“Heydər Əliyev xatirələr işığında” layihəsinin növbəti qonağı ictimai-siyasi xadim, istər sovet, istərsə də müstəqil Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müxtəlif rəhbər vəzifələrdə çalışmış, YAP Veteranlar Şurasının üzvü Əli Həsənovdur.
– Əli müəllim, Sizə elə gəlmirmi ki, Heydər Əliyev fenomenindən uzaqlaşdıqca onun daha uca zirvədə qərarlaşdığını dərk etməyə başlayırıq?
– Ulu öndər Heydər Əliyev artıq 20 ildir ki, cismən aramızda yoxdur. Amma bu 20 ili biz elə yaşamışıq ki, elə bil hər şey dünən baş verib. Bu da ondan irəli gəlir ki, Heydər Əliyev bu 20 ildə hər gün, hər yerdə ehtiramla anılıb və demək, həm də bizimlə olub, bizdən uzaqlaşmayıb. Bunu bilavasitə öz timsalımda deyirəm. Həyatımda elə bir gün olmayıb ki, onun adını çəkməyim və ruhuna dualar oxumayım. Bunu da bilərəkdən dilə gətirməmişəm, sadəcə hansı məsələ haqqında söhbət olubsa, söz gəlib Heydər Əliyev şəxsiyyətinə çıxıb.
Dünyada tarixi şəxsiyyətlər çox olub, 1000 il, 500 il, 300 il bundan əvvəl də dünyaya dahilər, böyük şəxsiyyətlər gəlib. Onların arasında Heydər Əliyevə bənzər ikinci bir şəxsiyyət yoxdur ki, hər gün onu xatırlasınlar, haqqında xoş fikirlər səsləndirsinlər. Bu da məhz Heydər Əliyev şəxsiyyətinin ucalığından, əzəmətindən, zamanı dəf etməsindən irəli gələn bir məsələdir. Onun həyat və fəaliyyəti o qədər zəngindir ki, 100 il bir epoxa kimi görünür.
Kim təsəvvür edə bilərdi ki, sovet imperiyasında “qırmızı terror”un ziyalılarımıza divan tutduğu bir vaxtda 18 yaşlı bir gənc Naxçıvan Muxtar Respublikasının Xalq Komissarlığında şöbə rəisi vəzifəsində çalışacaq. Artıq bu yaşda belə bir vəzifədə fəaliyyət göstərməsi Heydər Əliyevin böyük gələcəyindən xəbər verirdi.
1941-ci ildə Heydər Əliyev Bakıya gəlir və 1944-cü ildə Dövlət Təhlükəsizlik Komitəsində işə qəbul olunur. Yeganə azərbaycanlıdır ki, 25 il Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işləyib və sıravi əməkdaşdan həmin qurumun rəhbərinə qədər qüsursuz yol keçib. Yeganə şəxsdir ki, DTK-nın ilk azərbaycanlı rəhbəri olub. Ona qədər Azərbaycanda DTK-nın rəhbərlərinin hamısı digər millətin nümayəndələri olublar. Bu dahi insanın karyerasını izlədikcə görürük ki, Heydər Əliyev hər yerdə birinci olub...
Kremlə keçmiş SSRİ respublikaları arasında iqtisadi inkişafına görə, Azərbaycan son yerlərdən çıxa bilmədiyi üçün bu vəziyyəti dəyişə biləcək rəhbər kadr təyinatına zərurət var idi. Təbii ki, bu kadr seçimində Kreml məhz Heydər Əliyevin namizədliyi üzərində dayandı və 1969-cu ildə o, Azərbaycan KP MK-nın birinici katibi vəzifəsinə göndərildi. Sovet ittifaqı dövründə dövlət təhlükəsizlik orqanından respublikaya rəhbər vəzifəyə çox nadir hallarda kadr təyin edilirdi. Heydər Əliyev burada da birinci adam idi ki, DTK rəhbərliyindən Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə irəli çəkilirdi. Çünki Heydər Əliyev Azərbaycana rəhbər seçilənə qədər artıq çalışdığı qurumdakı xidmətlərinə görə, Moskva onu yaxşı tanıyırdı. Heydər Əliyevin 25 ildə keçdiyi yol onu son dərəcə hazırlıqlı bir kadr kimi formalaşdırmışdı.
Respublikada həqiqətən vəziyyət son dərəcə ağır idi. Azərbaycan, sözün əsl mənasında geridə qalmış aqrar bir ölkə idi. Sənayenin inkişafından isə söhbət belə gedə bilməzdi. Az-çox üz ağardan neft sənayesi idi ki, orada da ciddi geriləmə hökm sürürdü.
Beləliklə, 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçldi. Bir aydan sonra yeni birinci katib avqust plenumu çağırdı. Plenumun əsas mövzusu isə korrupsiyaya qarşı mübarizə tədbirləri idi. SSRİ-nin, necə deyərlər, qılıncının arxasının, qabağının kəsən vaxtında, bir ay əvvəl respublikada kommunist partiyasının rəhbəri təyin olunasan və bir aydan sonra SSRİ-yə bəyan edəsən ki, ölkədə korrupsiya baş alıb gedir. Bu, təsadüfi bir addım deyildi. Əslində, bu, partiyaya meydan oxumaq idi...
Digər tərəfdən də, ölkədəki vəziyyət əvvəl çalışdığı qurumdan ona əl içi kimi bəlli idi. Harada nə baş verir, rəhbər kadrlar nə ilə nəfəs alır, kimlərin əli korrupsiyaya bulaşıb, hansı rayonda idarəçilikdə korrupsiya halları baş alıb gedir və sair, hamısını gözəl bilirdi. İndi bu iyrənc halları aradan qaldırmağın və ölkəni bataqlıqdan çəkib çıxartmağın vaxtı çatmışdı.
Avqust plenumundan sonra Heydər Əliyevin adı nəinki SSRİ çevrəsində, Qərb dünyasında da diqqət mərkəzinə düşdü. Diktaturanın hakim olduğu bir ölkədə kiçik bir müsəlman ölkəsinə rəhbər təyin olunan bir türk sovet sistemində korrupsiyanın olduğunu və ona qarşı mübarizəyə başladığını bəyan edir. Beləcə, Qərb ölkələrinin bir çox dairələrində Azərbaycanda 14 illik fəaliyyəti dövründə Heydər Əliyevin fəaliyyəti izlənməyə başlandı və o, populyar bir siyasət adamına çevrildi.
– Sizcə, Heydər Əliyev nədən ölkəyə rəhbərliyə məhz korrupsiya ilə mübarizədən başladı? Axı deyirsiniz ki, ölkədə sosial-iqdisadi vəziyyət çox ağır idi...
– Çünki Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi tənəzzülün kökündə, ilk növbədə, korrupsiya dayanır. Bu bəlaya qarşı mübarizə aparmadan və ona qalib gəlmədən ölkədə islahatların uğur qazanacağına heç bir zəmanət yoxdur. Amma Heydər Əliyev təkcə korrupsiyaya qarşı mübarizə ilə kifayətlənmədi. Dahi öndər ölkədə bütün sahələrdə radikal islahatlara başladı və cəmi iki ildən sonra 15 respublika arasında ən yaxşı halda 13-cü yerdən yuxarı qalxa bilməyən Azərbaycan birinci yerə yüksəldi. Artıq 1971-ci ildə yüksək sosial-iqtisadi göstəricilərinə görə, respublika Keçici Qırmızı Bayraq aldı. 14 illik fəaliyyətində isə Azərbaycan başdan-ayağa qabacıl sənaye və kənd təsərrüfatı respublikasına çevrildi. 14 əvvəl 330 min ton pambıq verən ölkə bir neçə ilə bu rəqəmi 831 min tona çatdırdı. Üzüm istehsalı 1, 8 milyon tona yüksəldi. O zaman ən çox üzüm Moldovada istehsal edilirdi – 1,3 milyon ton. Ölkənin büdcəsi iki dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 2,7 dəfə, milli gəliri 1,9 dəfə artdı. Azərbaycan 12 il ardıcıl SSRİ Keçici Qırmızı Bayrağı almağa nail oldu. Respublikada sənaye sahələri sürətlə böyüməyə başladı, son texnologiya əsasında 250 yeni fabrik və zavod tikildi və yüksək keyfiyyətli məhsul istehsalına başlandı.
Respublikaya rəhbərlik etdiyi ilk 14 ildə Heydər Əliyev nəhəng neftayırma kompleksi sistemlərinin, müasir səviyyəli neft donanmasının yaradılmasına, keçmiş SSRİ-də analoqu olmayan Bakı Dərin Özüllər zavodunun tikilməsinə nail oldu. Bakı Elektrik Maşınqayırma, Məişət Soyuducuları zavodları, Radiozavod, Elektron Hesablayıcı maşınları, Sumqayıt Kompressorlar, Gəncə Büllur, “Azon”, “Alunit” müəssisələri və digər sənaye obyektləri məhz onun şəxsi təşəbbüsləri və səyləri ilə ölkəımizdə inşa edildi. Heydər Əliyevin rəhbərliyi ilə təkcə yeni zavod və fabriklər tikilməklə kifayətlənilmir, mövcud zavodlarda köhnə avadanlıqlar və texnologiyalar yenisi ilə əvəz edilirdi. Məsələn, “Bakı fəhləsi” zavodu yenidən quruldu. “Yeni Bakı” neftayırma zavodunda yüksək texnologiyaya malik ELOU-AVT qurğusunun, Bakı Kondisionerlər və Sumqayıt Kompressorlar zavodlarının, Sumqayıtda və Naxçıvanda iri trikotaj fabriklərinin, Polimer Tikinti Materialları müəssisəsinin və Evtikmə kombinatlarının inşası yekunlaşdı. Elektrik enerjisi istehsalı 1,5 dəfə artdı. Elmi-tədqiqat institutlarında və ali məktəblərdə 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı, keçmiş SSRİ-nin nüfuzlu ali təhsil məktəblərinə ildə 1400 nəfər, hərbi məktəblərə isə 1000-ə qədər gənc göndərilirdi. Miqyas o qədər böyükdür ki, saymaqla qurtaran deyil.
Korrupsiyaya qarşı mübarizə aparmadan bunlara nail olmaq mümkün olardımı? Əlbəttə, yox. Heydər Əliyev Kremllə yaxın münasibətləri və şəxsi nüfuzu sayəsində Azərbaycana küllü miqdarda sərmayələr yatırılmasına nail oldu. Sadaladığım müəssisələr məhz onun sayəsində gerçəkləşirdi.
Azərbaycanın mədəniyyəti və incəsənəti, elm və təhsili əsl intibah dövrünə qədəm qoydu. Təhsildə elə islahatlar getdi ki, az bir müddətdən sonra bütün sahələrdə milli kadrlar yetişməyə başladı. İslahatların toxunmadığı sahə yox idi. Əlbəttə, ən diqqətçəkən işlərdən və uğurlardan biri Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması idi. Heydər Əliyev dəfələrlə çıxışlarında bunu vurğulayırdı ki, ermənilər tərəfindən bu məktəbin açılmasına ciddi maneələr yaradılırdı, bunun qarşısını almağa cəhd göstərilirdi. Amma Heydər Əliyevin qətiyyəti qalib gəldi və hərbi məktəb fəaliyyətə başladı. Artıq müstəqillik illərində bizə aydı aydın oldu ki, bu dahi şəxsiyyət 50 il qabağa baxır və hadisələrin axarını görürmüş. 2020-ci ildə 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi altında Zəfər əldə edən ordumuzun generalları məhz bu hərbi məktəbin məzunlarıdır.
− O dövrün – Heydər Əliyev epoxasının yetirmələrindən biri də Əli Həsənov idi. Ulu öndərlə ilk görüşünüz necə baş verdi və onun diqqətini necə cəlb edə bildiniz?
− Maraqlı sualdır (gülür). Azərbaycan Neft-Kimya İnstitutunun mexanika fakültəsini əla qiymətlərlə bitirib keçmiş İttifaq tabeliyində olan “Xüsusi tikinti-quraşdırma” trestinə usta vəzifəsinə təyinat aldım. Bu trestdə çalışanların hamısı qeyri-azərbaycanlı idi. Çox az bir müddətdən – iki ildən sonra trestin Sumqayıt idarəsində baş mühəndis vəzifəsinə təyin olundum...
