(əvvəli https://xalqqazeti.az/musahibe/127356-ulu-onderin-haqqini-hec-vaxt-itirmerem)
“Heydər Əliyev xatirələr işığında” layihəmiz davam edir. Bugünkü qonağımız uzun illər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmiş, onun göstərdiyi etimadı ləyaqətlə doğrultmuş Abid Şərifovdur. Sovet Azərbaycanında tikinti ustalığından müstəqil Azərbaycanda Baş nazirin müavini vəzifəsinə qədər yüksələn, rəhbər mövqelərə bilavasitə Heydər Əliyevin irəli çəkdiyi Abid müəllim öz himayədarı haqqında xatirələrini bizimlə bölüşməyi həm də bir şərəf borcu saydığını bildirdi. Müsahibimizin ilk sözü bu oldu ki, o kişinin haqqını heç vaxt itirmərəm.
− Dərin Özüllər Zavodunun tikintisində sizin iştirakınız olubmu?
− Zavodun özünü yox, onun limanını tikmək bizə həvalə edilmişdi. Liman tikmək həqiqətən çox çətin bir işdir. Çünki qısa müddətdə liman olan yerdə dənizin 8-10 metrə qədər dərinləşməsini təmin etməli idik. İkinci çətin məsələ də, burada çox ağır yüklərlə iş görülür, bu ağırlıqlar da heç bir normativə uyğun gəlmir. Ona görə də o limanın tikilməsinə Sovet İttifaqında ilk dəfə olaraq Belçikadan “Z” şəkilli şpгintlər gətirirdik. O da Sovet ittifaqının istehsal etdiyi şpгintlərdən iki-üç dəfə möhkəm idi. Bütün o limanı belə tikmişik. O zavodda hazırlanan estakadaları bizim tikdiyimiz ştapelin üstü ilə dartıb dənizə buraxırlar.
Səhv etmirəmsə, 1984-cü ildə Heydər Əliyev ilk dəfə Bakıya məzuniyyətə gələndə Qaradağda tikilən Dərin Özüllər Zavoduna gəldi. Orda da Azərbaycan hökumətinin rəhbərləri, tikinti naziri iştirak edirdilər. Təbii ki, mən də orda idim. Heydər Əliyev orda estakadaları dartan gəmiyə baxdı. Zavodda 9 santimetrlik polad lövhələri avtomat qurğu əyir, özü avtomat şəkildə qaynaq edir və bu yolla estakadalar üçün borular hazırlanırdı.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı və 1994-cü ildə də “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu. Məhz Heydər Əliyevin sayəsində dünyanın böyük ölkələrinin neft şirkətləri hələ sabitlik tam təmin olunmamış Azərbaycana gəlib neft müqaviləsini imzaladılar və ölkəyə investisiyalar axıb gəlməyə başladı. Əgər Dərin Özüllər Zavodu olmasaydı, Azərbaycanın vəziyyəti necə olacaqdı? Bunu bir deyən varmı?
Müstəqillik illərindən sonra çoxları başa düşməyə başladılar ki, Rusiya heç vaxt Azərbaycanın inkişafını istəməyib. Əzəldən belə olub, sovet dövründə də belə idi, indi də belədir. Sovet dövründə Bakıda tikilən zavodların, fabriklərin sayına baxın, onlarla sənaye müəssisələri tikilib. Elə məişət kondisionerləri zavodunu götürün. O zaman o zavodun tikintisi birbaşa Heydər Əliyevin göstərişi ilə Əliş Ləmbəranskiyə tapşırılmışdı. Amma onu Sənaye və Tikinti Nazirliyi tikirdi. Zavod bilavasitə Yaponiya mütəxəssisləri ilə birgə tikildi və Azərbaycan başladı bütün SSRİ üçün kondisioner istehsal etməyə. O zavodlarda on minlərlə adam çalışırdı. Yeni texnologiya idi və bizim mütəxəssislər yetişməyə başlayırdı.
