Heydər Əliyev peşəkar təhlükəsizlik zabiti kimi nəsillərə nümunədir

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin müsahibəsi

– Cənab general, sıx iş qrafiki­nizdə müsahibəyə vaxt ayırdığınıza görə təşəkkür edirik. Ümummilli li­der Heydər Əliyevin 80 illik ömrünün 25 ili xüsusi xidmət orqanlarında fəaliyyətdə keçib. 100 illik yubiley ərəfəsində geniş ictimaiyyət üçün məhz bu fəaliyyətin təfərrüatları böyük maraq doğurur. İlk növbədə, Azərbaycan xüsusi xidmət orqanla­rının 1950-ci illərə qədərki dövrünə tarixi ekskurs etmək istərdik. Sovet hakimiyyətinin ilk illərindən bu xid­mət necə formalaşdırılırdı, azərbay­canlı kadrların işə qəbulu və onların xidmət göstərdiyi sahələr hansılar idi?

– Bildiyiniz kimi, 104 illik tarixə malik xüsusi xidmət orqanlarımız öz başlanğıcını Azərbaycan Xalq Cüm­huriyyəti (AXC) dövründə, 1919-cu ilin mart ayının 28-də Hərbi Nazirli­yin tərkibində yaradılmış Kəşfiyyat və əks-kəşfiyyat bölməsindən götürür. Ulu öndərin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla 28 mart gününün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayra­mı günü elan edilməsi məhz tarixi va­risliyə əsaslanır. AXC-nin fəaliyyətinin qısa zamanı əhatə etməsinə baxma­yaraq, ovaxtkı təhlükəsizlik orqanları­mız ölkəmizə qarşı yönələn xarici və daxili təhdidlərin qarşısının alınma­sında mühüm işlər görmüşdür. Lakin Azərbaycanın bolşeviklər tərəfindən istilası ilə Xalq Cümhuriyyətinin digər təsisatları kimi bu orqanların da fəaliy­yətinə son qoyulmuş və respublikada sovet ideologiyasına xidmət edən təh­lükəsizlik qurumu yaradılmışdır. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, XX əsrin 20-ci, 30-cu, 40-cı illərində bu orqanlar xalqımızın milli kimliyinə bö­yük zərbələr vurmuşdur. Həmçinin bu orqanlarda rəhbər vəzifələrdə oturan şəxslərin başqa millətlərin nümayən­dələrindən və Azərbaycan xalqına yad ünsürlərdən təşkil edilməsi təhlükəsiz­lik təsisatının milli maraqlardan uzaq bir təşkilat kimi formalaşmasına rəvac vermişdir. Lakin 1944-cü ildə təhlükə­sizlik orqanlarında xidmətə başlayan və vəzifə pillələrində addım-addım irə­liləyən Heydər Əliyevin 1950-ci illərin əvvəllərindən – Əks-kəşfiyyat şöbəsin­də rəhbər vəzifələrdə işlədiyi vaxtdan təhlükəsizlik orqanlarının tərkibinin milliləşdirilməsi, milli düşüncəli azər­baycanlı kadrların bu orqanlara cəlb olunması yönümündə fəaliyyəti o dövr üçün, heç şübhəsiz, böyük cəsarət və hünər tələb edən bir addım idi. Həmin illərdə azərbaycanlılar, əsasən, qey­ri-əməliyyat sahələrində xidmət edirdi. Xidmətə qəbul və rəhbər vəzifələrə təyinat məsələlərinin Moskvada həll olunmasına baxmayaraq, Heydər Əli­yevin misilsiz səyləri nəticəsində qısa zaman ərzində xüsusi xidmət orqan­larının tərkibi milliləşdi və ulu öndərin rəhbərliyi altında bu qurumun fəaliy­yətinə önəmli töhfələr vermiş azər­baycanlı kadrlardan ibarət yeni nəsil yetişmiş oldu. Həmin əməkdaşlar bu orqanlara Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildikdən sonra kəşfiyyat və əks-kəşfiyyat sahələrində mühüm əməliyyat tapşırıqlarını uğurla icra et­məyə başladılar. 

– 1950-ci ilin 25 avqustuna qədər gənc zabit Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlı­ğında müxtəlif vəzifələrdə çalışırdı. Bəs onun həmin dövrün DTK naziri Yemelyanovun əmri ilə Bakıya – Azərbaycan SSR DTK-nın mərkəzi aparatına təyinatında hansı keyfiy­yətləri rol oynadı?

