Əskişəhərdə Azərbaycan dünyası

post-img

Yunus Əmrənin vətəni soydaşlarımıza da doğma şəhərdir

Qədim türk şəhəri Əskişəhərə ayaq basan dəqiqələrdən bu yerlərin sehrinə düşməmək mümkün deyil. Türkiyənin şimal-qərbində yerləşən Əskişəhərdə Azərbaycandan olduğumuzu biləndə insanların çöhrələrinə təbəssüm qonurdu, bizim yerlərdən hal-əhval tuturdular.

2013-cü ildə bu şəhər Türk dünyasının Mədəniyyət Mərkəzi seçilmişdir. Əskişəhər Qurtuluş Muzeyi, Böyükərşən Balmumu Heykəllər Muzeyi, Odunbazarı Modern Muzeyi, Anadolu Universiteti Cümhuriyyət Tarixi Muzeyi şəhərin mənəvi çəkisini daha da artırır. Təsadüfi deyil ki, Türk dünyasının məşhur Sazova Elm, Mədəniyyət və Sənət Parkı da bu şəhərdə salınmışdır. Böyük filosof, şair Yunus Əmrənin məzarı Əskişəhərin Sarıköy–indiki adıyla Yunus Əmrə kəndində tapılmışdır. Şairin adı Əskişəhərdəki bir çox mərkəzlərə, küçələrə verilmişdir. Əskişəhərin adı Yunus Əmrənin vətəni kimi Türk dünyasında hörmətlə, izzətlə qarşılanır, bura gələn qonaqlara öz sevgisini göstərən tarixi məkandır.

Şəhərdə 3 universitet var ki, bu ali təhsil ocaqları Türk dünyasında elmi kadrların və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına görə məşhurdur. Anadolu, Osmanqazi və Texniki universitetləri. Şəhərin təmiz havası, tən ortasından axan Porsuq çayının füsunkarlığı, təmtəraqdan uzaq maşınsız küçələri, əsas nəqliyyat vasitəsi olan tramvaylar Əskişəhərə xüsusi bir yaraşıq verir. Şəhərin mərkəzi hissəsində minik maşınlarını görmək mümkün deyil. Tramvay xətlərinin yanından xüsusi bir xətt ayrılır ki, burada ancaq velosipedlə gəzən yaşlı və cavan nəslin nümayəndələrini görə bilərsən.

Əskişəhərə xüsusi fərqlilik verən qədimi, qırmızı kərpicli evləri və müasirliyin göstəricisi olan, fəqət, bu qədim şəhəri əndazədən çıxarmayan yaşayış binaları da diqqətimi cəlb etdi. Əskişəhərdə gördüyüm az sayda 9-10 mərtəbəli binadan başqa, bir dənə də olsun hündürmərtəbəli göydələn görmək mümkün deyil. Əskişəhərin baş planını daima diqqətdə saxlayan memarlara qibtə etdim ki, bu səlahiyyətlərini əldən verməyiblər.

Şəhərin mərkəzi küçələrindən tutmuş böyük bir hissəsində yerin örtüyü qədimi qəmbər daşları ilə örtülüb. Bu da küçələrin daş örtüyünə xüsusi fərqlilik verir. Burada adı ilə seçilən Hamamlı adlı əhatəsinə görə böyük bir küçə var ki, bizim dilimizdə prospekt anlamı təsiri bağışlayır. Bu adın mahiyyəti ilə maraqlandım və öyrəndim ki, şəhərin mərkəzində yeraltı qaynar, müalicəvi suların mənbəyi aşkar olunub. Həmin yeraltı sərvətin üzərində müalicəvi hamamlar tikilib və bu gün turistlərin Əskişəhərə axın etməsinin bir səbəbi də bu yerlərin şəfalı isti sularıdır.

Əskişəhəri möhtəşəm edən göstəricilərdən biri də Kıbrıs şəhidlərinin xatirəsinə ucaldılan abidələrin şəhərin mərkəzi yerlərində qoyulmasıdır. Hətta insanların Kıbrıs qəhrəmanlarının heykəlləri qarşısında fotolar çəkdirməsi nəzərimdən yayınmırdı. Yunus Əmrənin ölməz xatirəsinə böyük ehtiramı gördükcə Əskişəhərlilərin zəngin mənəviyyatına, milli təfəkkürünə heyran qalırdım. Xüsusilə Türk dünyasında, Avropada tanınmış elm, təhsil ocaqlarından biri olan Anadolu Universitetinə qədəm qoymaq istəyən hər kəsi Yunus Əmrənin heykəli, bu müdrik, türk-islam filosofunun varlığının rəmzi olan sənət əsərinin əzəmətli görüntüsü salamlayır. Təsadüfi deyil ki, 1991-ci ildə UNESCO Yunus Əmrənin 750 illik yubileyini keçirmişdir.

Əskişəhərdə yerləşən, dünyanın məşhur təhsil ocaqları sırasında seçilən və bu gün nəinki türk dünyasında, Avropada, Amerikada sayılıb-seçilən Anadolu Universitetinin girəcəyində yolun tən ortasında qoyulan Yunus Əmrənin heykəli sanki, Türk dünyasının gəncliyini Yunus Əmrə fəlsəfəsini dərk etməyə çağırır:

Gəlin tanış olalım
İşi kolay qılalım
Sevəlim seviləlim
Dünya kimsəyə qalmaz!

Anadolu Universitetinin ərazisində Yunus Əmrə İnstitutu və kampusu da yerləşir. Anadolu Universitetinin şəhərciyi son dərəcə böyükdür. Dünyanın bütün ölkələrindən burada təhsil alan gənclər var. Gördüyüm elə amillər var ki, ali məktəb kimi belə bir elm, tədris mərkəzinə ancaq qibtə etmək olar. Burada, birinci növbədə, tələbəyə və müəllimə dəyər verilir. Bu barədə geniş təhlilə ehtiyac olduğuna görə, daha müfəssəl məqalənin hazırlanması haqqında düşünürəm.

“Əskişəhər Azərbaycanlılar Dərnəyi”

Əskişəhəri gəzdikcə ona doğmalaşırsan, sanki sən illər əvvəl buralarda olmusan. “Əskişəhər Azərbaycanlılar Dərnəyi” nin rəhbəri, həmyerlimiz Cavid Aydın bizi ofislərinin yerləşdiyi ünvana gətirdi. O dedi ki, Əskişəhərə yolunuz düşəndə bilin ki, bu şəhərdə isti ocağınız var. Qapının üstündə belə yazılıb: “Əskişəhər Azərbaycanlılar Dərnəyi”. Otaqlara nəzər salıram. Sanki Azərbaycandayam. Divardakı saatın əqrəbi belə Bakı vaxtını göstərir.

Cavid Aydınla müsahib oluruq.

– Siz 30 ilə yaxındır ki, Əskişəhərdə yaşayırsınız. İlk dəfə Dövlət proqramı ilə təhsil almağa gələn gənclərdən olmusunuz. Necə oldu ki, taleyinizi bu qədim türk yurduna bağladınız?

– Mən Cavid Aydın 9 fevral 1980-ci ildə Azərbaycanın Bərdə şəhərində doğulmuşam. Əslim, dədə-babalarım 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya olunublar. Vedibasar mahalındanıq. Orta təhsilimi Bərdədə başa vurduqdan sonra, dövlət təqaüd proqramı ilə 1998-ci ildə Türkiyə Respublikasının Anadolu Universitetində əczaçılıq ixtisası üzrə təhsil qazanıb, Əskişəhərə gəlmişəm. İxtisasımı tamamladıqdan sonra təhsilimi magistratura pilləsində davam etdirmişəm.

Tale elə gətirdi ki, bu şəhərdə qalmaq istəyim yarandı. Azərbaycan sevgisi ilə yaşayan bir gənc olaraq burada Vətən adını yaşatmağa, həmvətənlərimi ətrafıma yığmağa çalışdım. Etiraf edim ki, bu fikir, sadəcə, tək mənim deyil, dostlarımın da Azərbaycan sevgisindən doğan bir istəyi idi. Yəni tək bu işi edə bilməzdim. Beləliklə, 2010-cu ildə bu dərnəyi təsis etdik. Arzularımız gerçək oldu. Xüsusilə, 1998-ci ildən əvvəl gələn tələbələr ətrafıma toplaşaraq müqəddəs bir evin işığını yandırdılar.

“Əskişəhər Azərbaycanlılar Dərnəyi” fəaliyyətə başladı. Bu təşkilatı yaratmamışdan əvvəl də tədbirlər keçirirdik. Sadəcə, görüşlərimizi, əlaqələrimizi rəsmiləşdirən bir rəsmi təşkilata ehtiyacımız var idi. 7 (yeddi) nəfər idarə heyətimizin üzvü var. Artıq 15 ildir ki, Əskişəhərdə tanınırıq. Azərbaycan adına uğurlarımız var.

– Dərnəyinizin fəaliyyəti ilə bağlı oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirəm.

– Bilirsiniz ki, Əskişəhərdə - Türkiyə Respublikasında xüsusi olaraq tanınan üç ali təhsil ocağı var. Burada çoxlu azərbaycanlı tələbələr təhsil alır. Bu mənada önəmli bir güc sahibiyik. Sıralarımız hər il çoxalır və möhkəmlənirik. Tələbələrimizin, burada yaşayan azərbaycanlıların sosial və iş şəraitlərini diqqətdə saxlayırıq. Burada birisi işlə təmin olunmaq istəyəndə və yaxud bir evi kirayə edən zaman qarşı tərəf əmin olmaq üçün “Əskişəhər Azərbaycanlılar Dərnəyi” rəhbərini arayır, bir bilgi almaq istəyir.

Dövlət qurumları ilə birgə işləyirik. Əskişəhərdəki gənclərimizin sosial, təhsil problemləri daima diqqətimizdədir. 2016-cı ildən Dünya Azərbaycanlılarının Qurultayına qatılmışıq. Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyev çıxış edərək dedi ki, Azərbaycan elə bir gücə gəlib çatıb ki, biz xalq olaraq varlığımızı qapalı toplantı salonlarında deyil, mediada göstərməliyik. Çalışın ki, xarici dövlətlərdə sözünüzü media vasitəsilə deyəsiniz. Artıq kütləvi informasiya vasitələrinin təsiri vasitəsilə bədnam qonşularımıza cavab verməliyik. Xaricdəki fəaliyyətlərinizi medianın gücü ilə həyata keçirin.

– Siz nədən başladınız?

– 2017-ci il 1 yanvar tarixindən Əskişəhərdə “Üç cizgi” jurnalı çıxarmağa başladıq. Siz masamızın üstündə jurnalları görürsünüz. 2017-ci ildən bu istiqamətdə fəaliyyətimizi gücləndirdik. Hazırda elektron formatda jurnalımızı çıxarırıq. Qeyd etmək istəyirəm ki, nəşr məsələlərində Əskişəhər Anadolu Universitetinin qayğısı da çox olub. Hazırda Anadolu Universitetinin özü belə mətbuat orqanlarını onlayn formada idarə edir. Artıq dərnəyimiz 15 ildir ki, Əskişəhərdə tanınıb, məramını, məqsədini geniş ictimaiyyətə təqdim edib. Azərbaycan adına görəcəyimiz bütün işlərin mayasında, qayəsində Vətən sevgisi yaşanır. Dərnəyimiz Əskişəhər rəhbərliyinin inamını qazanıb. Şəhərin valisi, bələdiyyə başqanı hər hansı problemimiz olarsa, köməklərini əsirgəmirlər. İl-ildən təmaslarımız çoxalır. Hər zaman müsbət mənada fəaliyyətimizlə seçilmişik. Maddi cəhətdən imkanlarımız məhdud olsa da, “Üç cizgi” jurnalının 26-cı sayını da uğurla nəşr etdirdik. Ölkəmizin ictimai- siyasi, elm, təhsil, mədəniyyət sahəsindəki uğurları jurnalımızın səhifələrində işıqlandırılır. 2020-ci ildə pandemiya zamanı dar çərçivədə fəaliyyət göstərirdik.

2020-ci il Vətən müharibəsində xaricdə yaşayan bütün azərbaycanlılar kimi, biz də müsəlləh əsgər olub, ordumuzla, xalqımızla bir olduq. İlk növbədə, Əskişəhər ESTV televiziyasında 25 sentyabrdan başlayaraq verilişlərimizə başladıq. İlk proqramımızın qonağı Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım oldu. Onun xeyir-duasını aldıqdan sonra geniş şəkildə Azərbaycanla bağlı proqramlarımızı təqdim etməyə başladıq.

27 sentyabrdan başlayaraq Vətən müharibəsində qazandığımız Qələbəmizin hər günü haqqında tamaşaçılara ətraflı məlumat verirdik. Mən deyərdim ki, Zəfər tariximizin salnaməsinin yazılmasında bizim verilişlərimizin az da olsa, təsiri oldu. Bu mənada dərnəyimizin bütün üzvlərinə minnətdaram. Professor Toğrul İsmayıl televiziyada “Üç Cizgi” proqramımızda Zəfər günümüzlə bağlı geniş ictimaiyyətə, Türkiyədə yaşayan və işləyən insanlara ətraflı bilgilər verdi. Siyasi partiyalarla görüşdük, brifinqlər keçirdik. Xalqımızın halal haqqı olan tarixi torpaqlarımız haqqında geniş maarifləndirici çıxışlarımız oldu. Azərbaycana ordumuz üçün dərman ləvazimatı göndərməyi də unutmayaraq, bu işi özümüzə mənəvi borc bildik.

Üç cizgi.com saytında jurnalımızın elektron nəşri davam etdirilir. Doğrudur, yazılı mətbuat çox əhəmiyyətlidir. Çünki XXI əsrdə böyük bir tariximiz yazılır. Biz bu əsrdə 30 ildən çox düşmən tapdağında qalan Qarabağ torpaqlarımızı işğalçı erməni faşistlərindən xilas etdik. Ona görə də qismən də olsa, jurnalımızın yazılı mətbu formada nəşrini davam etdiririk. Amma geniş anlamda Əskişəhər ictimaiyyəti ilə əlaqələrimizi elektron media formasında həyata keçiririk.

– “Əskişəhər Azərbaycanlılar Dərnəyi” artıq bu şəhərdə kifayət qədər tanınmış bir ictimai təşkilatdır.

– Vətənimizdən təhsil almağa gələn gənclərin demək olar ki, böyük bir hissəsi ətrafımızda birləşib. Tarixi, milli bayramlarımızla bağlı bir yerə toplanırıq, söhbətləşirik, fikir mübadiləsi edirik və son qərarımızı veririk. İnanın ki, Azərbaycanın dəyərli ziyalıları ilə xarici ölkələrdə böyük işlər görmək mümkündür. Mən bunu öz dərnəyimizin simasında görmüşəm və görürəm də. Cənab Prezidentimizin xaricdə yaşayan bütün həmvətənlərimizə tövsiyə etdiyi kimi: “Birliyimizi, həmrəyliyimizi gücləndirməliyik”.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində dünyada yaşayan 66 alimi – azərbaycanlıları, türkləri Beynəlxalq Elm Simpoziumuna dəvət etmişdik və onların “Əskişəhər Azərbaycanlılar Dərnəyi”nin təşkil etdiyi belə bir mötəbər elm tədbirində iştirakı bizi çox fərəhləndirdi. Çünki zəkalı adamlarımızı kəşf etdikcə onların xalqa, millətə və dövlətə xeyri çox dəyir. Üç gün davam edən elmi simpozium haqqında akademik məqalələr toplum halında nəşr olundu. Türkiyədə və Azərbaycanda yayımlandı. Bu elmi simpoziumun əsas təşkilatçısı Anadolu Universitetinin məzunu Rza Məmmədov idi. Hazırda o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədris işləri üzrə prorektor vəzifəsində işləyir. Rza Məmmədov Əskişəhərdə təhsil alıb, Vətənə xidmət göstərən istedadlı Azərbaycan gənclərinin etibarlı, parlaq simalarından biridir.

