Mir Həmzə Nigarinin əsərlərində Qarabağin vəsfi

post-img

“Mir Həmzə Nigari”, “Mir Seyid Həmzə Nigari”, “Seyid Nigari”, “Nigari” təxəllüsləri ilə tanınan, əsərləri bu imzalarla nəşr olunan şair Seyid Həmzə Nigari XIX əsr ədəbiyyatında təriqət şairi kimi tanınsa da, klassik ümumtürk ədəbiyyatının mükəmməl poeziya nümunələrini yaratmış və məhsuldar yaradıcılıq yolu keçmişdir.

Azərbaycanda və Türkiyədə bir təriqət şairi və şeyxi kimi tanınaraq daha çox “Nigari” təxəllüsü ilə şeirlər yazmış Mir Həmzə XIX əsr sufi şeirlərinin mütəfəkkiri olmaqla bərabər, divan ədəbiyyatına da klassik şeir nümunələri vermişdir. Onun haqqında olan məlumatlardan aydın olur ki, Nigarinin ulu babaları Mir Heydər və Seyid Şəmsəddin Ağabalı Həzrət Məhəmməd Peyğəmbərin nəslindəndir. Onlar Mədinə şəhərindən Türkiyəyə köçmüş, oradan da Azərbaycanın Zəngəzur bölgəsinin Cicimli kəndində yerləşmişlər.

Mir Həmzə Nigari öz soykökünü aşağıdakı dördlükdə belə ifadə etmişdir:

 

Nəsli İsmayılsan, əsli ərəbsən,

Ali Məhəmmədsən, ali məzhəbsən,

Müntehibsən silsileyi zəhəbsən,

Ey Seyyid Nigari, ey Qarabaği.

 

Nigarinin anadan olduğu və vəfatı haqqında onun tədqiqatçıları tərəfindən yazılmış qeyri-dəqiq məlumatlardan məlum olur ki, o, Qarabağım Cicimli kəndində 1797 və ya 1805-ci ildə anadan olmuş, 1886-cı ildə Türkiyədə vəfat etmişdir.

Adının Mir Həmzə olduğunu “Bendeyi Ali Abayam Mir Həmzə adımdır” misralarında ifadə etmişdir.

XIX əsrdə rusların Qafqazı işğalı və rus imperiyasının işğalçılıq siyasəti ilə Azərbaycanda yaranan narahatçılıqda ruslara qarşı olan Nigari Çar Rusiyasının Qafqazda rus imperiyasının müridizm hərəkatının rəhbərlərinin təqiblərinə məruz qalmış, Türkiyəyə köç etməyə məcbur olaraq Amasya şəhərinə yerləşmişdir. 1886-cı ildə Türkiyənin Harput şəhərində vəfat etmiş, müridləri tərəfindən Amasyaya gətirilərək Bayazid Paşa məhəlləsində dəfn edilmişdir. Buraya daha sonra Azərbaycandan gələn yardımlarla Nigarinin əmisi oğlu Mir Həsən tərəfindən bir türbə və məscid tikilmişdir. “Şirvanlı cami”, “Azərilər camisi” adlanan bu türbədə Nigarinin yanında oğlu Siracəddin İsmayıl, Həmzə Nigarinin xəlifələrindən və türbənin yanındakı məscidi inşa etdirən Mir Həsən əfəndi dəfn edilmişdir.

Şeyxin türbəsi yerli əhali tərəfindən və Azərbaycandan Amasyaya gedən əhali tərəfindən bu gün də ziyarət edilməkdədir. Nigari nəslinin davamçıları da günümüzdə Amasyada yaşamaqdadır.

Şeirləri geniş xalq kütlələri tərəfindən sevilən və əzbələnən Nigari məhsuldar yaradıcılıq yolu keçmişdir. Onun türkcə və farsca divanları, “Çaynamə”, “Nigarnamə” və “Həşt Behiştnamə” əsərləri məlumdur.

Əsərləri müxtəlif illərdə Türkiyədə, Tiflisdə, Azərbaycanda nəşr olunmuşdur. Azərbaycanda Mir Həmzə Nigarinin haqqında ilk dəfə məlumatı Firudin bəy Köçərli (1863-1920) vermişdir. Nigarinin həyat və yaradıcılığını bir çox yöndən işıqlandıran Firudin bəy Köçərli onun “şeirlərinin tamamı açıq türk dilində, bir azacıq osmanlı şivəsilə inşa olunubdur” deyə yazırdı (bax. F.Köçərli. “Azərbaycan ədəbiyyatı”. II cild. Bakı, “Elm” Nəşriyyatı, 1981, səh. 143).

