Hər bir xalqın tarixi taleyində müstəsna rol oynamış və xilaskarlıq missiiyasını öz üzərinə götürmüş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduqları xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar.
XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini araşdırdıqca, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.
Heydər Əliyev siyasi dühası, idarəçilik qabiliyyəti sovet dövründə belə bütün İttifaq səviyyəsində qəbul olunurdu. O, 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi tariximizdə ilk azərbaycanlı idi ki, bu vəzifə ona etibar edildi. Sovet bolşevizminin siyasi xətti belə idi ki, müsəlmana etibar etmək olmaz. Heydər Əliyevin şəxsi nüfuzu, zəkası o qədər qüdrətli idi ki, ona etibar edildi. Xalqın taleyi məhz Dövlət Təhlükəszilik Komitəsinin divarları arasında həll olunur, məsələlər sonra Kommunist Partiyasına ötürülürdü. Kommunist Partiyası ancaq siyasi qərarlar verirdi.
Heydər Əliyev “Müsəlmana etibar etmək olmaz!” şüarını rədd etdi, o sipəri qırdı və ilk dəfə olaraq millətinin taleyini öz imzası ilə həll etmək imkanına malik oldu. Bu hadisə nə qədər insanın taleyinə təsir göstərdi. 1969-cu ildə isə Azərbaycan KP MK-nın birinci katibi seçilməklə, demək olar ki, respublikamız keçmiş İttifaq respublikaları içərisində əsas yerlərdən birini tutdu. Azərbaycan o vaxtadək adının düzgün deyilmədiyi bir məmləkətdən İttifaq miqyasında öndə gedən bir məmləkətə çevrildi. Bu da ulu öndərin ikinci əsas addımlarından biri idi.
Növbəti böyük uğur sovet rəhbərliyində təmsil olunmaqla bağlı idi. Belə ki, Stalinin ölümündən sonra Siyasi Büroda qeyri-leqal qərar qəbul edilmişdi. Qafqaz xalqlarından və türkmənşəli insanları Siyasi Büroya gətirmək olmazdı. Bundan sonra Siyasi Büroda, ancaq slavyanmənşəli şəxslər yerləşdirilirdi. Heydər Əliyev Siyasi Büroya üzv seçilməklə bu siyasi xətti də darmadağın etdi. Heydər Əliyev təkcə Siyasi Büronun üzvü deyildi, həm də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi, yəni hökumətdə ikinci adam idi.
Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim ulu öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub.
O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta İttifaq miqyasında o qədər də tanınmırdı. Halbuki, respublikamız İttifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur.
Altımışıncı illərədək Azərbaycan aqrar ölkə kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.
Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirməklə, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu hərbi liseyin yetirmələridir.
İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki ulu öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada siyasi məqam da var idi, o da Azərbaycanı tanıtmaq idi. Bütün bunlar həm də onu göstərir ki, ümummilli liderin hələ sovet dönəmində başladığı iqtisadi, siyasi, mədəni yüksəliş siyasəti, əslində, müstəqil Azərbaycan dövlətinin əsasını təşkil edirdi.
Azərbaycan xalqının xilaskar oğlu kimi özü bir tarix yazan ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə döndüyü zaman ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı. Ulu öndər respublikada milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, parçalanma təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib. Ümummilli lider 1993-cü ildə hakimiyyətə qayıdışı, ilk atdığı addımı ilə Azərbaycanda ayrı-ayrı hərbi qrupların, qarşıdurmaların qarşısını aldı. Vətəndaş müharibəsinə son qoyularaq, ölkədə sabitliyin yaradılmasına doğru addımlar atıldı. Hərbi qüvvələri səfərbər etmək, hərbi qüdrətimizi artırmaq üçün atəşkəs rejimi bağlandı.
Ümummilli lider “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəmizin iqtisadi qüdrətinə təkan verdi, dünyaya yeni libasla təqdim olunan Azərbaycan məhz həmin müqavilə hesabına inkişaf edərək dünya dövlətlərinin diqqətini cəlb etdi. Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında” Qanunun və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqının ümummilli lideri 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü. Ulu öndər Heydər Əliyev cənab Prezident İlham Əliyevə böyük ümidlər bəsləyərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Uzaqgörən siyasətçi bu fikirlərində də yanılmamışdı. Prezident İlham Əliyev ulu öndərin ümidlərini doğrultdu və ata vəsiyyətini yerinə yetirdi. Əgər bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqları düşmən tapdağından azad edibsə, bütün uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanı ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, ulu öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi.
Bu gün Azərbaycan xalqı 200 illik tarixini ulu öndər Heydər Əliyevin siyasi və layiqli varisi, müzəffər Ali Baş Komandan, Prezident İlham Heydər oğlu Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində bərqərar edib. Bəli, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev məktəbinin, irsinin müdavimi olan Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və onun “dəmir yumruğ”u hesabına yağı düşmənin başı əzildi. Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdiyi Qarabağ Zəfəri ilə yeni hərb tarixini də yazmış oldu. Yeni hərb tarixinin yazılması isə çox çətin, hətta deyərdim ki, ağır işlərin, zəhmətlərin sayəsində əldə edilib. Cəmi 44 gün ərzində qazanılan qalibiyyət yürüşü enişli-yoxuşlu yolların aşılmasından sonra baş tutdu. Mənfur düşmən üzərində 2016-cı ildə qazanılmış Aprel zəfəri, eləcə də 2018-ci ildəki Günnüt qalibiyyəti, məhz 2020-ci ilin 10 noyabr qalibiyyətinə doğru aparan şərəf yolu olaraq tariximizə yazılıb. Bu, eyni zamanda, Xalq–Dövlət–Ali Baş Komandan gerçəkliyinin məntiqi nəticəsi idi. Bu gün Azərbaycan əsası ulu öndər Heydər Əliyevin təməlini qoyduğu syasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünyada iqtisadi, hərbi cəhətdən güclü dövlət kimi qəbul edilir.
Ulu öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Fəzail İBRAHİMLİ,
Milli Məclis Sədrinin müavini