– Sirr deyil ki, Heydər Əliyevin dərin biliyə, iti zəkaya, geniş dünyagörüşünə malik olması hələ gənclik dövründən özünü büruzə verməyə başlamışdı. Malik olduğu fitri istedad, işgüzar və şəxsi keyfiyyətlər daim Heydər Əliyevi öz yaşıdları arasında fərqləndirmiş və çox qısa zamanda onun yüksək və­zifələrə təyinatına imkan vermişdir. O dövrdə Bakıda, Mərkəzi Aparatda bi­likli, savadlı, geniş əməliyyat təfəkkü­rünə malik əməkdaşlara ciddi ehtiyac duyulurdu. Belə bir məqamda Heydər Əliyev kimi bir kadr burada işləyən rəhbər şəxslərin diqqətindən yayı­na bilməzdi. Beləliklə, Heydər Əliyev 1950-ci ilin avqustunda Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyin­də bölmə rəisi vəzifəsinə irəli çəkilir. Mərkəzi aparata gəldikdən sonra bu­rada da ətrafındakı əməkdaşlardan bütün cəhətləri ilə seçilməsi, bu orqan­ların xalqımızın milli mənəviyyatına ziyan vuran ünsürlərdən təmizlənərək yerli kadrların işə cəlb olunması üçün inadla fəaliyyət göstərməsi, əlbəttə ki, qurumun ovaxtkı rəhbər şəxsləri qıcıq­landırdığından onun bu fəaliyyətinə ciddi maneə törətməyə çalışırlar. Hət­ta bu amillər Heydər Əliyevin qısa bir zamanda vəzifə pilləsində aşağı salın­ması ilə də nəticələnir. 

Lakin belə maneələr Heydər Əliye­vi öz məqsədindən çəkindirə, yolun­dan edə bilməzdi. Çox keçmir ki, onun zəngin xidməti karyerasını ardıcıl və­zifə yüksəlişləri əvəz edir və o, 1958-ci ildə gənc yaşında Əks-kəşfiyyat şö­bəsinin rəisi vəzifəsinə yüksəlir. Qeyd olunmalıdır ki, həmin şöbənin rəisi DTK Kollegiyasının üzvü olmaqla, bu şöbə əməkdaşların sayına və yerinə yetirdiyi işlərin həcminə görə ən böyük struktur vahidi sayılırdı. 

– Əli müəllim, ulu öndərin 30 yaş­larında Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə rəhbərliyinin həmin dövrə qədər formalaşmış stereo­tiplərin qırılmasında əhəmiyyəti nə dərəcədə idi? Daha geniş yanaş­saq, Azərbaycan DTK-nın əks-kəş­fiyyat işində nə dəyişdi?

– Qeyd etməliyəm ki, ulu öndərin 1950-ci illərin əvvəllərindən təhlükə­sizlik orqanlarının milliləşdirilməsi is­tiqamətində göstərdiyi səylər Əks-kəş­fiyyat şöbəsinin rəisi kimi məsul bir vəzifəyə təyin olunduqdan sonra daha geniş vüsət aldı. Təsadüfi deyil ki, 50-ci illərin sonlarından başlayaraq 60-cı, 70-ci illəri Heydər Əliyevin birbaşa rəhbərliyi və sonralar da onun himayə­si altında təhlükəsizlik orqanlarının in­tibah dövrü adlandırırıq. Heydər Əliyev 2-ci şöbənin rəisi təyin olunduqdan sonra təhlükəsizlik orqanlarına qəbul olunmuş azərbaycanlı kadrların sayı­nın durmadan artması, onun diqqət və qayğısı ilə bu sahədə yeni gənc nəslin yetişməsi, təbii ki, bu qurumun fəa­liyyətinə müsbət təsirini göstərməklə yanaşı, ulu öndərin respublikaya rəh­bərliyi və SSRİ Nazirlər Soveti sədri­nin birinci müavini olduğu vaxtlarda da təhlükəsizlik orqanlarının fəaliyyətinin səmərəli qurulmasını şərtləndirmişdir. Bunu sadəcə belə ifadə etmək olar ki, Heydər Əliyev bu addımı ilə, sanki, gələcək müstəqil Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı.

– Ümummilli liderin 1950–69-cu illərdə Azərbaycan SSR DTK-da şəxsən iştirak etdiyi və rəhbərlik etdiyi – “Duel”, “Alagöz”, “Natu­ralist”, “İzuver”, “Axito” və başqa əməliyyat oyunlarının regional və ümumittifaq əhəmiyyətini necə qiy­mətləndirə bilərik? Heydər Əliyevin məhz “çekist” kimi fəaliyyət miqya­sını təsvir etsək, hansı mənzərənin şahidi olarıq?

– Heydər Əliyev Azərbaycan SSR DTK-da işlədiyi vaxtlarda çoxlu sayda uğurlu əməliyyatlar keçirmişdir. Bun­ların sırasında “Naturalist”, “Duel”, “Axito”, “Alagöz” və s. bu kimi əks-kəş­fiyyat işinin şah əsərləri sayıla biləcək əməliyyat kombinasiyalarını sadala­ya bilərik. Qürurvericidir ki, bu gün Heydər Əliyevin adını daşıyan DTX-nin Akademiyasında həmin əməliyyat işləri gələcəyin əməkdaşlarına öyrədi­lir. Bütün bu əməliyyatlara aid sənədli materiallarla yaxından tanış olduqda onların qurulmasında mahir əks-kəş­fiyyatçı izini, Heydər Əliyev dəst-xət­tini, Heydər Əliyev peşəkarlığını gör­müş olursan. 

Keçirdiyi əməliyyatlarla bağlı əv­vəlcədən qurduğu əməliyyat planları onun uzaqgörənliyinin, təhlil etmək bacarığının mücəssəməsidir. Necə deyərlər, bu bir elmdir, ustad dərsidir, şedevrdir. Bu fikirlər vaxtilə Heydər Əliyevlə birgə çiyin-çiyin çalışmış və iş üslubuna yaxından bələd olan veteran əməkdaşlarımız, xidməti ərzində yol­ları bu dahi şəxsiyyətlə kəsişmiş digər şəxslər tərəfindən də birmənalı olaraq etiraf edilir. Sadalananlar həm ölkə daxilində, həm də onun sərhədlərinin xaricində Heydər Əliyevi peşəkar təh­lükəsizlik zabiti kimi tanıdır və xarak­terizə edir.

– Sovetlər İttifaqının sonu, müstəqilliyin bərpasının ilk illərinə nəzər salsaq, Azərbaycana qarşı həm siyasi, həm ideoloji cəbhə­də total hücumları görərik. Heydər Əliyevin Siyasi Bürodan istefasın­dan sonra Azərbaycana qarşı ərazi iddiaları hərb müstəvisinə keçdi. Hətta SSRİ DTK-nın mümkün plan­ları reallaşdırıldı – 1988-ci il Sumqa­yıt hadisələrini nümunə çəkə bilə­rik. 2 il sonra imperiyanın 20 Yanvar faciəsi törədildi. Bütün bu proseslər Lider fenomeninin yoxluğu nöqte­yi-nəzərindən necə görünür?

– Məlumdur ki, Heydər Əliyevin Sovetlər İttifaqı rəhbərliyindən qərəzli şəkildə, müxtəlif səviyyələrdə böhtan kampaniyası aparılmaqla uzaqlaşdı­rılması Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələri fəallaşdırdı. İttifaqın tərkibinə daxil olan xalqların öz azadlığına qovuşmaq arzusunu beşiyində boğmağa çalışan Moskvada hakimiyyət başında oturan bəzi qüvvələr millətlərarası nifaq toxu­mu səpməklə yeni münaqişə ocaqla­rının yaranmasına çalışırdı. Təbii ki, Azərbaycan da bu planlardan kənarda deyildi. Heydər Əliyevin siyasi hakimiy­yətdən kənarlaşdırılması ermənilərin soydaşlarımıza qarşı etnik təmizləmə prosesi aparmasına, Sumqayıt və 20 Yanvar hadisələri kimi qanlı hadisələ­rin törədilməsinə şərait yaratmış oldu. 1988-ci ildə Qarabağ ətrafında başla­nan təlatümlü hadisələrin münaqişə ilə müşayiət olunaraq torpaqlarımızın Ermənistan tərəfindən işğala məruz qalması ilə nəticələnməsi isə tariximi­zin qan yaddaşına çevrilmiş oldu. 

