq Zülfüqarov oradan birbaşa Vəfa Quluzadəyə zəng vurub bildirmişdi ki, mən burada heç bir sənədin qəbul edil­məsinə nail ola bilmədim. Vəfa Qulu­zadə də ona deyib ki, bunu mənə niyə deyirsən, sənin nazirin var, ona de. O da mənə zəng etdi və bildirdi ki, vəziyyət belədir, Lissabon sammitinə çıxarılacaq, bizə məqbul olası heç bir sənədin qəbul edilməsinə nail ola bilmədim. Təbii ki, mən də vəziyyətin xoşagəlməz olduğunu nəzərə alaraq bunu təcili Heydər Əliyevə məruzə etdim. Vəziyyət ona görə gərgin idi ki, qısa müddətdən sonra Lissabona zirvə toplantısına getməliydik. Heydər Əliyev dedi: “Aydındır. Tofiq Zülfüqarov bizə məqbul sənədi əldə etməyibsə, sən özün get və lazımi qərarla qayıt”. 

Təcili Helsinkiyə yollandım. Finlandi­yanın xarici işlər naziri Tarja Halonen qa­dın idi və Azərbaycana açıq simpatiyası olduğunu əvvəllər də hiss etmişdim. Son­ra Tarja Halonen Finlandiyanın prezidenti oldu. Helsinkidə onunla təkbətək görüş­düm və geniş söhbətimiz oldu. Hətta ta­rixi qohumluğumuzla bağlı da danışdım. Bu, hər hansı danışıqlarda mənim ən se­vimli üsulumdur.

...1983-cü ildə Finlandiyanın Baş na­ziri Taysto Kalevi Sorsani Bakıya qonaq gələndə onu müşayiət etmək mənə tap­şırılmışdı. O Finlandiyanın Sovet İttifaqı ilə sıx əlaqələrinin tərəfdarı idi və qonaq qismində gəlmişdi. Baş nazir təyyarədən düşən kimi mənə dedi: “Cənab Həsənov, siz bilirsinizmi ki, bizim xalqlar qohum xalqlardır?” Mən təəccüblənmədim, se­vindim. Dedim: “Bilirəm”. Onunla türk və uqro-fin xalqları arasında tarixi qohumluq kökləri haqqında danışdıq. Amma Tarja Halonenə Sorsa ilə Bakıdakı söhbətləri­miz haqqında heç nə demədim, çünki o fərqli partiyanın üzvü idi . 

Tarixi qohumluğumuz haqqında bir qədər söhbət etdikdən sonra gəlişimin səbəbini Tarja Halonenə söylədim. Qa­yıtdı ki, “cənab Həsənov, açıq deyin, nə lazımdır?” Dedim: “Xahişimi açıq deməzdən əvvəl onu bildirməliyəm ki, sizin müavininiz Hikki Talvitie, nə öz Vətəninə, nə də məsul olduğu Qarabağ probleminin həllinə işləmir”. Dedi: “Ola bilməz”. Dedim: “Sizdə keçirilən Minsk qrupunun toplantısında Lissabon sammi­ti üçün heç bir qərara nail olmamaq, heç də Finlandiya diplomatiyasına başucalığı gətirmir. Minsk qrupunun sədri Finlandi­yadır. Lissabon zirvə görüşünə siz əliboş gedəcəksiniz, biz yox. Bizdən sənəd təq­dim etmək tələb olunmur, sizdən tələb olunur. Siz etiraf etməli olacaqsınız ki, Minsk qrupuna Finlandiyanın rəhbərliyi uğursuzdur”. Mənim bu sözlərim bir anlıq onu ciddi düşündürdü və qayıtdı ki: “Mən indi neyləməliyəm?” Dedim: “Müavininizi çağırın, mən təklifimi verim”. Xarici iş­lər nazirinin müavini və həmçinin Minsk qrupunun sədri Hikki Talvitie gəldi. Nazir ona dedi: “Azərbaycanın xarici işlər nazi­ri Həsən Həsənov bizdə keçirilən Minsk qrupu toplantısının nəticələrindən na­razıdır. Mən səbəblər haqda sorğu-sual aparmayacam, gedin sənədin üzərində birgə işləyin və gətirin, mən imzalayım”. Müavin dedi: “Axı ermənilər yoxdular?” Nazir dedi: “Fərq etməz. Siz gərək ermə­nilər olanda bunu edəydiniz. O zaman etməmisiniz, indi etməlisiz. Günah sizin özünüzdədir”. Bu da çox inad etmədi və sakitcə razılaşdı. 

Başqa otağa keçdik və mən onunla oturub istədiyimi diktə etdim. Tofiq Zül­füqarova da tapşırdım ki, mətni birlikdə qələmə alsınlar. Bir müddətdən sonra onlar hazır olduqlarını bildirdilər. Biz ye­nidən nazirin yanında toplaşıb sənədlə tanış olduq. Nazir mənim fikrimi soruşdu. Mən razılığımı bildirdim. Göstəriş verdi ki, sənədi müvafiq şəkildə çap edib imza­lamaq üçün ona təqdim etsinlər. Səhərisi gün nazir məni Dövlət Rəsm Qalereya­sına dəvət etdi. Sonra isə birlikdə opera tamaşasını seyr etdik. Ertəsi gün nazir mənə xəbər verdi ki, sənədi imzalayıb və ATƏT-in katibliyinə göndərib. 

Əlbəttə, mən də, öz növbəmdə, Hel­sinkidən Heydər Əliyevə telefon açıb ölkəmizin marağına müvafiq sənədin imzalanması və ATƏT-ə göndərilməsi haqqında məruzə etdim. Heydər Əliyev razılığını bildirdi və elə həmin gün Bakıya qayıtdım. 

Helsinki sənədi Lissabon sammitinin dəftərxanasına çatan kimi, Ermənistan Respublikası Prezidentinin baş müşavi­ri C.Liparidyan noyabrın 25-də keçirilən mətbuat konfransında rəsmi İrəvanın bu təklifə cavabını səsləndirdi. O, açıq bildirdi ki, Ermənistan Respublikası təq­dim edilmiş təklifə münasibətdə veto hüququndan istifadə etmək niyyətində­dir. Buna cavab olaraq biz 27 noyabrda Azərbaycan Respublikası XİN-in Bəya­natını yaydıq və bəyan etdik ki, “Azərbay­can tərəfi belə hesab edir ki, Ermənistan rəhbərliyi bu cür hərəkətlərin mümkün nəticələrini ciddi dəyərləndirməlidir, bu isə onların ölkələrinin beynəlxalq icti­maiyyətin rəyinə faktiki müxalif çıxması deməkdir.

***

Açığını deyim ki, mənim Helsinkiyə səfərim və burada mənim təkidimlə Lis­sabon sammiti üçün hazırlanan sənəd diplomatik fəaliyyətim dövründə baş verən ən yaddaqalan hadisələrdən biri idi. Tofiq Zülfüqarovun mənə və Vəfa Qu­luzadəyə Helsinkidən telefonla: “Lazımi sənəd alınmadı” xəbəri sözsüz ki, bizi çox çətin vəziyyətdə qoyurdu, çünki Lis­sabon sammitinə çox az vaxt qalmışdı. Bizim zirvə görüşünə əliboş getməyimiz məğlubiyyətə bərabər idi. 

Bu hadisə tək mənə deyil, həmçinin Vəfa Quluzadəyə də elə təsir etmişdi. O sonralar bu haqda xatirələrində çox konkret yazırdı: “Lissabon Bəyanatının əsasını təşkil edən üç prinsipin işlənib hazırlanmasında Finlandiya rəhbərliyi­nin böyük köməyini qeyd etmək istər­dim. Lissabon sammiti ərəfəsində Minsk qrupunun işinə böyük əhəmiyyət verən Prezident Heydər Əliyev o vaxtkı xari­ci işlər naziri Həsən Həsənovu müvafiq göstərişlərlə Helsinkiyə səfərə göndərdi və o da özünəməxsus enerji ilə maraqla­rımıza cavab verəcək bir sənədin hazır­lanması üçün hər şeyi etdi”.

Mənim 1996-cı ilin payızında Helsin­kiyə bu səfərim və nümayiş etdirdiyim iş üslubu, hətta o zaman Finlandiya xarici işlər nazirinin müavini və eyni vaxtda Minsk qrupunun sədri, sonralar isə Av­ropa İttifaqının Cənubi Qafqaz üzrə xü­susi nümayəndəsi olan Hikki Talvitieyə də təsir etmişdi. Axı ermənilərlə birlikdə sənədin qəbulu mümkün olmadığı halda, onlar gedəndən sonra, mənim təkidim və Finlandiya xarici işlər naziri Tarja Halone­nin gözlənilməz cəsarəti nəticəsində bi­zim üçün tarixi əhəmiyyət daşıyan sənəd qəbul olunmuşdu. Harvard Universite­tində çıxış edəndə Hikki Talvitieyə belə demişdi: “Düz, açıq və səmimi danışıq aparmaq tərzi ilə, istər yaxşı, istərsə də pis mənada, heç kəsi biganə qoyma­yan xarici işlər naziri Həsən Həsənov idi. 1996-cı ilin payızında o, Finlandiya­ya səfər etdi”. (“Foreign Minister Hasan Hasanov's straightforward negotiation style left no one could either in good or bad. He visited Finland in autumn 1996”. Çıxış “Harvard Black Sea security prog­ram 2005”-də çap olunub).

– Bəs nümayəndə heyətimiz Lis­sabona gələndən sonra bu sənəd nə dərəcədə yararlı oldu, vəziyyət necə inkişaf etdi? 

– Əvvəlcə sualınıza birbaşa cavab vermək, sonra isə vəziyyətin inkişafını ardıcıllıqla söyləmək istərdim. Helsinkidə mənim və Finlandiya xarici işlər naziri­nin iştirakı ilə hazırlanan sənədin əhə­miyyəti ondan ibarət oldu ki, o, məlum və məşhur Lissabon sammitində qəbul olunan Bəyanatın məzmununun əsasını təşkil etdi. Nəticəyə gəldikdə isə proses belə oldu: Mən Helsinki səfərimdən qa­yıdandan bir müddət sonra, Prezident Heydər Əliyevin rəhbərliyi ilə Lissabona yola düşdük. Şəhərə çatan kimi Araz Əzi­mov mənə dedi ki, ermənilər Helsinkidən gələn sənədi gördülər və ciddi narazı­lıqlarını bildirdilər. Ardınca Ermənistanın xarici işlər naziri görüşə gəlib mənə dedi: “Bəlkə o sənədi geri götürəsiniz? Əgər o sənəd qəbul edilsə, bizi yıxacaqlar. Biz­dən sonra gələnlər də sizə yaxşı partnyor olmayacaqlar”. Dedim: “Sənədi biz yox, Minsk qrupuna sədrlik edən Finlandi­ya təqdim edib, bu, onların səlahiyyəti çərçivəsindədir”. Mən gözlədim ki, nazir mənim Helsinkiyə səfərimin və Azərbay­canla Finlandiyanın Ermənistansız qəbul etdikləri sənədin “qeyri-legitim” olduğunu deyəcək, amma demədi. Axı Helsinki sənədinin tərkibində nə Rusiya, nə də Ermənistan iştirak etməmişdilər. Amma nazir bu məsələlərə toxunmadı. Bundan sonra əlavə etdim: “Biz heç sizdən də konstruktiv münasibət görmürük”. Söh­bətimiz erməni tərəfi üçün nəticəsiz başa çatdı. 

Bir müddət sonra ATƏT-in katibli­yindən xəbər gəldi ki, Ermənistan rəsmi şəkildə bildirib ki, Finlandiyanın təqdim etdiyi sənədə qarşı özünün veto hüququ­nu tətbiq edəcək. Bu, artıq çox ciddi xə­bər idi və mən təcili Ermənistanın qərarı barədə Heydər Əliyevə məruzə etdim. 

Heydər Əliyev nümayəndə heyəti­mizi topladı və üzünü mənə tutaraq so­ruşdu: “Həsən, bu veto əvvəllər olubmu, onun hüquqi əsası və mahiyyəti nədir?” Dedim: “Düzü, heç maraqlanmamışam ki, belə hal əvvəl olub, ya yox. Veto­nun mahiyyətinə gəldikdə isə ATƏT-in Nizamnaməsində qeyd olunmuşdur ki, onun bütün qərarları yalnız konsensus­la qəbul oluna bilər. Yəni əgər hətta bir ölkə belə hər hansı sənədlə razı deyilsə, o sənəd qəbul oluna bilməz”. Heydər Əli­yev bunları diqqətlə dinləyəndən sonra qayıtdı: “Deməli, hər bir ölkə hər hansı sənədə veto qoya bilər?” Dedim: “Bəli!”. Dedi: “Onda hər hansı sənədə biz də veto qoya bilərik?” Dedim: “Bəli!”. Dedi: “Neçə sənəd qəbul edilir?” Dedim: “45”. Dedi: “Lap yaxşı. Onda biz toplum şə­kildə ATƏT Sammitinə təklif olunan 45 sənədin hamısına veto qoyuruq”. Heydər Əliyevin bu fikrindən sonra Prezidentin katibliyinin rəisi Eldar Namazov dərhal reaksiya verdi: “Bu demokratik olmur. Demokratiya pozulur. Bizə münasibət də­yişəcək”. Heydər Əliyev buna məhəl qoy­madı. Mən dərhal dedim: “Biz müharibə vəziyyətindəyik, böhran yaşayırıq, veto hüququ demokratiyanı pozmur, əksinə, bu elə özü demokratiyanın təzahürüdür”. Vəfa Quluzadə də bu fikri dəstəklədi. Heydər Əliyev sorğunu davam etdirmədi və açıq bəyan etdi: “Mənim qərarım qə­tidir. Gedin katibliyə çatdırın”. Hamımız otaqdan çıxdıq. Mən, o zaman Azərbay­canın ATƏT-də səfiri olan Vaqif Sadıqo­va tapşırdım ki, təcili Heydər Əliyevin qə­rarını katibliyə çatdırsın. Çox keçmədi ki, Vaqif qayıdıb dedi, “katiblik bir-birinə də­yib, təşvişdədirlər. Dedilər, “siz nə edir­siniz, tarixdə belə şey olmayıb ki, bütün sənədlərə veto qoyulsun”. Mən də gülə-gülə dedim: “Olmayıb, indi olacaq. Bu tarixi Heydər Əliyev yazır” və Vaqifə tap­şırdım ki, katibliklə əlaqəni davam etsin. 

– Elə başa düşürəm ki, bundan sonra zirvə görüşündə vəziyyət son dərəcə gərginləşib. Sammitə toplaşan üzv ölkələrin başçıları buna necə reak­siya verdilər? 

– Lissabonda 50-dən çox ölkənin Prezidenti, Baş naziri və xarici işlər na­ziri toplaşmışdı. Azərbaycan nümayəndə heyətinin qərarı, sözsüz ki, onlar üçün gözlənilməz oldu. Çıxılmaz bir vəziyyət yarandı. Səhər Vaqif Sadıqov xəbər verdi ki, ATƏT üzvü olan 53 dövlətdən 32-nin rəhbəri Heydər Əliyevin qəbuluna yazı­lıb. Hamımız bir-birimizə baxdıq. Əslində, bu, Heydər Əliyevə təzyiq etmək istəyi idi. Məlumatı Heydər Əliyevə çatdırdım. Gülümsəyib dedi: “Lap yaxşı, bu əla für­sətdir. Bunlara dərdimizi, problemimizi deməyə yaxşı imkan yaranıb”. Təbii ki, mən də bütün görüşlərdə iştirak edirdim. 

Əksər görüşlər adi normal danışıqlar şəraitində keçdi. Diplomatik partnyorla­rımız müxtəlif şəkildə Heydər Əliyevi bu qərardan çəkinməyə çağırdılar. Amma ABŞ-ın vitse-prezidenti Albert Qorla gö­rüş bir qədər gərgin keçdi. Əslində, Al­bert Qor çox müsbət bir insandır. Amma o, kəskin danışdı: “Vetonu geri götürün” deyərək təzyiq göstərəndə, Heydər Əliyev ona çox sərt şəkildə cavab verdi: “Bizə göstəriş vermək lazım deyil. Mən öz ölkəmi, torpağımı qoruyuram”. Qor özünü super güc olan bir dövlətin rəhbər­lərindən biri kimi göstərmək istədi, amma Heydər Əliyev özünü ondan da yüksək tutdu və lazımi cavabı verdi. Bununla da söhbət bitdi. Tanımayanlar, bilməyənlər başa düşdülər ki, Heydər Əliyevə təz­yiq göstərib, onu yolundan döndərmək mümkün deyil. Görüşlər Azərbaycanın mövqeyini, demək olar, leqallaşdırdı. 

Amma xüsusi qeyd etməliyəm ki, məhşur ikili standart dediyimiz diplomatik üsul burada açıq-aydın özünü nümayiş etdirirdi. Axı veto təşəbbüskarı biz de­yildik, Ermənistan idi. Amma bizə təsir etmək üçün hücum çəkən çoxluq təşkil edən əksər ölkələr, eyni şəkildə Ermə­nistana qarşı təzyiq nümayiş etdirmir­dilər... 

Axşam bütün nümayəndələrin iştira­kı ilə rəsmi qəbul oldu. Rusiyanın xarici işlər naziri Yevgeni Primakov Heydər Əliyevə yaxınlaşıb xoş məramla dedi: “Heydər Əliyeviç, axı belə olmaz. Bunun xətası çıxacaq. Bir kompromis olmalıdır”. Mən də diqqətlə onların söhbətinə qulaq asırdım. Əslində, Primakov ermənilərin hayında deyildi. Sadəcə, bu zirvə gö­rüşündə Minsk qrupunun sədrliyi Rusi­yaya keçirdi deyə, əl-ayağa düşmüşdü. Rusiya bu sədrliyi çoxdan gözləyirdi və Heydər Əliyevin qərarının bütün bu işləri poza biləcəyindən ehtiyat edirdi. Heydər Əliyev Primakovu dinlədi və çox təm­kinlə, soyuqqanlı şəkildə cavab verdi: “Hansı kompromisdən danışırsan? Bir də mənə niyə deyirsən, get onlara (yəni Ermənistan rəhbərliyinə) de kompromisə getsinlər”. Primakov dedi: “Mənim bir ideyam var”. Heydər Əliyev Primakovun ideyasını dinləmədən dedi: “Bu Həsən Həsənov, bu da sən, get ideyanı ona de”. 

Biz Primakovla kənara çəkildik. O, öz ideyasını açıqlayıb bildirdi ki, ATƏT-in sənədinə veto qoymağınız əsaslıdır. Amma 54 üzv ölkədən, Ermənistandan başqa 53-ü Sizi dəstəkləyən birgə bəya­nat qəbul edə bilər. Dedim: “Siz qarant verirsiniz ki, 53 ölkə bəyanata “hə” deyə­cək?” Dedi: “Verirəm”. Soruşdum: “Nədi o qarant?” Dedi: “53 dövlətin rəhbəri hamısı Heydər Əliyevin qəbuluna gəlib də. Bu sizə bəs etmir?” Bu, o demək idi ki, o nümayəndələr də ölkələrinə əliboş qayıda bilməzlər. Dedi: “Bu təşəbbüsü nə Rusiya, nə biz, yalnız Finlandiya et­məlidir”. İşçilərimizə tapşırdım ki, təcili Finlandiyanın xarici işlər nazirini tapsın­lar. Qısa müddətdə onu tapdılar. Üçümüz birgə Primakovun təklifini müzakirə etdik. Nazir Tarja Halonen boynuna götürdü ki, bu məsələni yoluna qoyacaq və lazım olsa 53 dövlətin hər biri ilə danışıb bə­yanatı qəbul etməyə razı salacaq. Yəni bu artıq ATƏT-in qərarı deyil, ATƏT-in 53 üzv dövlətinin bəyanatı olacaq. Bu, bizi qane edirdi, çünki gözlənilən məzmunda Avropanın 53 ölkəsinin birgə mövqeyi­ni əks etdirən sənəd hələ olmamışdı və danışıqlar prosesində bu, əlverişli sənəd ola bilərdi. 

Təbii ki, dərhal Heydər Əliyevə mə­lumat verdim. Dedi: “Mən bəyanatı gö­rüm, sonra fikrimi deyərəm”. Mən Vəfa Quluzadənin iştirakı ilə Araz Əzimova, Tofiq Zülfüqarova və Vaqif Sadıqova Pri­makovla söhbətini söylədim və tapşırdım ki, Helsinkidə mənim iştirakımla hazırla­nan sənədin prinsipləri əsasında Bəya­nat hazırlansın. Təxminən səhər saat 5-6-da sənəd hazır oldu. Gətirib Heydər Əliyevə təqdim etdim. Oxudu, tanış oldu və bəyənəndən sonra dedi: “Həsən, sən inanırsan ki, indi onlar bizim bu sənədi qəbul edəcəklər?” Dedim: “Heydər Əli­yeviç, onların başqa yolu yoxdur. Çünki qəbul etməsələr, bu beynəlxalq qalmaqal olacaq”. Heydər Əliyev bir də Primakovla görüşmək istədi. Təşkil etdik. Görüşdən sonra Heydər Əliyev razılıq verdi ki, biz artıq Bəyanatın rəsmiləşməsi ətrafın­da işləyək. Səhər tezdən sənədin bir nüsxəsini Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədrinə, birini Primakova, birini də sammitin katibliyinə çatdırdıq. Vaqifə tapşırdım ki, sənədin gedişini nəzarətdə saxlasın. İclas da saat 10-da olacaqdı. Amma biz səhər saat 5-dən işləyirdik. Toplantıya yarım saat qalmış sammitə sədrlik edənlə gö­rüşdüm. O mənə dedi: “Bütün ölkələrin razılığını aldım, bəyanat veriləcək”. İclas iştirakçıları toplanarkən, mən təkrar Fin­landiya xarici işlər naziri ilə görüşdüm və Heydər Əliyevlə Albert Qorun danışığının gərginliyini nəzərə alaraq, ondan Albert Qorla danışıb-danışmadığını soruşdum. Nazir dedi: “Hər şey qaydasındadır. Al­bert Qor hətta söz verdi ki, çıxış edib gecə hazırlanan Bəyanatı dəstəkləsin”. Bu məlumatı da Heydər Əliyevə çatdır­dım. Toplantıya artıq ümidlə gedirdik.

(ardı var)

 

İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist



Müsahibə