Gövhər Beydullayeva: Builki yarış daha çətin idi

post-img

Bu günlərdə gənc qrossmeysterimiz Gövhər Beydullayeva qadın şahmatçılar arasında ölkə çempionatının qalibi oldu. O, ard-arda ikinci dəfə Azərbaycan, ötən il isə İtaliyada 20 yaşadək gənclər arasında Dünya çempionu adını qazanıb. Gövhər Beydullayeva “Xalq qəzeti”nin suallarını cavablandırıb. Onunla söhbətimizi oxuculara təqdim edirik.

Gövhər Beydullayeva: Builki yarış daha çətin idi

– Gövhər xanım, qələbəyə necə nail oldunuz?

– İlk dəfə ötən il ölkə çempionu ol­dum. Düzü, həmin vaxt çox sevindim. Azərbaycan çempionatında qalib ol­maq hər bir şahmatçının arzusudur. Çox şadam ki, bu il də ölkə çempion­luğu sevincini yaşamaq mənə qismət oldu. Keçən il yarış 7 turdan ibarət idi. Bu il isə 10 tur oynadım. Deyə bilərəm ki, builki yarış daha çətin idi. Son tur ərəfəsində 4 rəqib şahmatçının çempi­onluq şansını saxlaması da bunu təs­diq edirdi. 

– Ötən il İtaliyada iyirmi yaşadək gənclər arasında Dünya çempionu olmusunuz. O günü necə xatırlayır­sınız?

– Bəli, İtaliyanın Sardinya adasın­da təşkil olunmuş 20 yaşadək gənclər arasında dünya çempionu olmağımı heç zaman unutmaram. Çünki bu, ilk böyük beynəlxalq uğurum idi. Gənclər arasında dünya çempionluğundan son­ra üzərimdə bu qədər diqqət olacağını gözləmirdim. Bəzən küçədə insanlar tanıyır, yaxınlaşır, şəkil çəkdirir və xoş sözlər deyirlər. Bakıya qayıtdıqdan sonra televiziya kanallarında qonaq ol­dum, qəzet və saytlar həmin yarışdan yazdılar. Ümumiyyətlə, bütün bunlar üzərimə böyük məsuliyyət qoyur. Hər kəsə təşəkkür edirəm. 

– Qazandığınız uğurlarda kimlə­rin əməyi olub? 

– Əlbəttə ki, qazandığım bütün uğurlarda məşqçilərimin böyük əməyi var. Həmçinin məni qələbəyə ruhlan­dıran insanların dəstəyini heç zaman unutmaq olmaz. Ümumiyyətlə, uğur­larımda həm valideynlərimin, həm də dostlarımın payı var. Onların göstərdi­yi mənəvi dəstək hər zaman məni ye­ni-yeni nailiyyətlərə sövq edib.

– Bundan sonrakı hədəfiniz nədir? 

– Təbii ki, hər bir idmançı kimi mə­nim də öz hədəflərim var. Bu hədəfə doğru irəliləmək nə qədər çətin, nə qədər əziyyətli olsa da, bir o qədər də məsuliyyətli və qürurvericidir. Avropa çempionatında, həm də dünya kuboku yarışlarına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağam. Amma dünya kuboku yarışlarında iştirakım dəqiqlə­şib. İyirmi yaşadək şahmatçıların dün­ya çempionatında qələbə qazanmaqla vəsiqə əldə etmişəm. Ölkə çempiona­tında 2400 reytinqimi keçə bilmədim. Çalışacağam ki, Avropa çempionatında reytinqimi artırım və mükafatçılar sıra­sında yer alım.

 

Elçin ABBASOV, “Xalq qəzeti”

Müsahibə