Cüdo idman növündə Olimpiadaya vəsiqə yalnız reytinq xarakterli yarışlarla müəyyən edildiyindən bu turnirlərdə komandamızın nəticəsi xüsusi əhəmiyyət daşıyır. Bugünlərdə Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirində cüdoçumuz Balabəy Ağayev (60 kq) Olimpiya reytinqini 1700 xala çatdıraraq öz çəkisində ikinci pilləyə yüksəlib.
Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ilə müsahibədə məqsədimiz də yığmamızın olimpiadaya reytinq xalları verən yarışlarda iştirakı ilə bağlı məlumat almaq, komandamızın potensialını dəyərləndirmək idi.
Mövzu ilə bağlı ilk sualımız Paris “Böyük dəbilqə”sində yığmamızın nəticəsi ilə bağlı oldu.
– Rəşad müəllim, ilin ilk nüfuzlu yarışlarından biri olan və həm də Olimpiadaya yüksək reytinq xalları verən “Böyük dəbilqə”nin nəticəsini komandamız üçün qənaətbəxş hesab etmək olarmı?
– Əlbəttə. Yığmamızın aparıcı üzvlərindən olan Rüstəm Orucov, Səid Mollayi (hər ikisi 81 kq), Hidayət Heydərovun (73 kq) müxtəlif səbəblərdən iştirak etmədikləri bu yarışda komandamız 1 dəst medal qazandı. Yığmamızın ümumi hesabda 4-cü pillədə qərarlaşması yaxşı nəticədir. İdmançılarımız Olimpiya reytinqlərini xeyli yaxşılaşdırdılar.
– Olimpiya reytinq cədvəlində hansı çəki dərəcələrində idmançılarımız fərqlənirlər?
– Bəzi çəki dərəcələrində – məsələn 60 kiloqramda Balabəy Ağayevlə yanaşı, Turan Bayramov, Kəramət Hüseynovun da reytinqləri yüksəkdir. Komandamızda 73, 81, 90, eləcə də 66, 100 kiloqram çəki dərəcələrində rəqabət güclüdür, Olimpiya reytinqlərində ön sıralarda idmançılarımız var. Ağır çəkidə isə hələ də problemlər qalır.
– Federasiyanın komandaya legioner dəvət etmək planı varmı?
– Olimpiya Oyunlarına az müddət qalır və bu proses bəzən çox uzun çəkdiyi üçün çətindir, texniki problemlər olur. Əgər şans yaranarsa, niyə də yox. Məsələn, keçən il belə bir şans yarandı və Camal Qamzatxanovu (+100 kq) milli komandaya dəvət etdik. Onu da qeyd edim ki, sosial şəbəkələrdə onunla eyni çəkidə olan komandamızın legioner cüdoçusu Uşangi Kokauri (+100 kq) çox tənqid olunur. Amma nəzərə almaq lazımdır ki, bir çəki dərəcəsində bir neçə idmançı olmalıdır ki, rəqabət güclənsin. Camal Qamzatxanovu milliyə cəlb etməkdə əsas məqsədlərdən biri də bu idi. Hazırda hər ikisinin Olimpiadaya lisenziya qazanmaq şansı var. Keçən il milliyə cəlb etdiyimiz Səid Mollayi isə xüsusən tapıntı oldu. İndi əsas məqsəd “Paris-2024”ə lisenziya verəcək Olimpiya reytinqli yarışlarda uğurla çıxış etməkdir.
Qadın yığmamızın rəqabət gücünü artırmaq üçün də legioner cəlb etmək olar. Amma hələ ki, alınmır. Yığmaya çağıracağımız idmançının olimpiadaya lisenziya şansı ilə yanaşı, onun medal qazanmaq perspektivini də düşünürük.
– Qadın komandamızın növbəti olimpiadaya lisenziya şanslarını necə qiymətləndirirsiniz?
– Yığmamızın üzvü Leyla Əliyeva (48 kq) Olimpiya reytinqində 32-cidir. Ondan başqa yığmamızda potensiallı cüdoçular var və lisenziya əldə etmək üçün reytinq xalları yığmalıdırlar. Həmçinin kontinental kvotalar verirlər. Qızlarda bu cür lisenziya qazana bilərik.
Onu qeyd etməliyəm ki, hazırda böyüklərdən ibarət qadın komandamızın rəqabət qabiliyyəti yoxdur. Amma yeniyetmələrdən ibarət yığmalarımızda ötən il dünya, Avropa çempionatlarında yüksək nəticələr qazanan qızlarımız oldu.
