Azıx və Tağlar düşərgələri Azərbaycana məxsusdur

post-img

UNESCO-nun Ümumdünya İrs Komitəsi bu həqiqəti əsas götürməlidir

Ötən günlərdə UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxdı. Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq bəyanatla bu hərəkəti Ermənistanın ölkəmizə qarşı ərazi iddialarını davam etdirməsi adlandırdı.

Beynəlxalq təşkilatlarda bədnam anti-Azərbaycan fəaliyyətini davam etdirən millətçi və təcavüzkar Ermənistan saxtakarlıqdan çəkinməyərək bu addımı ilə ölkəmizə qarşı daha bir ləyaqətsiz mövqe sərgilədi. 

30 illik işğal dövründə Ermənistanın cəhənnəmə döndərdiyi Qarabağda ən qədim tarixi abidələrə üzdəniraq sevgi və canıyananlığının səbəbi məlum idi. Yazılı tarixin o tayındakı yüzminilliklərin, xalq anlayışından uzaq ibtidai cəmiyyət yadigarlarının – Azıx və Tağlar mağaraları kimi ən qədim insan məskənlərinin ermənilərə məxsusluğunu dünyaya sırımaqla düşmən ölkə Qarabağın əzəli sahiblərinin də ermənilər olduğunu sübut etməyə gülünc bir inam bəsləyirdi. 

Azərbaycan artıq 3 ildir ki, Qarabağı özünə qaytarıb. Ermənistan rəhbərliyi sözdə Qarabağın Azərbaycana məxsusluğunu qəbul etsə də bu ölkənin millətçi-revanşist ünsürləri müxtəlif yollarla ərazi iddialarını davam etdirir. Bu ölkənin işbaz emissarlarının qeyd edilən “UNESCO həyasızlığı” da bu uğursuz missiyanın növbəti təzahürü oldu. Tarixi həqiqətə elmi-mədəni məntiqlə aydınlıq gətirmək üçün hər iki qədim ibtidai cəmiyyət abidəsinin dünyaca məşhur tədqiqatçısı, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovla müsahib olduq.

– Əsədulla müəllim, siz əvvəllər də ermənilərin Qarabağda apardığı arxeoloji ekspansiyanın hüquqazidd və təcavüzkarlıqdan qaynaqlanan cinayət olduğunu müxtəlif səviyyəli çıxışlarınızla dünyaya bəyan etmişdiniz. Qarabağdan rüsvayçılıqla qovulub çıxarılma bu həyasızlığın sonu olmalı idi.

– Beynəlxalq hüquq, bəşəri əxlaq anlayışının erməni toplumuna dəxli yoxdur. Onlar üçün xam xəyallar, başqasının olana sahiblənmək cəhdi əsasdır. Bu dəyişməz xislətin nəticəsidir ki, bu yaxınlarda erməni “mədəniyyətşünasları” BMT-nin humanitar qurumu olan UNESCO-nun Ümumdünya İrs Komitəsinin iclasında Azərbaycanın təqdimatı ilə Azıx və Tağlar qədim insan düşərgələrinin dünyanın mədəni irs abidələri siyahısına salınmasına qarşı çıxış etmişlər. Bu fikirlərin heç bir hüququ və elmi əsasları yoxdur. Ermənistanın baş naziri özü də beynəlxalq aləmə elan edib ki, Qarabağ Azərbaycana məxsusdur. 

Bundan sonra da onların Azıx və Tağlar düşərgələri ilə bağlı düşmən münasibəti təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin ümumi, ortaq dəyərlərinə etinasızlıqdır. Bu tarixi abidələrin dəyişməz məkanı Azərbaycan olsa da, onların daşıdığı misilsiz dəyər bütün insanlığa məxsusdur. Azıx və Tağlar düşərgələrinin Ümumdünya İrs Siyahısına salınması zərurəti də bununla bağlıdır. Ermənilər yaxşı bilirlər ki, elm aləminə məlum olduğu vaxtdan hər iki abidə Azərbaycan tarixinin tərkibində öyrənilib. Bu mövzunun erməni tarixinə heç bir dəxli yoxdur. 

Lakin onlar istəyirlər ki, gələcək təcavüzkar niyyətlərinə əsas yaratmaq üçün Azıx və Tağalar Azərbaycanın tarixi abidələri kimi tanınmasın.