Nəqliyyat sektorunda görülən işləri xatırlatmaq istərdim. Bir çoxlarına indi-indi nəqliyyat–logistika sisteminin əhəmiyyəti aydın olur. ТRACECA (Transport Corridor Europe-Caucasus-Asia – Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramından bir neçə məqamı açıqlayım, qoy bilsinlər Heydər Əliyev 5-10 il əvvəlcədən nələri görüb və həyata keçirib. Ulu öndər buna “İpək yolunun bərpası” deyirdi, amma Qərb bunu TRACECA adlandırdı. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdi. Bu layihədə əsas məqsəd Avropa İttifaqının TRACECA üzvü dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərmək idi. Heydər Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan tərəfdən TRACECA proqramına mən rəhbərlik edirdim. O zaman biz, hətta Bakıda TRACECA komissiyasının ofisini də açdıq.
TRACECA layihəsi Rusiyadan kənar keçən nəqliyyat marşrutu idi. Yəni Azərbaycana Gürcüstan və Qərbə yüklər Rusiyaya daxil olmadan, Azərbaycan vasitəsilə daşınmalı idi. Ona görə bu yolların istər tikintisi, istər avadanlığının alınması, istər dəmir yolunun, istər körpülərin salınması üçün Avropa Komissiyası Azərbaycana milyonlarla avro vəsait ayırırdı. Ümumiyyətlə, TRACECA dəhlizi boyu limanlar, dəmir yolları və avtomobil yolları üzrə əsaslı layihələrin maliyyələşdirilməsi üçün bütövlükdə 1,7 milyard avrodan çox vəsait ayırmışdılar.
O günlər yaxşı yadımdadır ki, hətta yanacaq daşımağa belə vəsaitimiz yox idi. Dəmir yolunun Biləcəri stansiyasını Avropa Komissiyasının vəsaiti hesabına tamamilə yenidən qurduq.
1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin dövlət başçısı – Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna prezidentləri, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi və Avropa İttifaqının TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı və Bakı Bəyannaməsi qəbul edildi. Sazişi 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları imzaladlar. Ermənistandan toplantıya Baş nazir səviyyəsində nümayəndə heyəti gəlmişdi. Amma biz o sazişdə yazmışdıq ki, TRACECA nəqliyyat dəhlizi Ermənistandan kənar keçəcək. Bunu da Heydər Əliyev bizə yazdırmışdı.
– Avropa İttifaqının nümayəndələri bunu necə qəbul edib imzaladılar?
– Onlar bunu heç görmədilər. Elə elədik ki, hamı sənədə qol çəkəndən sonra, lap axırda Heydər Əliyev qol çəkməli idi. Sənədi onun imzalaması üçün gətirəndə ora əlavə etdik ki, bu dəhliz Ermənistandan kənar keçəcək. O qol çəkdi və beləcə sənəd təsdiq edildi. Sənəd paylanandan sonra Avropa İttifaqının nümayəndələri bildilər və soruşdular, bu nə oyundur? Dedik, axı biz sizə əvvəlcədən demişdik ki, marşrut Ermənistandan keçməyəcək. Keçmiş Sovet respublikalarından Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Moldova, Ukrayna – hamı istəyirdi bu müqavilənin iştirakçısı olsun. Ermənistan hamıdan daha çox istəyirdi, çünki blokadada idi. Ona da bu sevinci yaşatmadıq.
Ümumiyyətlə, bu proqramdan faydalanan təkcə Azərbaycan deyildi. Məsələn, Qazaxıstanda bərə keçidi yox idi. Yaxşı yadımdadır, Vyana şəhərində Avropa İttifaqının TRACECA komissiyasının iclası keçirilirdi. Üzv dövlətlərin nümayəndələri iştirak edirdilər. Qazaxstandan tədbirdə heç kim iştirak etmirdi. Layihənin rəhbərliyi Avropa Komissiyasında Fadiadas adlı bir yunana həvalə olunmuşdu. Mən xahiş etdim ki, Qazaxıstana bərə keçidinin tikintisi üçün 2 milyon avro vəsait ayrılması protokolda öz əksini tapsın. Bunu etdilər. Bərə keçidini tikmək də hər tikinti müəssisəsinin işi deyil. Çox ölkələrdə bu işi bacaran tikinti təşkilatı heç yoxdur. Bu, çox çətin bir qurğudur. Amma Azərbaycanın şirkəti tikə bilir. Ələt limanında onu bizim yaratdığımız “Evrascon” şirkəti tikdi. Qazaxıstanda da bərə keçidini bizim şirkət tikdi. Nursultan Nazarbayev onun açılışına məni də dəvət etmişdi. Açılış təntənəsində kənarda durmuşdum, Nazarbayev məni çağırdı və dedi: “Gəlin yanıma. Bu sizin xidmətinizdir. Siz də çıxış edib bunun tikilməsinin necə baş verdiyini danışın, qoy bilsinlər”. Mən də bütün olanları orda danışdım. Elə həmin tədbirdə bizim bərə gəlib bu keçiddən limana daxil oldu. Bu da TRACECA proqramının reallaşmasında böyük bir uğur idi.
Baxın, indi bu marşrutla nə qədər yüklər daşınır. Bu gün Qazaxıstan nefti bu bərə vasitəsilə daşınıb Bakı – Tbilisi – Ceyhan kəməri vasitəsilə Qərbə ötürülür. Azərbaycan bu marşrutla daşınan bütün tranzit yüklərə görə külli miqdarda vəsait qazanır, zənginləşir...
− Abid müəllim, hər şeydən danışdınız, amma Heydər Əliyevin sizi Baş nazirin müavini təyin etməsini dilə gətirmədiniz. Sirr deyilsə, Heydər Əliyevin bu təyinatı barədə də bir qədər məlumat verərdiniz.
− Bu təyinatı əsla unuda bilmərəm. 1995-ci ildə axşam Heydər Əliyev məni yanına, yaşadığı iqamətgaha dəvət etdi. Diqqətlə baxıb dedi: “İstəyirəm səni Baş nazirin müavini vəzifəsinə təyin edim”. Nə deyə bilərdim, böyük etimad, həm də etibar idi. Razılığımı bildirdim. Tövsiyələrini, məsləhətlərini verdi. Elə oradaca tapşırdı ki, sabah gedim parlamentə. Parlament məni təsdiq etdi və işə başladım. Həmin vaxtlar dövlət büdcəsi bomboş idi.
Bir neçə aydan sonra Heydər Əliyev ayrı-ayrı sərəncamlarla məni Yaponiya, Çin, Türkiyə və bir də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların sədri təyin etdi. 4 hökumət komissiyasına rəhbərlik edirdim. Məhz bundan sonra ulu öndərin rəhbərliyi ilə o dövrdə ölkənin ayağa qalxması üçün çox işlər gördük. Soruşa bilərlər ki, nə işlər idi bunlar?
Birincisi, həmin dövrdə Azərbaycanda, o cümlədən Bakıda elektrik enerjisi qıtlığı problemi çox ciddi narazılıqlar yaradırdı. Elektrik stansiyaları uzun illər təmir olunmadığından, avadanlıq yenilənmədiyindən tez-tez enerji istehsalında fasilələr yaranırdı, qəzalar baş verirdi. Bəzən axşamlar Bakıda belə işıqlar söndürülürdü. Heydər Əliyev tapşırıq verdi ki, bu problemi ən qısa zamanda yoluna qoymaq lazımdır. Onun inandığı, etibar etdiyi insanlardan biri – Artur Rəsizadə də Baş nazir idi.
Yaponiya hökuməti ilə danışıqlara başladıq. Tez-tez qarşılıqlı səfərlər oldu, hökumət komissiyasi ciddi müzakirələr apardı. Nəticədə son 30 ildə bəlkə də ən uğurlu və səmərəli bir layihənin həyata vəsiqə almasına nail olduq. Yaponiya hökumətinin nümayəndələri ilə danışıqlarda Bakıdakı “Şimal İES-1” və “Şimal-İES-2” elektrik stansiyalarının rekonstruksiyası ilə bağlı razılığa gəldik və müqavilə imzaladıq. Elektrik stansiyaları tam yenidən qurulmalı idi. Hər bir obyektin rekonstruksiyasının ümumi dəyəri 350-360 milyon dollar idi. İki layihəyə birlikdə 700-720 milyon dollar kredit ayrıldı. Müqavilənin şərtlərinə diqqət edin: Bu vəsait Azərbaycana 40 il müddətinə kredit kimi verilirdi. 10 il müddətində heç bir vəsait və faiz qaytarılmayacaqdı. Ondan sonrakı 30 ildə illik 0,75 faiz kredit faizi ödəniləcəkdi. Savadlı maliyyəçi və iqtisadçılar illik inflyasiyanı, amartizasiya xərclərini, başqa məsrəfləri nəzərə alıb hesablasalar, aydın olar ki, bu elə qranta bərabər bir kreditdir. Sözün əsl mənasında Yaponiya hökumətinin bu jesti o dövr üçün Azərbaycana hədiyyə hesab edilə bilər. Yaponlar qarşımızda bir əsas şərt qoydular: Elektrik stansiyalarının yeni texnologiyası Yaponiya istehsalı olmalıdır. Əslində, biz də elə Yaponiya texnologiyası istəyirdik, çünki bu, daha etibarlı texnologiya idi.
Əlbəttə, Yaponiya dövlətinin bu jesti ilk növbədə Heydər Əliyevə olan ehtiram və hörmətdən irəli gəlirdi. Onlar Heydər Əliyevi hələ Bakıda məişət kondisionerləri zavodunu tikməyə başlayandan tanıyırdılar. Biz də Artur müəllimin rəhbərliyi ilə bu danışıqları yüksək səviyyədə həyata keçirdik. Az bir vaxtda elektrik stansiyasının birinci və ikinci mərhələsi çox böyük uğurla əsaslı şəkildə rekonstruksiya olundu. 800 meqavatt gücündə elektrik enerjisi istehsalı Bakının enerji problemini demək olar ki, birdəfəlik həll etdi.
Bir faktı da qeyd edim. Yaponiya tərəfi tələb etdi ki, əsaslı tikinti və rekonstruksiya işlərini aparacaq şirkəti müəyyənləşdirmək üçün beynəlxalq tender keçirilsin. Beynəlxalq tender elan etdik. Birinci yeri ABŞ şirkəti tutdu. “Azərenerji”nin sədri Müslüm İmanov və onun baş mühəndisi ABŞ şirkətinin təkliflərində bəzi çatışmazlıqlar aşkar etdilər. Qərara alındı ki, tender Yaponiya şirkətinə verilsin, çünki ikinci yeri onlar tutmuşdular.
Beləcə, Yaponiya şirkəti “Şimal İES-1” və “Şimal-İES-2” stansiyalarının tamamilə yenidən qurulmasına, 90 kilometrlik qaz xəttini çəkməyə və işləri yüksək səviyyədə həyata keçirməyə başladı.
Xatırlayırsınızsa, Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1994-cü ildə Azərbaycanın 23 kəndi ermənilərin işğalından azad olundu. Kəndlərin bərpası və qaçqın şəhərciklərinin tikilməsi üçün Heydər Əliyevin tapşırıqlarına uyğun olaraq danışıqlar aparıb Dünya Bankından 10 milyon dollar faizsiz kredit aldıq. İslam İnkişaf Bankı və Avropa Komissiyası da bizə yaxından dəstək oldu. Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə xüsusi hökumət komissiyası yaradıldı. O komissiyanın tərkibində iki agentliyin yaradılmasına qərar verildi: Bərpa Agentliyi və Ərazilərin Minalardan Təmizlənməsi – ANAMA agentliyi. Təbii ki, o zaman Qarabağın tezliklə işğaldan azad ediləcəyini ağıla gətirmək çətin məsələ idi. Ona görə də ulu öndər soruşdu ki, “bu ANAMA nə üçündür?” Dedim: “Sovet silahlı qüvvələri o vaxt Azərbaycanın ərazisində o qədər silah, sursat, min tonlarla minalar qoyub gedib ki, onların hamısını təmizləmək lazımdır”. Heydər Əliyev dedi: “Axı bizdə mütəxəssis yoxdur, bəs bunu kim təmizləyəcək?” Dedim: “Dünya Bankı ilə danışmışam, vəsait ayıracaq. Biz də NATO-dan ekspertlər, minaların təmizlənməsi üzrə mütəxəssislər dəvət edəcəyik və onlar Azərbaycanda kadrlar hazırlayacaqlar. Avropa Komissiyası da avadanlıq verəcək. Biz də yer seçib, onlar üçün baza yaratmalıyıq”. Razılıq verdi və dedi, başlayın.
