Bakıda Beynəlxalq Xalça Forumu işə başlayıb

post-img

Mayın 2-də Bakı Biznes Mərkəzidə Beynəlxalq Xalça Festivalı çərçivəsində təşkil olunan forumun açılışı olub.

AZƏRTAC xəbər verir ki, festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir. Festivalda 10-dan çox ölkədən 200-ə yaxın qonaq iştirak edir.

Əvvəlcə qonaqlar foyedə "Xalça sənətində Heydər Əliyevin əbədi irsi" adlı fotosərgi ilə tanış olublar.

Bütün qonaqları salamlayan “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirib.

Forum çərçivəsində plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq. Qeyd edilib ki, bu gündən başlayaraq mayın 4-dək İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçiriləcək. Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına uyğundur. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı - rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir. Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür. Qədim karvansaralar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, interaktiv tədbirlər, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq. Festivala baş çəkən hər bir kəslə “Azərxalça” ASC-nin ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 emalatxanasından dəvət olunmuş 28 toxucu qadın, emal prosesinin gözəlliyini nümayiş etdirən geniş emal komandası və yaradıcı qrupun üzvləri xalçaçılıq sirlərini bölüşəcək, ustad dərslərinə qonaq edəcək.

Mədəniyyət