Ədalət Dadaşov–80
Rəssam deyəndə adamın gözləri önündə yaşlı, saçları ağarmış, üzü yaşanan illərin hər birindən bir cizgi almış insan canlanır. Azərbaycan təsviri sənət tarixində öz uğurlu yaradıcılıq fəaliyyəti ilə seçilən qocaman rəssamlarımızdan biri də Ədalət Abdurrəhman oğlu Dadaşovdur.
O, zəngin yaradıcılıq və ömür yolu keçib. Fitri istedadı, zəhməti və sənəti ilə insanların hörmətini qazanan Ədalət Dadaşov əsl rəssam həyatı yaşayıb. Bu böyük sənətkar ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. O, yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri fırçanın köməkliyi ilə yaddaşlara köçürüb.
Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Ədalət Dadaşov 1945-ci ildə Neftçalada anadan olub. 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildə isə Moskva Dövlət Bərpa Muzey əşyaları fakültəsində təhsil alıb. Bir müddət orta məktəbdə rəsm müəllimi işləyib, daha sonra AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tərtibatçı-rəssam kimi fəaliyyət göstərib.
Ədalət Dadaşov istedadı ilə sərhədləri aşan, əsərləri ilə xaricdə ölkəmizi layiqincə təmsil edən sənətkarlardandır. Milli dəyərlərin, ədəbi irsin və qədim ənənələrin təbliği onun yaradıcılığının əsas xüsusiyyətləridir. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, onun sənət əsərlərində təbiət, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.
O, 1994-1995-ci illərdə Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universitetində rəssam kimi çalışıb. 1995-ci ildə görkəmli fırça ustasının həmin universitetdə 30 əsərdən ibarət fərdi sərgisi açılıb. Ədalət Dadaşovun qardaş türk torpağına olan sevgisini ifadə edən həmin əsərlər iştirakçıların diqqətindən yayınmayıb.
Sonralar həyatını Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhəri ilə bağlayan Ədalət Dadaşov buranı özünün ikinci vətəni hesab edib. O, ömrünün 30 ildən çoxunu Şimali Kipr Türk Cümhuriyyətinin Əntiq Əsərlər və Muzeylər Dairəsində baş rəssam kimi çalışıb. Girnə qalası, antik mədəniyyət ocaqları, tarixi abidələr, limanlar, gəmilər, mavi səma, qırmızı kirəmitli evlər onun yeni əsərlərinin ilham mənbəyinə çecrilib.
O, həmçinin baş rəssam olaraq Muzeylər Dairəsinin nəzdində olan 28 muzeydə bərpaçı-rəssam işləyib, bu mədəniyyət ocaqlarında bədii tərtibat işlərini reallaşdırıb və muzey quruculuğu sahəsindəki işlərə rəhbərlik edib. Bu muzeylərdə əksər tabloların altında Ədalət Dadaşov imzası vardır.
Sözsüz ki, Ədalət Dadaşovun əsərlərinə tamaşa edən hər bir kəsdə heyranlıq hissi yaranmamış olmaz. Bu isə, yalnız Yaradanın yaratdığına verdiyi nadir istedad sayəsində mümkündür. Görkəmli rəssamın özünəməxsus yaradıcılıq qabiliyyəti ilə yaratmış olduğu sənət nümunələri Azərbaycan təsviri sənət tarixində həmişə yaşayacaqdır.
Əsl sənətin yaşı olmadığı kimi, əsl sənət adamları üçün də yaşın elə bir önəmi yoxdur. Onların yaşı yaratdıqları sənət əsərlərinin yaşı qədər həm qədimdir, həm də gənc. Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar Ədalət Dadaşova möhkəm cansağlığı və uzun ömür arzulayıram. Qoy onun yaradan əlləri daim var olsun!
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri