Rusiya–Ukrayna müharibəsi: nüvə təhlükəsi, yoxsa “diplomatik nöqtə”?..

post-img

Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsinin bir ili tamam oldu. Amma, deyəsən, bu, nə Rusiyanın ali rəhbərliyinin, nə də ölkənin Müdafiə Nazirliyinin yadına düşdü. Hər halda bir illik işin nəticələri haqqında heç bir şərh verilmədi. Məsələyə Amerika Müharibənin Öyrənilməsi İnstitutu da xüsusi diqqət yetirib. 

İnstitutda belə hesab edirlər ki, müharibənin üzə­rinə gəlinməməsi Moskvanın 2022-ci ilin iyulundan sonra qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmaması və əhəmiyyətli ərazilər ələ keçirə bilməməsi ilə bağlıdır. Ancaq Ukrayna müharibəsinin bir il­liyi ilə bağlı Rusiya tərəfdən səsləndirilmiş bir bəyanat var ki, tədqiqat mərkəzi ona diqqət yetirib. Söhbət RF Təhlükə­sizlik Şurası sədrinin müavini Dmitri Medvedevin fikirlərindən gedir. Medvedev deyib ki, Ru­siya müharibəni udacaq, ölkə üçün məqsədlərinə nail olmaq, təhlükə doğuran sərhəd zola­ğını, hətta, Polşaya qədər olsa da, mümkün qədər irəli çəkmək həyati əhəmiyyətli məsələdir. Qurumun analitiklərinin fik­rincə, Medvedevin təxribatçı fikirləri Rusiyanın Ukraynada uğradığı hərbi uğursuzluqlar­dan diqqəti yayındırmaq, bu istiqamətdə informasiya kam­paniyası aparmaq naminədir. 

Amma institut ekspertləri Rusiya Prezidenti Vladimir Pu­tinin son günlər ərzində Ukray­na müharibəsinə dair bir sıra vacib mesajlar səsləndirdiyinə də diqqət yetiriblər. Məsələn, Putin Federal Məclisə müra­ciətində başqa məsələlərlə yanaşı, onu da bəyan edib ki, əgər ABŞ nüvə sınağı keçirsə, ölkəsi də belə bir addım ata­caq. Ona görə Müdafiə Nazir­liyinə və “Rosatom”a hazır ol­mağı tapşırıb. 

Bununla yanaşı, Kreml rəhbəri bildirib ki, ölkəsi nüvə sazişində (Strateji Silahla­rın Azaldılması Müqaviləsi – START) iştirakını dayandırır. Dövlət başçısı bunun səbə­bini belə izah edib: “ABŞ və NATO birbaşa deyirlər ki, on­ların məqsədi Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır”. Amerika institutunun təhlilçiləri Putinin söylədiklərini Rusiya­nın dünyanı nüvə müharibəsi ilə hədələməsi kimi qiymətlən­dirirlər.

Təbii ki, Rusiya Preziden­tinin əvvəlki bəyanatlarını da nəzərdən qaçırmaq olmaz. Yada salaq ki, o, ölkəsinin bu müharibədə məğlubiyyə­ti məsələsini, ümumiyyətlə, yaxına buraxmır, hətta, son anda nüvə silahından istifa­dəyə hazır olacağını açıq şə­kildə bəyan edir. Putinin vaxtilə səsləndirdiyi “biz olmayaca­ğıqsa, dünya da olmayacaq”, fikri çox güman, hələ də yaddaşlardadır. 

Qeyd edək ki, Rusiya lide­rinin nüvə sınaqları ilə bağlı fi­kirləri beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Məsələyə münasibət bildirən NATO-nun baş katibi Yens Stoltenberq de­yib: “NATO Moskvanın Strateji Silahların Azaldılması Müqa­viləsində iştirakını dayandır­maq qərarından təəssüflənir”.

NATO-nun Baş katibi ötən ilin sentyabrında Brüsseldə alyans ölkələri müdafiə nazir­lərinin görüşünün yekunlarına dair mətbuat konfransında da bildirmişdi ki, nüvə silahından istifadə Rusiya-Ukrayna mü­naqişəsinin mahiyyətini əsaslı şəkildə dəyişəcək, ciddi nəti­cələr doğuracaq: “Putinin nüvə ritorikası təhlükəli və məsuliy­yətsizdir. Onun nüvə təhlükəsi­ni ciddi qəbul edirik. Biz çəkin­mirik. Nüvə silahından istifadə münaqişənin mahiyyətini kö­kündən dəyişəcək və ciddi nə­ticələrə gətirib çıxaracaq”.

Stoltenberq NATO-nun Rusiyanın nüvə silahından is­tifadəsinə eyni cür cavab ve­rib-verməyəcəyi barədə suala cavabında isə bunları bildir­mişdi: “NATO-nun nüvə sila­hından istifadə etmək məcbu­riyyətində qala biləcəyi şərtlər çox uzaqdır”.

Bu bəyanatından sonra Türkiyədə səfərdə olan Stol­tenberq yerli NTV telekanalına müsahibəsində nüvə mühari­bəsinin qalibinin olmayacağını vurğulamışdı. Baş katib əlavə etmişdi ki, Putin NATO-nun Ukraynaya dəstəyini və alyan­sın birliyini ciddiyə almayaraq böyük strateji səhvə yol verib: “Ukraynaya dəstəyi davam etdirməyimiz əhəmiyyətlidir. Putin qalib gəlsə, sadəcə, Uk­rayna üçün fəlakət olmayacaq. Rusiya Ukraynada qalib gəlsə, bu, bütün dünyanın ziyanına olacaq. Hamımız üçün Ukray­nanın qalib gəlməsi, Putinin məğlub olması önəmlidir”.

Maraqlıdır, dünyada Rusi­yanın Ukrayna müharibəsində nüvə silahına əl atmayacağına inanırlar. Amma Qərbdə, eləcə də Ukraynanın özündə Rusiya­nın məğlubiyyətə uğrayacağı­na da inanırlar və bunun üçün hərtərəfli tədbirlər görürlər. 

Yeri gəlmişkən, bu gün­lərdə müharibənin ildönümü ilə bağlı çıxışında Ukrayna Prezidenti Volodimir Zelenski qələbədən danışıb. O bildirib ki, 2023-cü il təcavüz üzərin­də qələbə ili olacaq: “Fevralın 24-də bizim aramızdan mil­yonlarla insan seçim etdi: ağ bayraq yox, mavi-yaşıl bayraq. Qaçmaq yox, üzləşmək. Düş­mənlə üzləşmək. Müqavimət və döyüş”. 

Zelenski onu da deyib ki, dünyanın heç bir ölkəsi Rusi­yanın qarşısında təkbaşına, tərəfdaşların dəstəyi olmadan dayana bilməz. O, eyni zaman­da, Rusiyanı Ukrayna ərazisin­dən çıxmağa, raket zərbələrini dayandırmağa və mülki əha­linin öldürülməsinə son qoy­mağa çağırıb. Yalnız bundan sonra müharibəyə “diplomatik nöqtə qoyula bilər”... 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət