“Jak Şirak Heydər Əliyevin sərt iradına cavab tapmadı”

post-img

Müsahibimiz 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmiş və hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdir.

II söhbət

– 2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasi­bətilə rəsmi mərasim keçirilib və quru­mun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb. Həmin tədbir zamanı Heydər Əliyev Ermənistanın preziden­ti Köçəryanla qarşılaşmışdı. Ulu öndər belə məclislərdə işğalçı dövlətin rəh­bəri ilə görüşləri hansı əhval-ruhiyyə ilə keçirirdi? Bu görüşlərdən sonra si­zinlə nəsə danışırdımı?

– Əvvəla onu deyim ki, Robert Köçəryan tipik erməni xislətinə və anadangəlmə həyasızlığına baxmayaraq Heydər Əliyevin qarşısında çox əl-qol aça bilmirdi. Xüsusən, 1969-cu ildən son­ra Qarabağın dağlıq hissəsinin sosial-iq­disadi inkişafı baxımından Azərbay­can rəhbərliyinin gördüyü genişmiqyaslı quruculuq işlərindən söhbət düşəndə həmin dövrdə keçmiş Stepanakert (Xankəndi) elektromexanika zavodunun sıravi mühəndisi olan “Robik” deməyə söz tapmırdı. Çünki separatçıların hakimiyyəti qəsb etdikləri bir neçə il ərzində Qarabağın orta statistik erməniləri üçün həyat nəinki yaxşılaşmış, əksinə, əvvəlkindən də qat-qat çətin və ümidsiz olmuşdu.

Bir dəfə o, “Siz muxtar vilayətin milli tərkibini dəyişirdiniz” – deyə eti­razını bildirməyə çalışdı. Heydər Əliyev sərt səslə “Respublikanın başçısı mən idim. Harada nə etmək lazım olduğunu mən bilirdim. Buna görə məsuliyyət daşıyırdım” – dedi. Sonra güclə sezilən istehza ilə gülüb: “Yaxşı, necə bilirsiniz, ermənilər Gəncədə, Şamaxıda, Qubada yaşaya bilərdilər, amma azərbaycanlılar öz torpaqları olan Hadrutda, Martunidə yaşaya bilməzdilər?” – deyə soruşdu. Təbii ki, qarşı tərəfin cavab üçün heç bir arqumenti yox idi.

Başqa bir dəfə isə Heydər Əliyev nəqliyyat blokadasının aradan qaldırıl­ması ilə bağlı Ermənistanın mövqeyi ilə maraqlandı. Məsələn, dəmir yolunun açılacağı təqdirdə təkcə Naxçıvanın deyil, Ermənistanın da vəziyyətinin müsbətə doğru dəyişəcəyini dedi. Köçəryan iddialı şəkildə:

– Biz artıq iqtisadiyyatı ənənəvi relslərdən çıxarmışıq. Ölkəyə milyonlarla dollar qazanc gətirmək üçün keçmişdəki kimi dəmiryol eşelonlarına ehtiyac yox­dur. Sadəcə, təyyarədə bir sərnişin yeri və diplomat dolu mal milyonlarla dollar gəlir əldə etməyə imkan verir, – dedi.

Həmin dövrdə almaz cilalanması sahəsində Ermənistanın ingilis-ameri­kan mənşəli “De Beers” korporasiyası ilə əslində daha çox baş separatçının ailə biznesi kimi tanınan şübhəli işbirliyi vardı. Köçəryan da yəqin ki, eşelonlarla mal­dan çox qazanc gətirməyə imkan verən qeyri-ənənəvi iqtisadiyyat deyəndə bunu nəzərdə tuturdu.

Heydər Əliyev xəfif istehza ilə gülümsəyərək:

– Pulları da geri diplomatlarla daşıyırsınız? – deyə soruşdu.

Görünür, Köçəryan deməyə söz tap­madığından özünü eşitməzliyə vurdu...

Avropa Şurası ilə bağlı məsələyə gəldikdə isə Azərbaycan və Ermənistan bu qurumun üzvlüyünə qəbul olunan­dan dərhal sonra Strasburqda iki ölkənin prezidentləri arasında əslində formal xarakter daşıyan bir görüş keçirildi. Görüş başa çatanda protokol qaydasında əvvəl­cədən razılaşdırıldığı kimi, binadan birinci ermənilər, ikinci isə biz çıxmalı idik. Hamı ümumi girişə tərəf getdi. Qapıya bir neçə addım qalmış Köçəryan ayaq saxlayıb Heydər Əliyevlə vidalaşdı. Prezident “Bir dəqiqə”- deyə onu dayandırdı.

– Çoxdan soruşmaq istəyirdim, – dedi. – Mənim vaxtımda – 1982-ci ildə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmiş­di. Yəqin ki, vilayət komsomol komitəsinin məsul işçisi kimi təntənəli açılış mərasi­mində siz də iştirak etmişdiniz. Vaqif bizim böyük şairimizdir. Həm də görkəmli dövlət xadimidir. Qarabağ xanının vəziri olub. İndi məqbərə nə vəziyyətdədir? Yoxsa onu da uçurmusunuz?”

Köçəryan üzünə saxta diqqətcillik ifadəsi verməyə çalışaraq:

– Bizim başımız açılana qədər mərmər plitələri sökmüşdülər, alüminium şəbəkələri qoparıb aparmışdılar. Amma gövdəsi bütünlükdə qalır – dedi.

Heydər Əliyev çox güman ki, düşünülmüş şəkildə diplomatik etiketi pozub daha ehtiramlı səslənən “siz”dən “sən”ə keçdi:

– Ümid edirəm ki, özün bu işə əl bu­lamamısan” – sözləri ilə söhbətə yekun vurdu.

– Nə danışırsınız, Heydər Əliyeviç, nə danışırsınız? – Köçəryan bu sözləri deyib arxasına baxmadan uzaqlaşdı.

Maşınların verilməsini gözləyirdik. Prezident heç kimə müraciət etmədən, sanki öz-özü ilə danışırmış kimi dilləndi:

– Gözünün içinə kimi yalan danışır. Quldurbaşının böyüyü özüdür.

Həmin anda Heydər Əliyevin sifətində ən müxtəlif hisslərin qammasını görmək mümkün idi. Burada həm qurduğunu uçurub xaraba qoyan barbarlara nifrət, həm əzilib-büzülən erməni liderindən iyrənmək, həm onun və bandasının günün birində törətdikləri bütün cinayətlərə görə Azərbaycan xalqı qarşısında cavab verəcəkləri ilə bağlı bir qətiyyət vardı.

– 2001-ci ildə Parisə rəsmi səfər və Jak Şirakla görüşü zamanı Heydər Əliyevin “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyətinə cəlbetmə haqda Fransa Senatının müzakirəsinə çıxarılan qanun layihəsini sərt şəkildə qınaması ermənipərəst ölkənin rəh­bərliyi tərəfindən necə qarşılandı?

– Fransa Prezidenti Jak Şirakın işğa­la məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında sülhyaratma təşəb­büsləri fonunda qəbul olunan bu qanun layihəsi Qərbin, xüsusən də ən çığırğan ermənipərəstlik mövqeyində dayanan Fransanın ədalət prinsipindən nə qədər uzaq olması, ikili standartlara üstünlük verməsi haqda aydın təsəvvür yaradır. 

Ədalət naminə deməliyəm ki, Heydər Əliyevə şəxsiyyət və dövlət başçısı kimi böyük önəm verən dünya liderləri arasında Jak Şirakın da yeri var. Pari­sin məşhur Yelisey Sarayında, iki dəfə, rəsmi təmaslar zamanı və nahar masası arxasında onların maraqlı söhbətlərinin dinləyicisi olmuşam. Tərcüməçi vasitə­si ilə danışan iki dünyagörmüş insan və siyasətçi arasında əslində bəzən dilə və sözə ehtiyac duyulmayan anlaş­ma, ünsiyyət, fikir ümumiliyi yarandığını gözümlə görmüşəm. Ölkəmiz böyük liderini itirdiyi günlərdə Jak Şirak demiş­di: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirdim”.

