Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra aqrar sahənin inkişafına xüsusi diqqət yetirdi. 1969–1982-ci illərdə həyata keçirilən aqrar siyasət nəticəsində pambıqçılıq sahəsində böyük aqrar potensial yaradıldı. Torpaqlarda su resurslarından səmərəli istifadə edilməsi, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, mineral gübrələrdən səmərəli istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında həyata keçirilməsi nəticəsində 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon tona çatdırıldı. 1969-cu ildən əvvəl isə Azərbaycanda pambıq istehsalı cəmi 300 min ton idi.
Pambıq istehsalının artımını Ağcabədi rayonunun timsalında da aydın görmək olar. Belə ki, əvvəllər cəmi 10-15 min ton pambıq istehsal edən rayonda məhsul istehsalı yüz min tonu keçdi. Ağcabədi bu göstəriciyə görə respublikanın 3 rayonundan biri oldu.
Dahi şəxsiyyət o illərdə Ağcabədiyə 4 dəfə –1970, 1974, 1978 və 1982-ci illərdə səfər etmişdir. Bu səfərlər zamanı pambıq tarlalarında, tarla düşərgələrində olmuş, zəhmətkeşlərlə görüşüb onların problemləri, qayğıları ilə maraqlanmışdı. Həmin görüşlərdən çoxsaylı yazılı xatirələr qalıb. Bu cür xoş dəqiqələri yaşamış insanlar öz təəssüratlarını gələcək nəsillərə ötürməklə qürur duyurlar. Onlar bu həyatdan köçür, həmin xatirələr isə əbədi olaraq qalır. Bu xatirələrin bəzilərini oxucuların diqqətinə çatdırırıq.
Rəncbər kənd sakini İbrahim Hacıyevin xatirələrində qeyd edilir:
– 1982-ci ilin iyul ayının əvvələrində Heydər Əliyev çalışdığım Əlinağı Bünyadov adına kolxoza gəlmişdi. Kolxozçularla görüşdü, söhbət etdi. Danışdıqca bir-bir insanları süzür, sanki onların qəlbindən keçənləri duyur və fikirlərini oxuyurdu. Heydər Əliyevlə üzbəüz olan hər bir adam onun nüfuzedici baxışlarının və aydın, məntiqli sözlərinin sehrinə düşürdü. Onun nəzərindən heç kim və heç nə yayına bilməzdi. Heyranlıqla qulaq asdığımız yerdə, birdən sol tərəfdə – pambıq tarlasının kənarında səliqə ilə düzəldilmiş və gözəl rənglərlə yazılmış dəmir lövhəni göstərərək gülə-gülə əlavə etdi:
– Bax orada, o dəmir lövhədə yazılıb ki, pambıqçılar bu il 5224 ton pambıq toplayıb dövlətə təhvil verəcəklər. Elə bil, aptekə girib, aptek tərəzisi ilə pambıq çəkib alacaqlar. Belə dəqiqliklə necə demək olar?!. Rəqəmlərə bir az ağılla yanaşmaq lazımdır. Hissiyyata qapılmaq lazım deyil...
...Yayın istisi, elə bil, Heydər Əliyevə təsir etmirdi. Üzündə-gözündə heç bir yorğunluq hiss olunmuru, adamları dinləməkdən, ehtiyaclarını öyrənməkdən, onlara kömək etmək üçün lazımi şəxslərə göstərişlər verməkdən zövq alırdı.
Boyat kəndindən olan əmək veteranı Humay Həsənova xatirələrində bildirir ki, Heydər Əliyev zəhmətkeşlərin əməyinə yüksək qiymət verirdi:
– Mən işimdən həmişə zövq almışam və zəhmətkeşliyim o böyük insanın diqqətindən yayınmamışdı. O vaxtlar fəallığıma görə tez-tez televiziya ekranlarında adım çəkilirdi. Heydər Əliyev hər zaman mənə deyərdi:
– Sən mənim qızımsan. Əl ilə 17-18 ton pambıq toplayırsan, sənin kimilərini mən qızım hesab edirəm.
“Pambıq ustası” adını alanda Heydər Əliyev mənə 4 xalça, çay dəsti, müxtəlif ev əşyaları və s. mükafat vermişdi. Yaşadığım evin tikinti materiallarını da Heydər Əliyevin göstərişi ilə yardım kimi vermişdilər.
Bütün bunlar biz zəhmətkeşləri daha da həvəsləndirirdi. Heydər Əliyev həm əvəzsiz, həm müdrik ağsaqqal kimi hər bir azərbaycanlının sonsuz sevgisini qazanmışdı. Azərbaycanda pambıqçılığın inkişafı onun adı ilə bağlıdır.
Aqil Muradovun Heydər Əliyevlə görüşü isə belə xatırlanır:
– 1982-ci il iyul ayının 12-də Heydər Əliyev Ağcabədi rayonuna səfər edəndə mən Lenin adına kolxozda sədr işləyirdim. Səhər saat 11-də ulu öndər təsərrüfatımza gəldi və görülən işlərlə yaxından maraqlandı. Kolxozun fəaliyyəti haqqında məlumat verdim. Sonra pambıq sahəsini gəzdi, kolxozçularla söhbətində işlərin gedişi ilə maraqlandı, tövsiyələrini verdi. Söhbət əsnasında bir qadın Heydər Əliyevə şəxsi həyatı ilə əlaqədar ərizə təqdim etdi. Ümummilli lider məndən həmin qadının nə problemi olduğunu soruşdu. Cavab verdim ki, həyat yoldaşı Rusiyada yaşayır və bir neçə ildir ki, ondan xəbər-ətər yoxdur.
O, gülümsəyərək dedi:
–Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır.
1999-cu il iyun ayının 14-də Bakıda tədbirə dəvət olunmuşdum. Fasilə zamanı Heydər Əliyev foyedə bir qrup tədbir iştirakçısı ilə söhbət etdi. Mən də iştirakçılar arasında idim, dərhal tanıdı.
– Siz Ağcabədidənsiniz?
Cavab verdim ki, bəli.
Gülümsəyərək dedi:
– O vaxt mənə müraciət edən qadının məsələsi həll olundumu?
Cavab verdim:
– Bəli, cənab Prezident, həll olundu.
Və mən onun yaddaşına heyran qaldım. On yeddi il əvvəl olmuş bir hadisə yaddaşında necə də dəqiq qalmışdı. Bir dəfə ünsiyyətdə olduğu adamı həmişəlik yadında saxlayırdı.
Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şamil Həsənovun xatirələrindən:
– Heydər Əliyev təkcə məhsul yığımı ilə deyil, eyni zamanda, kolxozçuların şəxsi problemlərinin həlli ilə də maraqlanırdı. O vaxtlar Kəhrizlidə kolxoz sədri işləyirdim. Rəhbərlik etdiyim kolxoz bir neçə kəndi əhatə edirdi. Ümummilli lider bizim kəndə gələndə pambıq sahələrini gəzdi, zəhmət adamları ilə görüşüb söhbət etdi. Heydər Əliyev adamlara qarşı tələbkar olduğu kimi, həm də həssas, mehriban və qayğıkeş idi. Görüşdüyü hər bir insanın sosial şəraiti ilə maraqlanır, ehtiyacını öyrənir və qaldırılan məsələlər barədə tez də tədbirlər görürdi.
Yaxşı yadımdadır, dahi rəhbər maşına əyləşmək istəyərkən dayandı, pambıq sahəsinin kənarında duran kolxozçulara sarı addımlayıb onlarla salamlaşdı. Sonra “Sizdən razı gedirəm, nə tələbiniz var”,–deyə onlara müraciət etdi.
Pambıqçı Sitarə “Bizə ağ un dəyirmanı tikdir”, – deyə Heydər Əliyevə müraciət etdi. Çox çəkmədi ki, Kəhrizlidə çörək zavodu tikildi.
Heydər Əliyev 1978 və 1982-ci illərdə də Kəhrizlidə olub. Deyim ki, onun hər gəlişi rayon rəhbərliyində böyük məsuliyyət hissi yaratmaqla, həm də bizə yaxşı işləmək üçün mənəvi stimul verirdi. Ulu öndərin səfərləri kəndlərdə yeni istehsal sahələrinin yaradılmasına, yolların çəkilməsinə, təsərrüfatların inkişafına səbəb olurdu.
Bir xatirə haqqında da danışmaq istəyirəm. Heydər Əliyev Ağcabədi rayonuna növbəti səfərləri zamanı keçmiş Çkalov adına kolxozda da olub. Dahi şəxsiyyət tarlaya gəlib pambıqçılarla görüşən zaman diqqəti başına qırmızı yaylıq bağlamış cavan bir qıza yönəlib. Soruşdu ki, niyə başına qırmızı yaylıq bağlayıb. Dedilər ki, dünən qızın nişanı olub. Soruşdu ki, cehizin varmı, özünə mebel almısanmı? Qız dedi ki, hələ yox. Dərhal kolxoz sədrinə göstəriş verdi ki, ona bir dəst yaxşı mebel alınsın. O dövrdə də dəst mebel almaq çətin məsələ idi…
Xatirələrdən də aydın olur ki, Heydər Əliyev xalqın sevgisini qazanmışdı. Ulu öndər öz əməli ilə, şəxsiyyətinin ucalığı ilə, gördüyü işlərin milli mahiyyəti, xalqa bağlılığı ilə bu sevgini qazanmışdı. Onun sadə insanlarla, kolxozçularla görüşü, bölgələrə səfərləri zamanı bu sevgini açıq-aydın görmək olurdu.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri