“Ulu öndərin haqqını heç vaxt itirmərəm...”

post-img

“Heydər Əliyev xatirələr işığında” layihəmiz davam edir. Bugünkü qonağımız uzun illər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmiş, onun göstərdiyi etimadı ləyaqətlə doğrultmuş Abid Şərifovdur. Sovet Azərbaycanında tikinti ustası vəzifəsindən müstəqil Azərbaycanda Baş nazirin müavini vəzifəsinə qədər yüksələn, rəhbər vəzifələrə biləvasitə Heydər Əliyevin irəli çəkdiyi Abid müəllim öz himayədarı haqqında xatirələrini bizimlə bölüşməyi həm də bir şərəf borcu saydığını bildirdi və elə ilk sözü bu oldu ki, o kişinin haqqını heç vaxt itirmərəm.

 – Abid müəllim, dahilərlə ilk tanışlıq yaddaşa əbədi yazılan xatirəyə çevrilir. Sizin dahi Heydər Əliyevlə əbədi xatirənizin tarixi hardan başlayır?

– Ulu öndər Heydər Əliyevi 1972-ci ildə tanımağa başlamışam. O zaman “Bakıbaştikinti” İdarəsinin 23 saylı müəssisəsinə rəhbərlik edirdim. Birinci və ikinci hökumət bağlarının bəzi ob­yektlərinin tikintisi bizim idarəyə həvalə edilmişdi. Elə o zamandan bütün Azər­baycan üçün canlı əfsanə olan Heydər Əliyev məni, çox az tanınan Abid Şə­rifovu ilk gündən mütəxəssis, bununla yanaşı, bir insan kimi tanımağa başla­dı. Biz hökumət bağlarında obyektlərin tikintisini aparanda Heydər Əliyev tez-tez ora gələr, işlərin gedişi ilə maraq­lanar, göstərişlər verərdi. Onda hiss etdim ki, siyasi rəhbər olmasına bax­mayaraq, bu insanın tikinti və memar­lıq sahəsində mükəmməl biliyi və gözəl zövqü var.

O zamanlar dövlət bağ tikməyə icazə vermirdi. Ona görə də Heydər Əli­yev ikinci hökumət bağında evlər tikil­məsinə və rəhbər işçilərə paylanmasına göstəriiş vermişdi. Yaxşı yadımdadır, ikinci dövlət bağında sonuncu binanı tikirdik. Binanın üst qatında ümumi isti­rahət üçün taxtadan xüsusi konstruksi­ya nəzərdə tutulmuşdu. Bütün bu işlərə də Süleyman Tatlıyev rəhbərlik edirdi. O zaman Süleyman müəllim Nazirlər Sovetində aparatın rəhbəri idi. 

Layihədə verilmiş və xüsusi ölçüdə olan taxta tapa bilmirdik. Bazar günü idi, Heydər Əliyev obyektə gəlmişdi və birbaşa bizim yanımıza qalxdı. Süley­man müəllim ona müraciət edib dedi: “Heydər Əliyeviç bu taxta konstruksi­yalar tapılmır. Olarmı, biz bu hissəni ümumiyyətlə tikməyək?” 

Dərhal cavab verməyə tələsməyən bir qısa sükutdan sonra sözünə başla­yan ulu öndərin cavabı heç yadımdan çıxmaz. Dedi: “Siz bir şeyi başa düş­mürsünüz. Bizim nazirlərimiz, raykom katiblərimiz telefonda belə, bir-biriləri ilə lazım gələn problemləri müzakirə etmirlər. Mən dedim belə bir guşə tik­sinlər ki, bəlkə onlar bura istirahətə gələndə qalxıb burda bir çay içsinlər, ünsiyyət qursunlar, mehribançılıq ya­ransın”. Onun dediyində böyük həqiqət vardı. Elə bu günün özündə də belə şeylər az deyil... 

Bundan bir müddət sonra, 1978-ci ildə Nazirlər Soveti sədrinin mavini, çox gözəl və yaradıcı insan olan Əliş Ləm­bəranski bizim baş idarənin rəisi Sabir Rzayevə dedi: “Heydər Əliyevin xüsusi tapşırığı var. Abid o tapşırığı icra etmək üçün ləngimədən Ulyanovsk şəhərinə getməlidir. Orada Nəriman Nərimano­vun abidəsi ucaldılmalıdır. Abidənin açılışına Heydər Əliyev şəxsən özü gedəcək”. 

Bütün işləri biz görməli olduğumuz üçün mühəndis, briqadir və ustalardan ibarət komandanı topladım. Zarafat deyil, Ulyanovsk şəhərinin mərkəzin­də Nərimanov şossesinin başlanğıcın­da azərbaycanlı siyasi xadimə heykəl ucaldılacaqdı. Ləmbəranski dedi: “Hey­dər Əliyev tapşırdı ki, Abid gedib birinci Ulyanovsk vilayət partiya komitəsinin birinci katibi və başqa rəhbər şəxslərlə görüşüb məsələni dəqiqləşdirsin”. 

Sonra öyrəndim ki, Ulyanovskda Leninin yubileyi keçiriləndə Brejnev də orda iştirak edib. Heydər Əliyev bu tədbirdə onunla görüşüb və söhbət əsnasında Ulyanovsk şəhərində Nəri­man Nərimanovun abidəsinin ucaldıl­masının razılığını alıb. Bu razılıq da yazılı şəkildə protokollaşdırılıb. İndi vaxt gəlib çatıb, layihə və heykəl ha­zırdır. Mən gedib abidənin qoyulması üçün layihədə nəzərdə tutulan işləri görməliyəm.

Tapşırılan kimi Ulyanovska gəlib vilayət partiya komitəsinin rəhbərliyi ilə görüşdüm. Sənədləri axtarıb tapdılar. Onlarla birlikdə gedib abidənin qoyula­cağı yerlə tanış olanda, gördük orda böyük bir yanacaqdoldurma məntəqəsi var. Mən də vilayətin rəhbərliyinə de­mişəm ki, bizə vaxt qoyulub, 3 aya işlə­ri tamamlamalıyıq. Həmin vaxtlarda da Heydər Əliyev artıq Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəddir. 

Dərhal hərəkətə keçdilər. Birin­ci işimiz həmin yanacaqdoldurma məntəqəsini sökmək oldu. Burada yerə basdırılmış böyük yanacaq çənləri var­dı. Onları çıxardıq və yerlərini torpaqla doldurub tikintiyə başladıq. Heydər Əli­yev Ləmbəranskiyə tapşırmışdı ki, hər həftə tikintinin gedişi haqqında məlu­mat versin. Mənə tapşırlan kimi də edir­dim və hər həftə sonu Ləmbəranskiyə ətraflı məlumat verirdim. 

İşi başa çatdırdıq. Abidə açılışa, demək olar, tam hazırdır. Xirda kosme­tik işlər qalıb. Bir gün axşam yenə Ba­kıya zəng vurub məlumat vermək üçün danışıq məntəqəsinə gedirdim. Ulya­novskda da artıq şaxtalar başlamışdı və hava çox soyuq idi. Taksi dayana­cağına tərəf gedirdim. Səkiyə qalxanda ayağım sürüşdü və yıxıldım. Dörd qa­bırğam sındı. Xəstəxanaya apardılar. İki-üç gün burada qalandan sonra bax­dım ki, tibb personalı heç bir müalicə etmir. Birtəhər çıxıb Bakıya qayıtdım. Bundan 10 gün keçməmiş, yanılmı­ramsa, noyabrın ortalarında Heydər Əliyev Ulyanovsk şəhərinə gedib abi­dənin açılışını etmişdi. Sonra mənə dedilər ki, Heydər Əliyev səni soruşdu. Onlar da yıxıldığımı deməyib, sadəcə, bildiriblər ki, xəstələnmişəm. 

− Məsələ bununla bitdimi?

− Yox.. Ulyanovsk ezamiyyətin­dən bir müddət sonra bəzi məsələlər haqqında danışdıqlarım çalışdığım qurumun rəhbərliyinin xoşuna gəlmə­mişdi və bu üzdən söhbətimiz alınma­dı. 1979-cu ilin ortalarında Süleyman Tatlıyev məni yanına dəvət etdi. Elə ilk sözü bu oldu ki, “Nazirlər Sovetin­də işləməyə gələrsənmi? Amma kişi­nin sənə bir tapşırığı var. Bir obyekt var, biz onu Heydər Əliyevin tapşırdı­ğı müddətdə tikib təhvil verməliyik. Bir məsələ də var ki, binanın tam iş la­yihəsi yoxdur. İşlərin gedişi ilə paralel layihələr veriləcək və onların əsasında tikintini aparmalısan”. 

Razılaşdım. Mənim iş yerimin adı oldu Nazirlər Soveti, amma mən indiki Prezident Administrasiyası ilə üzbəüz, “Yaşıl teatr”ın yanındakı qonaq evinin – sonradan “Ağ ev” deyilən bi­nanın tikintisini həyata keçirməyə baş­ladım. Gecəli-gündüzlü işləyirdik. Bi­lirdim ki, Heydər Əliyevin tələbləri çox ciddidir, memarlıq və tikinti işlərinə xü­susi yanaşması var, hər şey zövqünə uyğun olmalıdır.

Əslində belə nəhəng bir binanı 1 il, 1il 3 aya tikmək o dövr üçün ağlabatan bir şey deyildi. Ona görə də Tatlıyev, demək olar hər gün işdən sonra tikin­ti obyektinə gələrdi. Heydər Əliyev də bir-iki dəfə özü gəlib işlərin gedişi ilə yaxından maraqlanmışdı. Bir gün Tat­lıyevə müraciət edib dedim: “Süleyman müəllim, olarmı bir gün Heydər Əliyeviç gələndə ona deyəsiniz ki, hər bazar günü yolunu burdan salsın?” Süley­man müəllim mənim xətrimi çox istə­yirdi və bunu deyəndə duruxdu, sonra qayıtdı ki, “Abid, sən dərk edirsən nə danışırsan? Yox, mən ona belə şeyi deyə bilmərəm”. Dedim: “Onda icazə verin mən deyim”. Soruşdu ki, “axı, hər bazar bura niyə gəlməlidir?” Dedim: “Süleyman Bayramoviç ona görə ki, elə ola bilər biz bir yeri tikib qurtaraq, Heydər Əliyeviç gəlib onu bəyənməsin və məcbur olub onu sökək, təzədən tikək. Bu olmasın deyə, hər bazar gəl­sin ideyanı versin, istəklərini bildirsin, biz də onun dediyi kimi tikintini aparaq”. Dedi: “Yox, yox, mən deyə bilmərəm”. 

Heydər Əliyev gələndə obyekti başdan-başa gəzirdi və görülən bütün yeni işləri diqqətlə nəzərdən keçirirdi. Həmişə də tək gəlirdi. Süleyman Tatlı­yev, Rauf Əskərov və layihənin müəllifi Rasim Əliyev də orda iştirak edirdilər. Bazar günlərinin birində Heydər Əliyev gələndə ona yaxınlaşdım. Düzünü de­yim ki, çox qorxurdum. Dedim: “Yoldaş Əliyev sizdən bir xahiş etmək olar?” Dedi: “Söylə görüm nə istəyirsən?” De­dim: “Olarmı hər bazar günü bura gəlib qeydlərinizi, göstərişlərinizi verəsiniz? Qorxuram nəyisə düz eləmərik, sonra söküb təzədən tikməli olarıq. Vaxt da qısadır”. Bir anlıq düşündü, gülüm­sünüb dedi: “Yaxşı, gələrəm”. Açığı bu cavabdan çox sevindim. Təsəvvür edin də hər bazar günü Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Büronun üzvlüyünə namizəd, haqqında əfsanələr dolaşan bir şəxsiy­yətlə hər bazar günü üz-üzə gəlirsən, ona gördüyün işlər haqqında məlumat verirsən, ünsiyyətdə olursan, onun fikirlərini eşidirsən. Həqiqətən, dediyi kimi də etdi və hər bazar günü obyektə gəlirdi. 

İş başa çatmışdı. Bina açılışa tam hazır idi. Büro üzvlərinin hamısını ob­yektin açılışına dəvət ediblər. Burada iş başa çatdığı üçün mən artıq başqa yerdə işləyirdim, amma açılışa mən də dəvət olunmuşdum. Dəvət olunan­lardan heç kim içəri keçmir və həyət­də dayanıb gözləyirlər. Süleyman Tatlıyevdən soruşdum: “Süleyman Bayramoviç niyə içəri girmirlər?” Dedi: “Kişi gəlməsə, kim içəri girər!” Rauf Əskərov, Rasim Əliyev və mən bir kə­narda durmuşuq.

Heydər Əliyev gəldi və binaya girəndən sonra hamı bunun ardınca içəri keçdilər. Gəzdilər, bina ilə tanış oldular. Binanın birinci mərtəbəsində, daha doğursu, yarımzirzəmidə mağara kimi çox da böyük olmayan qeyri-adi bir otaq vardı. Bu otağı biləvasitə Hey­dər Əliyevin tapşırığı və dediyi üslubda tikmişdik. 

– Abid müəllim, yəqin ki, bu, Heydər Əliyevin sovet dönəmində sizə son tapşırığı olmadı? 

– Əlbəttə, son tapşırıq olmadı. Bu hadisədən 15-20 gün sonra məni ya­nına dəvət etdi. Dedi: “Abid, fikirləşib, belə qərara gəlmişəm ki, sənin iş yerini dəyişəm. Səni SSRİ Nəqliyyat və Tikin­ti Nazirliyinin “Azərnəqliyyattikinti” tres­tinin rəisi vəzifəsinə təyin edirəm. Artıq mənim zəmanət məktubum Moskvaya gedib. Nazirin sənin haqqında məlu­matı var. Gedəcəksən Moskvaya, səni nazirliyin kollegiyasında bu vəzifəyə təsdiq edəcəklər. Sov.İKP MK-nın apa­ratında da müvafiq şöbədə də müsa­hibədən keçməlisən. Ancaq sənə bir tapşırıq verirəm. Mərkəzi Komitənin binasının tikintisi çox pis gedir. Sən bu işi öz üzərinə götürməlisən və vaxtında yüksək səviyyədə yerinə yetirməlisən”. 

Təklif edilən trest çox böyük bir qurum idi. Hətta Azərbaycanın bir çox nazirliklərinin tikdiyi obyektlərdən də nəhəng obyektlərin tikintisi ilə məş­ğul olurdu. Dedim: “Heydər Əliyeviç, nə tapşırıq verirsiniz tam vaxtında icra etməyə çalışacağam”. Onunla 40 dəqiqədən artıq söhbətimiz oldu... 

Moskvaya gedib müsahibədən keç­dim, təyinatımı aldım və gəlib işləməyə başladım. “Abşeron” hotelin, Mərkə­zi Komitənin, Onkoloji Xəstəxananın, Dövlət Təhlükəsizlik Komitəsinin bina­larını və bir çox digər obyektlərin tikin­tisi bizim tres tərəfindən həyata keçiri­lirdi. Əslində bizim əsas vəzifəmiz bina tikmək deyildi, nəqliyyat obyektlərinin tikintisini həyata keçirmək idi. 

− Azərbaycanda nəqliyyat sahə­sində də həmin illərdə quruculuq işlərinə böyük ehtiyac var idi. Bu sahədə Heydər Əliyev sizə hansısa layihənin icrasını həvalə etmişdi­mi?

− Ümumiyyətlə, həmin illərdə Qa­zaxıstanda, Türkmənistanda, Dağıs­tanda və Azərbaycanda dəniz nəq­liyyatı sahəsində bütün obyektləri biz tikirdik. Bu işlər elə də asan başa gələsi işlər deyildi. 1980-ci illərin əvvəli olardı, Yevlax-Balakən dəmir yolu layihəsinin tikintisi məsələsi ortaya çıxdı. Yəni la­yihənin ideya müəllifi Heydər Əliyev idi və daim onun nəzarəti altında idi. Dedi: “Abid, bu yolu ən qısa vaxtda tikib başa çatdırmaq lazımdır”. Dedim: “Baş üstə, yoldaş Əliyev”. Amma bir müddət son­ra Heydər Əliyev Moskvaya getdi. 

