Amerika jurnalı Qafqazda yeni toqquşma ehtimalı barədə

post-img

ABŞ-ın Kuinsi Məsuliyyətli Hökumət İnstitutunun “Responsible Statecraft” jurnalında Azərbaycan-Ermənistan münasibətlərinə, ölkəmizin suverenliyini tam bərpa etdikdən sonra Cənubi Qafqazda münasibətlərə həsr olunmuş analitik məqalə yayımlanıb. Məqalədə bir sıra maraqlı məqamlar yer alıb ki, onları dəyərli oxucularımızla bölüşməyi vacib sayırıq. 

İlk vurğulanmalı məqam Azərbayca­nın Qarabağ münaqişəsində son qələ­bəsinə təsir göstərən amillərin sadalan­masıdır. Yazıda həmin amillərin Cənubi Qafqaz regionunun mürəkkəb tarixindən qaynaqlandığı önə çəkilib. Məqalə müəl­lifinin fikrincə, Ermənistan və Azərbay­can arasında ölçü, əhali və resurslar baxımından bərabərsizliklər də ikincinin üstünlüyünü şərtləndirməkdədir. “Təbii resursları az olan Ermənistandan fərqli olaraq, Azərbaycan enerji ilə zəngin ölkə­dir və buna görə silah-sursat alınmasına böyük məbləğdə vəsait xərcləməyə qa­dirdir. Əlavə amillərə gəlincə, bura Ermə­nistanda ölkənin xarici siyasət istiqaməti ilə bağlı davamlı daxili siyasi fikir ayrılıq­ları, həmçinin Ermənistan və Qarabağın siyasi elitaları arasında rəqabət və fikir ayrılıqları daxildir”, – deyə İrəvanı Bakı qarşısında zəif salan cəhətlərə nəzər sa­lınıb.

Digər tərəfdən, məqalədə bildirilib ki, Ermənistan Sovet İttifaqının dağılması nəticəsində müstəqillik əldə etdikdən sonra böyük ölçüdə Rusiyanın dəstəyin­dən asılı hala düşdü. Lakin, əsasən, Uk­raynadakı müharibə səbəbindən, Mosk­vanın prioritetləri dəyişdi. Həm Türkiyə, həm də Azərbaycan onun üçün daha çox əhəmiyyət kəsb etdi. Ukrayna müharibə­si fonunda Azərbaycanın Qərb üçün də önəmi artdı. Bu isə o demək idi ki, nə Av­ropa, nə də ABŞ Bakını cilovlamaq üçün ciddi riskə getməyə razı olmadı.

“Nəhayət, beynəlxalq və regional geosiyasi rəqabət və Ermənistanın zəif geosiyasi mövqeyi onun son məğlubiy­yətinə səbəb oldu. Bu amillər sırasında Avrasiyaya nəzarət uğrunda daha geniş­miqyaslı Rusiya-Qərb rəqabəti də var, Vaşinqtonun Cənubi Qafqazda “soyuq müharibə”dən sonra formalaşmış iqtisadi və təhlükəsizlik strukturlarında Tehranın hansısa rolunun inkarı naminə 30 illik səyləri də. Üstəlik, Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyadan neft və qazın Qərb bazarlarına nəqli üçün boru kəmər­lərini inşa etməsi də nəzərə alınmalıdır” kimi fikirlərin əksini tapdığı məqalədə o da bildirilib ki, Birləşmiş Ştatlar və Avropa öz məqsədlərinə çatmaq naminə, faktiki olaraq, Türkiyəyə Qafqazda və Mərkəzi Asiyada həm Mərkəzi Asiya dövlətləri tərəfindən nümunə götürüləcək bir mo­delə çevrilmək şansı, həm də Qərbin əsas regional tərəfdaşı kimi aparıcı rol verdi. Ermənistan müstəqillik illərində bu gedişatı görmədi, Türkiyə ilə razılığa gəl­mək üçün Qərblə yaxınlaşmadı. Buna er­mənilərin Osmanlı İmperiyası və Türkiyə ilə ədavəti maneçilik törətdi və İrəvan nəticə etibarilə Rusiya ilə daha sıx işlədi.

Məqalədə, eyni zamanda, bildirilib ki, Ermənistan Qərblə əlaqələri qoru­yub saxlasa da, hətta NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşul­sa da, Qərblə dini və mədəni əlaqələrə, orada fəal diaspor strukturuna malik olsa da, İrəvanın illərlə Moskva ilə daha sıx əlaqələri Qərbin ona qarşı inamsızlığı­nın davam etməsinə səbəb oldu. Zaman keçdikcə Azərbaycanın enerji resursları­nın cazibəsi Qərbin müqavimət göstərə bilməyəcəyi qədər gücləndi. 

Məqalədə Türkiyə və Azərbaycanın əhatəsində olan Ermənistanın müstəqil­lik illərində konstruktiv əlaqələr qurduğu İrana Azərbaycana potensial əks mövqe­də dayanmış qüvvə kimi baxması vur­ğulanıb. Lakin ölkənin şimal-qərbində cəmləşmiş azərbaycanlı əhalisinə qarşı düşmənçilik etməkdən ehtiyatlanan və müsəlman və əsasən şiə ölkəsinin müqa­vimətindən narahat olan İranın İrəvana adekvat yanaşma tərzi məhdudiyyətli idi. Eyni zamanda, Moskva Ermənistanın Rusiyadan asılılığını artırmağa çalışaraq, İrəvanın Tehranla daha sıx iqtisadi və enerji əlaqələrini inkişaf etdirməsini çə­tinləşdirib. Bir sözlə, ABŞ-ın İranı cilovla­ması və Rusiyanın Ermənistana nəzarət etmək istəyi İrəvanı alternativ dəstək mənbələrindən məhrum edib.

Məqalədə, diqqət çəkən məqamlar­dan biri də İsrail amilinə fokuslanmadır. Bildirilib ki, Yaxın Şərqin ən mühüm hər­bi gücü və İran İslam Respublikasının düşməni olan İsrailin müdaxiləsi region­dakı vəziyyəti daha da mürəkkəbləşdi­rib. Müsəlman dövlətləri ilə diplomatik əlaqələrini genişləndirmək istəyi və İrana qarşı düşmənçiliyi İsraili Azərbaycana daha da yaxınlaşdırıb. Vaxt keçdikcə İsrail Bakının əsas silah tədarükçüsünə çevrilib və 2016-2020-ci illər arasında ən qabaqcıl silah sistemləri də daxil olmaq­la, ümumi silah idxalının 69 faizini Bakıya yönəldib. Bütün bunlar 44 günlük müha­ribədə başlıca rol oynayıb. 

Əlbəttə, məqaləni tam şəkildə obyek­tiv saymaq mümkün deyil. O cümlədən, orada Türkiyə ilə bağlı fikirləri. Həm də ona görə ki, qardaş ölkə hazırda regio­nal və qlobal gücdür. Onun iddiaları ta­mamilə əsaslandırılmışdır. O ki qaldı, Zəngəzur dəhlizi məsələsinə, Türkiyənin bütün türk xalqlarını birləşdirəcək bir­başa quru yolu həyata keçirməyə ümid bəsləməsi qanunauyğundur. Bir məqam da var ki, bu yolda yalnız Ankara maraqlı deyil. Məsələ dünya üçün də önəmlidir. Mövcud xüsusda Ermənistanın dirənişi isə tam anlamsızdır. Həm də ona görə ki, ölkənin Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun açılmasını təmin etməklə bağlı öhdəliyi var. Söhbət Azərbaycan, Rusiya və Ermənistan lider­lərinin 10 noyabr 2020-ci il tarixli üçtərəf­li Bəyanatından gedir. Daha doğrusu, sənədin 9-cu bəndindən. 

Məqalədə bildirilir ki, Qarabağ cə­bhəsində tam qələbə diqqəti Zəngəzur dəhlizi istiqamətinə yönəldəcək. Mövcud xüsusda Türkiyənin hədəflərini nümayiş etdirən ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvana səfəri önə çəkilib. Həmin səfər zamanı Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi və Zəngəzur dəhlizi­nin açılmasından danışılması üzərində dayanılıb. Məqalədə vurğulanıb ki, bütün bu hadisələr İranı narahat edir. Ümumən İran uzun müddətdir Azərbaycanın öz ərazisinə İsrail-Amerika hücumu üçün potensial meydança ola biləcəyindən na­rahatdır. 

Məqalədə, həmçinin bildirilib ki, İran regionda istənilən digər ərazi dəyişik­liyinə, xüsusən də onun Ermənistanla ümumi sərhədini ləğv edəcək dəhlizin yaradılmasına qarşı olduğunu açıq şə­kildə bildirib. Oktyabrın əvvəlində İran Prezidenti İbrahim Rəisi bu fikri Ermə­nistanın və Azərbaycanın rəsmilərinə deyib. Əvvəllər isə ölkə parlamentinin üzvləri İranın Ermənistanla sərhədində hər hansı dəyişikliyə dözməyəcəyi barə­də xəbərdarlıq etmişdilər və Tehranın nü­fuzlu “İran diplomatiyası” nəşrində dərc olunmuş məqalədə hətta İrana birtərəfli qaydada Qarabağ, Naxçıvan və Zən­gəzurda 20 millik bufer zona yaratmağı təklif etmişdilər. Məqsəd bu idi ki, İran ərazisinə hansısa müdaxilənin qarşısı alınsın. Buna görə də bir il əvvəl İran Azərbaycanla sərhədində genişmiqyaslı hərbi təlimlər keçirərək, onun zərərinə gələcək ərazi dəyişikliklərinə müqavimət göstərmək əzmini nümayiş etdirmişdi.

Bütün bu kimi məqamların vurğulan­dığı məqalədə belə nəticəyə gəlinib ki, son Qafqaz münaqişəsi hələ bitməyib və qarşıda daha böyük toqquşmalar ola bilər. Xüsusən də Azərbaycan Türkiyə və İsrailin dəstəyi ilə İrana qarşı incikliklərini davam etdirərsə. Məqalədə son vaxtlar Bakı və Tehranın ikitərəfli münasibətlə­ri normallaşdırmağa çalışdığı və hətta İrandan keçməklə Naxçıvana yeni tranzit marşrutunun açılmasını müzakirə edildiyi barədə xəbərlərin yayılmasına və bunun Tehranın bəzi əsas narahatlıqlarını azal­da biləcəyi vurğulansa da, əlavə edilib ki, İran və Azərbaycan arasında köklü gərginlik mənbələrinin tez bir zamanda həlli ehtimalı azdır və mövcud səbəbdən potensial münaqişə riski yüksək olaraq qalır. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət