Heydər Əliyev – Tanrının Azərbaycan xalqına bəxş etdiyi xilaskar

post-img

Müsahibimiz Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadədir

– Arif müəllim, sizinlə əlamətdar bir vaxtda – ümummilli lider Heydər Əliye­vin 100 illik yubileyi ərəfəsində görüşü­rük. Sizinlə müsahibəni qəzetin 10 may nömrəsində verməyi planlaşdırmışıq. Gəlin onda söhbətə təqribən 32 il bun­dan əvvəl redaksiyamızda olan görü­şümüzdən başlayaq. Mən bilirəm, lakin oxucuların da bilməsi üçün soruşmaq istəyirəm: “Xalq qəzeti” redaksiyasına niyə gəlmişdiniz?

– O vaxt mən Ali Sovetin deputatı, həm də yeni yaranmış Milli Məclisdə ko­missiya sədri idim. Milli Məslisin iclasların­dan televiziyada canlı yayımlar, sonradan isə geniş hesabatlar verildiyinə görə, bizi, demək olar ki, hamı tanıyırdı. Redaksiya­ya səhər bir qədər ertə gəlmişdim, sizin kabinetin qapısı bağlı idi. İş yoldaşlarınız kabinetlərinə dəvət elədilər. Razılaşma­yıb, eyvanda gözləməyi qərara aldım. Az sonra siz gəldiniz, kabinetə keçib söhbətə başladıq... 

Hə, redaksiyaya niyə gəlməyimi so­ruşdunuz. Qoy onda bir qədər ətraflı da­nışım. Parlament iclaslarından qəzetiniz üçün materialları siz hazırladığınıza görə tez-tez görüşürdük. Üzə demək olmasın, sizin reportaj və hesabatlarınızdakı peşə­karlıq, faktlara düzgün münasibət, obyek­tivlik diqqətimdən yayınmır və dəfələrlə bunu həm özünüzə, həm də qəzetin mər­hum redaktoru, deputat həmkarım, pro­fessor Tofiq Rüstəmova da demişdim. O vaxtkı qəzetlərdə– bir çoxu ayrı-ayrı par­tiyaların orqanı idi – mənafelərinə uyğun gəlməyəndə doğruya yalan, yalana doğru, ağa qara, qaraya ağ deyirdilər. Sizin yaz­dıqlarınız seçilirdi. Bir neçə dəfə mənim mövqeyimi açıq şəkildə müdafiə etmişdi­niz. Mənim mövqeyim deyəndə, bu, həm də həmfikirlərin mövqeyi idi. Onların bir çoxu sadəcə olaraq, fikirlərini açıq demək­dən ehtiyat edirdilər. Çünki siyasi arenada qaydasız mübarizə gedirdi. Respublika rəhbərliyinin ünvanına bir söz deyəndə, nəinki tənqid edəndə, hətta yumşaq tərz­də adi bir irad bildirəndə belə səni necə deyərlər, “ağ yuyub, qara sərirdilər”. Çoxu abır-həyasına görə dillənə bilmirdi.

Mən isə susa bilmirdim, hər kəsin nöqsanını üzə deməyi xoşlayırdım. Buna görə dəfələrlə mənə hücumlar etmiş, hə­də-qorxular gəlmişdilər. Onlar hakimiyyəti, demək olar ki, zor gücünə qamarlamışdı­lar. Nəinki səriştəsiz, hətta dövlət idarə­çiliyindən tamam bixəbər idilər. Təsəvvür edin ki, il az qala yarıya çatmışdı, amma dövlət büdcəsi haqqında qanun qəbul olunmamışdı. Ümumiyyətlə, bilmirdilər ki, belə qanun qəbul edilməlidir, ya yox! Verilən məsləhətlərə də qulaq asmırdı­lar. Hər kəs özü üçün daha çox sahələri, səlahiyyətləri qamarlamaqla məşğul idi. Heç bir-biri ilə də yola getmirdilər. Arala­rında ölüm-dirim mübarizəsi gedirdi. Bir çoxunun silahlı dəstələri vardı, bir-birinə meydan oxuyurdular. İqtisadiyyat dağılır, fabrik-zavodlar işləmir, respublikada mis­li görünməmiş inflyasiya gedirdi. Üstəlik də, ölkənin əmlakı dağıdılıb xaricə daşı­nırdı. Fürsətdən istifadə edən yağı düş­mən – Ermənistan hücuma keçib rayon və şəhərlərimizi bir-birinin ardınca işğal edirdi. 

Belə çətin dönəmdə biz – bir qrup de­putat Ali Sovetin sessiyasının çağırılması­nı təklif etdik. Qəbul etmədilər. İclasların bir çoxunda Prezident Əbülfəz Elçibəy də iştirak edirdi. Belə iclasların bir neçəsin­də söz alıb ölkədəki dözülməz vəziyyəti, təcili həllini gözləyən problemləri diqqətə çatdırdım. Rəhbərliyə xitabən dedim ki, bəlkə də xalqımızı çox sevirsiniz. Lakin ölkəmizin, Vətənin, xalqın bu acınacaqlı günündə ona bir gün ağlaya bilməyəcək­sinizsə, bu sevgi nəyə lazımdır? Siz heç istəsəniz də kömək edə bilməyəcəksiniz. Çünki idarəetmədə naşısınız, təcrübəniz yoxdur. Təcrübəsi olanları isə yaxına bu­raxmırsınız... Yerlərdən səslər eşidilirdi: Kimi deyirsiz? Kimi yaxına buraxmırıq? Cavab verdim: Heydər Əliyevi! Bu cava­bım güllə kimi dəyirdi onlara, od olub yan­dırırdı bəzilərini...

...Mənim çıxışlarımı AzTV-də yayım­lanan parlament xəbərlərindən ya tamam çıxarırdılar, ya xoşlarına gəlməyən his­sələrini qayçılayıb atırdılar. “Xalq qəzeti” o vaxt müstəqil çıxırdı, obyektiv materiallar verirdi. Siz də mənim çıxışlarıma geniş yer ayırırdınız. Ona görə də bir neçə dəfə redaksiyada olmuşdum. Həmin gün isə müsahibə vermək üçün gəlmişdim...

– Bəli, müsahibə verdiniz və ertəsi günü qəzetdə dərc olundu. Həmçinin onu da dediniz ki, iki günə Naxçıvana– Heydər Əliyevin görüşünə gedəcəksi­niz... 

– Doğrudur, iki gün sonra təyyarə ilə Naxçıvana uçdum. Ulu öndər məni öz kabinetində çox böyük səmimiyyətlə qar­şıladı. Vəziyyətlə, gördüyümüz işlərlə maraqlandı. Məlumat verdim ki, hazırda komissiyada kolxoz və sovxozlarda isla­hatlarla bağlı layihələr üzərində işləyirik. Dəyərli tövsiyələr verdi...

Söhbətimiz xeyli uzandı. Arada qapı­nı döyüb nəsə soruşanlar da olurdu. Si­zin üçün maraqlı olduğuna görə deyirəm. Gedəndə özümlə sizin qəzetin parlament­dən verdiyiniz yazılar dərc olunmuş nöm­rələrini də aparmışdım. Həmin nömrələri vərəqləyəndə: “Bunları oxumuşam, oxu­madığım təkcə sənin son müsahibəndir,”– dedi.

Söhbətin şirin yerində cavan, qaraşın bir oğlan içəri keçib dedi: – Heydər müəl­lim, qəzetin ilk nömrəsi, demək olar ki, ha­zırdır, təkcə Sizin xeyir-duanız qalıb.

– Mən sizə nə deyim, ay oğul, siz jur­nalistsiniz, qəzet buraxmağı yaxşı bilirsi­niz. Amma unutmayın ki, siz Yeni Azər­baycan Partiyasının qəzetini buraxırsınız. Bəzi partiyaların orqanları kimi, yüngül­məcazlı yox, bax belə, ağayana qəzet bu­raxın, – deyib qarşısındakı “Xalq qəzeti”ni göstərdi. 

– Sonradan sizin qismətinizə xeyli müddət ulu öndərlə bir yerdə işləmək, onunla tez-tez təmasda olmaq xoş­bəxtliyi düşdü. O, şəxsən sizin üçün kim idi?

– Onun rəhbərliyi altında işləmək mənim üçün, həqiqətən, böyük şans idi. Heydər Əliyevi mən təkcə dövlətin baş­çısı, xalqın ümummilli lideri kimi deyil, həm də çox yaxın, doğma, əziz bir insan kimi qəbul etmişəm və indi də – o böyük şəxsiyyətin 20 illik cismani ayrılığından sonra da o cür qəbul edirəm. Uğurları, sevinci, kədəri, ağrı-acısı mənə bilavasitə aid olan bir insan kimi. Onun sevinci də, kədəri də mənim qəlbimdən keçmişdir. Ona bu münasibətim hər hansı bir şəxsi amillərlə bağlı deyildi. O, minlərlə soyda­şımıza necə yanaşırdısa, mənə də o cür yanaşırdı: hörmətlə, qayğı ilə və yüksək tələbkarlıqla. Odur ki, Heydər Əliyevin taleyimdəki rolu mənimlə eyni nəsildən olan insanların, bütövlükdə, Azərbaycan xalqının taleyindəki rolu ilə eyni idi. Bu mənada o, məni və xalqımı iki dəfə xilas etmişdi. Birinci dəfə ümidsizlikdən, mənə­vi düşkünlükdən, ikinci dəfə isə cismən və mənən məhv olmaqdan. 

– Bu fikrinizi açıqlaya bilərdinizmi?

– 1969-cu il idi. Əslində, respublikada əmin-amanlıq və sakitlik hökm sürürdü. Lakin bu aldadıcı sabitlik idi. Narazılıq günü-gündən artırdı. Xidmətlər sahəsində nizamsızlıq baş alıb gedir, əhalinin həyat səviyyəsi aşağı düşür, məktəb və xəstəxa­na təminatına görə Azərbaycan Ümumitti­faq göstəricilərindən geri qalır, iqtisadiy­yatda böhran vəziyyət yaranır... Bütün bunlar respublika rəhbərliyinə etimadsız­lığa səbəb olurdu. Respublika rəhbərlə­rinin xoşagəlməz əməlləri, rüşvətxorluğu barədə yayılan şayiələr vəziyyəti daha da gərginləşdirirdi. Hər yerdə söhbət gedirdi ki, Azərbaycanın ali rəhbərlərindən biri alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmək naminə Gədəbəy rayo­nunun ərazisindəki bəzi torpaq sahələrini Ermənistana güzəştə getməyi vəd etmiş və yalnız rayon sakinlərinin qətiyyəti nə­ticəsində torpaqların verilməsinin qarşısı­nı alınmışdır. Ermənistanın növbəti dəfə ərazi iddiaları irəli sürməsi və Azərbay­can SSR Ali Soveti tərəfindən sərhədlərin dəqiqləşdirilməsinə dair zərərli, güzəştli qərar qəbul edilməsi fonunda bu söhbətlər inandırıcı görünürdü. 

1969-cu ilin iyulunda Heydər Əliyev respublikanın rəhbəri seçildi. Bu işə, o, respublika Dövlət Təhlükəsizliyi Komitə­sinin sədri vəzifəsindən gəlmişdi. Dövlət Təhlükəsizliyi Komitəsi Sovet dövlətinin hakimiyyət strukturunda son dərəcə va­cib bir qurum idi və çox böyük səlahiy­yətlərə malik idi. Heydər Əliyev burada sıravi əməkdaş kimi fəaliyyətə başlamış, 46 yaşında general rütbəsində həmin ko­mitənin rəhbəri olmuşdu. Bu fakt ona görə əlamətdardır ki, o vaxtlar Sovet İttifaqının ideologiyasında beynəlmiləlçilik və xalq­ların hüquq bərabərliyi bəyan edilsə də, bu vəzifəyə, bir qayda olaraq, milliyəti rus olan şəxslər təyin edilirdi. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Komitə­sinin sədri vəzifəsində çalışan ilk azərbay­canlı idi.

– Respublika rəhbəri kimi xalq onu necə qəbul etdi?

– Yeni vəzifəyə başladığı andan cə­miyyət tərəfindən prinsipial, qətiyyətli, ira­dəli və etibarlı bir insan kimi qəbul olundu. O, respublikada vəziyyətə yaxşı bələd idi, qüsurları, ağrılı məqamları aydın təsəv­vür edirdi və yeni vəzifədə fəaliyyətinin ilk günlərindən dövlət orqanlarını və ictimaiy­yəti mövcud nöqsanların aradan qaldırıl­masına, Azərbaycanın sürətli inkişafının təmin olunmasına cəlb edə bildi.

Azərbaycan SSR-in rəhbəri kimi çalış­dığı on üç ildən bir qədər artıq müddətdə Heydər Əliyev iqtisadiyyatın inkişafında və insanların həyat səviyyəsinin yüksəl­dilməsində böyük uğurlara nail oldu. Tək­cə xaricdə deyil, SSRİ-də də az tanınan Azərbaycan barəsində dinamik inkişaf edən, cəmiyyətin bir çox problemlərini müvəfəqiyyətlə həll edən qabaqcıl res­publika kimi danışmağa başladılar. Bu dəyişikliklərin təşkilatçısı, dünya miqyaslı siyasi xadim kimi Heydər Əliyev barə­sində xarici mətbuatda yazılar dərc edil­məyə başlandı, Qərb ölkələrinin analitik mərkəzlərində bu barədə söhbətlər getdi. Biz özümüzü daha rahat və inamlı hiss etməyə başladıq, gözümüzdə dəyərimiz daha da yüksəldi.

– Amma, Heydər Əliyev İttifaq orqanlarında işləməyə keçdikdən son­ra respublikada qazanılmış nailiyyətlər, inkişaf hədəfləri və əvvəlki mövqelər bir-bir əldən getməyə başladı. 

– Bəli, insanları narahat edən və cə­miyyətdə qarşıdurmaya gətirib çıxaran kəskin problemləri həll etmək əvəzinə, respublikanın rəhbərləri daha çox özləri­nin rifahı qayğısına qalır, vəzifələrini qoru­yub saxlamaq üçün hər şeydə İttifaq rəh­bərliyinə yarınırdılar. 

Azərbaycan dövlət müstəqilliyini bər­pa etdikdən sonra, daha doğrusu, ilk illər­də ölkənin qara günləri başladı. Xüsusən, 1992-ci ilin mayında Xalq Cəbhəsi haki­miyyətə gəldikdən sonra iqtisadiyyatda, dövlət idarəçiliyində və siyasətində əsl tənəzzül başlandı. Onların birillik fəaliy­yəti respublikanı vətəndaş müharibəsinə sürüklədi, suverenliyin və ərazi bütövlü­yünün itirilməsi təhlükəsi, hərc-mərclik və anarxiya ilə üz-üzə qoydu. Azərbaycan dövlətçiliyi üçün bu böhranlı dövrdə xalqın təkidli tələbi və ölkənin o vaxtkı Prezidenti­nin müraciətləri nəticəsində Heydər Əliyev 1993-cü il iyunun 15-də parlamentin, daha sonra isə respublikanın rəhbəri seçildi.

– Müəyyən müddət onun ətrafında olmuş bir insan kimi Heydər Əliyevin xarakteri, iş üslubu barədə təəssürat­larınız oxucular üçün maraqlı olardı... 

– Heydər Əliyev güclü, iradəli şəxsiy­yət və sərt təbiətli siyasətçi idi. Lakin yük­sək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inan­dırırdı. Bu və ya digər qərarı qəbul etməz­dən əvvəl, o, müxtəlif baxışları öyrənir, işə bağlılığı olan hər kəsin öz fikrini söy­ləməsinə imkan yaradırdı. Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Lakin elə hallar da olurdu ki, bu qərarlar əksəriyyətin fik­ri ilə ziddiyyət təçkil edir, Heydər Əliyevin rəyi həlledici olurdu. Lakin, bu, amirlik, tərslik və ya başqalarının fikrinə etinasız­lıq kimi qəbul edilmirdi. Mülahizələrini tu­tarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsin­də Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı. Əlbəttə, narazı qalanlar da olurdu. Lakin zaman hər şeyi yerinə qoyur, insanlar onun haqlı olduğunu yəqin edirdilər.

– Fikrinizi bir qədər konkretləşdirə bilərsinizmi?

– Məsələn, 1995-ci ildə Konstitusiya layihəsinin hazırlanması və müzakirəsi zamanı dövlət dilimizi necə adlandırmaq məsələsi ortaya çıxmışdı. Adamların bö­yük bir qrupu, o cümlədən, tanınmış alim­lər və yazıçılar hesab edirdilər ki, dilimiz türk dilidir. Heydər Əliyevin əsaslandırıl­mış, qəti mövqeyi diskussiyanın gedişini müəyyən etdi. Konstitusiyada dövlət dili­nin Azərbaycan dili olduğu təsbit edildi. İl­lər keçəndən sonra az adam tapılar ki, bu qərarın düzgünlüyünə şübhə ilə yanaşsın.

İşdə kolegiallığa və demokratikliyə nə qədər böyük əhəmiyyət versə də, Heydər Əliyev qərarların qəbulu üçün məsuliy­yətdən heç vaxt özünü kənara çəkmirdi. Şərait tələb etdikdə isə ən məsul qərarları belə təkbaşına qəbul edirdi. Lider, dövlət başçısı üçün son dərəcə zəruri olan bu keyfiyyət, əfsuslar olsun ki, onun sələflə­rində yox idi.

– İndi isə Qurtuluş Günü kimi tarixi­mizə düşən hadisəni yada salaq.

– 1993-cü ilin iyun ayı idi. Milli Məclisin iclasında Heydər Əliyevin parlament sədri seçilməsi məsələsi qoyulmuşdu. O, bütün suallara ətraflı cavab verdi. Müzakirə qur­tardı, növbə səsvermə proseduruna çatdı. Elə bu vaxt iclasda olan keçmiş müdafiə naziri Rəhim Qazıyev bəyan etdi ki, Gən­cə şəhərindəki vəziyyəti nəzərə almadan (orada onun həmfikiri xeyli sayda hərbi kontingenti özünə tabe etmişdi və haki­miyyəti ələ keçirməyə çalışırdı) və orada olan qüvvələrin tələblərini yerinə yetirmə­dən bu seçki heç nə verməyəcək və onu keçirmək olmaz. Bu, açıq-aşkar şantaj, Heydər Əliyevə meydan oxumaq idi.

Həmin insanlarla təmasa girmək heç də təhlükəsiz deyildi. Bundan bir qədər əvvəl oxşar vəziyyətdə iqtidar yaxasını kənara çəkməyi üstün tutmuşdu. Heydər Əliyev R. Qazıyevin dediklərinə məhəl qoymaya bilərdi və bu, səsvermənin nəti­cələrinə heç bir təsir göstərməzdi. Lakin o, dərhal qərar qəbul edərək bildirdi ki, Gən­cədə vəziyyətlə tanış olmaq üçün 2 sa­atdan sonra oraya yola düşür. Kütləvi in­formasiya vasitələrinin nümayəndələri də onunla birlikdə gedə bilərlər. Bu məqsəd üçün ayrılmış avtobus Milli Məclisin yanın­da gözləyəcəkdir. 

Bu, mərdliklə atılmış müdrik bir addım idi. Bundan əvvəl də, sonrakı illərdə də o, çox mürəkkəb vəziyyətlərdə dəfələrlə cə­sarət və qətiyyət göstərmiş, ölkənin rifahı naminə fədakarlığa hazır olduğunu nüma­yiş etdirmişdi.

– Onun xarizması barədə də fikriniz maraqlı olardı.