İnanırıq ki, ermənilərin Qarabağda törətdikləri vandallığa göz yuman UNESCO funksionerləri ermənipərəst mövqeyi bir kənara qoyub tarixi-elmi həqiqəti – Azıx və Tağlar paleolit düşərgələrinin Azərbaycana məxsus olmasını təsdiqləyəcək. Bu gün dünyanın istənilən alimi Bakıya gəlib Azıx və Tağlar düşərgələrindən tapılmış maddi-mədəniyyət qalıqları ilə yaxından tanış ola bilər. Hətta bəzi erməni alimləri də 2001-ci ildə çıxış edərək Azıx və Tağlar düşərgələrində Azərbaycan alimlərinin apardıqları tədqiqatların yüksək peşəkarlıqla aparıldığını qeyd etmiş və qanunsuz qazıntılara qarşı çıxmışdılar. 

Lakin beyni millətçilik zəhəri ilə pozulmuş bədnam erməni alimləri tariximizi, abidələrimizi saxtalaşdırmağa cəhd göstərirlər. Ona görə də biz bu gün Azıx, Tağlar və digər abidələrimizin tarixinə həsr olunmuş əsərləri dünya xalqlarının dillərində çap edib beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bu bizim borcumuzdur. 

– Onda gəlin bu abidələrin tarixindən, onların məhz xalqımıza məxsusluğundan danışaq. Axı bu nadir irsin qanuni sahibləri kimi onu biz aşkar etmişik, öyrənmişik və qorumuşuq.

– Çoxtəbəqəli Azıx, Tağlar paleolit düşərgələri 1960-cı ilin iyul ayında Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun paleolit arxeoloji ekspedisiyasının rəhbəri Məmmədəli Hüseynovun apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınmışdır. Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və füsunkar guşəsi olan Quruçay vadisində dəniz səviyyəsindən 900 metr yüksəklikdə olub, Füzuli şəhər mərkəzindən 17 kilometr şimal-şərq tərəfdə yerləşir. Tağlar düşərgəsi isə Azıx paleolit düşərgəsindən 3 kilometr aralıda olub, Quruçay vadisinin sol sahilində yerləşir. 

Azıx paleolit düşərgəsində arxeoloji tədqiqat işləri 3 mərhələdə aparılmışdır: I mərhələ 1960 –1974, II mərhələ 1975 – 1985, III mərhələ 2001–2005-ci illəri əhatə edib. 1960 – 1974-cü illərdə Azıx paleolit düşərgəsində ancaq Azərbaycan alimləri kompleks arxeoloji tədqiqat işləri aparıblar. Bu zaman düşərgənin çöküntülərində I mərhələ qazıntı zamanı 6 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunub. Bu dövrdə aparılan tədqiqat işləri zamanı düşərgənin I və II təbəqələrində eneolit, tunc, antik və orta əsrlərə aid maddi-mədəniyyət qalıqları tapılıb. Düşərgənin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı isə mustye mədəniyyətinə aid daş alətlər və ovlanmış heyvan sümükləri aşkara çıxarılıb. IV təbəqədə qazıntılar zamanı maddi-mədəniyyət qalıqları tapılmadığına görə “lal təbəqə” adlanır. 

Düşərgənin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və 10 minlərlə ovlanmış heyvan sümüklərinin qalıqları aşkara çıxarılıb. Tapılmış maddi-mədəniyyət qalıqlarının aşel mədəniyyəti dövründə hazırlandığı müəyyən edilib. 1968-ci ilin iyununda Azıx paleolit düşərgəsinin V təbəqəsinin IV layında aparılan arxeoloji tədqiqatlar zamanı qədim insana məxsus çənə sümüyü tapılıb. Professor Dəmir Hacıyevin apardığı elmi araşdırmalar zamanı məlum olub ki, çənə ibtidai insana aid olub 350 – 450 min il bundan əvvəl Qarabağ ərazisində məskunlaşmış azıxantrop tipli insanlara məxsusdur.

Düşərgənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qədim aşel mədəniyyətinə aid 3 mindən artıq daş məmulatı və 10 minlərlə ovlanmış heyvan sümüklərinin qalıqları aşkara çıxarılıb. 1973 – 1974-cü illərdə Azıx paleolit düşərgəsinin VI təbəqəsindən aşağıda yerləşən çöküntülərdə aparılan arxeoloji qazıntılar nəticəsində daha 4 yeni arxeoloji təbəqə qeydə alınıb. Düşərgənin VII, VIII, IX, X təbəqələrində 300-dən artıq daş məmulatı və 7 ədəd daşlaşmış heyvan sümüklərinin qalıqları aşkara çıxarılıb. 

Azıx düşərgəsinin VII, X təbəqələrində tapılmış daş məmulatının elmi tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin tapıntılara oxşarları və analogiyası dünya arxeologiyasında qeydə alınmayıb. Məhz buna görə də aşağı təbəqələrin arxeoloji tapıntılarına “Quruçay arxeoloji mədəniyyəti” adı verilib.

1975 – 1995-ci illərdə Azıxda arxeoloji qazıntıların II mərhələsi başlanıb. Bu mərhələdə düşərgədə Azərbaycan alimləri M.Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, Ə.Cəfərov, N.Şirinov, M.Süleymanov ilə birlikdə SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşları A.Veliçkonun rəhbərliyi altında kompleks tədqiqatlar aparılıb və mühüm elmi nəticələr əldə edilib. 

Tağlar paleolit düşərgəsində 1963 – 1967-ci illərdə M.Hüseynovun rəhbərliyi ilə arxeoloji qazıntılar aparılmış və mustye mədəniyyətinə aid daş məmulatı və heyvan sümüklərinin qalıqları tapılmışdır. 1971-ci ildən başlayaraq Tağlar düşərgəsində mənim rəhbərliyimlə arxeoloji qazıntılar aparıldı və nəticədə mustye mədəniyyətinə aid 7 mindən artıq daş məmulatı və ovlanmış heyvan sümüklərinin qalıqları aşkara çıxarıldı. 1979-cu il SSR Elmlər Akademiyası Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında “Azərbaycanın mustye mədəniyyət Tağlar mağarasının materialları əsas götürülüb. Tağlarda apardığımız tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət qalıqları əsasında hələ mustye mədəniyyəti dövründə Tağlarda hazırlanmış əmək alətlərinin Yaxın Şərqin paleolit düşərgələrində yayılması müəyyən edildi. 

– Bu materialların elmi cəhətdən öyrənilməsi hansı nəticələr doğurub?

– 2001-ci ildən başlayaraq Azıx, Tağlar və digər paleolit düşərgəsindən tapılmış maddi-mədəniyyət qalıqlarının tədqiqi beynəlxalq xarakter alıb. 2001-ci ildə Fransanın Totavel şəhərində keçirilən beynəlxalq konfransda mən Azərbaycan üzrə əlaqələndirici təyin olundum. Həmin proqrama uyğun olaraq 2001–2003-cü
illərdə Fransanın Paris, Nis, Totavel şəhərlərində keçirilən konfranslarda Azıx və Tağlar paleolit düşərgəsindən tapılmış maddi-mədəniyyət qalıqları əsasında məruzələrlə çıxış etmişəm. Bu zaman dünya şöhrətli Kondel-Araqo düşərgəsində aparılan arxeoloji qazıntılarda da iştirak etmişəm. 

Bu proqrama uyğun olaraq Avropa ölkələrindən 32 görkəmli alim 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Bakıya gələrək Azərbaycanın Azıx, Tağlar, Daşsalahlı, Damcılı, Qazma və digər paleolit düşərgələrindən tapılmış maddi-mədəniyyət qalıqlarının elmi tədqiqi ilə məşğul olublar. Son 40 ildə Azərbaycan alimləri Azıx və Tağlar düşərgəsindən tapılmış maddi-mədəniyyət qalıqlarına aid 7 kitab, 3 monoqrafiya və 200-dən çox elmi məqalələr çap etdiriblər. 

1960 – 1986-cı illərdə Azıx və Tağlar paleolit düşərgəsində aparılmış tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət qalıqları əsasında quruçay, qədim aşel, orta aşel, son aşel, mustye, üst paleolit arxeoloji mədəniyyətləri qeydə alınmış və aparılan kompleks tədqiqatlar zamanı bütün arxeoloji mədəniyyətlərdə varislik ənənələri qeydə alınıb. Hələ sovet dövründə aparılan tədqiqatlar zamanı Azıx, Tağlar düşərgələrinin və Qarabağın Azərbaycana məxsus olması elmi faktlarla təsdiq olunub və Qarabağın əzəli Azərbaycan torpağı olması sübuta yetirilib.

– Bütün bunlara baxmayaraq Ermənistan işğal dövründə Azıx və Tağlar düşərgələrini “erməniləşdirmək” üçün cinayətkar əməllər törətdi, saxtakarlıqlara rəvac verdi. 

– Bəli, 2001 – 2009-cu illərdə və ondan sonrakı illərdə Azıx və Tağlar düşərgələrində erməni millətçilərinə xidmət edən qüvvələr qanunsuz qazıntılar apardı. Azıx, Tağlar düşərgələrinin tarixini saxtalaşdırmağa cəhd göstərildi. 2003-cü
il sentyabrın 29-da Azərbaycan Xarici İşlər Nazirliyi Azıx paleolit düşərgəsində aparılmış qanunsuz qazıntı işləri barədə bəyanat verdi. Qeyd edildi ki, Azərbaycan Respublikasının icazəsi olmadan respublikamızın xüsusən də işğal altında olan ərazilərində əcnəbilərin arxeoloji qazıntı aparması Azərbaycan Respublikasının qanunvericiliyi, habelə beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. Respublikanın baş prokurorluğu Azıx paleolit düşərgəsində aparılmış qeyri-qanuni qazıntılarının iştirakçıları barədə cinayət işi qaldırmış və bu gün də həmin işin istintaqı davam etməkdədir. 

Azərbaycan Milli Ordusu, Ali Baş Komandan İlham Əliyevin apardığı 44 günlük müharibə nəticəsində Azıx, Tağlar düşərgələri və digər ərazilərimiz işğaldan azad oldu. 2020-ci ilin noyabrında Azərbaycan Ordusu Azıx və Tağlar düşərgələrində aparılmış qeyri-qanuni qazıntılar zamanı tapılmış materialların müəyyən qismini (paleontoloji tapıntılar) Azıx kəndində tapıb Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya İnstitutunun arxeoloji fonduna təhvil verdi.

Həmin tapıntıların tədqiqi zamanı müəyyən olunub ki, erməni cinayətkarlar 2018 – 2019-cu illərdə də Azıx, Tağlar və digər abidələrimizdə qeyri-qanuni qazıntı işləri aparıblar. 

Erməni tarixçiləri uzun müddətdir ki, nəinki Azıx, Tağlar, eyni zamanda, Azərbaycanın digər ərazilərinin tarixini saxtalaşdırmaqla məşğuldurlar. Bunlara aid çoxlu misal göstərmək olar. Mən dəfələrlə dövri mətbuatda və əsərlərimdə Qarabağın tarixini saxtalaşdırmağa cəhd edən bəzi erməni alimlərinin fikirlərinin əsasız olduğunu bildirmişəm. Hətta 1990-cı ildə çap olunmuş “Quruçay dərəsində” adlı kitabımda Şaqen Mkrtıçyanın 1988-ci ildə Yerevanda çap etdirdiyi “Dağlıq Qarabağın tarixi və memarlıq abidələri” kitabındakı uydurmalara cavab vermişəm. 

Saxtakar müəllif yazırdı ki, guya, Azıx düşərgəsində aşel mədəniyyətinə aid erməni qadınının heykəli tapılıb, hətta onun paltarı erməni qadınlarının paltarına bənzəyir. Belə gülünc fikir söyləməklə Şaqen Mkrtıçyan erməni xalqının tarixini aşel dövründə axtarmağa çalışır. Halbuki Azıx paleolit düşərgəsində qadına bənzər heykəl yoxdur. Orada təbii yolla əmələ gəlmiş stalaqmit və stalaqtit dirəklər mövcuddur ki, o da 2,5 milyon il bundan əvvəl əmələ gəlib. Həmin dövrdə erməni var idimi? O dövrdə pitikantrop və sinantrop tipli insan mövcud olub.

Azıx və Tağlar düşərgələrinə aid çap olunmuş əsərlər bu gün dünyanın müxtəlif ölkələrinin elmi kitabxanalarında vardır. Aparılmış kompleks tədqiqatlar Azərbaycan ərazisində 2,5 milyon il bundan qabaq ibtidai insanların məskunlaşması üçün təbii coğrafi şərait olduğunu sübuta yetirib. Kompleks tədqiqatın nəticələri əsasında Qarabağın əzəli Azərbaycan torpağı olmasını dünyanın mötəbər alimləri təsdiq ediblər. Qoy UNESCO-nun Ümumdünya İrs Komitəsi erməni saxtakarlıqlarını bir kənara qoyub bu həqiqətləri əsas götürsün.

– Maraqlı açıqlamalara görə təşəkkür edir, sizə bu yöndə fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Söhbəti apardı:
Tahir AYDINOĞLU
XQ



Müsahibə