Heydər Əliyev: Mən elə bir qərar verməmişəm

post-img

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində redaksiyamızın hörmətli qonaqlarından biri də Bakı Dövlət Universitetinin sabiq rektoru, respublikanın keçmiş təhsil naziri Misir Mərdanov oldu. Oxuduqlarımızdan və eşitdiklərimizdən, təbii ki, fəaliyyəti dövrü gözümüz önündə keçdiyindən bilirik ki, Misir müəllim Heydər Əliyev məktəbinin yetirməsi və ulu öndərin irsinə son dərəcə sədaqətli şəxslərdən biridir. Heydər Əliyev komandasının diqqət mərkəzində olan nazirlərindən biri kimi Misir müəllimin ulu öndərlə bağlı çox zəngin və son dərəcə maraqlı xatirələri var. Onunla söhbətimizin əsas mövzusu da məhz həmin xatirələrlə bağlıdır. 

− Misir müəllim, redaksiyamıza xoş gəlmisiniz. Heydər Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rekto­ru, sonra isə müstəqil Azərbaycanın təhsil naziri olmuş Misir Mərdanovun ulu öndərlə ilk tanışlığı, yəqin ki, bu təyinatlardan çox-çox əvvəllər başla­yıb?

− Bəli. 1975-ci ilin avqust ayı idi. O zaman Bakı Dövlət Universitetində do­sent vəzifəsində işləyirdim. Ali məktəb­lərə qəbul imtahanlarının qızğın vaxtı idi. Bir gün əvvəl bizə bildirdilər ki, sabah Heydər Əliyev qəbul imtahanlarının ge­dişini izləmək üçün universitetə gələcək. 

Həmin gün saat 12-də mən və qəbul imtahanında iştirak etməyən digər müəl­limlər auditoriyada oturub abituriyentlərin yazı işlərini yoxlayırdıq. Dəhlizdə müha­fizə xidməti görünəndə başa düşdük ki, Heydər Əliyev gəlir. Bir azdan Heydər Əliyev otağa daxil oldu. Onu MK katibləri, təhsil naziri, rektor, prorektorlar və başqa şəxslər müşayiət edirdilər. İlk dəfə idi ki, Heydər Əliyevi belə yaxından görürdüm. Ulu öndər gözləmədiyimiz bir şəkildə təhsil sistemində mövcud olan prob­lemlər, ali məktəblərdəki vəziyyət, qə­bul imtahanlarının ədalətli götürülməsi, müəllimlərin vicdanlı olması, aspirantura haqqında açıq söhbət etməyə başladı. Xeyli danışandan sonra düşünürdük ki, elə bu cür də çıxıb başqa auditoriyalara gedəcək. Amma belə olmadı. Sözünü bitirər-bitirməz, dedi ki, bəlkə kiminsə sözü var? Belə vəziyyətdə sual vermək cəsarət tələb edirdi və heç kəs gözləmirdi ki, kimsə haqqında əfsanələr gəzən Hey­dər Əliyevə sual vermək fikrinə düşər. Amma belə olmadı. Heydər Əliyev artıq səmimi söhbəti ilə auditoriyadakı gərgin­liyi aradan qaldırmışdı və bizimlə açıq dialoq üçün imkan yaratmışdı. Amma Heydər Əliyevi müşayiət edənlərin ək­səriyyətinin üzündən aydın oxunurdu ki, onlar bizim ulu öndərə sual verməyimizi istəmirlər. Buna baxmayaraq, fürsət­dən istifadə edən gənc professor Valeri Salayev daha cəsarətli tərpənib dedi: “Yoldaş Əliyev, mənim sualım var”. Dedi: “Buyur, eşidirəm, Professor dedi: “Sizin adınızdan göstəriş gəlib ki, məzunlar aspiranturaya qəbul olmamışdan əvvəl mütləq, ən azı, iki illik iş stajına malik olmalıdırlar. Amma bu halda biz yüksək elmi potensiala malik kadrları itiririk. Oğ­lanların çoxu iki illiyə hərbi xidmətə gedir və təhsildən uzaq düşür. Onlar gərək öz ixtisasları üzrə fasiləsiz məşğul olsunlar. Məsələn, mən ixtisasca riyaziyyatçıyam”.

