Türkiyə Cümhuriyyəti Amasiya bələdiyyəsinin bu günlərdə təşkil etdiyi “Tiyatro günleri” teatr festivalında Ağdam Dövlət Dram Teatrı yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Kişi və qadın” pyesi əsasında hazırladığı tamaşa ilə iştirak edir.
İlk dəfə görkəmli rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulmuş bu əsər mürəkkəb, həm də çox maraqlı kişi və qadın münasibətlərindən bəhs edən, dramatik süjet xətti olan komediyadır. Dəfələrlə ölkənin əksər teatrlarında tamaşaya qoyulmuş “Kişi və qadın” Ağdam teatrının da diqqətini çəkib və uğurlu alınıb. Amasiya festivalının təşkilatçıları teatrı məhz bu tamaşa ilə festivala dəvət ediblər. Türkiyənin 15 teatrının qatıldığı festivalda Ağdam truppasının çıxışı fevralın 14-də təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, rəssamı Qönçə Həşimzadə, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.
XQ

