İran rejimi milli dilləri “ev-eşik dili” saymaqda davam edir

post-img

İranda bu il 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə 4 mərkəzi saytda 3 yazı yerləşdirilib. “Tasnim” saytında “Ana dili və milli dil” adlı yazı adından göründüyü kimi, milli dilin əhəmiyyəti və ana dilinin ikinci dərəcəli olması haqqındadır. Yazıda İranda milli-etnik münasibətlər sahəsində mövcud olan bir sıra maraqlı faktlara və proseslərə toxunulub. 

Hər şeydən əvvəl, İranda milli-etnik münasibətlərdə dil amilinin əhəmiyyətinin artdığı və gənc nəsli qayğılandırdığı yazı­da önə çəkilib. Sayt qeyd edib ki, milli-et­nik bölgələrdə ağsaqqalların, mədəniyyət adamlarının bu məsələyə fərqli baxışları var. Məsələn, Azərbaycanın bölgələrində “Şəhriyar kimi şairlər və ya professor Jalə Amuzqar kimi professor” lar üçün ana dili problemi yoxdur.

Məsələ ilə bağlı danışan professor isə saytın bu mülahizəsini təsdiqləyərək deyir: “Azərbaycan elitası ömrünü, vaxtı­nı, həyatının uzun illərini fars dili və ədə­biyyatına, bu dilin genişlənməsinə sərf etmişdir. Bu ağsaqqallar arasında doktor Həsən Givi, doktor Movəhhəd, Məhəm­məd Əmin Riyahi, Manuçöhr Murtəzəvi və başqaqlarını qeyd etmək olar”. Sayta müsahibə verən professor davam edərək deyir: “Əvvəllər də belə olub. Nizami Gəncəvi, Şəhriyar və fars poeziyasının sütunları olan digər böyük şairlərin də ana dili azəri dili olub”.

Burada doktor, necə deyərlər, çaşıb sözün düzünü deyib. Yəni, Nizami Gən­cəvinin də ana dilinin Şəhriyar kimi, Azər­baycan dili olduğunu vurğulayıb. Faktiki vəziyyəti düzgün təsvir edən professor milli-etnik münasibətlərdə artan gərginliyi xarici dövlətlərin, kənar qüvvələrin İrana qarşı ideoloji mübarizəsi ilə izah etməyə çalışır.

Sayt izləyicilərinə fars dili ilə bağlı keçən il (9 fevral 2022-ci il) öz səhifə­sində yerləşdirdiyi digər yazını oxumağı təklif edir. Həmin yazı “Fars dilini sevən azərilər” adlanır. “Belə azərilər”in sırasın­da yenidən Şəhriyarın, Jalə Amuzqarın, dr Movəhhədin adı çəkilir. Onların fars dili “sevgi”lərini təsdiqləyən sözlər də nü­munə kimi verilir.

J.Amuzqar deyib: “Mən azərbaycanlı olsam da, fars dilinin qeyrətini çəkirəm”. Qədim fars dilini də bildiyini nümayiş et­dirən Jalə xanım qədim farslardan əc­dadları kimi danışır, Firdovsi ilə fəxr et­diyini vurğulayır. Bu fars dili “aşiqi” olan türk xanım “evdə-eşikdə istədiyi vaxt türkcə danışdığını, Azərbaycan musiqisi­ni və mahnılarını dinlədiyini”, xala-xətrin qalmasın, qeyd edir.

Xatırladaq ki, Jalə xanım İranda Ni­zami Gəncəvi günlərində çıxış edərkən lovğalıqla deyirdi ki, Bakıda oxuduğu za­man onun hüzurunda heç kim Nizaminin türk olduğunu deməyə cəsarət etməyib. Onun çıxışının məğzini Nizaminin türk olmaması, yalnız farsca yazmasını əsas­landırmaq təşkil edirdi. Fəxrlə vurğulayır­dı ki, bizim bir dilimiz var, o da fars dilidir.

Doktor Məhəmməd Əli Movəhhədi fars dilini o qədər sevir ki, fars olmadığını unudaraq ən panfarsistin absurd fikrini təkrar edir. O iftixarla deyir: “Fars dili heç bir konkret xalqın dili deyil, bütün İran xalqlarının dilidir”. Belə mövqe sərgiləyən doktor azərbaycanlıların fars dili və mə­dəniyyətinə xidmət etməsi ilə fəxr etdiyini bildirir: “Fars dilinin əsaslarının möhkəm­lənməsində Azərbaycanın töhfəsi İranın heç bir yerindən az deyil. Unutmayın ki, fars dilinin qrammatikasını yazan və mədəniyyətini yaradanların qabaqcılları Azərbaycandan idilər”.

Saytda həmin gün yerləşdirilən ikinci yazı Əfqanıstanda fars dilinin İranı qane etməyən vəziyyətinə həsr olunub. Qeyd edilir ki, Əfqanıstanda əhalinin yarıdan çoxu farsca danışır, halbuki farsca danı­şan taciklər (23 faiz) və xəzərlər (10 faiz) əhalinin cəmi 33 faizini təşkil edir.

Müəllif İranda son 100 ildə qeyri-fars dillərə qarşı hər cür məhvetmə siyasəti yeritdiyini, sanki, unudaraq, Əfqanıstan­da ikinci dövlət dili olan “dəri dilini” “fars dili” adlandıraraq onun rəsmi dil kimi mövqeyinin zəiflədilməsindən bərk nara­hatlıq keçirir.

“İsna” saytında yerləşdirilən yazı­da dilçi və tərcüməçi xanımın yerli və məhəlli dillərin vəziyyəti haqqında fikirləri yer alır və guya, yerli-etnik dillərə rəğ­bət ifadə edilir. Yazının sonunda ailələrə məsləhət görülür ki, evdə-eşikdə öz dillə­rindən hərtərəfli şəkildə – quruluş, vurğu və leksika baxımından geniş və düzgün istifadə etsinlər .

Göstərilən yazılarda İranda milli-etnik münasibətlərdə ana dilinin əsas yerlər­dən birini tutduğu etiraf olunub və həmin məsələdə yaşlı və gənc nəsillər arasında ciddi ziddiyyətin olduğu öz əksini tapıb. Qeyri-fars xalqların yaşlı yaradıcı, intel­lektual nəsli etnik-milli kimliksiz bir küt­lə, digər millətin mədəniyyətinə xidmət etməklə fəxr edən bir qrup kimi təqdim edilir.

Lakin nədənsə, nəzərdən keçirilən yazılarda İranın azərbaycanlılardan başqa, digər etnoslarının – kürd, bəluc, ərəb və s. nümayəndələrinin adları qeyd edilmir. Yaşlı türk nəslin belə öz milli varlığına xain mövqe tutması adama bir qədər təsəlli verir. Çünki onlar o qədər də çox deyil. Onların tədricən sıradan çıxması milli kimlik uğrunda daha qəti mövqe sərgiləyən türk gəncliyinin qar­şısındakı satqınlıq maneəsinin aradan çıxacağı anlamına gəlir.

Yazıların heç birində Əsas Qanu­nun məlum 15-ci maddəsi, onun yerinə yetirilməməsi haqqında heç nə deyilmir. Etnik birliklərə öz dillərini ailə-məişət səviyyəsində qorumağı məsləhət görən yazı müllifləri, müsahibə verənlər İslam rejiminin 44 il ərzində qeyri-fars xalqları qarşısında ən bəsit öhdəliyi yerinə yetir­mədiyini qeyd etmirlər. Beynəlxalq Ana Dili Günün əsas tələbi milli azlıqların dillərinin qorunması olsa da, həmin gün İranda bu barədə bir kəlmə də danışma­ğa lüzum olmayıb. İran mediasında Əsas qanunun etnik azlıqlar üçün nəzərdə tut­duğu yarımçıq etnik-milli hüququn, nə­hayət, yerinə yetirilməməsinin üstündən də sükutla keçilib. 

Əksinə, İranda fars dili ilə digər dil­lər arasında gərginləşməkdə olan mü­nasibətləri xarici qüvvələrin fəaliyyəti ilə bağlayırlar. Təəssüf ki, fars millətçiləri hələlik Cənubi Azərbaycanın intellektual elitasının yaşlı hissəsinin bir qrupunu öz hakim, zorakı assimilyasiya siyasətinin dəstəkçisi və deməli, şəriki hesab etdiyini fəxarətlə vurğulayır.

Göründüyü kimi, İran rejimi bütün sahələrdə olduğu kimi, milli münasibətlər sahəsində ziddiyyətləri də mövcud siyasi sistem çərçivəsində həll etməyə qadir ol­madığından, onu xarici qüvvələrin İrana və hətta fars dilinə qarşı mübarizəsinin tərkib hissəsi kimi qələmə verir.

 

Vidadi MUSTAFAYEV,
AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor



Siyasət