1985-ci ildə Yevlax – Balakən də­mir yolunun tikintisini də başa çat­dırdıq. Amma artıq məlun Qorbaçov Heydər Əliyevi bütün vəzifələrdən uzaqlaşdırmışdı. Dəmir yolunun açı­lışında belə bir ənənə var, qatar bir yeni stansiyadan digər yeni stansiya­ya yola düşəndə onu çəkib, o vaxtkı ittifaq televiziyasının “Vremya” xəbərlər proqramında göstərirdilər. Obyekt hələ tam qurtarmamışdı, amma bu mənim nömrəm idi. O vaxt Mais Məmmədov SSRİ televiziyasının Azərbaycan üzrə xüsusi müxbiri idi və onunla yaxın dost­luq münasibətimiz vardı. Mais bilirdi ki, Heydər Əliyev mənə çox böyük dəstək verib, vəzifəyə irəli çəkib. Dedim: “Mais gəl yolun açılışını çək, “Vremya”da göstər”. Mən də Heydər Əliyevin bö­yük bir portretini lokomotivin qabağına yapışdırdım. Bəziləri mənə hədə-qorxu da gəldi ki, “Abid, Qorboçov xəbər tut­sa, sənin işin fırıq olacaq”. Dedim: “Nə olar, olsun, mən bilirəm ki, bu Heydər Əliyevin layihəsidir, onun başa çatması da onun xidmətidir. Onun buna haqqı çatır”. Mais də bunu çəkib “Vremya” proqramına ötürdü, onlar da bunu açıq şəkildə göstərdilər. 

− Heydər Əliyevin Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə getməyini necə qarşıladınız? 

− Bir tərəfdən sevinirdim, digər tərəfdən istəmirdim o Bakıdan getsin. Bunu elə o vaxt ona dedim. Necə?

1982-ci ildə Heydər Əliyev artıq Azərbaycan ictimaiyyəti ilə sağolla­şıb Moskvaya yola düşəcəkdi. Onun köməkçiləri vardı – Rafael Allahver­diyev və Mixail Zabelin. İkisini də çox gözəl tanıyırdım. Cümə günü idi. Rafa­el Allahverdiyevə zəng vurub dedim ki, “kişiynən görüşmək istəyirəm”. Dedi: “Abid, sən nə danışırsan? İndi Heydər Əliyeviçin heç kimi, hətta qohumlarını belə qəbul etməyə vaxtı yoxdur. Yalnız bəzi kollektivləri qəbul edir. Bir-iki günə Moskvaya yola düşür”. Bilirdim ki, həqiqətən də, yola düşməyə hazırlıq gedirdi. 

Rafaellə münasibətimiz çox yaxşı idi. Dedim: “Rafael, sən gəl mənə nağıl danışma, sənin borcun mənim sözümü o kişiyə çatdırmaqdır. Deynən, qəbul etməsə də canı sağ olsun, qəbul etsə də sağ olsun. Mənim borcumdur o kişiyə hesabat verim”...

Şənbə günü Rafaeldən xəbər çıxmadı. Bazar günü idi. Nasosnuda dəmiryolunun obyektləri var idi. Çox çətin obyektlər sayılırdı. Uzun müd­dət idi tikilirdi, başa çatmırdı. Getmiş­dim ora, oğlum da uşaq idi, özümlə aparmışdım. O vaxt tramvay parkı ilə üzbəüz binada yaşayırdım. Nasosnu­dan qayıdıb evə gəlirdim. Həyətə təzə çatmışdım, yoldaşım balkondan mənə səsləndi ki, “qalxma, qalxma, saat 3-də Mərkəzi Komitədə olmalısan. Səni gözləyirlər”. 