Həmzə Nigarinin türkcə divanı 1884-cü ildə İstanbulda, 1908-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadənin Ömər Faiq Nemanzadə ilə birlikdə təşkil etdiyi “Qeyrət” mətbəəsində nəşr edilmişdir.

1911-ci ildə isə onun farsca divanı İstanbulda nəşr olunmuşdur. Azərbaycanda sovet dönəmi illərində Seyid Nigarinin əsərlərinin nəşri qadağan edilmiş, müstəqillik illərində bilinən məlumata görə yalnız 2010-cu ildə onun divanı M.Füzuli adına Əlyazmaları İnstitutunun əməkdaşı Nəzakət Məmmədli tərəfindən tərtib edilib nəşr edilmişdir (bax. Mir Həmzə Seyid Nigari. “Divan”. Bakı: “Elm və təhsil, 2010).   

Mir Həmzə Nigarinin az bilinən əsərlərindən biri “Nigarnamə”dir. Əsərin adı ilə bağlı belə bir fikir mövcuddur ki, Seyid Həmzə hələ kiçik yaşlarında royada Şahnigar adlı bir qıza aşiq olduğu üçün sonralar şeirlərini “Nigari” təxəllüsü ilə yazmışdır. Yazdığı şeirlərin bir neçə bəndində bu macəranı belə poetikləşdirir:

 

“Leylinindir Məcnun, Şirinin Fərhad,

Mən də Şahnigarın mübtəlasıyam”

və ya

“Ey Nigarım, cana can verdim, bana,

Bais oldur ki, Nigaridir ləqəb”.

 

Alleqorik və simvolik bir əsər olan “Nigarnamə”də könül səyahətə çıxarılmış, bu səyahətdə insanın  Allaha yetişmə yollarına çalışılmışdır.

2024-cü ildə Ankarada nəşr etdirdiyi “Nigarnamə” məsnəvisinə yazılan “Ön söz”də əsəri nəşrə hazırlayan Amasyada fəaliyyət göstərən Anadolu lisesinin ədəbiyyat müəllimi Kurtuluş Altunbaş bu məsnəvinin təsəvvüfi eşqi dilə gətirən 4545 beytlik bir əsər olduğunu, əsəri ərəb əlifbasından latın əlifbasına çevirdiyini, əsərin günümüz türkcəsinə daha yaxşı anlaşılması məqsədilə hər beytin nəsrlə şərhini verdiyini yazır.

Bir ədəbiyyat müəllimi olan şair Kurtuluş Altunbaş Nigari yaradıcılığına olan məhəbbəti sayəsində hələ 2004-cü ildə Seyid Həmzənin türkcə yazdığı əsərlərini iki cilddə tərtib edib Samsun şəhərində nəşr etdirmişdir.

Nigari şeirlərinə Türkiyə türkcəsi ilə yazdığı şərhlərlə birlikdə 638 səhifəlik I cild və 661 səhifəlik II cilddən ibarət olan Nigari divanından əlavə Kurtuluş bəy sonrakı illərdə onun elmə məlum əsərlərinin nəşrində misilsiz xidmət göstərmişdir. Onun hazırlarıb nəşr etdirdiyi siyahı təxminən aşağıdakı kimidir:

1. Divani Seyyid Nigari. Cilt I və cilt II, Samsun, 2004.

2. Çay-Name Nigari. Amasya, 2023.

3. Menakibi Seyyid Nigari. Amasya, 2023.

4. Mir Seyyid Hamza Nigariden Berceste Mısralar. Amasya, 2023.

Araşdırmalarını davam etdirən Kurtuluş Altunbaş “Çaynamə” əsərinə yazdığı “Ön söz”də “Nigarnamə” və “Çaynamə” əsərlərinin harada, nə zaman nəşr olunduğunun məlum olmadığını, “Heşt Bihiş-namə” əsərinin isə əlyazmasının Süleymaniyyə Kitabxanasında Tarlan 188/2 nömrədə qeyd olunduğunu yazır.

