Paşinyan Avropaya daha çox əl açır

post-img

Hay baş nazirin Strasburqa dünənki səfəri bununla yadda qaldı

 

Ermənistan rəhbərliyi Azər­baycan torpaqlarını işğal al­tında saxladığı müddətdə xa­ricdəki erməni diasporundan külli miqdarda pul qoparırdı. Qarabağ məsələsi ölkənin hakim zümrəsi üçün yaxşıca qazanc mənbəyinə çevrilmişdi.

Uzun illər Qarabağ adına pulların yı­ğılması ilə əsasən 1994-cü ildə erməni di­asporunun kompakt yaşadığı Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılan “Hayastan” ümumerməni fondu məşğul olub. Əsas ofisi ABŞ-da yerləşən fondun 15 ölkədə (Kanada, Braziliya, Argentina, Böyük Britaniya, Fransa, Niderland, Al­maniya, İsveç, İsveçrə, Avstriya, Yuna­nıstan, Kipr, Livan, Suriya və Avstraliya) törəmə müəssisəsi var idi. Fond 1997-ci ildən etibarən telemarafonlar keçirirdi. Bütün dünyada yayımlanan telemarafon­lar vasitəsilə ianələr toplanırdı. Dünyanın müxtəlif ölkələrindəki varlı ermənilər, iş adamları, eləcə də sadə ermənilər fon­da vəsait köçürürdülər. Toplanan vəsait, guya, Qarabağda infrastrukturun bərpa­sına – Ermənistanın müxtəlif şəhərləri ilə Qarabağ arasında yolların çəkilişinə, xəstəxanaların, məktəblərin inşasına, əhalinin içməli su ilə təminatına sərf olu­nurdu. Yeri gəlmişkən, 2020-ci il oktyab­rın 10-da – İkinci Qarabağ müharibəsi ilə əlaqədar vəsait toplamaq üçün xüsusi telemarafon keçirilmişdi. Bu zaman 30 milyon dollardan çox vəsait yığılmışdı.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, deyəsən, “Ha­yastan” fondunun da “Miatsum”, sepa­ratizm kitabı kimi bağlanmasına səbəb olub. Deyəsən, bu fond da Qarabağın statusunun yanına gedib. Hər halda 2020-ci ildən sonra “Hayastan”dan heç bir əsər-əlamət yoxdur. Onun sonuncu telemarafonu da elə 2020-ci ildə keçirilib. Halbuki, Vətən müharibəsindən sonrakı 3 il ərzində Qarabağın kiçik bir hissəsinə hələ də separatçılar nəzarət edirdilər. “Hayastan” fondu isə proseslərdən tama­milə çəkilmişdi. Bu da səbəbsiz deyildi. Görünür, fonda köçürmələr edən ermə­nilər başa düşmüşdülər ki, onların uzun illər ödədikləri vəsait əhali üçün hansısa işlərin görülməsinə sərf olunmayıb, tam əksinə, Ermənistanı idarə edən mafiozla­rın ciblərinə axıb.

“Hayastan” fondu ilə bağlı məsələni xatırlatmağımız təsadüfi deyil. Qeyd etdi­yimiz kimi, Qarabağ məsələsi Ermənista­nı idarə edənlər üçün gəlir mənbəyi idi. Azərbaycan sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirərək Qarabağın qalan hissəsini azad etsə də, separatçı rejim özünü buraxsa da, oktyabrın 15-dən Xankəndinin mərkə­zində Dövlət Bayrağımız dalğalansa da, rəsmi İrəvanın Qarabağ manipulyasiyası bitmək bilmir. Onlar indi də Qarabağdan könüllü köç edən əhalinin adından yarar­lanaraq, Avropanın müxtəlif ölkələrinin hökumətlərindən, nüfuzlu maliyyə insti­tutlarından pul dilənməklə məşğuldurlar.

Ermənistan baş naziri Nikol Paşin­yanın oktyabrın 17-də “Avropanın parla­ment paytaxtı” olan Strasburq şəhərinə (1949-cu ildən Avropa Şurasının, 1992-ci ildən Avropa Parlamentinin iqamətgahı burada yerləşdiyi üçün şəhər 1992-ci il­dən “Avropanın parlament paytaxtı” sta­tusuna malikdir – S.H.) işgüzar səfəri zamanı keçirdiyi görüşlər zamanı səslən­dirdiyi fikirlər belə deməyə əsas verir.

Paşinyanı Avropa Parlamentinin bi­nasının girişində qurumun sədri, maltalı siyasətçi Roberta Metsola qarşılayıb. Bu zaman Nikolun Strasburqa üç qızı ilə gəl­diyi məlum olub. Bunun nə məqsəd daşı­dığı müəmmalı olaraq qalıb.

İkitərəfli görüşün sonunda birgə mət­buat konfransı keçirilib. Paşinyan Qa­rabağ erməniləri üçün vəsait istədiyini mətbuat konfransında dilə gətirib: “Biz bir sıra problemlərin aradan qaldırılmasında Avropa İttifaqının əhəmiyyətli dəstəyini gözləyirik. Söhbət həm də 100 mindən çox erməninin Qarabağdan məcburi kö­çürülməsi (?) nəticəsində Ermənistanda yaranmış humanitar problemlərin ara­dan qaldırılmasından gedir. Burada təcili dəstəyə ehtiyacımız var”.

Qeyd edək ki, Ermənistan baş naziri Qarabağ ermənilərinə daha çox pul ayrıl­ması üçün bütün platformalardan istifadə etməyə çalışır. Bunun ən mühüm örnəyi Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən III sammiti oldu. Həmin sammit zamanı N.Paşinyan Almaniya Kansleri, Avropa İttifaqı Şurasının prezidenti, Avropa Ko­missiyasının sədri, Avropa İttifaqının Xa­rici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Parlamentinin sədri, Yunanıstanın, Norveçin, Finlandi­yanın, İslandiyanın, Niderlandın, Xorvati­yanın, Latviyanın baş naziri, Fransanın, Litvanın, Monteneqronun, Ukraynanın və Makedoniyanın prezidentləri ilə qısamüd­dətli danışıqlar aparmışdı. Ermənistan hökuməti N.Paşinyanın yardım istəmə­sini “görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Qarabağdan er­məni əhalinin köçməsi nəticəsində ya­ranmış vəziyyət müzakirə olunub” sözləri ilə pərdələməyə çalışmışdı. Ancaq hər kəs Paşinyanın bu şəxslərlə görüşlərdən umacağının nə olduğunu yaxşı bilirdi.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Paşinyanla görüşdə qeyd etmişdi ki, Avropa İttifaqı Qarabağ ermə­nilərinin humanitar problemlərinin həllinə kömək etmək üçün Ermənistana lazımi dəstəyi verməyə hazırdır. O bildirmişdi ki, Mülki müdafiə və humanitar yardım üzrə Avropa Komissarı gələcək ehtiyac­ları qiymətləndirmək üçün Ermənistana səfər edəcək.

Bundan əlavə, oktyabrın 6-da İrəvan­da Avropa İttifaqının Böhranların idarə edilməsi üzrə komissarı Yaneş Lenar­çiçi qəbul edən Paşinyan bildirmişdi ki, “100 mindən çox Qarabağ ermənisinin məcburi köçkünə çevrilməsi nəticəsində yaranmış böhranın aradan qaldırılması üçün” beynəlxalq ictimaiyyətin maliyyə dəstəyinə ehtiyac var. Y.Lenarçiç yaran­mış problemlərin yüngülləşdirilməsi və aradan qaldırılması üçün Aİ-nin Ermənis­tan hökumətinə və Qarabağ ermənilərinə yardım göstərmək öhdəliyini bir daha vurğulamışdı.

Beləliklə, N.Paşinyanın Strasburqa – Avropa Parlamentinin iqamətgahına dünənki səfərinin “qoca qitə”dən daha çox dilənməklə yadda qaldığını desək, heç də səhv etmərik.