Heydər Əliyevin yüksək keyfiyyətlərindən biri də o idi ki, verilən səmərəli təklifin mahiyyətini, perspektivini dərhal müəyyənləşdirə bilirdi. Bu dəfə də belə oldu. ANAMA demək olar 10 -14 il beynəlxalq təşkilatların ayırdığı qrantlar hesabına fəaliyyət göstərdi. Həmin qrantlar Maliyyə Nazirliyinin hesablarına daxil olurdu, onlar həmin xarici valyutanı manata çevirib ANAMA-nın hesabına keçirirdilər. Biz də yer ayırdıq, baza tikdik. ABŞ-ın müvafiq qurumu bizə mina axtaran 35 it verdi. Həmin yerdə bir tədris kombinatı da yaratdıq ki, öz mütəxəssislərimizi hazırlayaq. İki-üç ildən sonra NATO-nun mütəxəssisləri geri qayıtdılar və bizim öz mütəxəssislərimiz kadr hazırlamağa başladılar. Həmin kombinatda hazırlanan mütəxəssislər müəssisədə təlimləri başa çatdıranda onlara NATO-nun sertifikatı verilir. Az bir müddətdən sonra artıq Türkiyədən, Gürcüstandan, Şərqi Avropa ölkələrindən göndərilən insanlar gəlib həmin tədris kombinatında pullu təlim kursları keçir və təlimləri başa vuranda NATO sertifikatı alırlar.
ANAMA yaranandan Azərbaycanda min hektarlarla ərazini rus ordusunun mərmilərindən, minalarından təmizləyib. Qarabağ işğaldan azad ediləndən sonra isə bütün ərazini ölüm saçan erməni minalarından və partlamamış mərmilərdən təmizləməyə başlayıb.
Heydər Əliyevin bir çox nəhəng layihələri kimi, onun səyi ilə yaradılan ANAMA-nın əhəmiyyətini də indi-indi dərk etməyə başlayıblar. Bütün bu işlər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilib, biz isə bu işlərin icraçıları olmuşuq. Bərpa Agentliyinə gəldikdə isə, bunun da çox böyük əhəmiyyəti oldu. O zaman Qaçqınkom yox idi və işğaldan azad edilmiş 23 kənddə bərpa işlərini məhz Bərpa Agentliyi həyata keçirirdi. Məhz bu agentlik ilk dəfə çadırlarda yaşayan yüzlərlə qaçqının evini bərpa edib, onları doğma yurdlarına qaytardı.
Allah rəhmət eləsin, o kişinin əvəzsiz xidmətlərindən biri də Azərbaycan üçün Sovet tarixində olmayan bir işə nail olmasında idi. Sov.İKP MK ilə SSRİ Nazirlər Sovetinin Azərbaycan haqqında birgə qərarları olurdu. Orda yazılırdı ki, beş, üç və ya iki il ərzində Azərbaycana elektrik stansiyalarının, su dəryaçalarının tikintisinə, texniki peşə məktəblərinin və sair əlavə, filan qədər maliyyə vəsaiti ayrılsın. Altında da Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnevin və Nazirlər Sovetinin sədri Kosiginin imzaları olurdu. O sərəncamın əhəmiyyəti çox böyük idi. Çünki SSRİ büdcəsində kəsir yarananda birinci büdcədə bizə ayrılan vəsaitdən kəsirdilər. Bu olmasın deyə, Heydər Əliyevin səyləri ilə belə xüsusi sərəncamlar verilirdi. Bu sərəncamın icrasına da heç kim müdaxilə edə bilmirdi.
Yəqin bu danışdıqlarımdan sizə aydın olur ki, Heydər Əliyevin mənim həyatımda hansı müstəsna rolu olub. Mənim nə vəzifəli dayım olub, nə də böyük imkanlarım. Heydər Əliyev mənim mütəxəssis kimi bacarığımı, potensialımı qiymətləndirib və bütün əmək fəaliyyətim boyu məni vəzifə pillələrində daim irəli çəkib. Müstəqil həyata qədəm qoyanda ağlıma gəlməzdi ki, nə vaxtsa müstəqil Azərbaycanın Baş nazirinin müavini olacağam. 23 il bu vəzifədə çalışmışam. Bu həm Heydər Əliyevin, həm də ondan sonra Azərbaycanı dəyanətlə, böyük siyasi uzaqgörənliklə yüksək səviyyədə idarə edən Prezident İlham Əliyevin mənə göstərdikləri yüksək etimadın nümunəsi olub. Bu müddətin 8 ilini bilavasitə Heydər Əliyevin, 15 ilini isə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işləmişəm. Həyatımda bundan böyük və qiymətli nə ola bilər?!
Söhbəti qələmə aldı:
İ.GÜLAĞAOĞLU, “Xalq qəzeti”