Türkiyə türkcəsi ilə yazdığı əsərlərində belə Azərbaycan şivəsi açıq görünən Nigari poeziyasında Allaha, Peyğəmbərə olan ilahi sevgi nəzmə çəkildiyi kimi, şairin doğulub boya-başa çatdığı Qarabağ, onun hər güşəsi də poetikləşir. Bu tərənnüm onun bütün əsərlərində, o cümlədən “Çaynamə” əsərində rast gəldiyimiz sevgi nəğməsidir. Əsərin “Der-beyani menkibeyi gül geşt-i vilayeti Karabağ” bölümündə Qarabağdan söz açan şairin poetik ifadələrində Qarabağ torpağı vəsf edilir. Bu bölümdəki şeirin şərhi belədir:  “Qarabağ dünyadakı cənnətdir. Qarabağın qərbində Göyçə, şərqində Şirvan vardır. Güney sərhəddi Araz olan Qarabağın quzey sərhəddinin ucu-bucağı yoxdur.

Bağları cənnət bağı kimidir. Atları cinsdir, oylaqları gözəl, havası xoşdur. Türlü çiçəklər yetişir. Hər tərəfi yaşıllıqdır. Gəliri çoxdur. Bu mövzuda Misirlə belə müqayisə edilməz. Aşiqləri Fərhad, sevgililəri Şirin kimidir. Qarabağın tərifi sərhədlərə sığmaz” (bax. “Çaynamə”. Amasya, 2023, səh. x).

Qarabağ diyarında dünyaya göz açan, şeirlərində özünə “Ey Qarabağlı” deyən Nigari bu diyarın torpağının həm də ona görə təşnəsidir ki, bu torpağın gözəlinə aşiq olmuşur: 

 

Fərhad salup növbətin ey Mir Nigarı,

İmdi mənəm aşüfte-i Şirin Qarabağlı. 

                                  (I cild, səh. 592)

 

Şeirlərinin bir çoxunu da “Qarabaği” ləqəbi ilə yazan Həmzə Nigari bu gözəl diyara “abad olsun” deyə xeyir-dua verir.

Abad olsun Qarabağ içrə ol yer çünki cananın,

Habubane qara qaşına qurban olduğum yerdir.

                                                 (I cild, səh. 178) 

Qarabağı vəsf etməkdən  yorulmayan Mir Həmzə Nigari Qarabağın  suyunu süd və qaymağa bənzədərək yazırdı:

 

Bir yer diyəm ismidir Qarabağ,

Cənnət yeri vü abi şirü qaymaq.

                       (II cild, səh. 440)

 

Nigariyə görə bu gözəl cənnət diyarına ona görə Qarabağ deyirlər ki, torpağı gözəl ətirlidir, otlarının, güllərinin ətri qısqanclıq yaradır, hər tərəfi yaşıllıq, hər tərəfi bağlarla doludur. Ona  görə də adı Qarabağdır.

 

Hər canibi səbz, hər bağ,

Onun üçün ismidir Qarabağ.

          (“Çaynamə”, səh. 41)

 

Bu diyarda bülbüllərin və quşların səsləri də mələklərin nəğmələri kimidir deyən Nigari Qarabağın hər qarış torpağını, böyüklü-kiçikli bütün kənd və şəhərini mədh etməkdən yorulmur. Deyir ki:

Firdevs-i dil-aradır gərçi Qarabağ amma,

Xoşdur Qarabağ içrə kuy-i Qaradaş evla

yəni

Gərçi Qarabağ könül süsləyən cənnətdir,

Amma Qaradaş kəndi daha gözəldir.

 

Daşbulağı iki gözünə bənzədərək

“Kara bağım çeşme-i hun u dü çeşmim Daşbulaq,

Melhemimdir dem-be-dem dağ-ı firağ ab-ı ağ- deyir.

                                                          (I cild, səh. 286)

Beytin şərhi belədir: “Qara bağrım qanlı çeşmə və hər iki gözüm Daşbulaqdır. Ayrılıq yarası və ağ su sürəkli məlhəmimdir”.

Dağlayıbdır məni bir lale izharı Qarabağ,

Yandırıbdır məni bir nari-Nigari Qarabağ-

beytini qəzəllərinin şah misrasında tez-tez işlədən  Nigarinin “Qarabağ” rədişli qəzəli Nigari adının unudulmağa çalışdığını sovet dönəmi illərində Qarabağ xanəndələrinin dilinin əzbəri olmuşdur. 

Nə əcəb devlət imiş seyri-şikari Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ.

Rəşki müşki-ənbər imiş buyi-qubari Qarabağ,

Abi-heyvan imiş ənhari-pünari-Qarabağ.

Kövşərü-Tuba imiş çayu-çinarı Qarabağ,

Aləmi-cənnət imiş darı-diyarı Qarabağ.