Qismətim onda gətirdi ki, Bakıya Kür çayından su kəmərinin çəkilməsinə qərar verildi. Kür suyu Sabirabadın Talış kəndi yaxınlığından götürülürdü. Kürdən Bakıya Xırdalan qəsəbəsinə qədər 1400 diametrliyində metal borudan iki xətt çəkilməli idi. Onu bizim trestə həvalə etdilər. İşin icrası da bilavasitə mənə tapşırıldı. Yalan olmasın, kəmər tikilən iki ildə Sabirabaddan Xırdalana, bəlkə, min dəfə gedib-gəlmişəm. 1972-ci ildə kəmərin açılışı olacaqdı. Azərbaycan KP MK-nın katibi Həsən Seyidov bilirdi ki, kəmərin quraşdırılması işi mənim rəhbərliyimlə həyata keçirilib. Sabah açılış olacaq, axşam gəlib açılışın hazırlıq vəziyyətini yoxladılar. Çəndən suyu açdılar, kranı açdılar, su gəlir, hər şey normal qaydadadır. Mühafizə idarəsi bütün bunlardan sonra obyekti məndən təhvil aldı.
Səhəri gün saat 10-da hamımız toplaşdıq və gözləyirik ki, Heydər Əliyev gəlib kəmərin təntənəli açılışını edəcək. Həsən Seyidov məni yanına çağırıb dedi: “Əli, sən mənə yaxın ol, birdən lazım olarsan”. Suyun üzərində üzən qurğunu da biz quraşdırmışdıq. Sən demə, mühafizə qrupu səhər gəlib kranları açır, amma çənin kranını açmaq yaddan çıxır. Heydər Əliyev gəldi və Nazirlər Sovetinin sədri Əli İbrahimov başda olmaqla bütün rəhbər heyət də burada idi. Heydər Əliyev lenti kəsdi, alqışladılar, kranı açanda su gəlmədi. Mən də Həsən Seyidovun arxasında dayanmışam, bütün prosesi diqqətlə izləyirəm. Anidən başa düşdüm ki, çənin kranını açmayıblar. Qaçdım çənə tərəf. Heydər Əlyev və bütün bura toplaşanlar hamı mənə baxır ki, bu, hara qaçır? Çənə qədər olan məsafə də, təxminən, 20-25 metr olardı. İnanın, mənim ora qaçıb çatmağım, kranı açmağım və qayıtmağım, bəlkə, heç 30 saniyə çəkmədi. Artıq krandan su gəlir, mən də tez gəlib öz yerimdə durmuşam. Heydər Əliyev çıxış etdi, toplantı iştirakçıları onu sürəkli alqışladılar. Tədbir başa çatdı. Heydər Əliyev yaxınlaşıb, Həsən Seyidovdan soruşdu: “Bu cavan oğlan kimdir?” O da cavab verdi ki, bütün kəmərin quraşdırma işlərini həyata keçirən bu adamdır, baş mühəndisidir”. O da üzünü mənə tutub soruşdu: “Harda işləyirsən?”. Cavab verdim ki, “Speçmontajstroy”da. “Həə, “Xüsusi tikinti quraşdırma” trestində”. Sanki rus dilində cavab verdim deyə, yanlışı düzəltdi.
Beləcə, o tarixi gündən mənim adım Heydər Əliyevin, necə deyərlər, kadrlar siyahısına düşdü.
− Bu qəfil görüşün və tanışlığın davamı oldumu?
− Əlbəttə, oldu. 1976-cı ildə artıq Heydər Əliyevin təqdimatı ilə SSRİ Kimya Sənayesi Nazirliyinin Azərbaycandakı Sumqayıt Kimya Birliyində baş direktorun tikinti üzrə müavini vəzifəsində çalışırdım. Birliyimizin Azərbaycanda kimya sənayesi müəssisələrinin tikintisini həyata keçirirdi. Bu müəssisədə çalışanda Heydər Əliyevlə bağlı çox maraqlı hadisələrlə qarşılaşırdım. Məsələn, hər dəfə hər hansı problemin həlli ilə bağlı Moskvaya nazirliyə gedəndə, müraciət edən kimi, deyirdilər Heydər Əliyeviçin tapşırıqlarıdır, tez həll etmək lazımdır. Amma ondan əvvəl Moskvaya yolumuz düşəndə və deyəndə ki, Azərbaycandan gəlmişəm, deyirdilər, ora haradır? Yəni Heydər Əliyevin adı çəkiləndə artıq hamı bilirdi ki, sən Azərbaycandansan.
Artıq 80-ci illərin əvvəllərində Heydər Əliyev haqqında Qərb mətbuatı tez-tez materiallar dərc edirdi. Hətta xarici sosialist ölkələrindən Moskvaya gələn qonaqlardan, hətta dövlət rəhbərlərindən bəzilərini Azərbaycana, Bakıya göndərirdilər. Məsələn, mənim yadımdadır ki, Rumıniyanın prezidenti Çauşevski, Çexoslovakiya, Kuba dövlətlərinin rəhbərliklərinin nümayəndələri Bakıya gəlmişdi... Kimya sənayesi ilə tanış olmaq üçün Sumqayıta səfər edirdilər. Yəni artıq Azərbaycan SSRİ-nin inkişaf modelinin bir göstəricisinə çevrilmişdi və xarici dövlətlərin rəsmi şəxslərinə də belə təqdim edilirdi. Bu da Heydər Əliyevin sayəsində mümkün olmuşdu.
Heydər Əliyev qısa müddət ərzində ölkədə sənaye, kənd təsərrüfatı, energetika sahələrində islahatlar aparıb o sahələrin inkişafına nail oldu. Siyasi, iqtisadi, sosial konsepsiyalar hazırlandı. Tolerantlıq prinsipləri gözlənilməklə, kadrların milliləşmə prosesi başlandı. Gənclər SSRİ-nin ən yaxşı təhsil müəssisələrində oxumağa göndərildi.
O dövrdə çalışdığım sahə ilə bağlı bir misal çəkim. SSRİ Kimya Sənayesi Nazirliyinin xətti ilə Sumqayıtda Yuyucu Tozlar zavodu tikirdik. Sovet İttifaqında üç yerdə belə zavod tikilirdi. Biri Sumqayıtda, biri Leninqrad vilayətinin yaxınlığındakı Tosna şəhərində, biri də Qazaxıstanda. Leninqrad Vilayət Partiya Komitəsinin katibi Romanov, Qazaxstanın birinci katibi Kunayev və Azərbaycanın birinci katibi də Heydər Əliyev idi. Romanov da, Kunayev də Sov.İKP MK Siyasi Bürosunun üzvü idilər. Heydər Əliyev isə Siyasi Büroya namizəd idi. Vəzifə və partiya iyerarxiyasına görə onların ikisi də Heydər Əliyevdən yuxarıda idi. Həmin zavodun da bir əsas qurğusu var, bütün proseslər o qurğunun içində gedir. Paslanmayan xüsusi metaldan hazırlanır. Bu qurğu çox böyük əziyyət hesabına başa gəldiyindən həmin vaxta qədər cəmi ikisi hazırlanmışdı.
SSRİ-də belə bir qayda var idi − İttifaq əhəmiyyətli tikintiləri xüsusi nəzarətə götürürdülər. Bu zavodlar da həmin siyahıda idi. Mərkəzi Komitədə sənayeyə baxan qurum tikinti prosesini izləyirdi. Ona görə də hər üç zavodun tikildiyi respublika və vilayət rəhbərliyini Əliyev, Romanov və Kunayevi Moskvaya çağırırlar və onlara bildirilir ki, 3 belə zavod tikilir, amma qurğulardan hələ ki ikisi hazırlanır. Kim zavodun tikintisini birinci başa çatdırsa, qurğular onlara veriləcək. Heydər Əliyev orada söz verir ki, biz zavodun tikintisini vaxtından əvvəl başa çatdıracağıq. Romanov da, Kunayev də eyni sözü deyirlər.
Həmin vaxtlar Kamran Bağırov Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi idi. Heydər Əliyev Moskvadan qayıdan kimi Mərkəzi Komitənin bürosunu çağırdı və bizi də dəvət etdi. Tikintiyə Azərbaycan Kommunist Partiyası tərəfindən katib Həsən Seyidov nəzarət edirdi. Heydər Əliyev onu Şmidt adına maşınqayırma zavodunun direktoru vəzifəsindən MK-ya katib gətirmişdi.
Sumqayıtdakı zavodun tikintisi də mənim rəhbərliyim altında gedirdi. Gənc idim, 28 yaşım vardı. Qarşıya qoyulan vəzifəni deyilən vaxtdan da tez yerinə yetirdik və iki qurğudan biri Azərbaycana gətirildi...
1982-ci ildə Heydər Əliyevi Moskvaya apardılar. Sizcə türk-müsəlman övladını nəhəng bir dövlətin rəhbərliyinə gətirmək təsadüf idi? Əlbəttə, yox.
− Əli müəllim, Heydər Əliyevin fəaliyyəti və irsindən söz düşəndə daha çox onun Azərbaycandakı fəaliyyəti haqqında bəhs edirlər. Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü barədə nə deyə bilərsiniz?
− Sizinlə tam razıyam. Çünki Heydər Əliyevin dünyada daha böyük nüfuz qazanmasında onun Moskva dövrü, Kremldəki fəaliyyəti xüsusi rol oynayıb. Onu da deyim ki, Heydər Əliyevin “Moskva dövrü” fəaliyyəti həm də son dərəcə maraqlı olub. Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən gündən az bir müddət sonra SSRİ-nin 12 nazirliyi və 20-ə yaxın komitəsi onun nəzarətinə verilib: maşınqayırma, ticarət, yüngül sənaye, bütün növ nəqliyyat, rabitə, hətta mədəni-maarif sahələrinə rəhbərlik ona tapşırılmışdı. Çünki bu sahələrdə çox ciddi problemlər yaşanırdı. Təkcə yüngül sənaye sahəsində 3 milyona qədər insan işləyirdi, 3700-ə yaxın müəssisə var idi. 1984-cü ildən Heydər Əliyev sovet məktəbinin islahatı komissiyasına, 1986-cı ildə SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf üzrə Büronun sədri vəzifəsini təyin edilmişdi. O, öz sahəsi olmayan müvafiq məsələlər üzrə bir sıra əsas layihələrdə iştirak edidi.
Moskva dövrü fəaliyyətində SSRİ Nazirlər Sovetinin və Siyasi Bürosunun onlarla ən mühüm qərarlarının altında Heydər Əliyevin imzasına rast gəlmək olardı. Məsələn, Heydər Əliyev Nazirlər Sovetinin Operativ Məsələləri Komissiyasına rəhbərlik edirdi. Bu kommisiyanın tərkibinə Baş nazirin müavinləri və bir sıra nazirlər daxil idi. Heydər Əliyevin Kremlə gəlişi ilə hər bazar ertəsi iclası keçirilən komissiya praktik olaraq Nazirlər Sovetinin rəhbər orqanına çevrilmişdi. Sovet İttifaqının təsərrüfat idarəçiliyinin bir çox aktual məsələlərini onun rəhbərlik etdiyi bu komissiya həll edir, sənaye rəhbərləri bura məruzəyə dəvət olunur və qarşılarında konkret vəzifə və tapşırıqlar qoyulurdu. Təsadüfi deyildi ki, Kremlin özündə belə Heydər Əliyevin rəhbəri olduğu bu komissiyanı “ikinci Siyasi Büro” adlandırırdılar. Bundan əlavə, Heydər Əliyev xarici iqtisadi əlaqələr sistemində də fəal iştirak edən əsas rəhbərlərdən biri idi, SSRİ-nin Asiya və Yaxın Şərqdə beynəlxalq əlaqələrində mühüm rol oynayırdı.
Onun sosial sahədə və səhiyyədə apardığı islahatlar bir-birindən fərqlənirdi. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-də ilk kompleks diaqnostika mərkəzləri yaradıldı. Onun dəstəyi sayəsində sovet cərrahlarına ilk açıq ürək əməliyyatları etməyə icazə verildi. Rusiyada indi də deyirlər ki, Heydər Əliyev Svyatoslav Fyodorov Göz Mikrocərrahiyyə Mərkəzini işə saldı və onun üçün Volqa boyunca gəzən çay gəmisində səyyar laboratoriyanın yaradılmasına himayədarlıq etdi. 1987-ci ilin avqustunda Sov.İKP MK-nın “SSRİ-də 2000-ci ilə qədər olan dövr üçün səhiyyənin inkişafının və yenidən qurulmasının əsas istiqamətləri” layihəsi dərc olunmuşdu. Mütəxəssislərin fikrincə, bu, tibbin vəziyyətinə müsbət təsir göstərən, maddi-texniki bazanın yenilənməsinə imkan verən “erkən” yenidənqurmanın ən diqqətəlayiq sənədlərindən biri idi. Bir çox cəhətdən Rusiyada tibb texnologiyasının son illərə qədərki vəziyyəti və tibb elminin maddi bazası SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin həmin “ehtiyatından” istifadə edirdi.
(ardı var)
Söhbəti qələmə aldı:
İ.RÜSTƏM, “Xalq qəzeti”