AHİK müstəqil dövlətçiliyimizin yetirməsidir

post-img

Dövlət müstəqilliyinin ilk dövründə yaradılmış azad əmək qurumu olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 33 yaşı tamam olur. Bu münasibətlə keçirilən mərasimdə konfederasiya sədri Sahib Məmmədov AHİK-in tarixi və fəaliyyəti barədə məlumat verib, ötən bir qərinəlik yola nəzər salıb.

Bildirilib ki, 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun müddəalarının ardıcıl gerçəkləşdirilməsi konfederasiyanın formalaşmasında və azad həmkarlar ittifaqlarının inkişafında, vətəndaş cəmiyyətində mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb.

Vurğulanıb ki, Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi davamlı diqqət və dəstək əmək hüquqlarının qorunmasına, sosial dialoqun gücləndirilməsinə və layiqli əmək şəraitinin təmin olunmasına mühüm töhfə verir. Bütün bunların nəticəsidir ki, təşkilat əmək münasibətlərinin tənzimlənməsində aparıcı qüvvəyə çevrilib.

Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələr ölkəmizdə sivil əmək münasibətlərinin formalaşdırılmasına davamlı töhfələr verir. AHİK-in işçi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, eləcə də gender bərabərliyi, gənclər, idman və təhsil sahələrində gerçəkləşdirdiyi missiya cəmiyyətin demokratik inkişafına və ümumi yüksəliş prosesinə geniş dəstək qazandırır.

Son bir neçə ildə fəaliyyətin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sosial layihələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayan AHİK sədri həyata keçirilən layihələrin həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə və onların fəallığının artırılmasına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Sonra həmkarlar hərəkatının tarixini özündə əks etdirən, eləcə də AHİK-in fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Həmkarlar ittifaqlarının veteranı Leyla Acalova, Prezident mükafatçısı, Qarabağ Universitetinin əməkdaşı Lamiyə Məmmədova, Vətən müharibəsi iştirakçıları, həmkarlar ittifaqı üzvləri Ruslan Bağırov və Saleh Salahov konfederasiyanın 33 illik fəaliyyətinin zəngin bir irs, gələcəyə doğru inkişaf yolunda gərəkli təcrübə mənbəyi olduğunu qeyd ediblər.

Mərasimdə əldə olunan nailiyyətlərin davam etdirilməsinin, həmkarlar ittifaqı dəyərlərinin gələcək nəsillərə ötürülməsinin, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

Sonda qurumun fəaliyyətində fərqlənən veteranlara, gənclərə və könüllülərə AHİK-in təşəkkürnamələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ



Sosial həyat