– Şəhərdəki azərbaycanlı tələbələrə necə dəstək göstərirsiniz?

– Tələbələrimizə dəstək olmaq üçün təqaüd proqramı ilə bağlı dərnəyimizin komandasının geniş fikir mübadiləsi olub və qərara almışıq ki, Əskişəhərdə təhsil alan azərbaycanlı gənclərimizə maddi, mənəvi dayaq olmaq üçün ayda 2000 (iki min) türk telesi təqaüd təyin edək. Bu təqaüdün verilməsinin bütün xərcini vaxtilə burada təhsil alıb məzun olan, Azərbaycana dönən və xarici ölkələrdə çalışan, iş sahibi olan, dövlətin etibarını qazanan vətənpərvər, xalqımızı sevən həmvətənlərimiz ödəyir. Keçən il 32 tələbəyə təqaüd ayırmışıq.

– Qarşınıza qoyduğunuz məqsəd və vəzifələri həyata keçirmək üçün işlərinizi necə planlaşdırmısınız?

– Bizim fəaliyyətimiz ikişaxəlidir. Həm daxildə öz həmvətənlərimizlə, həm də xaricdə, yəni kənarda təbliğatımızın necə qurulmasını planlaşdırmışıq. Başlıca olaraq, ətrafımızda birləşən xalqımızın istedadlı, bacarıqlı gənclərini, bir sözlə, insan kapitalını elə istiqamətləndirmək istəyirik ki, onlar Azərbaycan naminə ən yüksək səviyyədə işləməyi qarşılarına məqsəd qoysunlar. Bu mənada seminar və toplantılarımız olur. Hər bir vətəndaşımız bilməlidir ki, o, yaşadığı şəhərdə Azərbaycanın mədəniyyətini, milli-mənəvi köklərini yaşadır. Bu şəhər mədəniyyət beşiyidir.

Mənim və “Əskişəhər Azərbaycanlılar Dərnəyi”nin üzvü olan hər bir həmvətənlimizin gücü – dövlətimizin gücüdür! Ona görə də hər il Əskişəhərə gələn gəncləri, vətəndaşlarımızı dərnəyimizə dəvət edirəm və çalışıram ki, onlar tək olduqlarını hiss etməsinlər. Bilsinlər ki, bu şəhərdə onların Azərbaycanlılar Dərnəyi Evi var.

– Vətəndən uzaqlarda yaşayan soydaşlarımıza arzularınız, diləkləriniz?

– Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarına bəxş etdiyi 31 Dekabr Həmrəylik Günü əbədi olaraq tarixə yazılıb. Dünyanın istənilən ölkəsində yaşayan və işləyən azərbaycanlıların birliyi naminə belə bir günün dövlət səviyyəsində qeyd olunması ildən-ilə gücümüzü, birliyimizi və sayımızı artırır. Bu il də Həmrəylik Günü bayramımıza yüksək səviyyədə hazırlaşmışdıq. Əskişəhərdəki 3 ali məktəbdə təhsil alan azərbaycanlı gəncləri, bu şəhərdə yaşayan həmvətənlərimizi, güneyli qardaşlarımızı və Azərbaycanı sevən, dərnəyimizin üzvü olan türk vətəndaşlarını müqəddəs bayramımıza dəvət etmişdik. Tanrı birliyimizi qorusun!

Söhbəti apardı:
Kəmalə ABDİNOVA
XQ

Müsahibə