Qonağımız Xəzər Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə tanınmış politoloq Ramiz Yunusdur
Baş redaktor Əflatun Amaşov, baş redaktorun müavini Tahir Aydınoğlu, informasiya və multimedia şöbəsinin müdiri Səbuhi Məmmədovun iştirak etdiyi ilk debatda müsahibimizlə dünyada gedən geosiyasi proseslər, XXI əsrin çağırışları, imperialist Şimal və teokratik Cənub arasında yerləşən Azərbaycanın indiki böhranlı dönəmdə üzləşə biləcəyi risklər, Avroparlamentin Cənubi Qafqazı yenidən münaqişə poliqonuna çevirməyə yönəlik fəaliyyəti, erməni lobbizmi, informasiyanın cəmiyyətlərə ideoloji təsiri və digər mövzular ətrafında söhbət etdik.
– Ramiz müəllim, söhbətimizə yaxın tarixə ötəri nəzər yetirməklə başlamaq istərdik. SSRİ dağılandan sonra imperiya zəncirindən azad olmuş müstəqil respublikalar “demokratiyanın beşiyi”, “azad insan cəmiyyəti” kimi baxdıqları Qərbin bu dəyərlərinin tezliklə öz ölkələrində formalaşmasını arzulayırdılar. Sonra məlum oldu ki, Qərb bu dəyərləri artıq iqtisadi maraqlara, korporativ mənafelərə dəyişib. Postsovet məkanına demokratik islahatlara yardım adı altında yeridilən “yumşaq güc”ün fəsadları göz qabağındadır.
– Tarix boyu güc sahibləri etnik və dini dəyərləri əlində bayraq ediblər. XX əsrdə isə demokratiyanı ortaya atıblar. Amma burada söhbət liberal demokratiyadan gedir. Bundan yaxşısını hələ icad edən olmayıb. Nə yazıq ki, bu dəyər artıq çağdaş dövrün tələblərinə cavab vermir. Azərbaycan son 35 ildə Qərbin “yumşaq güc”ünü davamlı olaraq öz üzərində hiss edib. Belə deyərdim ki, ideoloji şüar işğalı tanklardan, raketlərdən də qorxuludur. Biz bu işğalı uzun müddət həm Şimaldan, həm də Cənubdan müşahidə etmişik.
Qərbin liberal dəyərləri isə aldadıcı cəlbediciliyi ilə neçə-neçə azadlıq mücahidinin, milli liderin “başını yeyib”. Şəxsən tanıdığım Mixeil Saakaşvili indi haradadır? – Həbsxanada. Dünən onun arxasında duranlar bu gün taleyinə biganədirlər. Postsovet məkanında onun kimi Qərb dəyərləri uğrunda mübarizə aparan ikinci şəxs yoxdur. Gürcüstanı dedik, bəs Moldova, Ukrayna bu gün hansı vəziyyətdədir – parçalanmış və qan içində.
“Yumşaq güc”ün gətirdiyi adı gözəl, mahiyyəti isə saxta dəyərlər yalnız fəsadlarla müşayiət olunur. Qərb özü bu dəyərlərdən imtina edib. İndi bu dəyərləri “logistika”, “süni intellekt uğrunda mübarizə” əvəz edir. Çin və Amerika bu layihələrə trilyonlarla dollar sərmayəni əbəs yerə qoymur. Amma onu da deyim ki, “yumşaq güc”ün təsiri hələ aradan qalxmayıb.
Qorunmaq üçün ona sistemli təsir mexanizmləri formalaşdırmaqla müqavimət göstərməliyik. Özümüzə sual verək: Azərbaycan dediyimiz sistemli müqavimət mexanizmini qura bilibmi? Səmimi və düzgün cavab “xeyr”dir. Madam ki, Cənubdan cəmiyyətimizə çeşidli üsullarla gələnlərin, Şimaldan SSRİ-nin nostaljisi ilə yaşayanların “yumşaq güc”ləri aradan qalxmayıb, deməli, kimlərsə o gücün yaşamasında və fəaliyyətini davam etdirməsində maraqlıdır.
– Bəli, Azərbaycan hazırda Şimaldan və Cənubdan informasiya basqısı altındadır. Son vaxtlar daha çox ideoloji narrativlərin ön plana çıxdığını müşahidə edirik. Həm bu amilin, həm də Yaxın Şərqdə davam edən müharibənin sülhə, əməkdaşlığa və sabitliyə sadiq qalan Azərbaycan üçün hansı riskləri var?
– Bu, olduqca vacib məsələdir. Bəli, həm Şimaldan, həm də Cənubdan Azərbaycana qarşı informasiya maşınının tam gücü ilə işlədiyini görürük. Bölgənin 2 əsrlik tarixi xalqımızın üzləşdiyi ədalətsizliklə, çəkdiyi əzablarla, əvvəlcə ruslaşdırma, ardınca sovetləşdirmə siyasəti ilə müşayiət olunub. Son 35 ildə isə “yumşaq güc” işə salınıb. Əgər Şimal qonşumuz bu gücdən iqtisadi, mədəni əlaqələr, keçmişə nostalji üzərindən istifadə edirsə, Cənubdan cəmiyyətimizə güclü təsiri olan din amilini dövriyəyə buraxıblar. Bu iki yad təmayüldən savayı, Qərbin saxta sol liberal idelogiyasının təsirini də unutmamalıyıq.
İlk 2 təmayülün qarşısını almaqdan ötrü bölgənin orqanizmindəki separatizm xəstəliyini tam müalicə etməli idik. 2 il 8 ay bundan əvvəl buna nail olduq. Əgər qanlı separatçı rejim Xankəndidə qalmış olsaydı, xəstəliyin müalicəsi uzun çəkəcəkdi. Bəli, biz Şimal qonşumuzun Qarabağdakı o virusu sonradan epidemiyaya çevirmək planını pozduq. Azərbaycan hakimiyyəti siyasi iradə və qətiyyət göstərdi, istənilən məqamda milli maraqları təmin etdi. Yəni sübut etdik ki, 30 il əvvəlki Azərbaycan artıq yoxdur, yeni, tam suveren və müstəqil dövlət var.
Amma Şimalda heç nə dəyişməyib, hələ də imperiya ambisiyalı siyasi rejim hakimiyyətdədir. Bu, iki ideologiyanın – imperiya ambisiyasının və milli müstəqillik mübarizəsinin savaşıdır. İran ətrafında baş verən hadisələrə gəldikdə isə deməliyik ki, 47 il hakimiyyətdə olan teokratik rejim həmişə anti-Azərbaycan mövqeyindən çıxış edib. Bunun aşkar göstəricisi kimi Qarabağda gedən iki müharibəni göstərə bilərik. Həmin müharibələrdə Tehranın özünü necə apardığını Azərbaycan vətəndaşları kimi, xaricdə yaşayan soydaşlarımız da çox yaxşı bilirlər.
Eyni tarixə, milli-mənəvi dəyərlərə malik olduğumuzu, bir dinə qulluq etdiyimizi deyən, dostluqdan və qardaşlıqdan danışan İran rejimi nəyə görə xristian-qriqorian erməniləri müdafiə edirdi? Əslində, bu, din deyil, tamamilə başqa amilə bağlı məsələdir. İki əsr bundan əvvəl Türkmənçay müqaviləsinin imzalandığı vaxtdan Cənub qonşumuz Azərbaycanda müstəqil dövlət olmasını istəməyib.