Dərhal maşını sürdürdüm Mərkə­zi Komitəyə. Qəbul otağında otur­muşdum, heç 15-20 dəqiqə keçmədi, Heydər Əliyev məni qəbul etdi. Kabi­net bomboş, hər yan yığışdırılıb. Dedi: “Abid, nəsə bir sözün, xahişin var?” Dedim: “Yox. Gəldim bu iki ildə gör­düyüm işlər barədə sizə məlumat ve­rim”. Dedi: “Ehtiyac yoxdur. Mən sənin işindən razıyam”. Sonra soruşdu ki, “Plenumda oldun?” Plenum da onun yerinə Azərbaycanın KP MK-ya birinci katibin seçilməsi ilə bağlı idi, həm də Heydər Əliyev partiya fəalları ilə sağol­laşırdı. Dedim: “İştirak edirdim”. Dedi: “Camaat necə baxırdı mənim getmə­yimə?” Dedim: “Necə baxacaqlar, ağ­laşırdılar. Elə mən də ağlamışam bütün plenum boyu”. Həqiqətən, ağlamışdım, çünki onu həmişə özümə arxa bilmiş­dim. Dedi: “Yeni birinci katibin təyina­tına münasibət necə oldu?” Dedim: “Heydər Əliyeviç, öz yetişdirdiyiniz kadrdır, necə baxarlar, əlbəttə yaxşı”. Beləcə, söhbətimiz başa çatanda dedi: “Sağ ol. Sənə bir şey lazım olsa, prob­lemin olsa, mənə məlumat ver”. 

– Abid müəllim, sizin nəzərinizdə Heydər Əliyev Azərbaycan üçün nə qədər böyük şəxsiyyətdir?

– Heydər Əliyev Azərbaycan üçün misilsiz bir şəxsiyyət, əvəzsiz bir döv­lət xadimidir. Ölkəmizdə hələ də çox insanlar Heydər Əliyevin Azərbaycan üçün nə qədər böyük və misilsiz işlər gördüyünü dərk edə bilmirlər. Onun həyata keçirdiyi nəhəng layihələrin bir neçəsini sadalamaq istəyirəm. Elə başlayaq neft sektorundan. Əgər iqti­sadiyyatdan az-çox baş açan adamlar varsa, yəqin ki var, onlar mənim de­diklərimi yaxşı başa düşərlər. Bir şeyi dəqiq bilirəm ki, əgər Azərbaycanda Heydər Əliyevin tikdirdiyi Dərin Özül­lər zavodu olmasaydı, Allah bilir bizim işimiz, neft müqavilələrinin taleyi necə olacaqdı. Əvvəla, o zavodda hazırla­nan estakadaların hər birinin ağırlığı 15, 20, 30 min tondur. 

Yeri gəlmişkən, Dərin özül­lər zavodu ilə bağlı mənə məlum olan həqiqəti açıqlamaq istəyərdim. Sov.İKP Məkrkəzi Komitəsinin Siya­si Bürosunda bu obyektin hansı res­publikaya verilməsi məsələsi ortaya çıxanda, qarşıya belə şərt qoyuldu ki, onu qısa müddətə tikib qurtarmaq la­zımdır. Üç ölkə bu zavoda sözün əsl mənasında müştəri idi – Qazaxıstan, Rusiya və Azərbaycan. Elə bunların üzərində müzakirələr gedirdi. Heydər Əliyev orda bildirir ki, göstərilən müd­dətdə Azərbaycan bu zavodu tikib təh­vil verəcək. Buna şübhəniz olmasın. Onu da bildirib ki, dünyada dənizdə neft çıxaran birinci ölkə Azərbaycan­dır, bu sahədə zəngin təcrübəmiz var. Dənizdə də bizim zəngin neft yataq­larımız var və onların qazılmasını və istismarını həyata keçirmək üçün bu zavodu Bakıda tikmək vacibdir. Bunu tam əsaslandırandan sonra zavodu Azərbaycana verdilər. Bu, birmənalı olaraq Heydər Əliyevin xidmətidir, heç kimin buna şübhəsi olmasın. 

(ardı var)

 

Söhbəti qələmə aldı:
İ.GÜLAĞAOĞLU, “Xalq qəzeti”

Müsahibə