Adı dünyanın tanınmış elm korifeyləri ilə bir sırada dayanan görkəmli akademik Cəlal Əliyev Azərbaycanın biologiya və aqrar elmlərinin inkişafında nəzəri və tətbiqi elmi nəticələri ilə tarixə düşmüşdür.
Sözügedən sahələrdə əldə edilmiş nailiyyətlərdə müstəsna rolu olan Cəlal Əliyev əsl elm fədaisi idi. 1970-ci illərdən başlayaraq onun bilavasitə rəhbərliyi və yaxından köməyi sayəsində Azərbaycanda həyata keçirilən “yaşıl inqilab” dalğası region ölkələrini də əhatə etmişdir. Hətta “Qaraqılçıq-2”, “Mirbəşir-50”, “Vüqar”, “Şiraslan-23”, “Tərtər”, “Bərəkətli-95”, “Əlincə-84”, “Ruzi-84” və başqa buğda sortları Özbəkistan, Türkmənistan, Gürcüstan və s. respublikalarda tətbiq olunmuş və hər hektardan 60–95 sentner məhsul götürülməsi təmin edilmişdir. Bu sahədə akademikin CIMMYT və ICARDA ilə birgə apardığı tədqiqatlar xüsusi diqqətə layiqdir.
Cəlal Əlirza oğlu Əliyev 30 iyun 1928-ci ildə Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təbiət-coğrafiya, Azərbaycan Dövlət Universitetində (ADU, indiki BDU) biologiya üzrə təhsil alıb. 1948-ci ildən ADU-nun Bitki fiziologiyası kafedrasında laborant işləyib. Sonra Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri kimi məhsuldar fəaliyyət göstərib. Baş direktor kimi sanballı elmi tədqiqatlara və onların tətbiqinə misilsiz xidmətlər göstərib. 1980-ci ildə EA-nın həqiqi üzvü seçilib, biologiya elmləri bölməsinin akademik-katibi olub. YAP Siyasi Şurasının üzvü, 4 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai-siyasi fəaliyyəti də nümunə idi.
Akademik Cəlal Əliyevin yaratdığı sortların kənd təsərrüfatında tətbiqi onların diversifikasiyasına, əhali, fermerlər və kənd təsərrüfatı müəssisələri tərəfindən becərilən bitkilərin və onların sortlarının qorunmasına və müxtəlifliyinin artırılmasına çox böyük dəstək olub. Onun bitki genetik ehtiyatlarının milli və dünya genefondunun səmərəli istifadəsi sahəsində apardığı genişmiqyaslı fundamental tədqiqatları milli genefondun zənginləşdirilməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsi və xalqın rifah halının yüksəldilməsi ilə davamlı inkişafa nail olunmasında, eləcə də bioloji ehtiyatların etibarlı mühafizə edilməsində əvəzsiz rol oynayıb. Cəlal Əliyevin seleksiya proqramı da çoxcəhətli və hərtərəfli idi. Bu proqram daim fəaliyyətdə və inkişafda olan, təkrarolunmaz, hissələri bir-birini tamamlayan, dayandırılması və ya zəiflədilməsi mümkün olmayan bir mexanizm, bir sistem xarakteri daşıyırdı.
İctimai-siyasi formasiyanın dəyişdiyi, elmi tədqiqatlar sistemində tənəzzülün yarandığı 80-ci illərin sonu–90-cı illərin əvvəllərində akademik Cəlal Əliyev hər cür təqib və təzyiqlərə rəğmən, seleksiya proqramını həyata keçirmək üçün alim kollektivini qoruya bilib. Özü kimi fədailəri, ardıcıllarını ruhdan düşməyə qoymayıb. Çətinliklərə baxmayaraq, həmin illər milli genefondun istifadəsi ilə aparılan seleksiya işləri nəticəsində yüksək məhsuldar buğda sortları yaradılıb və rayonlaşdırılıb.
Nəhayət, xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın dirçəlməsi ilə elm də layiqli qayğı və diqqətlə əhatə olundu, qarşıya ciddi tələblər qoyuldu. Ölkədə torpaq islahatları vüsət aldı, elmi nailiyyətlərə yeni nəfəs verildi. Cəlal müəllimin məsləhətləri əsasında 2007–2011-ci illərdə həyata keçirilən aqrar Tədqiqat Sisteminin modernləşdirilməsi proqramı çərçivəsində kənd təsərrüfatında məhsuldarlığın və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün fermerlərin tətbiqi texnologiyalara və yeni sortların toxumlarına çıxış imkanlarını gücləndirmək mümkün oldu. O dövrdən Elmi-Tədqiqat Əkinçilik İnstitutunda yaradılan 10 yeni sort (6 yumşaq buğda, 1 bərk buğda, 1 arpa, qarğıdalı, 1 mərcimək və 1 yerfındığı sortu) Seleksiya Nailiyyətlərin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında rəsmi qeydiyyatdan keçərək rayonlaşdırıldı. Fermerlərin əvvəllər geniş sahələrdə əkdikləri sortlar yeniləri ilə sürətlə əvəzlənməyə başladı. Bunlara elm patriarxı Cəlal Əliyevin rəhbərliyi ilə yaradılmış və qeydiyyatdan keçmiş “Qobustan”, “Tale-38”, “Əzəmətli 95”, “Ruzi 84”, “Aran”, “Qırmızı gül”, “Zirvə-85”, “Qızıl” buğda sortları daxildir. Qeyd edilən sortlar bölgə təcrübə stansiyalarında və bir çox fermer təsərrüfatlarında hər hektardan 5 tondan artıq məhsul verirdi.
“2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın əsas hədəf göstəricilərində ölkə üzrə dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı hektardan 3,2 tona, ümumi istehsalı 2,8 milyon tona çatdırmaq nəzərdə tutulurdu. Bu məqsədlə yeni məhsuldar sortların yaradılması, sınaqdan keçirilməsi və rayonlaşdırılması, həmçinin yeni istehsal texnologiyalarının tətbiqinə xüsusi önəm verilirdi. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə xarici ölkələrin alimləri, FAO-nun və İCARDA-nın dəstəyi ilə ilk dəfə olaraq ölkədə bir ildə 2 dəfə məhsul alınması texnologiyası tətbiq edilmiş, minlərlə fermer bu texnologiyalar barədə məlumatlandırılmışdı.
Görkəmli akademik yarım əsrdən çox bir müddətdə bitkilərin genetik müxtəlifliyinin keşiyində durub. 1995-ci ildə C.Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə respublikanın müstəqillikdən sonrakı vəziyyəti əks etdirmək üçün bitki genetik ehtiyatlarının ətraflı təhlili əsasında I ölkə məruzəsi hazırlanıb, FAO-ya təqdim edilərək beynəlxalq ekspertlər tərəfindən təhlillərin dərinliyi və irəli sürülən müddəaların istifadəsi baxımından çox yüksək qiymətləndirilib. Onun təşəbbüsü ilə Bioloji Müxtəlifliyə dair Beynəlxalq Konvensiyanı Milli Məclis 2000-ci ildə ratifikasiya edib. Milli Proqramın hazırlanmasında və ölkədə BGE üzrə strateji xəttin müəyyənləşdirilməsində göstərdiyi iradə və elmi uzaqgörənlik sonrakı 10 il ərzində öz bəhrəsini verib, genetik ehtiyatların toplanması, artırılması və saxlanılması sahəsində böyük işlər görülüb. Bütün bunları mötəbər beynəlxalq ekspertlər yüksək qiymətləndiriblər və Azərbaycan FAO-ya qəbul olunub.