Postsovet məkanında yaşadığımıza görə 35 il əvvələ qədər Şimalın informasiya siyasətinin təsiri altında olmuşuq. Bəli, ideloji amil, xüsusilə informasiya savaşı gündəmin ən aktual mövzularından olmalıdır. Gündəmi isə tariximizə, milli mücahidlərimizə, görkəmli şəxsiyyətlərimizə aid, eləcə də düşmənlərin məkrli planlarının fakt və sübutlarla ifşa edən maarifləndirici əsərlərlə – dərsliklər, ədəbiyyat, filmlər, müasir texnologiyaların köməyilə yaradılan vizual təşviqat vasitələrilə zənginləşdirməliyik.
– Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı və Prezident Donald Tramp özünün yol xəritəsini ortaya qoydu. Bundan sonra sülh gündəminin inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin normallaşdırılması yönündə konkret addımlar atıldı. Lakin ermənipərəst “kollektiv Qərb”, xüsusilə ABŞ-dakı erməni lobbisi hər vəchlə bu prosesi tormozlamağa çalışır. Nyu-Yorkun meri Mandami olayı, onun qərəzli və yanlış narrativi gündəmə gətirmək cəhdi bunun bariz nümunəsisir. Sizcə, bu qüvvələrin, erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin qarşısını hansı forma və üsullarla almaq mümkündür?
– Amerikada lobbizm qanunla icazə verilən fəaliyyət növüdür. Belə bir kəlam var: pulla edə bilmədiyini daha böyük pulla qazanmaq mümkündür. Buna Amerikanın timsalında baxaq. Avqustun 8-də Donald Trampın dəyirmi kabinetində baş verənlər Azərbaycanın sülhə doğru düzgün istiqamətdə irəlilədiyinin göstəricisidir. Deməli, bizim diplomatik maşınımız qonşularımızın xarici siyasət mexanizmlərindən daha çevik və məqsədyönlü işləyir. Üstəlik, ermənilər özlərinin siyasi və maliyyə imkanları ilə, tarixən bu coğrafiyada dominantlıq ediblər. O cümlədən Konqresin divarları arasındakı fəaliyyətləri ilə.
Amma sülh və əməkdaşlıq xəttini yürüdən Bakı Nikol Paşinyanın həmin dəyirmi kabinetə gətirilməsinə nail oldu. Bu da bizim düzgün lobbi fəaliyyətimizin nəticəsidir. Həmin üsulu Mandamiyə və onun kimilərə də tətbiq etmək mümkündür. Əgər qanun buna yol verirsə, Ağ Evin indiki administrasiyasının yaratdığı bu hüquqi imkan pəncərəsindən maksimum yararlanmaq lazımdır.
Təsəvvür edin: biz Tramp layihəsi deyilən Zəngəzur dəhlizinin reallaşmasına nail olsaq və bu, ABŞ Prezidentinin Nobel mükafatına layiq görülməsi ilə yekunlaşsa, onda Ağ Evin bundan sonrakı administrasiyaları “dəmir-beton” fakt qarşısında qalacaq. Elə bunun özü lobbizm amilindən məqsədyönlü və mütəmadi surətdə istifadə etməyin bəhrəsi sayılacaq.
Onu da deyim ki, bu amili Azərbaycanın Avropadakı strateji müttəfiqlərinin, beyin mərkəzlərinin əli ilə işlək mexanizmə çevirmək mümkündür. Bakı özünün enerji potensialı, iqtisadi və digər imkanları ilə qərbli partnyorlarına nə qədər çox təzyiq və təsir göstərərsə, bu zaman onların Azərbaycana marağı artacaq, bizim isə mövqeymiz güclənəcək. Məhz belə çoxvektorlu diplomatik metodlarla ermənipərəst “kollektiv Qərb”in ölkəmizə qarşı ideoloji hücumlarını neytrallaşdıra bilərik.
– Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığa son verdi. Milli Məclis bununla bağlı Konstitusiyaya istinadla xüsusi qərar qəbul etdi. Bakının Moskva ilə münasibətləri tam normallaşmamış, Brüssellə əməkdaşlıqda da sərinlik dövrü başladı. Sizcə, bu durumun ölkəmiz üçün müsbət və mənfiləri nədir?
– Şahmat təbiri ilə desək, biz bu gün ağ fiqurlarla oynayırıq. Bu oyun Avropa İttifaqı, NATO və digər platformalarda gedir. Bu müstəvidə açılan imkan pəncərəsi isə Azərbaycandan daha çox Qərbin özünə lazımdır. Avropanın siyasi strukturları isə, xüsusilə Avroparlamentin timsalında anti-Azərbaycan platformasında, ilk növbədə, Ermənistana zərər verir. Çünki bölgədə status-kvonu dəyişən Azərbaycan bu gün Ermənistanın daxili ictimai-siyasi vəziyyətinə təsir göstərmək iqtidarındadır.
Bir aydan sonra orada ermənilər üçün taleyüklü, tarixi seçkilər keçiriləcək. Seçim isə belədir: sülh, yoxsa müharibə? Məlumdur ki, daxildəki revanşist qüvvələr kənardan – Rusiyadan, Avropadan, Amerikadan dəstəklənirlər. Bu qüvvələr fəaliyyətlərini 20–30 il əvvəlki istiqamətdə yenə davam etdirirlər. Bəs Azərbaycan buna necə reaksiya verməlidir? Düşünürəm ki, mövqeyi getdikcə güclənən Azərbaycan Avropanın ölkəmizə, bölgəyə qərəzli yanaşma sərgiləyən bütün siyasi-hüquqi təsisatlarına qarşı özünün təsir üsullarını işə salmalıdır.
Milli Məclis Avropa Parlamentinin məlum bəyanatına “güzgü effekti” ilə çox düzgün və kəsərli cavab verdi. Yəni Avropa ilə münasibətlərimizdə də bu pəncərədən boylanan təsir imkanlarımızdan maksimum istifadə etməyə çalışmalıyıq. Bəli, Fransanın dirijorluq etdiyi “benilüks” (Belçika, Niderland, Lüksemburq – red.) ölkələri Avropa Parlamentində daim anti-Azərbaycan mövqeləri ilə seçiliblər. Məhz onlara və bu mövqeyi bölüşənlərə öz gücümüzü təsir imkanlarımızla göstərməliyik.
Əgər rəsmi Bakı Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, erməni lobbisinin maraqlarına xidmət edən Okamponun layiqincə cəzalandırılmasına nail olubsa, deməli, Avropada anti-Azərbaycan platformalarına qarşı da eyni üsulla təsir göstərməlidir. Bu zaman əlavə təsir vasitəsi kimi sülh gündəliyini dəstəkləyən Paşinyan və onun komandasından da istifadə edə bilərik. Biri var həmin tribunalarda Azərbaycan rəsmiləri, QHT təmsilçiləri, bizim kimi politoloqlar sözlərini desinlər, bir də var bunlar Paşinyanın dilindən səslənsin.
Ermənistan rəhbəri desə ki, ay Brüssel, Azərbaycana qarşı qəbul etdiyiniz qətnaməniz regionda sülhə, sabitliyə təhdid yaradır, Ermənistanın da maraqlarına cavab vermir. Bir tərəfdən “Avropa Siyasi Biriliyi”nin sammiti ilə mənim siyasətimi dəstəkləyir, digər tərəfdən isə ziyan vurursunuz. Onlara çatdırsa ki, bu siyasətinizlə bölgədə sülh gündəliyinə, müasir Ermənistanı qurmaq, yeni konstitusiyanı qəbul etmək planlarıma mane olursunuz, onda tam fərqli vəziyyət yaranar.
Digər tərəfdən isə dediyim kimi, Ermənistana, eyni zamanda, Qərbin siyasi və hüquqi institutlarına “qamçı və qoğal” üsulu ilə təsirimizi gücləndirməliyik. Bizim Türkiyə və Pakistan kimi strateji tərəfdaşlarımız var. Hətta İran ətrafında davam edən hərbi münaqişədə Azərbaycanın nüfuzu artmaqdadır. Yəni Bakı bu gün bölgənin və tərəfdaşlarımızın mövqeyindən çıxış etməklə, Qərbi bizim gündəliyi dəstəkləməyə məcbur etməlidir.
“Kollektiv Qərb” praqmatikdir. Ola bilsin ki, amerikalı kapitalistlərdən az praqmatikdirlər, amma gəlirlərini saymağı çox sevirlər. Bəli, onlar üçün elan etdikləri dəyərlərdən daha vacibi yaxşı pul qazanmaqdır.
– Ukraynanın media məkanında çox məşhursunuz. İkinci Qarabağ müharibəsində qələbə qazanmış Azərbaycan modelini, iki ölkənin liderləri arasındakı səmimi münasibətləri postsovet məkanı üçün meyar adlandırmısınız. Ukraynanın Elmlər Akademiyası sizi Siyasi və Hüquq Elmləri Akademiyasının akademiki seçdi, diplomla təltif etdi. Bu münasibətlə sizi təbrik edirik. Maraqlıdır ki, bu hadisə Ukrayna Prezidentinin Azərbaycana səfəri ilə üst-üstə düşdü...
– Ondan başlayım ki, İkinci Qarabağ savaşında qələbə çalsaq da, Xankəndidə separatçı rejim qalırdı. Rusiya özünün sülhməramlı qüvvələrini orada yerləşdirmişdi. Axı biz bunun altniyyətini yaxşı bilirdik. Moskva həmin barıt çəlləyini qoruyub saxlamaqla, sabah separatizmi, “Miatsum”u yenidən gündəmə gətirməyi planlayırdı. Yəni qələbə sevincimiz yarımçıq idi. Bunun keçid mərhələsi üçün müvəqqəti oyun olduğunu bilənlərdən biri də mən idim. Rusiya Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatlara” başlayanda isə daha böyük informasiya məkanına daxil olmağı qərarlaşdırdım və bu cəbhədə fəaliyyətə başladım.
4 il bundan əvvəl Ukrayna media məkanında ermənipərəst diskurs güclü idi. Tək idim, amma ən böyük ideoloji dəstəyim müharibədən bir ay öncə – 2022-ci ilin yanvarında Azərbaycan Prezidentinin Kiyevə səfəri oldu. Ardınca dövlət başçımız Moskvaya getdi və bununla Azərbaycanın balanslı siyasətini təsdiqlədi. Bu, ortaya qoyulan siyasi mövqe idi. İnanın, bu səfərlər mənə əlavə stimul, güc verdi. Əvvəl tək idim, amma sonra bizim rusdilli peşəkar politoloqları bu platformaya cəlb etdim. 4 ildir ki, Ukrayna media məkanında, xüsusilə telekanallarda sözümüzü deyirik.
Ukraynaya dəstək məsələsində dövlət və xalq bir mövqedən çıxış edir. Əlimizdə bunu sübut edən kifayət qədər fakt var. Azərbaycanın bu ölkəyə humanitar yardımları, uşaqların Bakıda müalicəsi, bərpası və sonda Volodimir Zelenskinin Bakıya səfəri Azərbaycanın müstəqil iradəsini göstərir. Onun müharibə başlayandan MDB məkanında etdiyi ilk səfəri zamanı mən də təfadüfən Bakıda idim. O ki, qaldı Ukrayna Siyasi və Hüquq Elmləri Akademiyasının mənə akademik titulu verməsinə, bu, siyasi qərardır. Hesab edirəm ki, bu, təkcə mənim deyil, ölkəmizin, dövlətimizin uğurudur.
– Rusiyanın imperiya təbliğatını ifşa edən məqalələr yazmısınız. “Rusiyasayağı demokratiya”, “Kreml şüur savaşında...” yazılarınızda başqa ad altında SSRİ-nin bərpasına çalışanlara tutarlı cavablar vermisiniz. Doğrudanmı, Kremldə əyləşənlər totalitar rejimin bərpasının mümkünlüyünə inanırlar?