İndi bildim nə imiş vəsfi həzarı-Qarabağ,

Yeridir kim çəkərəm ah u zarı-Qarabağ.

Dağlayıbdır məni bir lalə-izharı Qarabağ,

Yandırıbdır məni bir narı-Nigarı Qarabağ.

                                     (II cild, səh. 256)

Xalq şeirinin və klassik divan şeirlərinin əsas çalarlarında poeziya nümunələri yaradan Nigarinin şeirləri Anadolu, Qarabağ, Qazax, Borçalıda yaşayan geniş xalq kütlələri tərəfindən əzbərlənmiş və sevilmişdir. Mir Həmzə Nigari poeziyasının ana xəttini ilahi eşqi tərənnüm edən şeirlər təşkil etsə də, onun canlı xalq dilinin poetikasından, şifahi xalq ədəbiyyatındakı poetik nümunələrindən, xalq müdrikliyi adlanan  sağlam milli poeziya poeziya nümunələrindən bəhrələndiyi görünməkdədir.

Əsərlərindəki Azərbaycan və Türkiyə türkcəsi ilə zəngin olan ifadələrin bolluğu onun yetişdiyi milli zəminin xalq müdrikliyi ilə bilavasitə əlaqədar olduğunu göstərməkdədir.

Seyid Həmzə Nigari yaradıcılığına müraciət onu deməyə haqq verir ki, XIX əsr Azərbaycan və Türk ədəbi irsində böyük iz qoyub getmiş Mirhəmzə Nigarini öyrənməyə, onun daha ətraflı tədqiq və təbliğinə ehtiyac vardır.

Nigarinin “Gecələr” rədifli şeirini, bir dördlüyünü və bir qəzəlini hörmətli oxuculara təqdim edirik:

Düşmədi kuyinə bir kərrə güzarım gecələr,

Sormadı halimi bir mah-i izarım gecələr.

Bir mənə yanamı kim gəlmədi yarım gecələr.

Ol səbəbdən alışır can-fiğanım gecələr.

 

Yakılur atəşi dil artar azarım gecələr,

Çəkilir nük fələyə zari hezarım gecələr.

 

Dağılır hər tərəfə atəş-i zarım ecələr,

Yandı pərvanə kimi odlara varım ecələr.

 

Şəm tək nar-ıla düşdü ser-karım gecələr,

Bəs necə yanmaya bu könül menarım gecələr.

 

Dağlayıbdır məni bir lale-izar-ı Qarabağ,

Yandırıbdır məni bir nar-ı Nigar-ı Qarabağ.

                                         (II cild, səh. 258)

 

Nə müddətdir Nigar, Nigar deməkdən,

Qalmayubdur canda ixtiyar yeri.

Qanlar udur bağrım başın yeməkdən,

Xəstə gönlüm olmuş ah u zar yeri.

                                    (II cild, səh. 382)

 

Qəzəl

Dedim ayə bu gələn kimdir o candır dedilər,

Aşık-ı haste-i dilə özgə rəvanlar dedilər.

 

Dedim ayə ki, bu kim aynıma rəna görünür,

Bağça-i hüsndə bir sərvi-rəvandır dedilər.

 

Nədən olmuş dedim ayə ki, bu məstiyyəti-dil,

Aləmi eşqdə pey-veste-i andır dedilər.

 

Vaiz adəm deyilmi dedim ol beyhudə gu,

Bağırır nahaq bəd-nara-zənandır dedilər.

 

Bülbülün şamu səhər ahı nədəndir ki, dedim,

Ahı dil-süzuna bax atəşi candır dedilər.

 

Biqərar eyləyən uşşaki nədir ah dedim,

Ahı gisuyı girih-giri bütandır dedilər.

 

Nalə suzi ciyər eşqi isbat etdi,

Çəkdilər sinəmə bir dağ nişandır dedilər.

 

Bilməzəm ərz eylədim müddətin Allah bilir,

Vaxt kim atəşi canın nə zamandır dedilər.

 

Yoxmu ya muhtefimi yar görünməz ki, dedim,

Aşikardı vəli çeşmə nihandır dedilər.

 

Canımızla çəkərik eşqi kim ərzi səma,

Ona yox taqətimiz barı girandır dedilər.

 

Nə desən məcmua Mir Nigariyə dedim,

Bir cahangirdir ol şahı divandır dedilər.

  

Maarifə Hacıyeva, 

filologiya elmləri doktoru, professor 

 

 

Mədəniyyət