Laçın Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq - ŞƏRH.

post-img

Mühüm geostrateji mövqeyə malik Laçının işğalı, Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqıq, Turştiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi bulaqlar vardır. İşğal nəticəsində əraziyə 7 milyard dollardan çox ziyan dəyib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən digər torpaqlar kimi, ölkəmiz üçün strateji əhəmiyyətə malik olan Laçın rayonu da 28 ildən sonra əsl sahibinə qaytarılıb. 

Bu fikirləri qəzetimizə açıqlamasında siyasi analitik Masil Dəmirov deyib.

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərb hissəsində, dağlıq ərazidə yerləşir. 1923-cü ilə qədər, bu münbit və tarixi torpaq Abdallar, sonralar isə Laçın adlanırdı. Laçının ərazisi əsasən dağlıq ərazidən ibarətdir. Rayon əhalisinin sayı 62 min nəfərdən çox olub, hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış və qaçqın statusu almış insanlardır. 120 kənd, 1 şəhər və 1 qəsəbədən ibarət olan Laçının ümumi sahəsi 1883 kv.m-dir. Bundan əlavə, Laçında 217 mədəniyyət ocağı, 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi fəaliyyət göstərirdi.İkinci Dünya Müharibəsi illərində Laçın rayonundan 3660 nəfər cəbhəyə gedib, onlardan 2426 nəfəri geri qayıtmayıb. Laçına gedən avtomobil yolunun çəkilişinə 1950-ci illərin əvvəllərindən başlanılıb. Respublikanın paytaxtı Bakıya avtomobil yolu ilə 450 km, Xankəndi dəmir yolu stansiyasına qədər olan məsafə 60 km-dir. 1962-ci ildən əvvəl şəhərdə, sonra isə kəndlərdə elektrikləşdirmə, radioquraşdırma və telefon xətləri çəkilməyə başlandı. Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə, Azərbaycan KP MK-nin “Dağ rayonlarının iqtisadiyyatının yaxşılaşdırılması tədbirləri haqqında” və “Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətinin yaxşılaşdırılması tədbirləri haqqında” 16 noyabr 1971-ci il tarixli qərarları, o cümlədən Azərbaycan KP MK-nın “Laçın şəhərinin 50 illiyi haqqında” 1974-cü il 6 avqust tarixli qərarı, Laçının sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına böyük təkan verdi, rayonun iqtisadi-mədəni həyatı, əhalinin rifahı, iqtisadiyyatın maddi-texniki bazası möhkəmləndirilmiş, orta məktəb məzunlarına ali məktəblərə daxil olarkən güzəştlər edilmişdir. Şəhər və kəndlər abadlaşdırılmış, televiziya quraşdırılmış, bütün kəndlər radio, telefon, elektrikləşdirilmiş, Laçın şəhəri və 53 kənd qazla təmin edilmişdir.

Ulu Öndərin diqqət və qayğısı sayəsində onlarla təhsil, mədəniyyət, məişət, tibb müəssisələri, heyvandarlıq kompleksləri və digər sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Kəndlərdə magistral yollar çəkilmiş, Şuşa-Laçın yolu yenidən qurulmuş, asfalt zavodları, daş karxanaları, əhəngdaşı, yerli sənaye, toxuculuq sexləri, mərmər yataqları, Sumqayıt Alüminium və Maşınqayırma zavodlarının filialları, 1 saylı Bakı Tibb Kolleci istifadəyə verilmiş, ticarət, ictimai, mədəni, rabitə və ictimai xidmətlər şəbəkəsi genişləndirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 133 idarə və müəssisə, o cümlədən 23 tikinti, 16 sənaye müəssisəsi fəaliyyətə başlayıb.Rayonda 1 avtovağzal, 82 avtobus dayanacağı, 2130 km yol, 92 körpü, 1187 km su təchizatı, 33 su anbarı, 15 km mərkəzi kanalizasiya, 20 km istilik şəbəkəsi, 14 hamam, 8 yanacaqdoldurma məntəqəsi, hava elektrik xətləri var idi. 2636 km, qaz kəməri 498 km, radiotelefon rabitəsi xətti 10200 km, 3 televiziya stansiyası və s. obyektlər vard idi.

1992-ci il mayın 18-də Laçın rayonu xəyanət qurbanına çevrilərək Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 24374 uşaqdan, 1-16 yaş arası uşaqlrarın 18-i şəhid, 225-i əlil, 1071 uşaq, 31-i hər iki valideynini itirməklə, yetim qalıb. Bütün təbii sərvətlər dağıdılmış, əcdadlarımızın qəbiristanlıqları düşmən tapdağında qalmış, respublikanın 59 şəhər və kəndində, 84 “Taxta-Kərpü” qışlaqlarında 65507 nəfər müvəqqəti məskunlaşmışdır. 

28 il ərzində Beynəlxalq Hüquq Normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayan işğalçı dövlət öz payını aldı. Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrından başlayan əks-hücum əməliyyatları nəticəsində, işğal altında qalan torpaqlarımızı azad etməklə, həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa edib. 44 gün davam edən Vətən müharibəsində, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Beləliklə, Azərbaycan, sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.

Azərbaycan Respublikasının Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin təbrik çıxışının bir hissəsi olan: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Dövlətçilik tariximizə ən şanlı səhifə kimi daxil olan bu Qələbə sayəsində Azərbaycan Ermənistanın 30 illik işğalına son qoydu" bu tarixi nitqi, hər bir azərbaycanlının qürur hissini daha yüksəltdi.

Azərbaycan Respublikası 2020-ci ilin dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbrik nitqi ilə çıxış edərkən, o cümlədən bildirmişdir ki: "Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan günü vurğulamışdır: “Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açıldı. Bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat və logistika dəhlizlərinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində lazımi infrastrukturun yaradılması istiqamətində işləri davam etdirir. Zəngəzur dəhlizinin açılışı böyük əhəmiyyət kəsb edir. İlin sonuna kimi məcburi köçkünlərin tədricən Ermənistan işğalından azad edilmiş Azərbaycanın Laçın rayonuna köçürülməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üçün ilk “Böyük Qayıdış” Dövlət Proqramı təsdiq edilib, bu ilin sonunadək laçınlıların birinci qrupunun köçürülməsi nəzərdə tutulub: “Ehtimallara görə, Zabux və Sus kəndlərində 296 ailə məskunlaşacaq. Bu günlərdə Talış kəndinə ilk 20 ailə köçürülür”.

Müharibə başa çatan kimi Laçın rayonunun bərpasına başlanılıb və ötən il avqustun 26-dan sonra Laçın şəhərinin bərpası davam etdirilir. İki ildən artıqdır ki, bərpa işləri aparılır. Laçın rayonunda xeyli işlər görülmüşdür. Laçın rayonunda beynəlxalq hava limanı tikilir, Kəlbəcər-Laçın yolunun bərpası prosesinə başlanılıb, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi yaşayış evi tikilir və ya ermənilər tərəfindən dağıdılmış evlər bərpa olunur, səkkiz çoxmərtəbəli yaşayış binaları yenidən qurulur və ya əsaslı təmir olunur, 30-dan çox ictimai bina tikilir, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Laçında məscid tikiləcək, Zabux və Sus kəndlərinin əsaslı şəkildə yenidən qurulması prosesinə başlanacaq. (Zabux kəndində 1000 nəfərdən çox, Sus kəndində 300 nəfərdən çox adam yerləşəcək), Güləbi və Qorçu kəndlərinin Baş Planı təsdiq edilib və s. mühün işlər görülür.Cənab Prezident İlham Əliyev martın 28-də Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil olan Laçın rayonuna Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb və bu münasibətlə, bu vəzifəyə təyyin olunan Məsim Məmmədovu qəbul edib. Qəbulda çıxış edən dövlətimizin başçısı nümayəndəyə böyük etimad göstərildiyini qeyd etdi, Məsim Məmmədovun bu etimadı doğruldacağına əminliyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın rayonunda və şəhərində görülən mühüm və böyük həcmli işlərlə əlaqədar olaraq, Məsim Məmmədova dərhal vəzifəsinin icrasına başlaması üçün müvafiq tapşırıqlar verib.

Qələmə aldı:
Rizvan Fikrətoğlu,
“Xalq qəzeti”

Müsahibə