Ümummilli lider Heydər Əliyev 21 dekabr 2001-ci il tarixli sərəncamla Genetik ehtiyatlarla bağlı kompleks tədbirlərin reallaşdırılması üzrə Dövlət Komissiyası yaradıb. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə 2004-cü ildə Biomüxtəlifliyə dair I ölkə məruzəsi, Bioloji Müxtəlifliyin Mühafizəsi və Səmərəli İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı hazırlanıb, 2006-cı ildə Azərbaycan Respublikasının Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilib.
Böyük islahatçı, novator alim və təşkilatçı olan Cəlal müəllim genetik ehtiyatlarla bağlı hərtərəfli elmi fəaliyyətləri və koordinasiya işlərini gücləndirməyi, Azərbaycanda ilk dəfə olaraq genetik bank yaratmağı, genetik ehtiyatların toplanması, inventarlaşdırılması, mühafizəsi və səmərəli istifadəsinin elmi əsaslarının hazırlanmasını və tətbiqini həyata keçirməyi qarşıya bir məqsəd kimi qoymuşdu. Məhz onun təşəbbüsü və uzaqgörənliyi sayəsində 2003-cü ildə AMEA Genetika və Seleksiya İnstitutunun bazasında bu məqsədlərin həyata keçirilməsində həlledici rol oynaya biləcək bir mərkəz – Genetik Ehtiyatlar İnstitutu və daha sonralar onun strukturunda Milli Genbank yaradılıb.
Əlamətdar haldır ki, 2011-ci ildə Milli Məclis Cəlal müəllimin neçə illər uğrunda çalışdığı və istiqamətverici tövsiyələri nəzərə alınmaqla hazırlanmış “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunu qəbul edib.
Böyük akademikin daim önəm verdiyi ən vacib məsələlərdən biri yüksək ixtisaslı kadrların hazırlanması idi. Multidissiplinar istiqamətdə innovativ tədqiqatların aparılması məqsədilə 70-ci illərdən başlayaraq müxtəlif ixtisaslar: biologiya, kimya, fizika, riyaziyyat, aqronomiya və b. üzrə ali məktəb məzunlarından ibarət elmi kollektivin hazırlanmasına başlanmışdır.
Cəlal Əliyevin elmi və ictimai xidmətləri qədirbilən Azərbaycan xalqı və dövləti tərəfindən də yüksək qiymətləndirilib. O, Azərbaycanın Əməkdar elm xadimi adını almış, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni (1972, 1986), Azərbaycan Respublikasının ali mükafatı – “İstiqlal” ordeni (2003), Gürcüstan Respublikasının “Şərəf” ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2008) və Azərbaycan Respublikasının “Şərəf” ordeni (2013) ilə təltif olunub.
Akademik C.Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna Aqrar Elmləri Akademiyasının, Belarus Respublikası Aqrar Elmləri Akademiyasının xarici üzvü; Bitkilərin Molekulyar Biologiyası Beynəlxalq Cəmiyyətinin; Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin, Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin, Hüceyrə stresi üzrə Beynəlxalq Cəmiyyətin üzvü idi.
Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü; UNESCO yanında bioetika, elm və texnologiyanın etikası üzrə Milli Komitənin rəhbəri; Yeni Bitki Sortlarının Qorunması üzrə Beynəlxalq Cəmiyyətin (UPOV) səlahiyyətli nümayəndəsi; Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin sədri; Biologiya Elminin Yeni Sahələrinin İnkişafı Fondunun (BEYSİF) prezidenti kimi titulları da onun tərcümeyi-halının parlaq səhifələrini təşkil edib.
Akademik Cəlal Əliyev biologiya və aqrar elmləri sahəsində elə “ilk”lərə imza atıb ki, onların davamlı olduğu göz qabağındadır. Görkəmli alim və müəllim tərəfindən qoyulmuş bu irs bizim üçün ən böyük töhfədir və indi də inamla davam etdirilir.
Zeynal ƏKPƏROV,
Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi