Soyqırımı xronologiyası: Lemkin fədakarlığından Pauel etirafınadək

post-img

Ulu öndər Heydər Əliyev deyirdi: “1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik”. Milli Məclisin dahi şəxsiyyətin təşəbbüsü ilə qəbul edilmiş qərarından sonra ali qanunverici orqanımız 1995-ci il fevralın 24-də dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti ünvanlamışdı. Bəli, 1990-cı ilin 20 Yanvar faciəsi kimi, Xocalı soyqırımına hüquqi qiymətin verilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdu. Mövzumuz isə dünya miqyasında soyqırımı cinayətlərinə hüquqi qiymətin verilməsi tarixi barədədir. 

Aşağıda oxucularımızın diqqətinə çatdıracağımız xronoloji mahiyyət da­şıyan qeydlər “soyqırımı” anlayışının bəşəriyyət tərəfindən dərkinin, habelə mövcud istiqamətdəki müvafiq hüquqi təcrübənin inkişaf mərhələlərini özün­də əks etdirməkdədir. Onu da bildirək ki, təqdimatımızda soyqırımı qismində qiymətləndirilə biləcək bütün halların təfərrüatlı təsvirinə cəhd göstərmi­rik. Niyyətimiz bu terminin tədricən meydana çıxması prosesinin müxtəlif qruplara qarşı geniş yayılmış zorakılıq hallarına siyasi, hüquqi və etik qiyməti özündə birləşdirən ayrı-ayrı məqamları vurğulamaqdır.

 

Yəhudi Lemkinin Polşadan qaçışı

 

Ondan başlayaq ki, “soyqırımı” sö­zünü işlədən Rafael Lemkin 1900-cü ildə Polşada yəhudi ailəsində anadan olub. O, Osmanlı İmperiyasının ermə­nilərin soyqırımı kimi qiymətləndirdiyi dövrünü, yəhudi qırğınlarını və bir qrup insana qarşı zorakılıqların digər halla­rını araşdırıb. 

1933-cü ildə Adolf Hitlerin Alma­niyada hakimiyyətə gəlişindən sonra həmin ilin oktyabrında ölkə Millətlər Liqasından çıxdı. Həmin vaxt hüquq­şünasların Madriddə keçirilmiş bey­nəlxalq konfransına qatılmış Rafael Lemkin isə bütün qruplardan olan in­sanların müdafiəsi üçün hüquqi tədbir­lərdən istifadə təklifini irəli sürür. Ancaq bu ideya dəstək qazanmır.

1939-cu il sentyabrın 1-də Almani­yanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlanır. Polşa ilə tərədaş­lıq müqaviləsinə malik Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan edir. 1939-cu il sentyabrın 17-də Sovet ordusu Polşanın şərq hissəsini tutur. Lemkin Polşadan qaçır, Sovet İttifaqı­na keçərək oradan ABŞ-a gəlir.

 

Çörçill “soyqırımı” demir, amma...

 

1941-ci il iyunun 22-də faşist Al­maniyası Sovet İttifaqına hücum edir. Şərqə doğru irəliləyən alman qoşun­larının şəxsi heyəti görünməmiş qəd­darlıq həyata keçirir. Bu kimi hallar Bö­yük Britaniyanın o zamankı Baş naziri Uinston Çörçilli 1941-ci ilin avqustunda belə bir bəyanat səsləndirməyə vadar etir: “Gözümüzün qarşısında hələ adı bəlli olmayan cinayət törədilir”. 

1941-ci ilin dekabrında ABŞ müt­təfiqlərinin tərəfini tutaraq İkinci Dün­ya müharibəsinə qoşulur. Həmin il Birləşmiş Ştatlara qaçqın kimi gələn R.Lemkin Çörçillin haqqında söz açdı­ğımız çıxışını eşidir və bəşəri fəaliyyə­tinə yeni faza qazandırmağa başlayır. Onun təklif etdiyi “soyqırımı” ifadəsi müəyyən dərəcədə Böyük Britaniyanın Baş nazirinin bəyanatına reaksiya kimi gündəmə gəlir.

 

“Soyqırımı” ifadəsi “doğulur”

 

İkinci Dünya müharibəsinin gedi­şində faşist Almaniyasının rəhbərliyi kütləvi qırğınlar törədərək Avropa əha­lisinin etnik tərkibinin zorakılıqla dəyiş­dirilməsini nəzərdə tutan demoqrafik siyasət yürütməyə başlayır. Belə bir siyasətin təzahürü bütün Avropa yə­hudilərinin (sonralar “Holokost” adlan­dırıldı), qaraçıların, eləcə də Polşa və Sovet İttifaqının işğal olunmuş ərazilə­rində əhalinin aparıcı təbəqələrinin fizi­ki məhvinə əsaslanır. Nəzərə alaq ki, bu mənfur xəttə kütləvi qətllərlə yanaşı, dövrümüzdə etnik təmizləmə siyasəti kimi tanınan məcburi köçürmələr də daxil edilir. 

1944-cü ildə ABŞ-ın Müharibə De­partamenti ilə əməkdaşlıq edən Rafael Lemkin isə işğal olunmuş Avropadakı müharibə dəhşətlərinin təsvirinin yer aldığı kitab buraxır və həmin nəşrdə “soyqırımı” terminindən istifadə edir. Qeyd edək ki, Lemkin öz kitabında, həmçinin nasistlərin törətdikləri qətllə­rin və digər cinayət əməllərinin sənədli sübutlarını da ortaya qoyur.

 

Beynəlxalq Hərbi Tribunaldan soyqırımı konvensiyasına doğru 

 

1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Nürnberq Beynəlxalq Hərbi Tribunalında sülh əleyhinə və in­sanlığa qarşı cinayətlərdə, habelə mü­haribə cinayətləri törətməkdə, bu əməl­ləri həyata keçirmək üçün sui-qəsdlərin gerçəkləşdirilməsində ittiham olunan nasist Almaniyasının 22 yüksək səviy­yəli liderinin mühakiməsi aparılır. Bu, müharibədən sonra dövlət rəhbərlərini cinayətlərinə görə məhkum edən ilk beynəlxalq məhkəmə kimi tarixə düşür. Məhkəmə “soyqırımı” sözünü ittiham aktına daxil etsə də, bu daxiletmə sırf hüquqi termin mahiyyəti daşıyır, yalnız nasistlərin vəhşiliklərinin təsvirini hədəf seçir.

Rafael Lemkinin böyük səyləri ilə soyqırımı haqqında beynəlxalq qanu­nun zəruriliyi məsələsi Birləşmiş Millət­lər Təşkilatının dünyanın hər yerindən gəlmiş nümayəndə heyətlərinin iştirak etdiyi müzakirəsinə çıxarılır. Konvensi­yanın yekun variantı 1948-ci il dekabrın 8-də qəbul edilir. BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cə­zalandırılması haqqında” Konvensi­yası 20-dən çox dövlət tərəfindən ra­tifikasiyası edildikdən sonra 1951-ci il yanvarın 12-də qüvvəyə minir.

 

“Soyuq müharibə” dövrü və soyqırımı

 

Ancaq mülki əhaliyə qarşı ağır ci­nayətlərin törədilməsinin yolverilməz­liyinin dərkinə İkinci Dünya mühari­bəsindən sonrakı illərdə o qədər də əhəmiyyət verilmir və bu tendensiya bütün “soyuq müharibə” dövrü üçün xarakterikdir. Maraqlıdır ki, Lemkinin səyləri ilə ərsəyə gəlmiş konvensiya­nı imzalayan, bu cür cinayətlərin qar­şısının alınması və cəzalandırılması öhdəliyini üzərinə götürən dövlətlər də məsələyə həssas yanaşmaqdan yayı­nırlar.

1988-ci il noyabrın 5-də isə ABŞ Prezidenti Ronald Reyqan BMT-nin “Soyqırımı cinayətinin qarşısının alın­ması və cəzalandırılması haqqında” Konvensiyasını imzalayır. Bu qə­rarın həm tərəfdarları, həm də qatı əleyhdarları var idi və ikincilər sənədin Birləşmiş Ştatların dövlət suverenliyinə qəsd mahiyyətini qabardırlar. Həmin vaxt ABŞ-da konvensiyanın əsas tərəf­darlarından biri, 1968-1987-ci illər ara­sında Konqresdə onun müdafiəsi üçün üç mindən çox çıxış etmiş Viskonsin ştatının senatoru Uilyam Proksmir olur.

 

Srebrenitsadan Ruandaya – soyqırımı ilə bağlı tarixdə ilk cəza 

 

SSRİ-nin süqutundan sonra keçmiş Yuqoslaviyada müharibələr ağır hərbi, ümumən, insanlığa qarşı cinayətlər­lə müşayiət olunur. Bosniyadakı mü­naqişə (1992-1995) Avropanın İkinci Dünya müharibəsindən sonra gördüyü ən qəddar və qanlı qırğın kimi yadda qalır. Orada kiçik Srebrenitsa şəhərin­də 7800 bosniyalı serb qoşunları tərə­findən öldürülür.

Bosniyada törədilən vəhşiliklərə cavab olaraq BMT Təhlükəsizlik Şu­rası Haaqada keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalını (ICTY) təsis edən 827 saylı qətnamə qəbul edir. Bu, Nürnberqdən sonra ilk beynəlxalq tribunal kimi tarixə düşür. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal 1949-cu il Cenevrə Konven­siyasının, müharibə qanunlarının və ya adətlərinin pozulması, soyqırımı və insanlığa qarşı cinayətlər üzrə təqib səlahiyyətlərinə malik olur. Tribunalın yurisdiksiyası keçmiş Yuqoslaviya əra­zisi ilə məhdudlaşır. Ancaq...

Bu arada onu da deyək ki, ötən əsrin 90-cı illərinin əvvəllərinin, belə demək mümkünsə, soyqırımı diqqəti həm də Ruandaya yönəlir. Çünki 1994-cü ilin aprelindən iyulunadək burada 800 minə qədər insan öldürülmüşdü. Onların əksəriyyəti milli azlıq olan tut­si xalqının nümayəndələri idi. Bu, qısa müddətdə həyata keçirilən böyük öl­çülü kütləvi qırğın əməli sayılırdı. Ok­tyabr ayında BMT Təhlükəsizlik Şurası Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının, yəni ICTY-nin manda­tını Tanzaniyanın Aruşa şəhərində yerləşən Ruanda üzrə Beynəlxalq Tribunal ilə (ICTR) əvəzləyir. 1998-ci il sentyabrın 2-də Ruanda üzrə Bey­nəlxalq Tribunal tarixdə ilk soyqırım hökmünü çıxarır. Tribunal ölkənin Taba kommunasının meri Jan-Pol Akayesa­nı və onun hərəkətlərinə kömək etmiş şəxsləri soyqırımı və insanlığa qarşı cinayətlərdə təqsirli bilir.

 

XXI yüzillik və soyqırımı cəzasızlığı

 

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq 2004-cü ildə hökumət davam edən böhranı soyqırımı kimi xarakte­rizə etmişdi. Söhbət Darfur soyqırımın­dan gedir. Həmin il sentyabrın 9-da Bir­ləşmiş Ştatların o zamankı dövlət katibi Kolin Pauel Senatın Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edərək de­mişdi: “Biz belə bir nəticəyə gəldik ki, Darfurda soyqırımı törədilib. Buna görə Sudan hökuməti və Cəncavid hərbçilə­ri məsuliyyət daşıyırlar. Ola bilsin ki, soyqırımı hələ də davam edir”. 

K.Pauelin çıxışındakı motiv soyqı­rımı cinayətlərinin davamlılıq xarak­terinin təsvirindəki kiçik bir element­dir. Ümumən, tribunallar, eləcə də Beynəlxalq Cinayət Məhkəməsi öz yurisdiksiyaları daxilində məhkəmə presedentləri təyin edə və cinayətləri araşdıra bilsələr də, soyqırımı mahiy­yəti üzrə cəzalandırılma son dərəcə çətin proses olaraq qalır. Həm də ona görə ki, mövcud istiqamətdə siyasi iradə yoxdur. Daha doğrusu, siyasət insanlığın önünə keçir. Nəticə etiba­rilə, dünyada, bir qayda olaraq, soyqı­rımı faktlarına ədalətli qiymət verilmir. Baxın, Fransanın Əlcəzairdə törətdiyi soyqırımı kimi, Ermənistanın Xocalıda dinc azərbaycanlılara yaşatdığı dəh­şət də cəzasızdır. Buna görə soyqırımı bəşəriyyəti təhdid edən cinayət əməli “öncüllüyünü” saxlayır. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət