Aprelin 8-9-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçiriləcək.
Mərkəzdən bildirilib ki, Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunacaq ustad dərsləri Əməkdar artist, opera ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədova tərəfindən keçiriləcək.
Ustad dərslərinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin müasir norma və tələblərə müvafiq tənzimlənməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsi, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılmasından ibarətdir.