– Bu, təkcə Kremldə əyləşən hakimiyyət təmsilçilərinin yox, rus elitasının problemidir. SSRİ dağıldı, Qorbaçov aşkarlıq, demokratiya şüarlarını ortaya atdı. Sonra hakimiyyətə gələn Yeltsin neylədi? – Qarabağda, Dnestryanıda, Abxaziya və Cənubi Osetiyada separatizmə şərait yaratdı. 2000-ci ildə Putin gəldi. Onların hamısını hakimiyyətə xüsusi xidmət orqanları gətirib. Bu xidmət çarizm dövründə də, SSRİ dönəmində də imperiyapərəst olub. İndikilər, sadəcə, Qorbaçov–Yeltsin idarəçiliyinə nisbətən daha təcrübəlidirlər. 25 ildən çoxdur ki, hakimiyyəti əllərində saxlayırlar. 2007-də Çeçenistan məsələsini həll etdikdən sonra daxildə sabitlik yaratdılar və imperiyaya rəğbət atmosferini formalaşdırdılar, ictimai şüurda bu meyilləri gücləndirməyə girişdilər. Təbliğatları isə sovet imperiyasının dəyərlərinə söykənir.
Sizə deyim ki, postsovet məkanında bu meyillər tam yox olmayıb. Avropanın siyasi isteblişmenti Moskva ilə alver etdi. Onları da enerji və pulla ələ aldılar. Keçdilər MDB ölkələrinə – Gürcüstana, daha sonra Ukraynaya. Amma Azərbaycanda bu plan alınmadı. Çünki Bakı 1994-dən etibarən özünün müstəqil siyasətini apardı. Bişkek protokolundan sonra “Əsrin müqaviləsi” imzalandı, maliyyə imkanları genişləndi, dövlət strukturları modernləşdi, ordumuz gücləndi. 2020-ci ildə istənilən nəticəni əldə etdik.
Moskva yenə belə hesab edir ki, Azərbaycan–Türkiyə tandemini özünə düşmən etməmək üçün, guya, Qarabağ məsələsində bizə güzəştə gedib. Amma onun bu oyunu da alınmadı. İmperiya düşüncəsinin yox olması üçün nəsil dəyişməlidir.
– Bir aydan sonra Ermənistanda keçiriləcək parlament seçkilərinə ötəri toxundunuz. İndi isə bu seçkilərlə bağlı sizin ehtimallarınızı, proqnozlarınızı eşitmək istərdik.
– Mən bu durumu da Azərbaycan üçün açılmış imkan pəncərəsi sanıram. Amma bu, heç də o demək deyil ki, bu pəncərə həmişə indiki kimi qalacaq. Hazırda Ermənistanda gedən siyasi proseslərə Azərbaycanın təsiri çox böyükdür. Orada sülh gündəminin tərəfdarı olan Paşinyanın komandası ilə yanaşı, revanşist qüvvələr də var. Məhz bu baxımdan qonşu ölkədə cərəyan edən hadisələri diqqətlə izləməliyik. Unutmamalıyıq ki, erməni cəmiyyətində sülhün əleyhinə köklənmiş kəsim də var. Böyük bir kəsim isə nə Paşinyanı dəstəkləyir, nə də müharibə istəyir.
Amma hazırda iki ölkənin hökumət rəsmilərinin görüşlərinin, vətəndaş cəmiyyəti nümayəndələri arasında davam edən təmasların baş nazirin mövqeyini gücləndirdiyini deyə bilərik.
Güman edirəm ki, Paşinyan bu seçkilərdə uğur qazanacaq, amma bu qələbədən sonra onu Ermənistan konstitusiyasında zəruri dəyişikliklə bağlı referendumun keçirilməsi, Rusiyanın mümkün təzyiqlərinə duruş gətirməsi kimi çətin sınaqlar gözləyir.
Yeri gəlmişkən, Sarkisyanı Koçaryanla əvəzləməsi Kremlin uğuru kimi qələmə verilir. Son rəy sorğuları göstərir ki, Moskvanın ssenarisi ilə Paşinyana qarşı formalaşdırılan bu yeni qüvvə kifayət qədər reytinqə malikdir və onun parlamentdə yer qazanmaq şansı artıb. Aydın məsələdir ki, Rusiya güclü iqtisadi təsirə, hərbi mövcudluğa malik olduğu Ermənistandan asanlıqla əl çəkməyəcək. Yəni Paşinyan hakimiyyətdə qalsa belə, Moskva öz planlarını kənara qoymayacaq. Çünki Kreml təkcə Ermənistana deyil, Azərbaycan daxil olmaqla, postsovet məkanındakı müstəqil respublikalara imperiya təfəkkürü ilə yanaşır.
Bu da reallıqdır ki, Ermənistandan, Gürcüstandan, Moldovadan, eləcə də Ukraynadan fərqli olaraq, Azərbaycan imperialist Şimalın caynağından qurtulmağı bacarıb. Regionun lideri, söz sahibi, sabit və davamlı imkişafda olan Azərbaycan özünün müstəqil siyasətini yürüdür. Amma qonşu ölkələrdə davam edən qeyri-sabitlik bölgənin ümumi mənzərəsinin tam qənaətbəxş olmadığını göstərir.
– Ramiz müəllim, sonuncu sualımız söhbətimiz əsnasında yarandı. Bakıda orta və ali məktəbləri rus dilində oxumusunuz. Uzun müddətdir ABŞ-da yaşayır və işləyirsiniz, ingilis dilində danışığınız mükəmməldir. Ana dilində də səlis danışırsınız. Doğma dili bu səviyyədə necə qoruyub saxlamısınız?
– Amerikada çalışdığım dairədə bir nəfər də olsun azərbaycanlı yoxdur. Ora getdiyim ilk gündən fikirləşirdim ki, doğma dilimi mütləq qoruyub saxlamalıyam. Sualınıza bir əhvalatla cavab vermək istəyirəm. Bakıya gələndə bir yerdə böyüdüyüm, indi də yaxın münasibətdə olduğum köhnə dostlarla mütləq görüşürük. Həmin məclislərin birində mənə bu sualı böyük şairimiz Ramiz Rövşən verdi. Mən də dostuma tam səmimiyyətlə dedim ki, Ramiz, sənin şeirlərin mənə ana dilimizi unutmağıma imkan verməyib.
Şair cavabımdan heyrətləndi, az qala, kövrələcəkdi. Yəni Ramiz Rövşənin şeirlərini tam qavramaq, dərk etməkdən ötrü Azərbaycan dilini mükəmməl bilməlisən. Bilirsiniz, bu nəyə bənzəyir? “Bayatı-Şirazı”, “Segah-Zabulu”, “Qatarı” duymadan muğamı necə dinləyə və ondan zövq ala bilərsiniz?
Hər gün telekanallarımızı izləyirəm. Həm siyasi, həm sosial, həm də mədəniyyətimizlə bağlı proqramlara baxıram və bu yolla dili unutmamağa çalışıram. Dil milli kimliyin pasportu olaraq olduqca vacib amildir. Əgər sən Vətənini sevirsənsə, onun eşqi ilə yaşayırsansa, dilini itirməməlisən.
Bir neçə alim, ziyalı tanıyıram ki, cəmi 3-4 il xaricdə yaşayandan sonra ana dilini unudublar. Çox təəssüf! Amma hansısa xarici ölkənin Azərbaycandakı səfiri bizim dilimizdə danışanda qürurlanırsan. Ana dilimiz bizim mənəvi Vətənimiz, milli kimliyimizin aynasıdır. Bu aynada gərək olduğun kimi görünəsən.
– Maraqlı cavablar üçün təşəkkür edirik.
Söhbəti yazdı:
İmran BƏDİRXANLI
XQ