Bütün bunlar, təbii ki, o dövrdə Azər­baycanda güclü siyasi liderə ehtiyacın nə dərəcədə olduğunu bütün çılpaqlığı ilə nümayiş etdirdi. Həyatı hər an təh­lükədə olan Heydər Əliyevin o dövrdə Azərbaycan xalqına qarşı törədilən qırğınlarla bağlı millətinin səsinə səs verərək bütün dünya birliyinə baş verən hadisələrə siyasi-hüquqi qiymət veril­məsi üçün çağırış etməsi bu şəxsiy­yətin böyüklüyünü bir daha göstərmiş oldu.

Lakin təəssüflər olsun ki, ulu öndə­rin həyatına təhlükə yaradılması üçün nəinki mərkəz Moskvadan, həmçinin ölkə daxilində olan bəzi məkrli qüv­vələr tərəfindən də bəzi planlar cızılır, ovaxtkı səriştəsiz və bacarıqsız haki­miyyət nümayəndələri Heydər Əliyevin Bakıya gəlməyinə hər vəchlə mane olmaqla kifayətlənməyərək, onu həya­tına son qoyacaqları ilə də hədələyir­dilər. 

– 1990-cı ildən xalq azadlıq mü­barizəsini məntiqi sonluğa çatdır­maq üçün güvəndiyi liderə ehtiyac duyurdu. Həmin ilin iyulundan ulu öndər Heydər Əliyev Moskvadan Bakıya, 2 gün sonra Naxçıvana dö­nür. Bu dövr, Heydər Əliyevin 1990-93-cü illərdəki Naxçıvanda fəaliy­yəti azərbaycançılıq məfkurəsinin reallaşdırılmasının nümunəsi kimi necə qiymətləndirilə bilər?

– Bəli, qeyd etdiyiniz illər ulu ön­dərin Naxçıvan MR-dəki fəaliyyəti ilə əlamətdardır. Lakin vurğulanmalıdır ki, Naxçıvan camaatının hərtərəfli dəstə­yini öz üzərində hiss edən və yekdil səslə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin ömrünün ən qayğılı və ağrılı-acılı günləri də məhz bu dövrə təsadüf edir. Müstəqilliyinin itirilməsi və vətəndaş müharibəsi təh­lükəsi ilə üz-üzə qalan Azərbaycanın gələcək naməlum taleyi onun ürəyini göynədirdi. Mən bu məqamda ulu ön­dərlə bağlı şəxsi xatirəmi də bölüşmək istərdim. 

Mən o illərdə Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov rayon şöbəsi­nin rəisi vəzifəsində xidmət edirdim. Vəziyyət elə gətirdi ki, həvalə olunmuş əməliyyat tapşırığının icrası ilə əlaqə­dar 1993-cü ilin aprel ayında Naxçıvan şəhərinə getməli oldum. O zaman Nax­çıvan MR-in milli təhlükəsizlik naziri Abbas Əsgərov idi. Onunla görüşdüm və verilmiş əməliyyat tapşırığının icra­sına dair geniş fikir mübadiləsi apar­dıq. Sonra A.Əsgərov gəlişim barə­də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə telefonla zəng edərək məruzə etdi. Abbas müəllim dəstəyi yerə qoyan kimi Heydər Əliyevin məni qəbul etmək istədiyini bildirdi. Sözün açığı, bu mənim üçün gözlənilməz oldu. Ulu öndərlə həmin görüşdə onun ölkənin düşdüyü böhranlı vəziyyətdən, muxtar respublikanın blokada şəraitin­də qalmasından nə dərəcədə narahat olduğu, belə vəziyyətin onu nə qədər incitdiyi açıq-aydın sezilirdi. 

Eyni zamanda, o, söhbət əsnasın­da vaxtilə təhlükəsizlik orqanlarında özünün gərgin səyləri ilə formalaşdır­dığı kadr korpusundan əsər-əlamət qalmadığını, böyük zəhmətlə yetişdir­diyi peşəkar əməkdaşların bir çoxunun fəaliyyətlərindən qərəzli şəkildə uzaq­laşdırılmalarını xüsusi vurğulamış­dı. Ulu öndərin bu orqanda o dövrdə hökm sürən belə vəziyyəti necə də­rin təəssüf hissi ilə qarşıladığını gör­məmək mümkün deyildi. 

– Ulu öndərin 1993–2003-cü illər müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti dövrünə nəzər sa­laq: ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş liderin xüsu­si, tarixi, milli prioritetlərinin xarici siyasətin qurulmasında və ölkənin informasiya, iqtisadi, hərbi bloka­dadan çıxarılmasında rolu barədə fikirlərinizi öyrənmək istərdik?

– Ulu öndərin xalqın təkidli tələbi ilə növbəti dəfə siyasi hakimiyyətə qayıdı­şı Azərbaycanın ikinci intibah dövrünə qədəm qoymasına səbəb oldu. Ölkəmi­zin təhlükəsizliyinə qarşı yönəlmiş qüv­vələrə qarşı uğurlu əməliyyatlar həyata keçirildi, sabitlik və əmin-amanlıq təmin edildi, Ermənistanla atəşkəsə nail olun­du. Reallaşdırılan yeni iqtisadi layihələr, aparılan uğurlu daxili və xarici siyasət kursu ilə ölkəmiz yeni inkişaf mərhələ­sinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi altında respublikamız yük­sələn xətlə inkişaf etməyə başladı. Tə­bii ki, bu yüksəliş təhlükəsizlik orqanla­rının da fəaliyyətində öz sözünü dedi. Bu orqanların fəaliyyətinin səmərəli qurulması, kadr potensialının forma­laşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.

O dövrlər həmçinin təhlükəsizlik orqanlarımızın tarixində ulu öndərin şəxsi heyətlə görüşləri ilə yadda qal­mışdır. Bunların sırasında 1997-ci ilin 28 iyun tarixində Milli Təhlükəsizlik Nazirliyinin akt zalında təhlükəsiz­lik orqanlarının əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş tədbiri xüsusi qeyd et­mək istərdim. Təntənəli mərasimdə ümummilli liderimizin bir neçə saat yorulmadan söylədiyi nitqi bir həyat dərsi, eyni zamanda bu orqanların tarixinə bir ekskursiya adlandırsam yəqin ki, yanılmaram. O görüşdə ulu öndərin səsləndirdiyi dəyərli fikirlər o dövrün gənc əməkdaşları olan bizlərə verdiyi öyüd-nəsihətlər bu günədək xatirimdədir. 

– Ümummilli lider Heydər Əliyev çıxışlarından birində demişdi ki: “müstəqilliyi qazanmaq nisbətən asandır, onu qorumaq, möhkəmlən­dirmək qat-qat çətindir”. 2023-cü ilin reallığından baxdıqda, bu ifadə­nin xüsusi xidmət orqanlarına aid hissəsi nədən ibarətdir? Mövcud geosiyasi vəziyyətdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi is­tiqamətində xüsusi xidmət orqan­larının üzərinə düşən missiya necə reallaşdırılır?

– Bildiyiniz kimi, müasir dövrümüz­də qlobal təhlükəsizliyimizə çoxsaylı təhdidlər mövcuddur. Yeni mühari­bə və münaqişə ocaqları, terrorçu və ekstremist qüvvələrin öz fəaliyyətlərini aktivləşdirməsi, regionumuzun bəzi ölkələrinin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyətini həyata keçirməsi cəhdləri bizi daim ayıq-sayıq olmağa sövq edir.

Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azər­baycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik siste­mi qurulmuşdur. Dövlətimizin başçı­sı tərəfindən milli təhlükəsizliyimizin etibarlı təmin olunması üçün qarşıya mühüm vəzifələr qoyulmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmində və gücündədir.

Xalqımızı və müzəffər Ali Baş ko­mandanı əmin edirik ki, ulu öndərin peşəkarlıq məktəbini layiqli şəkildə davam etdirərək gecə-gündüz yorul­madan çalışan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bundan sonra da respublikamızın müstəqilliyinə, əra­zi bütövlüyünə, suverenliyinə, təhlükə­sizliyinə yönələn hər cür plan və niy­yətlərin qarşısını qətiyyətlə alacaqdır!

– Əli müəllim, maraqlı müsahibə üçün təşəkkürümüzü bildiririk. 

 

Müsahibəni aldı:
Rüfət HƏMZƏYEV, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, jurnalist

Müsahibə