– Bəli, Heydər Əliyev özünə və ətra­fındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Zabitəli idi, məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı. Özfəaliyyətə yol verməsə də, təşəbbüs­karlığı boğmur, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi. Qüsurlara və çatışmazlıqlara son dərəcə tənqidi yanaşırdı. Amma hər şeyi qara rəngdə görən pessimist də deyildi. Əldə edilmiş yaxşı nə varsa hamısına görə ürəkdən sevinir və onun bu sevinci insan­lara da keçir, onları yaradıcı işə səfərbər edirdi.

Heydər Əliyev son dərəcədə tələbkar rəhbər idi. Bunu respublikadakı vəziyyət də tələb edirdi. O, hər bir problemin mü­vafiq qərar qəbul olunanadək hərtərəfli müzakirəsini təşkil edirdi. Qəbul edilmiş qərar isə mütləq yerinə yetirilməli idi.

Ancaq onun böyüklüyünü etiraf edən tək biz deyildik... Bəzi xarici müşahidəçilər bu mövqeyi diktatura əlaməti sayırdılar. Həmin müşahidəçilərdən biri Mstislav Rastropoviç ilə söhbət zamanı Azərbay­canda diktatura olduğunu söyləyəndə dünya şöhrətli musiqiçi cavab vermişdi ki, elədir, Heydər Əliyev qanunun diktatura­sını bərqərar etmişdir. Heydər Əliyev isə müsahibələrindən birində özü haqqında belə demişdi: Mən demokratiyanın tərəf­darıyam, amma liberalizmdən uzağam. 

– Onda xalq üçün qeyri-adi bir əlça­tanlıq keyfiyyəti də var idi.

– Bəli, o, insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Son dərəcə məşğul olduğuna baxmayaraq, heç vaxt təmasdan qaçmırdı. Bu barədə deyirdi: hətta bilsəm ki, bu insan mənim əleyhimədir, yenə də onunla görüşmək­dən imtina etmirəm. Mənim fikrimcə, bu yanaşma tərzi Heydər Əliyevin yuxarıda göstərdiyim keyfiyyətini–öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə inamını, habelə dinləmək və izah etmək bacarı­ğını, hər kəsə səbirli, atalıq münasibətini şərtləndirən əsas amildir. 

– Necə olurdu ki, onun ətrafındakı­ların sayı gündən-günə artırdı?

– Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı. Demək olar ki, bütün xalq ona məhəbbət bəsləyir­di. Heydər Əliyevin bir müraciəti kifayət idi ki, on minlərcə insan heç bir hazırlıq görmədən və təşkilatlanmadan qəlbinin hökmü ilə küçələrə çıxıb onun siyasəti­ni müdafiə etsin. 1944-cü ilin payızında dövlət çevrilişinə cəhd edildikdə Heydər Əliyevin müraciətinə cavab olaraq on minlərlə Bakı sakini iki saat ərzində Pre­zident Administrasiyasının binası önünə toplaşaraq, xalqın kimin tərəfində oldu­ğunu qəsdçilərə aşkar şəkildə başa saldı.

Heydər Əliyevin iki dəfə respublika­nın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaş­masında tarixi bir mərhələ təşkil etmiş­dir. Ulu öndərin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçək­lənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və im­kanlarını dərk etməsi dövrünə çevrilmiş­dir. Biz naqislik kompleksi hissinə yaxın olan bir vəziyyətdən xilas olduq. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilli­yimizi, xarici və daxili amillərin təsiri al­tında dağılmaqda olan dövlətçiliyimizi, bizim hər birimizin və bütövlükdə, millətin şərəf və ləyaqətini xilas etdi. Bu dövrdə demokratik inkişafın əsasları qoyulmaq­la, uğurlu iqtisadi siyasət müəyyən edilib həyata keçirildi.

– Bu möhtəşəm yubiley ərəfəsində oxucularımıza demək istədikləriniz...

– Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri və parlaq şəxsiyyəti qədirbilən həmvətənlərinin xatirəsində əbədi yaşa­yacaqdır. 

 

Müsahibəni apardı:
Qüdrət PİRİYEV, “Xalq qəzeti”

Müsahibə