Təhsil naziri, rektor, partkom nara­hat görkəmdə Valeriyə, sonra da Heydər Əliyevə baxdılar. Hamı birinci katibin bu qəfil suala necə reaksiya verəcəyini gözləyirdi. Heydər Əliyevin cavabı isə vəziyyəti xeyli yumşaltdı.

Ümummilli lider dedi: “Mən elə bir qərar verməmişəm. Mənim dediklərim humanitar sahələrə, xüsusilə hüqüqşü­naslara aiddir. Siz düz deyirsiniz, fun­damental elm sahələrində, o cümlədən fizikada, riyaziyyatda gərək məzunlar qarşısında belə tələb qoyulmasın”. Ya­nındakılara üzünü tutub dedi, bu məsələ­ni qaydaya salın. Bu gənc professor haqlıdır. Başqa kimin sualı var?” Burada­ca qeyd edim ki, professorun qaldırdığı məsələ bununla da öz həllini tapdı və fundamental elm sahələrində aspirantura təhsili almaq istəyən gənclərdən daha minimum iş stajı tələb olunmadı. 

Heydər Əliyevin gənc professorun sualına reaksiyası, başqalarını da cə­sarətləndirdi. Bu dəfə elmlər namizədi Binəli Musayev əlini qaldırdı və Heydər Əliyevin işarəsindən sonra dedi: “Yoldaş Əliyev, mənim 32 yaşım var. Ailəliyəm, 3 övladım var. Amma hələ də mənzilim yoxdur. Kirayədə yaşayıram. Belə şə­raitdə elmlə məşğul olmaq çox çətin­dir. Xahiş edirəm, mənzil problemimin həllində kömək göstərəsiniz”. Bu sual Heydər Əliyevlə gələnlərin qətiyyən ürə­yincə olmadı və çox narahat baxışlarla respublika rəhbərinin cavabına diqqət kəsildilər. Məhz bu suala cavabından sonra Heydər Əliyevin bir daha nə qə­dər böyük şəxsiyyət olduğuna heyran oldum. Ulu öndər gülümsünüb dayan­madan Nyuton, Eynşteyn və ona yaxın dünyalarca məşhur alimin adını çəkdi və onların normal məişət şəraitləri olmadan elmdə əldə etdikləri yüksək nailiyyətləri sadaladı. Sonra isə dedi: “Müəllim, siz bilirsinizmi, bu alimlərin əksəriyyəti öz elmi əsərlərini rahat şəraitləri olmadan, əsasən, kitabxanalarda yaradıblar?! Hətta döşəmədə əsərlər yazan alimlər də olub. Ona görə də alimin kəşflər etməsi üçün evin olması əsas şərt deyil. Əlbəttə, ev olsa, yaxşıdır. Mən həmişə çalışıram ki, nəinki alimlərimiz, hər bir vətəndaşı­mız normal şəraitdə yaşasın. Sizə də imkan daxilində kömək göstəriləcəkdir”. Ümummilli lider, hətta onu da dedi ki, sizə ev verərik, amma sizin həyat yoldaşınız deyəcək, evə büllur çilçıraq, mebel və başqa əşyalar da lazımdır. Sənin maa­şın da buna çatmayacaq və məcbur olub başqa işlərlə məşğul olacaqsan”. Binəli müəllimə, həqiqətən də, müəyyən vaxt­dan sonra ev verdilər. İlk görüş məndə belə xoş təəssürat yaratdı. 

− Misir müəllim, azərbaycan­lı tələbələrin İttifaqın tanınmış ali məktəblərinə təhsil almağa göndəril­məsi ideyası bilavasitə Heydər Əliye­vin ideyası idimi?

− Azərbaycanda belə tədbirlər ötən əsrin 20-ci, sonra 30-cu illərində olub. Xalq Cümhuriyyəti dövründə hər il 100 azərbaycanlı tələbənin xaricdə təhsil al­mağa göndərilməsi halları olub. Amma sonralar bunu layiqincə həyata keçirmə­yiblər və az bir vaxtdan sonra unudu­lub. Lakin 1969-cu ildən respublikamıza rəhbərlik edən Heydər Əliyev bu məsələ ilə ciddi maraqlanmağa başlayıb. Təhsil məsələləri üzrə nazirliklərin və müvafiq orqanların rəhbərlərini çağıraraq məsələ­ni dərindən araşdırıb. Məsələn, soruşub neçə tələbə göndərmisiniz? Deyiblər, 50. Siyahını alıb baxıb, görüb ki, onların 45 nəfəri qeyri-millətdən olan tələbələrdir. Mərkəzi Komitənin katibini, təhsil nazirini danlayıb ki, bu yerlər azərbaycanlı tələ­bələrə ayrılıb. Niyə bura başqa millətlə­rin nümayəndələrini göndərirsiniz? O, bəzən bunu toplantılarda açıq söyləyirdi. Heydər Əliyev ilk vaxtdan bu məsələyə çox ciddi yanaşdı. Nəticədə, SSRİ-nin ayrı-ayrı tanınmış və nüfuzlu ali mək­təblərinə göndərilən azərbaycanlı tələ­bələrin sayı ildən-ilə artmağa başladı. Sonralar isə 800, bəzən min nəfər tələ­bəni respublikadan kənar ali məktəblərə oxumağa göndərirdik. Bu elə də sadə bir iş deyildi. Bir tərəfdən, mərkəzdən yerlər almaq lazım idi. Digər tərəfdən, o institutlar tələb edirdilər ki, abituriyentlər gəlib qəbul imtahalarını daxil olacaqları ali məktəblərdə versinlər. Heydər Əliyev deyirdi, yox, bizim uşaqlar rus dilini zəif bilirlər, imtahanları burada verəcəklər, orada isə gəlib təhsil müddətində rus dili­ni öyrənəcəklər. 

Həmin illərdə Bakı Dövlət Universi­tetində bu işlərə mən baxırdım. Əvvəlcə universitetə 200 yer verilirdi. Məsələn, bir il əvvəl bilirdik ki, Moskva, Leninqrad, Rostov və s. dövlət universitetlərinə nə qədər yer ayrılıb. Heydər Əliyev məsələ­ni elə qoymuşdu ki, periferiya ali məktəb­ləri olmasın, mərkəzi şəhərlərin nüfuzlu universitetləri olsun. Tələb edirdi ki, gön­dərilən tələbələr arasında azərbaycanlı­lar əksəriyyət təşkil etsin. 

Ulu öndərin bu məsələyə xüsusi diqqət yetirməsini və bu işi sevə-sevə həyata keçirməsini təsdiq edən faktlar­dan biri də bu idi ki, o hər il tələbələrin SSRİ-nin ali məktəblərinə yola salınma­sı mərasimlərində şəxsən iştirak edir, onların Moskvaya və başqa şəhərlərə aparılması üçün xüsusi təyyarələr ayrılırdı, yol xərci verilirdi. Eyni zaman­da, o, tələbələrimizin oradakı yaşayış şəraitinin təmin olunmasını daim diqqət­də saxlayırdı. Bundan əlavə, Heydər Əliyev hansı şəhərə gedirdisə, orada ilk görüşdüyü ali məktəbdə təhsil alan azər­baycanlı tələbələr olurdu. Onların təhsil aldığı ali məktəblərin rəhbərləri ilə görü­şürdü, tələbələrimizin təhsili ilə maraq­lanırdı, problemlərinin olub-olmamasını aydınlaşdırır və onların həllinə kömək edirdi. Çox vaxt belə səfərlər zamanı Azərbaycanın ali və orta təhsil naziri onu müşayiət edirdi.

Heydər Əliyev qısa müddətdə 15 min azərbaycanlı gənci SSRİ-nin ən nüfuz­lu ali məktəblərində təhsil almağa gön­dərib. Yeri gəlmişkən, 1998-ci il martın 25-də məni Azərbaycan Respublikası­nın təhsil naziri təyin edəndə qəbul etdi və 2 saata qədər mənimlə söhbət etdi, bir çox məslələrdən danışdı. Sonra dedi: “Sən bilirsənmi o zaman mən SSRİ-nin tanınmış ali məktəblərinə minlərlə azər­baycanlı tələbə göndərmişəm təhsil almağa?” Mən də ona ətraflı məlumat verdim. Dedi: “Bu çox yaxşı oldu. İndi sən mənim o adamlarla görüşümü təşkil edə bilərsənmi?” Cavab verdim ki, bəli. Dərhal hazırlıqlara başladıq və 1998-ci il avqustun 31-də indiki Heydər Əliyev Sarayında onun həmin dövrün məzunları ilə təntənəli görüşünü keçirdik. Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbay­canın Nazirlər Kabineti Heydər Əliyevin 100 illiyi münasibətilə yenə həmin salon­da “inaqarodnik” adı ilə məşhur olan hə­min məzunlarla görüş keçirdi. 

Yeri gəlmişkən, bununla bağlı bir xatirəmi danışmaq istəyirəm. Mən təh­sil naziri vəzifəsinə təyin olunandan bir müddət sonra günlərin birində Azərbaycanın keçmiş ali və orta ixtisas təhsili naziri Qurban Əliyev qəbuluma gəldi və görüşdük. O, Heydər Əliyevin müttəfiq respublikaların ali məktəblərinə tələbə göndərməsi haqqında çox ma­raqlı bir məqamı xatırladı və dedi: “Na­zir vəzifəsində işlədiyim vaxtlarda hər il iyul ayının ikinci yarısında Heydər Əliyev məni Moskvaya–SSRİ-nin ali və orta ixtisas təhsil naziri Yelyutinin qəbuluna göndərirdi. Deyirdi, “Get, otur Yelyuti­nin yanında, ona danışmışam, əgər ali məktəblərdə başqa respublikalar üçün nəzərdə tutulmuş yerlərdən boş qalanları varsa, o, həmin yerləri Azərbaycana verə­cək. Get, onunla bu məsələləri müzakirə et! Hər il gedirdim və Yelyutin məni çox hörmətlə qəbul edirdi və deyirdi, Heydər Əliyeviç mənimlə danışıb. Hər gələndə 100-200 yer gətirirdim ki, azərbaycanlılar qəbul olunub gedib oxusunlar.”

Daha bir vacib məsələ də Heydər Əliyevin hərbi kadrlar hazırlanmasına xüsusi əhəmiyyət verməsi idi. O bilirdi ki, azərbaycanlı gəncləri tikinti hərbi his­sələrinə xidmətə aparırlar və onlara hər­bi peşələri öyrənməyə imkan vermirlər. Ümummilli lider o zaman məsələ qoydu ki, hər il SSRİ-nin hərbi məktəblərinə 200-300 azərbaycanlı gənc qəbul edil­məlidir. Buna da nail oldu. 

Heydər Əliyevin bundan da vacib və son dərəcə əhəmiyyətli xidmətlərindən biri də məhz onun ciddi səyləri nəticə­sində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. Bu da çox böyük çətinliklə yaradıldı. Çünki o zaman SSRİ-nin iki şəhərində belə məktəb var idi. Heydər Əliyev Moskvanı çox incə bir siyasi gedişlə razı saldı ki, Azərbaycanda da belə məktəb açılsın və onun açılışı­nı Oktyabr inqilabı gününə saldı ki, buna başqa don geyindirməsinlər. İndi bu mək­təbin yüzlərlə zabiti müstəqil Azərbayca­nımızın Silahlı Qüvvələrinin əsas general və zabit korpusunu təşkil edir. 

− Misir müəllim, bildiyimə görə, Moskva Heydər Əliyevə müstəqil hərbi məktəb deyil, Naximov və ya Suvorov adına hərbi məktəblərin filiallarının açılmasını təklif edib. Amma Heydər Əliyev bu təklifi qəbul etməyib...

− Bəli, düz deyirsiniz. Mən bir qədər bu məsələnin tarixçəsini öyrənib kitabım­da da qeyd etmişəm. Heydər Əliyev bu məsələdə çox diplomatik bir gediş edib. O zaman bu tədris ocağına hərbi məktəb adı qoymadı, çünki Kremldə buna imkan verməzdilər. Heydər Əliyev həmin illərdə Azərbaycanın təhsil naziri olan Mehdi Mehdizadəyə tapşırıb ki, Maarif Nazirli­yinin kollegiya iclasını çağırsın və orada internat məktəblərinin vəziyyətini müza­kirə etsin. O vaxt Bakıda bu tipdə riya­ziyyat və kimya təmayüllü internat mək­təbləri var idi. Mehdi müəllimə tapşırır ki, məsələ qaldırın ki, Azərbaycanda hərbi təmayüllü məktəbin açılmasına ehtiyac var. Maarif Nazirliyi də onun dediyi kimi kollegiyada belə bir qərar çıxarıb Azərbaycan KP MK-ya göndərir. Heydər Əliyev onu müzakirə edir və Moskvaya deyir ki, biz hərbi təmayüllü internat mək­təbi açırıq. 

Onu da deyim ki, Heydər Əliyev san­ki o məktəblə nəfəs alırdı. Mən şəxsən buna şahidəm. Nazir kimi fəaliyyətə başlayandan sonra hər il mayın 10-da, Heydər Əliyevin ad günündə bütün döv­lət adamları, nazirlər gedib Cəmşid Nax­çıvanski adına Hərbi Liseyin kənarında düzülürdük. Heydər Əliyev gəlib orada çıxış edir, müdavimləri və müəllimləri təb­rik edirdi. Ümummilli liderin 2002-ci ildə hərbçi gənclər qarşısındakı o heyrətamiz çıxışını, yəqin ki, xatırlayırsınız. Biz zalda oturmuşduq. Heydər Əliyev tribunada çıxış edəndə qəfildən dedi, “məni vurdu­lar” və yıxıldı. Bütün salon lərzəyə gəldi. Hamı dəhşət içində idi. Mühafizəçilər apardılar və 20 dəqiqəlik fasilə elan olun­du. Düşünürdük ki, o qayıtmayacaq. Bir də baxdıq ki, Heydər Əliyev yenə həmin əzəmətlə gəldi. Tribunada çıxışını davam etdirdi və bir də yıxıldı. Sonralar dedilər ki, ikinci dəfə yıxılanda onun yeddi qabır­ğası sınıbmış. Həkimlər, mühafizəçilər, qohum-əqrəba yalvarıb ki, olmaz, sən xəstəxanaya getməlisən. Deyib: “Yox, mən nitqimi bitirməliyəm”. O, üçüncü dəfə salona gəldi, çıxış etdi və salonu mətin addımlarla tərk etdi.

Bu gəlişi ilə Heydər Əliyev sübut etdi ki, o, Ali Baş Komandandır. Ali Baş Ko­mandan zabit və müdavimlərin qarşısın­da salonu ayaq üstə tərk etməlidir. Belə bir insanın iradəsinə, dözümünə, qətiyyə­tinə necə heyran olmamaq olar?! Heydər Əliyev birinci dəfə yıxıldıqdan sonra get­səydi, o, Heydər Əliyev olmazdı. Heydər Əliyev salonu yıxılmış vəziyyətdə tərk etsəydi, 44 günlük Vətən müharibəsin­də qələbəmiz olmayacaqdı. Məhz həmin gün o salonda böyük qələbəmizin əsası qoyuldu. 

– Heydər Əliyev sizin həyatınız­da, yaddaşınızda daha necə və nə ilə qalıb?

− Mən Qərbi azərbaycanlıyam və orta məktəbi də orada bitirmişəm. Atam Qərbi Azərbaycanda müxtəlif vəzifələrdə işləyib. Ona görə də yüksək vəzifəli er­mənilərlə münasibəti olub. Mən 1969-cu ildə universiteti bitirəndən sonra Bakıda işləməyə başladım. Atam hərdən Bakıya, yanıma gələrdi və deyərdi: “Ermənilər danışır ki, Azərbaycana təzə bir rəhbər gəlib, Heydər Əliyev. O, çox böyük adam olacaq. Ondan çox qorxurdular və ehti­yat edirdilər”. O adam da Ermənistan KP MK-nın katibi olub və deyib: “Cumayil, o (Heydər Əliyev) çox qabiliyyətli və iste­dadlı bir adamdır”. Qorxa-qorxa danış­maqlarının da səbəbi o olub ki, çirkin niy­yətlərinin qarşısını kəsəcək bir adamın hakimiyyətə gəldiyini başa düşüblər.

Həyat tarixçəmdə Heydər Əliyevin imzası, məni heç bir adamım olmaya-ol­maya Bakı Dövlət Universitetinə rektor təyin etməsidir. İl yarım orada işləyəndən sonra məni Azərbaycan Respublikasının təhsil naziri təyin edib. Mənə Əməkdar elm xadimi fəxri adı verib. Bundan artıq və bundan böyük nə ola bilərdi həya­tımda? Əgər o mənə etimad göstəribsə, demək məni layiq bilib, etibar edib. 

− Misir müəllim, Heydər Əliyevin qovluq məsələsi ilə bağlı dolaşan söhbət xalq yaradıcılığıdır, yoxsa, həqiqətən, siz belə bir qovluğu ona vermisiniz?

− Burada xalq yaradıcılığından söh­bət gedə biməz. Çünki bu qovluq məsələ­sinin əsas icraçısı mənəm. Hadisə belə olub: 1992-ci ilin sonlarında BDU-nun prorektoru işləyirdim. Bir gün köməkçim dedi ki, universitetin arxiv müdiri gəlib sizinlə görüşmək istəyir. Qəbul elədim. O dedi: “Misir müəllim, bilirik ki, siz Heydər Əliyevin tərəfdarısınız. Cəbhəçilər gə­lib, arxivdə Heydər Əliyevin qovluğunu axtarırlar”. Dedim: “Heydər Əliyevin nə qovluğu ola bilər arxivdə?” Həqiqətən, Heydər Əliyevlə bağlı bir qovluq var imiş və AXC hakimiyyətinin təmsilçiləri də məhz o qovluğu axtarırmışlar. Qadın da Heydər Əliyevə sevgisindən qovluğu heç kimə verməyib və seyfdə gizlətmişdi. Sürücümü çağırıb dedim ki, dərhal arxivə gedib həmin qovluğu gətirsin. Düzü, özüm də ehtiyat edirdim ki, görəsən, orada hansı sənədlər ola bilər. Amma onu axtaranların da xoş niyyət güdmə­dikləri bəri başdan məlum idi. Çünki ölkədə Heydər Əliyev tərəfdarlarının sayı getdikcə artırdı. AXC hakimiyyəti ulu ön­dərin hakimiyyətə doğru yolunu müxtəlif vasitələrlə əngəlləməyə çalışırdı. Ola bilsin, həmin qovluqdan Heydər Əliyevə qarşı istifadə edə biləcəkləri hansısa sənədin çıxacağına ümid edirdilər. Bir az­dan qovluq artıq məndə idi. Axşam onu özümlə evə apardım. Baxdım, ilahi nələr var burda. Heydər Əliyevin Naxçıvan Pe­daqoji Məktəbini bitirməsi haqqında at­testat, universitetə qəbulla bağlı rektorun adına yazdığı ərizə, bütün yazı işləri və imtahanlardan aldığı qiymətlər haqqında sənədlər. Başqa bir maraqlı sənəd isə Heydər Əliyevin apellyasiya imtahanı tələbi idi. O, universitetin tarix fakültə­sinə qəbul zamanı bütün fənlərdən “əla” qiymət alır. Yalnız rus dilindən yazdığı inşaya “yaxşı” qiymət verdiklərinə görə etirazını bildirir. O zaman Heydər Əliyev artıq DTK-nın mayoru idi, görkəmli ədə­biyyatşünas alim Cəfər Xəndan isə uni­versitetin rektoru vəzifəsində çalışırdı. Məsələ rektora da çatır. Cəfər Xəndan onu qəbul edir, məsələni aydınlaşdır­maq üçün qəbul komissiyasının məsul katibini yanına çağırır. Rektor öyrənir ki, Heydər Əliyev artıq universitetə qəbul olunub. Yəni, qiymətin “əla” və ya “yaxşı” olmasının nəticəyə heç bir təsiri yoxdur. Bunu görəndə Heydər Əliyevin apellya­siya tələbinə təəccüblənir. Amma Heydər Əliyev xahiş edir ki, apellyasiyaya şərait yaradılsın. Nəhayət, apellyasiya nəticə­sində onun yazı işinin “əla” qiymətə layiq olduğu aydınlaşır. 

Heydər Əliyev ömrü boyu hər işdə mükəmməlliyə, ən yüksək səviyyəyə nail olmağa çalışan nadir bir şəxsiyyət idi. Qovluqdakı sənədləri vərəqlədikcə bu­nun şahid olurdum. Bunu mən rəhmətlik Cəlal müəllimə dedim. O dedi ki, özündə saxla, görüşəndə verərsən.

1997-ci il fevralın 16-da Prezident Aparatından mənə zəng vurdular. Murtuz Ələsgərov artıq Milli Məclisin sədri idi. Mən isə prorektor kimi onu əvəz edirdim. Bilirdim, artıq nə məsələdir − rektor və­zifəsinə təsdiq edilmək üçün Prezidentin qəbuluna dəvət edirdilər. Qovluğu ulu öndərə təqdim etdim. Açdı, elə birinci Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqqında attestatı götürüb baxdı və dedi: “Necə olub ki, bu sənədləri qoruyub sax­laya bilmisiniz? Mən onları neçə illər ax­tarmışam. Xüsusən, Naxçıvanda aldığım attestatın bu qovluqda olması məni çox sevindirdi”... Attestatda bütün qiymətlər əla idi. Onda da ki Heydər Əliyev Mərkə­zi Komitənin birinci katibi deyildi ki, ona əla yazsınlar. Həmin qovluqdakı sənədlər əsasında sonralar biz professor Əli Əh­mədovla “Heydər Əliyev və Bakı Dövlət Universiteti” kitabını nəşr etdirdik. Heydər Əliyev haqqında yazdığım kitab üzərində işləyərkən başa düşdüm ki, ulu öndərin irsini hələ tam dolğunluğu ilə Azərbaycan cəmiyyətinə çatdıra bilməmişik. Çoxları elə bilir ki, Heydər Əliyev hakimiyyətdə olub, elə bir çətinlik görməyib. Amma bu, yanlış təsəvvürdür. Heydər Əliyevin həyatında elə çətin, mürəkkəb, ağla sığ­mayan çətinliklər olub ki, eşidəndə heyrət edirsən ki, yəni Heydər Əliyevə qarşı da belə ədalətsizlik etmək olarmı?

Birini danışım, qoy oxucularınız da agah olsun. Təsəvvür edin, Heydər Əliyev 25 il milli təhlükəsizlik sistemində çalışıb. Bu qurumu təşkil edib, milliləş­dirib, savadlı, ağıllı kadrlar yetişdirib. 1969-cu il iyulun 14-də Azərbaycana rəh­bərlik etməyə başlayıb. 14 il Azərbayca­nı qurub, xarüqələr yaradıb, misilsiz xid­mətlər göstərib və bu ölkəni ən yüksək səviyyəyə qaldırıb. Moskvaya gedəndə yaşadığı evin açarını qardaşı Cəlala verib ki, al, bu, səndə qalsın. Rəhmətlik Cəlal müəllim danışırdı: “1989–1990-cı illər idi. Günlərin bir günü Mərkəzi Ko­mitədən mənə zəng etdilər ki, o evi bo­şaltmaq lazımdır. Soruşdum, niyə? De­dilər, ora birinci katiblər üçündür, Heydər Əliyev üçün deyil ki”. O binada yaşa­yan bir nəfər mənə danışırdı ki, səhər balkona çıxdım və gördüm, Cəlal Əliyev balkonda əsəbi halda gəzişir. Bu məqam­da binamızın həyətinə iki mebel maşını gəldi və arxalarını verdilər bloka. Qalxdı­lar Heydər Əliyevin evi olan mərtəbəyə. Qapını açıb, bütün əşyaları çıxarıb ma­şına yüklədilər, qapını bağlayıb və açarı götürüb çıxıb getdilər”. 

Təsəvvür edin, Bakını tikən, bütün Azərbaycanı bəzəyən kişi paytaxta gəlir və yaşamağa yeri yoxdur. Üç gün Cəlal Əliyevin iki otaqlı evində qalır. Kim buna dözər? Heydər Əliyev dözür. Bu da bir yana. Heydər Əliyev qardaşı Cəlalla yük təyyarəsində Naxçıvana gedir. Təyyarə­dən düşəndə naxçıvanlı kişi onları görür və deyir: “Ay gidi dünya, gör, nələr baş verir. Vaxtı ilə sən bura gələndə pişva­zına rəhbərlər çıxardı, pionerlər qarşıla­yardı, limuzinlər yan-yana düzülərdi. İndi köhnə bir “Jiquli”də aparırlar səni”. Bütün bunlardan sonra yenidən siyasətə qayıt­maq, öz yerini tutmaq... Yox, bu, hər kişi­nin işi deyil. Bunu ancaq Heydər Əliyev bacarardı və bacardı da.

(ardı var)

 

Söhbəti qələmə aldı,
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

Müsahibə