***

Ancaq səfəri “yaddaqalan” edən başqa məqamlar da var. Bunlardan biri də Nikolun “Avropanın parlament paytax­tı”nda Rusiyadan uzaqlaşmaq kursu gö­türdüyünü növbəti dəfə nümayiş etdirmə­si olub. Yada salmaq yerinə düşər ki, bu, Paşinyanın ay ərzində Avropaya ikinci işgüzar səfəridir. Qranadadan sonra Ru­siyanın dominant mövqeyə malik olduğu MDB-nin Dövlət Başçıları Şurasının Biş­kekdə keçirilən görüşünə qatılmayan Pa­şinyanın Strasburqa yollanması xüsusi məna kəsb edir.

Paşinyan birgə mətbuat konfransında deyib ki, bugünkü tədbir Aİ–Ermənistan münasibətləri üçün vacibdir və onun yük­sək dinamikasından xəbər verir. “Müna­sibətlərimizin ümumi dəyərlər sisteminə əsaslandığını və demokratiyanın bizim üçün şəraitin diktə etdiyi seçim deyil, strateji seçim olduğunu vurğulamaq va­cibdir. Biz Aİ ilə münasibətlərimizi də­rinləşdirmək istəyirik. Ermənistan Res­publikası Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır. Bunun heç bir şəkildə regional münasibətlərimizin dərinləşməsi və inki­şafı ilə ziddiyyət təşkil etməsini istəmirik”, – deyən baş nazir əlavə edib ki, onun hökuməti Ermənistan–Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin tam icrasına sadiqdir. Həmçinin bildirib ki, Aİ institutları arasında Ermənistanla müna­sibətləri dərinləşdirmək üçün konsensus var.

Onun sözlərinə görə, Ermənistanın Aİ ilə əlaqələrinə yeni element – təhlükəsiz­lik əlavə olunub. Söhbət Aİ-nin Ermənis­tan-Azərbaycan şərti sərhədində müşa­hidə aparan mülki missiyasından gedir.

Paşinyan Rusiyada böyük naraz­lıqla qarşılanmış Roma statutunun təs­diq olunmasından da danışıb. Deyib ki, parlametin oktyabrın 3-də Roma statu­tunu ratifikasiya etməsi Ermənistanın beynəlxalq hüquq sisteminin təşviqində, beynəlxalq hüquqi nizamın stimullaşdı­rılması və inkişaf etdirilməsində maraqlı olmasının göstəricisidir.

Bundan sonra Paşinyan Avropa Par­lamentində geniş çıxış edib. Burada Rusi­yanın adını çəkməsə də, Kremli nəzərdə tutaraq deyib: “Yüz min erməninin Qara­bağdan Ermənistana qaçdığı bir vaxtda təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta açıq şəkildə Ermənistanda hakimiyyətin dəyişdirilmə­sinə, demokratik hakimiyyətin devrilmə­sinə çağırdılar. Lakin Ermənistan xalqı öz müstəqilliyi, suverenliyi, demokrati­yası naminə birləşdi və dövlətimizə qarşı növbəti sui-qəsd iflasa uğradı”.

Bundan sonra Paşinyan yenə yar­dım istəməyə başlayıb: “Biz Qarabağdan olan məcburi köçkünlərə (?) dəstək üçün 100 milyon dollara yaxın vəsait ayırma­lıyıq. Bizim beynəlxalq yardıma, o cüm­lədən büdcə dəstəyinə ehtiyacımız var”.

Sözsüz ki, onun çıxışının bir hissəsi də Azərbaycanla münasibətlərlə bağ­lı olub. Paşinyan Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib: “Bu dəmir yolu Er­mənistanı Azərbaycanla, Ermənistanın cənub rayonlarını şimal-qərb rayonları ilə, Azərbaycanın cənub-şərq rayonla­rını Naxçıvanla, Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə ilə, Gürcüstan, Azərbaycan və Ermənistanı İranla, Xəzər dənizindən Aralıq dənizinə qədər Şərqlə Qərbi birləşdirəcək”. Baş nazir onu da əlavə edib ki, Ermənistan öz ərazisin­dən Azərbaycan mallarının daşınması və azərbaycanlıların hərəkətinin təhlükəsiz­liyini təmin etməyə hazırdır”.

Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan da­nışıqlara toxunan N.Paşinyan deyib: “Avropa Parlamentinin sədri Roberta Metsolanın da bildirdiyi kimi, bu ay Azər­baycan tərəfi ilə Brüsseldə görüşmək barədə razılığa gəlmişik. Artıq qeyd etdi­yim prinsiplər bu görüşdə təsdiqlənərsə, o zaman Azərbaycan və Ermənistan ara­sında sülh müqaviləsinin ilin sonunadək imzalanması yüksək dərəcədə realdır”.

Paşinyan, qətiyyətlə sülhə doğru irə­liləməyin vacibliyinə toxunub: “Bunun üçün siyasi iradə vacibdir və iqtidarda olan partiya olaraq bizim siyasi iradə­miz var. Eyni zamanda, beynəlxalq icti­maiyyət, o cümlədən Avropa İttifaqı bizə dəstək verməlidir ki, biz bu imkandan istifadə edək, bunu Azərbaycan və Er­mənistan üçün reallaşdıraq”. Baş nazir, həmçinin qarşılıqlı şəkildə müharibədə saxlanılanların mübadiləsinə, minalarla, eyni zamanda, itkin düşən şəxslərin tale­yinin araşdırılması ilə bağlı sıx əməkdaş­lığa hazır olduqlarını vurğulayıb və əlavə edib ki, indiyə olan məlumata görə, 1016 Ermənistan vətəndaşı itkindir.

O, BMT Təhlükəsizlik Şurasında Qa­rabağla bağlı üç iclasın keçirildiyini xatır­ladıb. Bu müzakirələrin heç bir praktiki nəticə vermədiyini etiraf edib.

Beləliklə, N.Paşinyanın Strasburqa səfəri Avropanın mühüm institutundan yardım istəməsi ilə yadda qaldı. Bu səfər, həmçinin onun Rusiyadan uzaqlaşması­nın daha bir göstəricisi oldu. Paşinyanın kommunikasiyaların açılması və sülh müqaviləsi üzrə dediklərində isə ciddi yenilik olmadı. Rəsmi İrəvanın sülhə ger­çəkdən hazır olub-olmadığını isə qarşı­dakı Brüssel görüşü və o vaxtadək baş verən proseslər göstərəcək.

İlyas HÜSEYNOV,
siyasi şərhçi

– Belə görünür ki, Paşinyan Qərb müstəvisində görüşlərin keçirilmə­sinə müsbət yanaşır. Maksimum çalışır ki, Rusiyanın dominantlığı altında heç bir görüş baş tutmasın və ya belə görüşlər olacaqsa, orada iştirak məhdudlaşdırılsın. Bilavasitə Kremlin vasitəçiliyi ilə görüşlərin ke­çirilməsi Ermənistan üçün məqbul hesab olunmur. Məhz bu səbəbdən Paşinyan Qranadaya uçur, lakin Biş­kekdə MDB-nin tədbirinə qatılmır.

Eyni zamanda o, Avropa Par­lamentində də çıxış edir. Burada çox incə bir detal diqqətimi çəkdi. Nikol Paşinyan bildirdi ki, İrəvan Avropa İttifaqının mümkün hesab etdiyi qədər həmin təşkilata yaxın­laşmağa hazırdır. Bu, Paşinyanın Rusiya və Avropa qarşısında rəzil durumunu özündə əks etdirir. Yəni, Avropa Ermənistanı çox yaxına bu­raxmayacaq. Rusiyaya mesaj verir ki, mən gedə bildiyim qədər Avropa ilə yaxınlaşacağam. Paşinyanın bu çıxışı Makronu da, Mişeli də, Şoltsu da çox pis vəziyyətdə qoyur. Çünki Nikol etiraf edir ki, Avropa ilə çox da yaxınlaşa bilməyəcək.

Paşinyan Strasburqda sülh is­tiqamətində də mesajlar verdi. Biz onun sülhdən danışmasından son­ra, adətən, təxribatların baş vermə­sinə də alışmışıq.

Səxavət HƏMİD
XQ



Siyasət