Və ya Azərbaycanın gürcü yetirməsi
Ədəbi cameədə şair-tərcüməçi Giya Paçxataşviliyə haqlı olaraq iki xalqın ortaq oğlu deyirlər. Dostlarının Givi deyə çağırdıqları istedadlı şair, tərcüməçi, həm də xalq dilimizin dərinliklərinə yaxından bələd olan ədəbiyyat adamıdır. Yeganə qələm sahibidir ki, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar birliklərinin üzvüdür.
Giya Paçxataşvili 1961-ci ilin bir qış günü Qax rayonunun Qax-Gürcü kəndində dünyaya göz açıb. Ədəbiyyata 15 yaşında ikən “Səni sevməyimi...” əsəri ilə gəlib. Sonra onun işıq üzü görən “Sükutun rəngləri”, “Oğul ata itirdi”, “Hə” dedim”, “Son - əvvələ gedən yol”, “Tut ağacı” və sair kitablarını, nəğmələr bəstələnən şeirlərini oxucular maraqla qarşılayıblar. Boz dünyanın ağ adamı müəllifi olduğu 10 kitabı, rus və gürcü dillərinə 65-ə yaxın tərcümə nəşri ilə imzasının üzünü ağ edə bilib. Onun son kitablarından olan “Doğum şəhadətnaməsi” ustad şairlik pasportu sayıla bilər.
Keçən il Natəvan klubunda ona həsr edilmiş “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitabının təqdimatını da xatırlayırıq. Məclisdə iştirak edən söz və sənət adamları – Giyanın həyat və yaradıcılığından, onun insani keyfiyyətlərindən, həyata baxışından söz açdılar, onun bədii portreti olan kitabın məziyyətlərini qeyd etdilər.
Dostu Famil Hacısoyun dediyinə görə, albinizmə düçar olsa da, fosfor kimi işıq saçan Givi hələ uşaqlıqdan ağa ağ, qaraya qara deməyi bacarıb, sırf beynəlmiləlçiliyi ilə ətrafındakılardan fərqlənərək bəzi məqamda zamanı qabaqlayıb: ağlı kəsəndən, pisi yaxşıdan, düzü əyridən seçməyi bacarandan bu yana özü də bilmədən multikulturalizmin yayıcısına və carçısına çevrilib, Givi – Giya Paçxataşvili azad söz deməyin, yeni fikir yürütməyin yöndəmini yaxşı bildiyindən sözünü zamanında deməyin öhdəsindən məharətlə gələrək bədii boyalarla bəzəməyi bacarandır.
Onun yaradıcılığını fərqləndirən digər bir cəhət bizim şair və yazıçılarımızın əsərlərini rus və gürcü dillərinə, ya da, əksinə, bu xalqların tanınmış, görkəmli simalarının əsərlərini Azərbaycan dilinə çevirməklə geniş çoxdilli oxucu auditoriyası qazanmasıdır. Məhz bunun sayəsində 3 xalqın ədəbiyyatsevərləri qarşılıqlı olaraq biri-birinin milli adət-ənənələrinə bələd olmaq imkanı əldə edirlər.
Giya cəfakeş ömür-gün yoldaşı, rəssam Xatirə Paçxataşvili ilə özünü çox xoşbəxt sayır. Ailənin qeyri-adi işıq sehrindən bütün dostlarına pay düşür. Şair “Xatirə” şeirində bəxtəvər izdivaçı özünəxas şəkildə belə tərənnüm edir:
Ey saf sevgi zirvəsi –
Qadınların qadını!
Gəlişin nurlandırdı
öləziyən həyatı,
Dodağımda nəğməsən,
ən təzə-tər bayatı.
Qeyrətinlə qorunur ailə səltənəti,
Ey əsərlər əsəri,
qəlbin incəsənəti!
Bəzən Givi bəxtinə düşən ərzi-halını da ağ vərəqlərə köçürməkdən özünü saxlaya bilmir, amma bu zaman təsvir etdiyi ağrı-acılarla oxucuları yükləmir, çünki hiss və həyacanları inandırıcılığı və səmimiliyi ilə seçilir.
Ey gözdən əlil bəxtim,
Əzazil, zəlil bəxtim.
Yar gözümün nuruydu,
Nura batdı mil, bəxtim...
Təsadüfi deyil ki, onun yaradıcılığı Qiymət Məhərrəmlini, Qənbər Ağayevi, Nizami Tağısoyu və Zemfira Məhərrəmlini şairin haqqında “Dərviş”, “Giya Paçxataşvilinin Azərbaycan ədəbiyyatında yeri”, “Givinin Qarabağnaməsi”, “Məhərrəmlilərin söz yükündə” adlı kitablar yazmağa vadar edib.
Əməkdar jurnalist Zemfira Məhərrəmli yazır ki, Givinin vətəndaş-şair kimi qəti sözünü dediyi şeirləri poeziyasevərlərin diləzbərindədir. Vətən müharibəsi ərəfəsində yazdığı misralar bunu aydın göstərir:
Azadlıq deyə-deyə
Ruh olub qalxdıq göyə.
Yetər göz yaşı tökmək -
Haydı, millət, cəbhəyə!
Göründüyü kimi, Givinin vətəndaş yanğısı və qeyrəti ilə qələmə aldığı şeirlərini hiss-həyəcansız oxumaq mümkünsüzdür. Müəllifin fikrincə, Zəfər yürüşündə şəhid də olarlar, çünki, hər şey Vətən adına, Vətən naminədir. Başqa bir şeirində şair Böyük Zəfəri fərəhlə müjdələyib:
Dünya şahid olur möhtəşəm ana,
Muştuluq verərək Azərbaycana...
Şair misrasının coşqusu gəlir -
Havadan Qələbə qoxusu gəlir!
Ədəbiyyatşünas-alimlər də G.Paçxataşvili yaradıcılığı, onun tərcümə fəaliyyəti, dilimizi mükəmməl bilməsi ilə bağlı maraqlı fikirlər söyləyiblər. Akademik Nizami Cəfərov bu barədə yazır: “Mən şairlərimizin çox kitabını oxumuşam. Bəzilərinin bir şeirində neçə səhv tapıramsa, Givinin hər hansı bir kitabında bir səhvə belə rast gəlmirəm. Azərbaycan dilini öyrənmək istəyənlər qoy Givinin əsərlərini oxusunlar”.
Bu günlərdə M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində Giya Paçxataşvilinin 65 illik yubileyi sevgilərlə qeyd olunub. Nakam adına Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən məclisdə şairin ailə üzvləri, yaxınları, mədəniyyət və təhsil işçiləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı Giya Paçxataşvilinin həyat və yaradıcılıq yolu, çoxşaxəli ədəbi fəaliyyəti, müxtəlif xalqlar arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı rolu vurğulanıb, yubilyar 65 illik yubileyi münasibətilə təbrik edilib. Eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin yubilyara ünvanladığı təbrik məktubu səsləndirilib.
Yeni yaradıcılıq uğurları diləyi ilə:
Əli NƏCƏFXANLI
XQ