Maraqlıdır ki, Prezident Heydər Əli­yev Jak Şirakla 2001-ci ilin yanvar ayın­da baş tutan ilk görüşündə onu müəyyən dərəcədə təəccübləndirdi. Yəni səfəri­nin əsas məqsədinə – ölkəsi ilə bağlı məsələlərin müzakirəsinə keçməzdən əvvəl “erməni soyqırımını” inkara görə cinayət məsuliyyətinə cəlb etmə haqda Fransa Senatının gündəliyinə çıxarılan birtərəfli qanun layihəsini sərt şəkildə qınadı. Bunun fikir azadlığı və sərbəst özünüifadə ilə bir araya sığmadığını bildirdi və dünya miqyasında Fransanın demokratik imicinə ziyan vuracaq yan­lış addım kimi dəyərləndirdi. Jak Şirak özünü elə itirmişdi ki, əvvəlcə deməyə bir söz tapmadı. Sonra isə Fransadakı erməni diasporunun gücündən və geniş əlaqələrindən danışmağa başladı. Azər­baycan Prezidentinin Yelisey Sarayındakı cəsarətli çıxışı beynəlxalq miqyasda Tür­kiyənin müdafiəsinə göstərilən ilk təşəb­büs idi. Həm də Azərbaycan–Türkiyə qardaşlığının nümayişi idi.

Heydər Əliyevin Türk dünyası adına cəsarətli çıxışı Ankarada güclü təəssürat buraxmışdı. Biz Parisdən qayıdandan bir neçə gün sonra Türkiyə səfiri Qədri Ecvet Tezcan Heydər Əliyevi ziyarət edib prinsipial mövqeyinə görə dövlət başçısı Əhməd Necdət Sezerin təşəkkürünü çat­dırmışdı.

Parisdə aparılan danışıqlara qayıdaq. Görünür, Şak Şirak qonaqdan belə sərt irad gözləmirdi. Ona görə bir xeyli sus­du. Sonra isə Fransanın 800 min nəfərlik türk icmasının 500 min nəfərlik erməni icması ilə müqayisədə ölkənin ictimai-si­yasi həyatına az nüfuz etdiyini, fransız cəmiyyətinə inteqrasiya olunmadığını, baş verən proseslərlə maraqlanmadığını, Parisdə “petit Turkiyə” (“kiçik Türkiyə”) yaradıb ənənəvi, hətta qapalı həyatlarını yaşadığını deməklə qərara haqq qazan­dırmağa çalışdı. Amma Heydər Əliyevi inandıra bilmədi.

– 2002-ci il aprelin 23-24-də Aşqa­badda Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı Xəzəryanı dövlət başçılarının sammitində Heydər Əliyevlə Türkmənistan Prezidenti Sa­parmurad Niyazov arasında mübahisə baş vermişdi. 20 il sonra o barədə bir açıqlama vermək mümkündürmü? 

– Toxunduğunuz məsələ haqda xalq yazıçısı Elmira Axundovanın “Heydər Əli­yev: Şəxsiyyət və zaman” kitabında mə­nim qeydlərim əsasında ətraflı söz açılıb. 2002-ci ilin aprel ayında Xəzəryanı dövlət başçılarının ilk Zirvə görüşünün təşkilat­çılığını üzərinə götürən o zamankı Prezi­dent Saparmurad Niyazov-Türkmənbaşı Azərbaycana münasibətdə özünü heç də qonaqpərvər ev sahibi kimi aparmırdı. Hətta bir ara ölçü hissini tamam itirərək dəniz akvatoriyasında türkmən tərəfinin mübahisəli saydığı, əslində isə Azərbay­cana aid olan və indi istismar etdiyimiz yataqlarla bağlı “Xəzərdən qan qoxusu gəlir” kimi məsuliyyətsiz ifadəni də dilinə gətirmişdi. 

Sammit günlərində çox iddialı davranır, necə deyərlər, “parada ko­mandanlıq etdiyini” hər vasitə ilə nəzərə çarpdırmağa çalışırdı. Hamı “dress koda”– geyim formasına ciddi əməl etdiyi halda iclasa, görüşlərə, ziyafətə qalstuk­suz, qolsuz köynəkdə gəlirdi. Xəzəryanı dövlət başçılarının – Putin, Nazarbayev və Xatəminin yaşına, həyat təcrübəsinə görə böyük ehtiramla yanaşdıqları Hey­dər Əliyevə “sən” – deyə müraciət etmək kimi etika, etiket və protokola sığış­mayan hərəkətə yol verirdi.

Prezidentin yanında oturmuşdum. Türkmənbaşının iddialı çıxışından sonra başını bulayıb dedi: „Mən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda bu adam Mərkəzi Komitənin təlimatçısı idi. Tədbirlərdə, iclaslarda bir yol tapıb gözümə görünmək, salam vermək üçün fürsət axtarırdı. Bəzən səhərlər gəlib qəbul otağımda dayanırdı ki, işə gələndə onu görüm, salamlaşım. İndi gör vəzifə bunun ağlını necə çaşdırıb, beynini necə dumanlandırıb!”

Nahar masası arxasında söylədi­yi nitqdə Heydər Əliyev türkmən liderin bütün irad və iddialarını diplomatik etiket çərçivəsində, nəzakətlə, amma etiraza yer qoymayan məntiq və inandırıcılıqla puça çıxardı. 

Ertəsi gün Türkmənbaşı yüksək qonaqları cins Axaltəkə atlarına bax­mağa dəvət etmişdi. Amma yalnız Pu­tin razılıq vermişdi. Ev sahibi Heydər Əliyevin də iştirakını çox istəyirdi. Hətta təkid edirdi. Prezident zarafatyana, amma böyük sətiraltı mənası olan bir tərzdə boyun qaçırdı:

– Sapar Atayeviç, – dedi, – mən bura­da sənin özünlə dil tapa bilmirəm, gedib orada atlarınla necə danışacağam?..

– Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasından, münaqişənin həll olunmamasının və bunun da nəticəsində işğalın uzanmasından elə bilirəm ki, Heydər Əliyev qədər nigarançılıq keçirən, xiffət çəkən, acı yaşayan ikinci adam az olar. Bütün bu hisslər onun Ermənistan prezidenti, Minsk qrupunun üzvləri və başqa beynəlxalq qurumun nü­mayəndələri ilə danışıqlarında özünü necə büruzə verirdi? 

– Şübhəsiz, müstəqil Azərbaycanın dövlət başçısı kimi on illik gərgin fəaliyyəti dövründə erməni işğalının acı nəticələrinin aradan qaldırılması Heydər Əliyev üçün ən ümdə vəzifə olaraq qa­lırdı. Milli Məclisin Qarabağ münaqişəsi­nin sülh yolu ilə həlli yollarına həsr edilmiş 23 fevral 2001-ci il tarixli xüsusi iclasındakı yekun sözündə bu məsələnin gündəlik fəaliyyətində tutduğu yerə tox­unaraq demişdi: “Vilayət Quliyev burada məlumat verdi. Ancaq mən də bir neçə rəqəm demək istəyirəm. Bilirsiniz, 1993-cü ildən indiyə qədər mən 68 ölkənin dövlət başçısı, prezidenti ilə 485 görüş keçirmişəm. ABŞ prezidenti, dövlət kat­ibi ilə 18 dəfə bu məsələni müzakirə etmişəm. Fransanınkı ilə 16 dəfə, Rusi­yanınkı ilə 28 dəfə. Türkiyə rəhbərliyinin hamısı ilə dəfələrlə – 78 dəfə”. 

Münaqişənin nəticələrini az itki ilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütünlüyünü qorumaq, qaçqın və köçkün­lərin həyat şəraitini yaxşılaşdırmaq, dün­ya birliyini xalqımızın üzləşdiyi haqsızlıqla yaxından tanış etmək – Heydər Əliyevin daxili və xarici siyasət kursunda daim diqqət mərkəzində saxladığı məsələlər idi. Bir dəfə Təhlükəsizlik Şurasının iclasında səmimi şəkildə etiraf etmişdi ki, bəzən təxirəsalınmaz, həllini gözləyən bütün bu problemlərin ağırlığı altında səhərə qədər gözünə yuxu getmir.

Tərəf-müqabillərin münaqişənin tarix­inə və mahiyyətinə bələdliyindən, həlledi­ci söz demək imkan və səlahiyyətlərindən asılı olaraq danışıqlar fərqli mövqedən aparılırdı. Köçəryanla daha çox müm­kün qarşılıqlı güzəşt və şərtlərin spektri nəzərdən keçirilirdi. Azərbaycana ilk dəfə səfər edən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, müxtəlif beynəlxalq qurumların rəhbərləri ilə görüş zamanı Heydər Əliyev səbirlə münaqişəni doğuran saxta səbəblər, Ermənistanın haqsız ərazi iddiaları, dinc insanlara qa­rşı törədilmiş hərbi cinayətlər haqqın­da məlumat verir, çox zaman xəritənin köməyi ilə işğalın miqyasını göstərirdi. Minsk qrupunun həmsədrləri ilə söhbət əsasən sərt və tələbkar tonda aparılırdı. Prezident, bir qayda olaraq, onlardan re­giona son səfərlərindən sonra gördükləri işlər haqqında hesabat və Ermənistan tərəfinə göndərdiyi mesajların cavabını tələb edirdi. Ümumi sözlərlə kifayətlənmirdi, qaldırdığımız məsələlərin həlli istiqamətində gördükləri işlər barəsində konkret məlumat vermələrini istəyirdi. Təmsil etdikləri dövlətlərə və şəxslərə bəslədikləri hörmətə baxma­yaraq bəzən missiyalarının vaxt uzatmaq və baş aldatmaq olduğunu üzlərinə dey­irdi.

Amma Heydər Əliyev ən çətin məqamlarda da Azərbaycanın haqq işinin qalib gələcəyinə, torpaqlarımızın mütləq azad ediləcəyinə inanırdı. 2000-ci ilin may ayında, Prezidentin doğum günü ərəfəsində Minsk qrupu həmsədrləri işğal altındakı Qarabağdan keçib Bakıya gəlmişdilər. Amerikalı həmsədr Kerri Ka­vano ad günü hədiyyəsi kimi Ağdam məs­cidinin divarından qopmuş kaşı parçası gətirmişdi. Prezident qəribə hədiyyəni qəbul edərkən bir anlığa gözlərində yaş parladı, sonra isə polad kimi cingiltili səsi eşidildi.

– Hamı bilsin, ilk növbədə isə siz bilin, – deyə başı ilə həmsədrlərə işarə etdi. –Biz mütləq torpaqlarımızı azad edəcəyik. Ağdama, Şuşaya, işğal altındakı digər ərazilərə qayıdacağıq. Qoy heç kəsin zərrəcə şübhəsi olmasın.

Bu, həm də Azərbaycan Ordusuna verilən mesaj, əsgərlərimizin qarşısına qoyulan müqəddəs vəzifə idi. Ordumuz günbəgün gücünü, iradəsini, mətinliyini artıraraq 20 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şərəf borcu olan bu tarixi vəzifənin öhdəsindən gəldi. 

– Heydər Əliyev rəhbərlərindən biri olduğu keçmiş Sovet İttifaqınını dağıl­masına təəssüflənirdimi? “Ötən gün­ləri” nostalgiya ilə xatırladığı vaxtlar olurdumu? Belə hallar baş verirdisə, özünü nədə göstərirdi? 

– Gizlin deyil ki, Heydər Əliyevin həyatının və siyasi bioqrafiyasının böyük bir dövrü keçmiş SSRİ ilə bağlı olmuşdu. O, Siyasi Büro üzvü seçilən, Sovet İtti­faqının ali rəhbəliyində – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini (həmin dövrdə əslində hökumət başçısı kimi fəaliyyət göstərirdi) vəzifəsini tutan ilk azərbaycanlı idi. Keçmiş həmkarların­dan bir çoxunun nankorluğu, laqeydliyi ilə üzləşməsəydi, dövlət və xalq üçün daha böyük işlər görərdi. 

