“Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”

post-img

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ali məktəbin dilçi yetirmələrinin töhfəsi olan “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabının təqdimat mərasimi keçirildi.

Universitetin rektoru, professor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin ana dilinin dövlət dili ststusu qazanması uğ­runda mübarizəsinin xalqımızın məfkurə sisteminin formalaşmasında və istiqlal savaşında önəmli rolundan, müstəqillik illərində Azərbaycan dilinin cəmiyyət hə­yatında hakim ünsiyyət vasitəsinə çevril­məsi üçün gerçəkləşdirdiyi tədbirlərdən söz açdı. Ali məktəb rəhbəri bildirdi ki, universitetin filologiya fakültəsinin yetir­mələri olan dilçi professorlar – ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ma­hirə Hüseynovanın və AMEA Dilçilik İns­titutunun şöbə müdiri Sayalı Sadıqovanın ulu öndərin əlamətdar yubileyi münasibə­tilə ərsəyə gətirdikləri “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabında müstəqil dövlətin dil siyasətinin əsasını təşkil edən məsələlər dərindən tə­dqiq olunub, geniş elmi şərhini tapıb.

Fundamental nəşrin müəllifləri Ma­hirə Hüseynova və Sayalı Sadıqova kitab üzərində birgə yardıcılıq işindən, ümum­milli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə ana dilinin qorunması və zənginləşdirilməsi ilə bağlı gerçəkləşdirdiyi ardıcıl, məqsədyönlü və kompleks tədbirlərdən söz açdılar.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Şahin İsmayılov, Dövlət Dil Ko­missiyası yanında Monitorinq Mərkəzi­nin direktoru Sevinc Əliyeva, ADPU-nun əməkdaşları Könül Səmədova, Həmzə Əliyev, Mirvari İsmayılova Heydər Əliye­vin milli dövlət quruculuğu strategiyasının önəmli yönlərindən olan dil siyasətindən danışdılar, bu tarixi mücadilənin təqdim olunan kitabda layiqli əksini tapdığını bil­dirdilər. Onlar qeyd etdilər ki, Azərbay­can rəhbəri Heydər Əliyevin milli-mənəvi dəyərlər sisteminin himayə edilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı tarixi fəaliyyətində öncül mövqe tutan ana dili məsələlərini elmi-nəzəri tədqiqat obyek­tinə çevirmiş yeni nəşr ulu öndərin tarixi xidmətlərinə qədirbilənlik münasibətinin təzahürü, yubileyə qiymətli töhfədir.

Tədbir universitetin “Meh” ədəbi birli­yinin Mahirə Nağıqızının ulu öndərə həsr olunmuş şeirləri əsasında hazırladığı ədəbi-bədii proqramla yekunlaşdı.

 

Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”



Sosial həyat