Federasiya pilot layihə kimi ancaq qız idmançıların cüdo ilə məşğul olduğu klubun yaradılmasına dəstək verib. Aşağı yaş qruplarında qızlar kluba cəlb edilir. Əsas məqsəd 2028-ci ildə, həmçinin 2032-ci ildə keçiriləcək olimpiadalar üçün rəqabətqabiliyyətli qadın yığması formalaşdırmaqdır. Buna görə də düşünürük ki, yaxşı qadın cüdoçu yetişdirmək üçün qızlar arasında bu idman növünün kütləviliyini təmin etməliyik. Elə gələcək perspektivləri düşünüb kişikyaşlı oğlanların da cüdoya cəlb edilməsi üçün genişmiqyaslı işlərə start vermişik.
– Bəs bu işi görəcək məşqçilər yetişdirilirmi?
– Azərbaycanın cüdo məşqçiləri üçün ilk dəfə təhsil və sertifikatlaşdırma proqramı təşkil edilib. Beynəlxalq Cüdo Federasiyası (İJF) ilə əldə olunan razılaşmaya əsasən, məşqçilərimiz ilk dəfə Beynəlxalq Cüdo Akademiyasında təhsil almağa başlayıb. Müqayisə üçün deyim ki, cüdonun inkişaf etdiyi Gürcüstanda yerli federasiya 2013-cü ildən IJF akademiyası ilə əməkdaşlıq edir və artıq 150-yə yaxın məşqçi orada təhsil alıb. Türkiyədə isə onların sayı 200-ü ötüb.
Hazırda 79 məşqçimiz həmin kursda təhsilini başa vurub, bugünlərdə imtahan verərək sertifikat alacaq. Hədəf onların peşəkarlığının artırılması, təlim-tədris metodunun Yaponiyanın Kadokan sisteminə uyğunlaşdırılmasıdır. Proqramı başa vuran məşqçilər uşaqlara artıq klassik cüdo dərsləri keçə biləcəklər.
Şübhəsiz, sayı 500-dən çox olan cüdo məşqçilərimizin hamısı akademiyada təhsil ala bilməz. Ona görə daxili təlim proqramı ilə onların da lisenziya alması üçün tədbirlər görülür. Mərkəzləşdirilmiş kəmər, dan dərəcələrinin verilməsi üçün bəzi layihələrimiz olacaq. Bu işlərin bölgələrdə də həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Ötən ildən artıq regionlarımızda cüdonun kütləviləşməsi işlərinə start vermişik.
– Regionlarda da cüdonun kütləviliyinin təmin olunması üçün maddi-texniki baza mühüm rol oynayır...
– Əlbəttə. Son bir ildə bölgələrdə infrastrukturu inkişaf etdirməyə nail olmuşuq. Gəncə, Ağstafa, Sabirabadda Regional Cüdo Təlim Mərkəzləri istifadəyə verilib. Sumqayıtda, Zaqatala, Qazaxda bununla bağlı işlər davam edir. Bütün regionlara tatamilərin paylanmasını həyata keçirmişik. 50-dən çox kluba tatamilər paylanıb. Bunlar BCF-nin sertifikatına malik olan tatamilərdir ki, bu da məşqin keyfiyyətinə təsir edir. Yüksək keyfiyyətli tatamilərlə təchizat zədələnmənin də qarşısını alır.
Cüdonun inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verməyə başlayır.
2022-ci ildə federasiyanın keçirdiyi 32 yarışda iştirak edən uşaqların sayı 8 min nəfəri ötüb. Ümumilikdə isə ölkəmizdə cüdo ilə məşğul olanların sayı 16 min nəfərdən çoxdur. Təxminimizə görə, bu il onların sayı 18-19 min nəfər olacaq.
Cüdoya marağı artırmaqla, bu idman növünün kütləviliyinə nail olmaqla ölkəmizdə dünya şöhrətli idmançıların daha çox sayda yetişməsi üçün zəmin hazırlayırıq. Əgər belə olarsa, dünya, Avropa çempionatlarının qalibləri ilə yanaşı, saysız-hesabsız Olimpiya çempionlarımız da yetişəcək!
–Müsahibəyə görə çox sağ olun!
Müsahibəni apardı: Leyla Qurbanova