İnanıram ki, Heydər Əliyev həm sovet Azərbaycanına, həm də Sovet İttifaqına ürəkdən, sədaqətlə xidmət etmişdi. Eyni zamanda, SSRİ-nin imkan və potensi­alından yararlanıb “kiçik vətəni” üçün mümkün qədər çox iş görməyə, əslində, xalqını gələcək müstəqilliyə hazırlamağa can atan azsaylı milli liderlərdən olmuşdu. Lakin sonda sovet imperiyası, xüsusən də Qorbaçov kimi məkrli siyasətbazlar Heydər Əliyevin şəxsinə və mənsub olduğu xalqa münasibətdə xəyanət, qərəz və düşmənçilik yolunu tutmuşdular. Təsadüfi deyil ki, Azərbaycana böyük fəlakətlər gətirən Qarabağ münaqişəsi də ermənilərin əlində oyuncağa çevrilmiş Qorbaçovun təşəbbüsü ilə məhz azərbay­canlı liderin Siyasi Bürodan uzaqlaşdırıl­masından sonra başlanmışdı. Ətrafında cərəyan edən hadisələrin pərdə arxasını hamıdan yaxşı bilən Heydər Əliyev Moskvada keçirdiyi son illərdən söhbət düşəndə həmişə hiddətlənirdi. Dəfələrlə onun öz dilindən 1985-ci ildən sonra sovet rəhbərliyinin azərbaycanlılara digər xalqlar, ilk növbədə isə ermənilərlə müqa­yisədə ögey, hətta düşmən münasibət bəsləməsi haqqında kədər və qəzəb dolu sözlər eşitmişdim. 

Aydın məsələdir ki, ali sovet rəhbərli­yində təmsil olunduğu dövrdə Heydər Əli­yev SSRİ-nin dağılmasına yox, qüdrətlən­məsinə, zəngin yeraltı və yerüstü sərvətlərə malik ucsuz-bucaqsız ölkədə siyasi və iqtisadi islahatlar aparılmasına çalışırdı. Və bu barədə açıq danışmaqdan çəkinmirdi. Amma ömrünü uzatmaq üçün qan tökməkdən çəkinməyən imperiya içərisindən dağılmağa, Kommunist Parti­yası iflasa uğramağa başlayandan sonra Heydər Əliyevin təəssüflənməyə, keçmişi düşünüb nostalgiyaya qapılmağa nə vax­tı, nə də həvəsi vardı. Tale onun üzərinə Vətəninin xilaskarı olmaq, müstəqil Azər­baycan dövlətçiliyinin möhkəm təməlləri­ni atmaq kimi çətin və şərəfli vəzifə qoy­muşdu. Son dərəcə mürəkkəb dövrdə həmin tarixi missiyanın öhdəsindən yalnız Heydər Əliyev gələ bilərdi. Bu mənada, Azərbaycan Prezidenti siyasətin, sadəcə, mümkünü olanını həyata keçirmək sənəti olduğunu hamıdan yaxşı bilirdi və yersiz illüziyalara qapılıb keçmişin həsrəti ilə yaşamaqdansa, mövcud reallığın imkan­larından xalq və dövlətçilik naminə maksi­mum yararlanmağa çalışırdı. 

Amma təbii ki, istisnalar da olurdu. Ümumiyyətlə, heç bir insan hətta istəsə də tam mənada dünənə qayıdışdan, nos­talgiyadan uzaqlaşa bilməz. Xüsusilə, Rusiya paytaxtına səfərlər zamanı Hey­dər Əliyevin fikrən keçmişə döndüyünü, xatirələrə baş vurduğunu dəfələrlə müşahidə etmişdim. Bu da təbii idi. Çün­ki həyatının yorulmaz iş, quruculuq və fəaliyyət dolu beş ilini burada yaşamışdı. Daim böyük sevgi hissi ilə xatırladığı xanımı, tanıyanların yaddaşında nəcib insan kimi qalmış Zərifə Əliyevanı bura­da itirmişdi. Ən yaxşı illərini verdiyi par­tiyanın, sovet quruluşunun riyakarlığını, dəbdə olan ifadə ilə desəm, soysuzluğunu burada hiss etmiş, gələcək həyatının mühüm qərarlarını burada vermişdi. Hət­ta istəməsə də Moskva onu acılı-şirinli xatirələrə çəkib aparırdı. 

Bəlli nostalgiya hissini gəncliyinin yaddaqalan dövrünün – SSRİ DTK məktəbindəki təhsil həyatının (1949-1950-ci illər) bağlı olduğu Leninqrad (indiki Sankt-Peterburq) səfəri zamanı da sezmək mümkün idi. Yeri gəlmişkən, bu səfər bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Sankt-Peterburqda Rusiya Prezidenti V.V.Putinin iştirakı ilə dahi Azər­baycan şairi Nizami Gəncəvinin abidəsi­nin, vaxtı ilə DTK məktəbinin yerləşdiyi Qoroxov küçəsi, 6 ünvanda isə keçmiş məzun Heydər Əliyevin xatirə lövhəsinin açılışı oldu. Açılış mərasimində, xüsusilə də Rusiya mədəniyyət naziri Mixail Şvıd­koyun müşayiəti ilə Neva çayında kater gəzintisi zamanı Prezident gənclik illəri­nin maraqlı xatirələrini bölüşdü.

2000-ci ildən sonra Moskva səfərləri zamanı Rusiya rəhbərliyi həssaslıq nü­mayiş etdirib Heydər Əliyevin Kremldə­ki iş otağını Azərbaycan nümayəndə heyətinin sərəncamına verirdi. Şübhəsiz, beş il çalışdığı kabinet, onun divarları arasında cərəyan edən hadisələr Hey­dər Əliyevi fikrən keçmişə, dünənə qay­tarmaya bilməzdi. Təbii ki, təsəvvüründə müsbət və mənfi cəhətləri ilə müxtəlif insanlar, şirinliyi və acılığı ilə fərqli hadisələr canlanırdı. Keçmiş kabinetində Prezidentin biri-birindən maraqlı, ibrətamiz söhbətlərini, xatirələrini dinləmişik. Gizlətmirəm: o Brejnev, Andropov kimi sovet rəhbərlərindən müəyyən rəğbətlə söz açırdı. Xüsusən Brejnevin sadəliyini, ölkəmizə xoş münasibətini, Andropovun isə prinsipiallıq və qətiyyətini yüksək qiymətləndirirdi.

Mətbuatda da yazıldığı kimi, ötən əs­rin 90-cı illərində ucsuz-bucaqsız Rusi­yanın dərinliklərindən ədalət və həqiqət axtaran sadə adamların şikayət ərizələri­ni “Kremlə, yoldaş Əliyevə” ünvanlama­ları ilə bağlı maraqlı faktlar mövcuddur. Təbii ki, bütün bunlar keçmiş dövr üçün müəyyən nostalgiya yaratmağa, ən azı riqqətləndirməyə və təsirləndirməyə ye­tərli idi.

– Diplomatiya demokratiyanı sevməz. Amma zamanla qapalı qalmış müəyyən məsələlərə aydınlıq gətirmək mümkündür. Heydər Əliyevin xari­ci siyasətdə, xüsusilə Ermənistanla münaqişənin nizamlanması ilə bağlı etdiyi gedişlərdən ictimaiyyətə bəlli olmayan, amma bu gün açıqlaması mümkün olan hansısa hadisə barədə danışa bilərsinizmi?

– Yuxarıda qeyd etdiyim kimi, Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyində xüsusi olaraq bu nəşr üçün yazdığım qeydlərdə şa­hidi olduğum hadisələrə, proseslərə ətraflı yer verilib. Bu günlərdə isə “Teass PRESS” nəşriyyatında “Heydər Əliyev: Böyük insan haqqında xatirələr” adlı ki­tabım çapdan çıxıb. Son bir neçə ildə dövrü nəşrlərdə 20-dən çox məqalə və müsahibəm nəşr olunub. Yəni hesab edirəm ki, deyilməsi mümkün olan nə varsa, hamısı deyilib, yazılıb.

Sirr olanlar isə yəqin ki, həmişəlik sirr kimi qalmalıdır....

 

Söhbəti qələmə aldı:
R.İLQAR, “Xalq qəzeti”

Müsahibə