Heydər Əliyevin həyat və fəaliyyəti əsl dövlətçilik məktəbidir

post-img

Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edir. Dünya siyasətinin nəhənglərindən olan Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyətlərdən biridir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ulu öndərin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. O, əbədi olaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider kimi qalmışdır. 

Dövlət quruculuğu və dövlətçilikdən da­nışarkən, heç şübhəsiz, ilk növbədə, Heydər Əliyevin bu sahədəki danılmaz fəaliyyəti və əsasını qoyduğu siyasi xətt yada düşür. Çün­ki möhkəm təməllər üzərində formalaşan müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin milli dövlətçilik amallarına bağ­lı ideologiya sayəsində bərqərar olmuşdur. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü ərzində respublikamıza rəhbərlik etmiş Heydər Əliyevin dövlətçilik təfəkkürü elə bir tükənməz irs yaratmışdır ki, bununla bağlı onun strateji düşüncələrinin və fəaliy­yətinin bütün tərəflərini əsrlər boyu öyrən­məyə, təhlil və təbliğ etməyə ehtiyac olacaq­dır. Bu günün yeni reallıqları fonunda onun böyük dövlətçilik salnaməsinin məzmunu və mahiyyəti daha aydın və dolğun görünür.

Qurucu lider

Bu zirvədən Heydər Əliyevin müa­sir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna nəzər yetirmək, fəa­liyyətini araşdırmaq həm siyasi, həm də elmi-tarixi, nəzəri və praktik baxımdan ak­tualdır. Bunun üçün, düşünürəm ki, ölkəmi­zin son yüzillik tarixinə ekskurs etmək və bu dövrdəki siyasi proseslərin necə cərəyan etməsinə diqqət yetirmək kifayətdir. Azər­baycan xalqı 1918-ci ilin may ayında bir ilkə imza atdı – müsəlman Şərqinə respublika məfkurəsini gətirdi, Azərbaycan Cümhuriy­yətini, respublika idarə-üsulunu qurdu. Lakin cəmi 23 aydan sonra – 1920-ci ilin aprelində Azərbaycan Demokratik Respublikası süquta uğradı. Azərbaycan SSR yaradıldı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında müstəqil dövlətçilik atributlarının zəifləməsi, Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların təqib və repressiyalara məruz qal­ması ilə yadda qaldı. 

Bütün bunlara baxmayaraq, Heydər Əliyev o dövrü yalnız qara rəngə boyamaq istəyənlərlə heç də tam razılaşmayaraq ədalət naminə həmin illərin müsbət meyillərin­dən faydalanmaq imkanlarının da olduğuna diqqətə çatdırırdı. Ulu öndər deyirdi: "Ötən 70 ildə Azərbaycanın elmi potensialı yara­nıb, respublikanın böyük iqtisadi potensialı yaranıb. Azərbaycan qurulub, yaşayıb, yəni Azərbaycan xalqı bu rejimi qəlbən qəbul et­məsə də, bu rejimin içərisində öz işini görüb, irəliyə gedib, inkişaf edib". 

Bununla Heydər Əliyev, ilk növbədə, istənilən şəraitdə hər bir rəhbərin öz xalqının inkişafı üçün bütün səy və bacarığını səfər­bər etmək qabiliyyətini gələcəyə praqmatik baxışların formalaşmasına təsir göstərən cid­di amil kimi dəyərləndirirdi. Tarixdən məlum olduğu kimi, həmin dövrdə dövlət idarəetmə­si ilə bağlı bütün məsələlər “kadrlar hər şeyi həll edirlər” məntiqinə əsaslanırdı. Bu o an­lama gəlir ki, Sovet İttifaqına daxil olan müt­təfiq respublikaların inkişaf səviyyəsi onlara rəhbərlik edən rəhbərlərin şəxsi keyfiyyətlə­rindən bilavasitə asılı olmuşdur. Bu səbəbdən də respublikaların hamısı heç də bərabər sə­viyyəli göstəricilərə malik deyildilər. Azər­baycan isə böyük enerji və aqrar imkanlara malik olmasına baxmayaraq, ötən əsrin 60-cı illərinin sonlarınadək onların sırasında ən ge­ridə qalanlardan biri idi. 

1969-cu ildə Heydər Əliyev Azərbay­can Kommunist Partiyası Mərkəzi Komitə­sinin birinci katibi vəzifəsinə seçildikdən sonra respublikada şərait tədricən müsbət istiqamətdə dəyişməyə başladı. Artıq həmin dövrdən etibarən digər sahələrdə olduğu kimi, respublikada əsl dövlətçilik ənənələri­nin inkişafına təkan verildi, dövlət idarəçili­yində yeni, mükəmməl və səmərəli metodlar tətbiq edildi. Bu siyasi kursun əsas qayəsi, ilk növbədə, Azərbaycanın iqtisadi imkanlarının əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilməsi, onun elmi potensialının artırıl­ması, ölkəmizi inkişaf edən qabaqcıl respub­lika kimi tanıdılması idi. Bunun üçün Heydər Əliyev bütün çətinliklərə və maneələrə sinə gərərək şəxsi nüfuzu sayəsində Mərkəzin müttəfiq respublikalar üçün nəzərdə tutduğu bölgüdə Azərbaycanın payının mümkün qə­dər artırmağa nail olurdu. 

Beləliklə, Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş, müasir və SSRİ məkanında özünü təmin edən iki respublikadan birinə çevrildi. Ümummilli liderimizin 1969–1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə ölkə­mizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla, hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirməklə və Azərbaycanın iq­tisadi inkişaf göstəricilərinə görə keçmiş İtti­faq miqyasında ilk yerlərdən birini tutmasını təmin etməklə, müstəqilliyimizə zəmin yara­dan uzaqgörən fundamental addımlar atmış­dır. O, dövlət müstəqilliyimizin bərpası ilə bağlı düşüncələrin məhz həmin illərdə for­malaşdığına diqqət çəkmişdir: “22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbay­canın müstəqilliyi fikri ilə yaşayırdım”.

1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində keçmiş SSRİ-nin böyük şəhərlərində fəaliyyət göstərən aparıcı nü­fuzlu ali məktəbində minlərlə azərbaycanlı gəncin yüksək savadlı mütəxəssislər kimi hazırlanması üçün geniş imkan yaratmaqla Heydər Əliyev Azərbaycanda kadr potensia­lının inkişafına müstəsna töhfə vermişdir. Bu addımlar səciyyə etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacı təmin edilirdi, digər tərəfdən poten­sial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. 

İti siyasi fəhmi hesabına perspektivdə ölkəmizin müstəqilliyini proqnozlaşdıran Heydər Əliyevin hələ sovet dövründə respub­likamızda hərbi quruculuq məsələlərinə son dərəcə böyük əhəmiyyət verməsinin izahıdır. Onun milli hərbi kadrların hazırlanması sahə­sində atdığı uzaqgörən addımların 2020-ciildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəyə necə böyük töhfə verdiyinin bir daha şahidi olduq. Ötən əsrin 70-ci illərində böyük səylər nəticəsində yaradılmış Cəmşid Naxçıvanski adına məktəbin müdavimlə­ri olan zabitlər artıq bu gün müstəqil Azər­baycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar. Ulu öndər Kremldəki yük­sək nüfuzundan məharətlə istifadə edərək, respublikanın xalq təsərrüfatının inkişafını təmin etmək üçün Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin mühüm qərarlarının qə­bul edilməsinə nail olmuş və Azərbaycanın mərkəzi büdcədən asılılığını minimuma en­dirərək, demək olar ki, müstəqil fəaliyyətini təmin etmişdir. Bu, hər zaman öz xalqını azad və məğrur görmək istəyən Heydər Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir. 

Yuxarıda göstərilən tarixi reallıqlar Heydər Əliyevin 2001-ci il, yeni əsr və üçün­cü minillik münasibəti ilə xalqa müraciətində gəldiyi aşağıdakı konkret elmi-nəzəri nəti­cənin də inkarolunmaz həqiqət olduğunu bir daha sübut edir: “Azərbaycanın Sovet döv­ründə inkişafının ən barız nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texni­ki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

Kreml zirvəsində

Heydər Əliyev Moskvada çalışdığı 1982–1987-ci illərdə də respublikanın inki­şafı üçün əhəmiyyətli addımlar atırdı. Lakin ondan sonra respublikaya rəhbərlik etmiş şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş kor-koranə addımları Azərbaycanı getdikcə tənəzzülə yuvarlayırdı. Respublika dərin iqtisadi və si­yasi böhrana doğru gedirdi. 

Erməni millətçilərinin təsiri altına düş­müş Mixail Qorbaçov Sov.İKP MK-nin Baş katibi seçildikdən sonra artıq dünya miqya­sında yüksək nüfuz qazanmış və əsl liderlik xüsusiyyətləri seçilən Heydər Əliyevin şəx­siyyətinə qısqanclıqla yanaşır və onu haki­miyyət dəhlizlərindən uzaqlaşdırmaq üçün fürsət axtarırdı. 1987-ci ildə Heydər Əliyevin Moskvada siyasi fəaliyyətdən təcrid olunma­sından dərhal sonra keçmiş ittifaqın ermə­nipərəst rəhbərləri Dağlıq Qarabağda sepa­ratçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildə 300 mindən artıq soydaşımızın Ermənistandan kütləvi deportasiyasını sürət­ləndirdi. 

Həmin dövrdə Azərbaycanda dərin­ləşməkdə olan içtimai-siyasi böhran, haki­miyyətdə olanların qorxaqlığı və həmçinin cəbhəçilərin təxribatçı davranışları Sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar faciəsi ilə nəticələndi. Bu hadisəyə, ilk olaraq, kəskin etirazını bil­dirən və ən cəsarətli, dəqiq və obyektiv siya­si qiyməti verən də Heydər Əliyev oldu. O, həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycanın Daimi Nümayən­dəliyinə gələrək oradan beynəlxalq aləmə ta­rixi bəyanat ünvanladı. Bu cəsarətli çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha geniş vüsət aldı. 

Siyasi iradə nümunəsi

1990-cı ildə məlum səbəblər üzündən Vətənə döndükdən sonra Bakıda qala bil­məyən Heydər Əliyev Naxçıvana üz tutdu. 1991-ci ilin sentyabrında Muxtar Respubli­kanın Ali Məclisinin Sədri seçildikdən son­ra blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Heydər Əliyev fəaliyyətinin bu dönəmində dünya miqyasında ən çətin məqamlarda əsl liderlərə məxsus fövqəladə və bənzərsiz üs­tün keyfiyyətlərini ortaya qoyaraq, yüksək səviyyəli dövlətçilik və idarəçilik nümunələri ilə böyük dövlətlərin diqqətini Naxçıvanın problemlərinə cəlb etməyə nail oldu. Heydər Əliyev ilk gündən idarəetmədə dövlətçilik prinsiplərinin dominantlığını təmin etdi. 

1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhddən sonra SSRİ-nın parçalan­ması prosesi daha da gücləndi. Azərbaycan­da, o cümlədən, Naxçıvan Muxtar Respub­likasında da hərbi-siyasi vəziyyət daha da mürəkkəbləşdi. Həmin məqamlarda Heydər Əliyevin Naxçıvanı işğal təhlükəsindən xilas etmək üçün atdığı siyasi və diplomatik ad­dımların çox mühüm əhəmiyyəti oldu . 

Ordu quruculuğu məsələsinə xüsusi həs­saslıqla yanaşan Heydər Əliyev bu məqamda Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi süstlüyü və qətiyyətsizliyi yolverilməz hal sayırdı. Heydər Əliyevin güclü siyasi iradəsi sayəsində Ali Məclisin 1992-ci il iyul ayının 25-də razılaşdırılmış xüsusi qərarı əsasında bu ərazidəki sovet qoşun hissələrinin əmla­kının dinc şəkildə və bütünlüklə Azərbaycan tərəfinə təhvil verilməsi böyük tarixi hadisə idi.

O dövrdə respublikanın ərazi bütövlü­yü mərkəzi hakimiyyət orqanları tərəfindən təmin edilməli olduğu halda, Bakıda haki­miyyətsizlik yaranmış və siyasi qüvvələrin də başı hakimiyyət uğunda mübarizəyə qa­rışmışdı. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili isə bütünlüklə Heydər Əliyevin üzərinə düşmüşdü. Ulu öndər Nax­çıvan Muxtar Republikasının əhalisini və potensialını öz ətrafında birləşdirərək dövlət­çilik təcrübəsini və istedadını yenidən ortaya qoyaraq, erməni təcavüzünün genişlənməsi­nin, habelə dövlətə qarşı xain cəhdlərin qar­şısını almağa müvəffəq oldu. 

YAP ideoloji mübarizənin ön cərgəsində

Olduqca gərgin, bütün sahələrdə tənəzzül və böhranın hökm sürdüyü həmin vəziyyətdə Yeni Azərbaycan Partiyasının yaradılması, heç şübhəsiz, ümummilli liderin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri oldu. Çünki siyasi-ideoloji sahədə də boşlu­ğun aradan qaldırılması, milli maraqlar na­minə siyasi təşəbbüslərin səfərbər olunması, həmçinin sabitliyin, siyasi sistemin inkişa­fının, eləcə də siyasi mədəniyyətin təşəkkü­lünün təmin edilməsi üçün məqsədyönlü ad­dımlar atılmalı idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Müxalifət partiyası kimi siyasi səhnəyə çıx­mış YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrilərək Azərbaycanın inkişafi­nin ideoloji sütununa çevrildi. Azərbaycanda mütərəqqi siyasi sistemin və siyasi mədəniy­yətin rüşeymlərinin formalaşması da məhz bu tarixi hadisədən qaynaqlanır. 

Müstəqilliyi qorumaq daha çətindir

1991-ci ilin oktyabrında formal olaraq müstəqillik aktına imza atmış Azərbaycan bu tarixi nailiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ki, o dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimi­zi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Digər tərəfdən də təcavüzkar Ermə­nistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Azərbaycanın o dövrdəki iqtidarı­nın qorxaqlığı, siyasi səbatsızlığı bir tərəf­dən, AXC-Müsavat cütlüyündə birləşmiş xəyanətkar ünsürlərin antimilli mövqeyi isə digər tərəfdən erməni işğalını sürətlənməsinə şərait yaradırdı, rayonlar bir-birinin ardınca düşmənin nəzarətinə keçirdi. Günü-gündən şiddətlənən məcburi köçkünlər problemi ic­timai- siyasi xaosun yaranması üçün əsas sə­bəblərdən birinə çevrilmişdi. 

1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çə­kişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilə­rin üstünlüyü ələ almasına gətirib çıxardı. AXC-Müsavat cütlüyü Qarabağ kartından istifadə etməklə meydan hərakatının dalğa­sı üzərində hakimiyyəti faktiki olaraq zəbt etdi. Bundan sonra cəmi bir il ərzində daxili və xarici siyasətdə buraxılan bağışlanılmaz səhvlər məntiqi nəticə kimi sonda Elçibəy hakimiyyətinin süqutunu şərtləndirdi.

Azərbaycanın nicat ünvanı

1993-cü ilin iyununda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda Gəncəyə gedərək, diplo­matik məharəti və şəxsi nüfuzu hesabına qar­daş qırğınının qarşısını aldı. 

Gəncə hadisələri ağıllı siyasi gedişlər və böyük şəxsi nüfuz hesabına sülh yolu ilə yatırıldıqdan sonra 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi zaman problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həm­rəyliyinin, sabitliyin son dərəcə vacib olduğu barədə qənaətini açıqladı:“Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam icti­mai-siyasi mühit olmasa, heç bir sosial-iq­tisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. 

Azərbaycanda dövlət orqanlarının fəa­liyyətini və dövlətçiliyi bərpa etmək məqsə­dilə 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq növbəti mərhələ üçün ölkəmizin inkişaf paradiqma­larını dəqiq müəyyənləşdirdi. 1993-cü il ok-tyabrın 10-da keçirilmiş andiçmə mərasimin­də o, həyatının qalan hissəsini də Azərbaycan xalqının xoşbəxliyi naminə sərf edəcəyini bəyan etdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümid­lərini doğrultmaq işinə həsr edəcəyəm”. 

Əsrə bərabər 10 il

Heydər Əliyev dövlət başçısı kimi döv­lətin müstəqilliyinin qorunub saxlanmasını və onun ərazi bütövlüyünün təmin edilməsi­ni özünün ən ümdə vəzifələrindən biri hesab edirdi və bütün fəaliyyətini bu məqsədlər ətrafında nizamlayırdı. Ulu öndər o zaman işğal altında olan torpaqlarımızın azad olun­ması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoydu, həm ölkə daxilin­də, həm də beynəlxalq miqyasda ardıcıl iş­lərə başlanıldı. Hakimiyyətə gəldikdən sonra o, ilk növbədə, Azərbaycanın ən ağır proble­mi olan keçmiş Dağlıq Qarabağ probleminin həlli üçün təsirli tədbirlər görməyə başladı. Bişkek protokolunu imzalatmaqla Ermənis­tanı atəşkəsə məcbur edən ulu öndər bundan sonra ölkə daxilində ictimai-siyasi vəziyyə­tin sabitləşdirilməsinə, separatçı qüvvələrin neytrallaşdırılmasına nail oldu. 

Keçid dövründə mütərəqqi iqtisadi in­kişaf strategiyası hazırlandı və uğurla tətbiq olundu. Bu baxımdan düşünülmüş neft stra­tegiyasına start verilməsi, “Əsrin müqavilə­si” bu müstəvisində beynəlxalq əməkdaşlıq platformasının yaradılması, xarici tərəfdaş­larla iqtisadi-ticari münasibətlərin təməlinin atılması və digər addımlar Azərbaycanın iqtisadi və bütövlükdə, milli gücünü artıran faktor kimi müstəsna əhəmiyyətə malikdir. 

Ulu öndərin qarşıya qoyduğu vəzifələr içində hüquqi təməl və ümumilikdə, hüquq anlayışı əsas prioritetlərdən birini təşkil edirdi. Bu məsələyə münasibətdə Heydər Əliyevin mövqeyi belə ifadə olunur: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət qu­ruculuğu yolu ilə getməlidir". Eyni zamanda, ulu öndər deyirdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdi­rilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".

1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının Kons­titusiyası qəbul olundu və dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlandı.

Ulu öndərin rəhbərliyi ilə dövlətimizin qüdrətinin artırılması istiqamətində görülən və xüsusi əhəmiyyət kəsb edən işlərdən biri uğurlu ordu quruculuğunun əsasının qoyul­ması oldu və bu istiqamət dövlətin əsas prio­ritetlərindən birinə çevrildi. Həmin dövr həm də milli qanunvericiliyin sürətlə formalaşma­sı və təkmilləşdirilməsi ilə müşayiət olunur. Bu illər Azərbaycanda qanunun aliliyinin təmin olunması, demokratiya və söz azadlığı üçün geniş şəraitin yaradılması ilə səciyyələ­nir. Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun mühüm strateji vektorlarından digəri isə Şərq dəyərlərini qorumaqla yanaşı, Qərbə sürətlə inteqrasiya olunmasını təmin edən bir çox beynəlxalq konvensiyaların ra­tifikasiyası ilə bağlıdır.

Ulu öndərin ən vacib saydığı məsələ isə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normala­rı əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi olmuşdur. Heydər Əliyev problemin həlli ilə bağlı proseslə­rin gedişində heç vaxt təşəbbüsü əldən ver­məyərək dünya dövlətləri, o cümlədən, apa­rıcı ölkələrlə, habelə BMT, ATƏT və onun Minsk qrupu, digər nüfuzlu beynəlxalq təş­kilatlar səviyyəsində bu mövzuda danışıqlar apararaq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq si­yasətini pisləyən qətnamələrin və bəyanatla­rın qəbuluna nail oldu. 

Prezident İlham Əliyev ulu öndərin Azər­baycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: “1993-cü ildən başlayaraq, Azər­baycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir... Ondan sonra Azərbaycanda sabitlik dövrü başlamışdır və bu dövr bu gün də da­vam edir. Ölkəmiz üçün çox önəmli qərarlar qəbul edilmişdir, siyasi islahatlara start ve­rilmişdir. Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azər­baycan müasir, demokratik ölkə kimi inkişaf etsin”. 

Siyasi varislik və davamlı islahatlar 

Heydər Əliyev irsini araşdıran tədqiqat­çıların ifadə etdikləri mühüm qənaətlərdən biri budur ki, onun xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri üçün ən böyük miraslarından biri siyasi varisliyin təmin olunmasıdır. O, özündən sonra Azər­baycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq lider – şəxsiyyət yetişdirməklə dövlətçilik tariximizin ən böyük xidmətlərin­dən birini göstərdi. Ulu öndərin inamı, xalqın böyük etimadı özünü tam doğrultdu. İlham Əliyev xalqın iradəsi ilə Prezident seçildik­dən sonra ölkəmizin inkişafında yeni bir mər­hələnin əsası qoyuldu.

Prezident İlham Əliyevin ölkəmizə rəh­bərlik etdiyi son 20 ilə yaxın müddət ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiy­yətə malik nailiyyətlər əldə olunub. Bir za­manlar xəyal kimi görünən nəhəng enerji-nəq­liyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılmış, Azər­baycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmiş­dir. Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və ta­razlı sosial-iqtisadi inkişafı təmin edilmişdir. Onun rəhbərliyi ilə ölkəmizdə siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına xidmət edən kompleks xarakterli islahatlar kursuna start verilmişdir. Yeni siyasi konfiqu­rasiyanın formalaşdırılması, siyasi dialoq pro­sesinin dərinləşdirilməsi, yeni siyasi partiyala­rın qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın demokratik inki­şaf yolunda inamla irəliləməsinə, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermiş­dir. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər milli dövlətçi­lik tariximizin şərəfli qürur səhifəsinə çevril­mişdir. 

Tarixi paralellər aparsaq, görərik ki, əgər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdisə, Prezident İlham Əliyev ölkəni ulu öndərin vəsiyyətinə əməl edərək ərazi bütöv­lüyümüzün itirilməsi təhlükəsindən qurtardı. Bunların hər ikisi – müstəqillik və ərazi bü­tövlüyü tarixi xilaskarlıq missiyasının bir-bi­rini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Bu, siyasi varisliyin ən bariz nümunəsidir.

 

Əli HÜSEYNLİ,
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Siyasət