Daşkənddə Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar konsert keçiriləcək

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli  ilə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının direktoru Ramiz Usmanov arasında görüş olub.

Görüşün əsas məqsədi görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan milli opera sənətinin banisi, Azərbaycan dilində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsinə həsr olunub.

Bildirilib ki, Özbəkistanda 1920-ci illərin əvvəllərindən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Məşədi İbad”, “Leyli və Məcnun” və s. əsərləri əsasında milli musiqi əsərləri yaradılmağa başlanıb, bununla əlaqədar Özbəkistanda peşəkar teatrın yaranması və inkişafında, Özbəkistan professional musiqi sənətinin formalaşmasımda, kadrların yetişməsində Üzeyir Hacıbəyli yaradıcılığı xüsusi rol oynayıb.

Görüşdə qeyd olunub ki, Üzeyir Hacıbəylini əminliklə Şərq musiqi sənəti tarixinin əsas simalarından biri adlandırmaq olar. Onun irsinə təkcə operalar deyil, həm də komediyalar, kamera orkestri üçün əsərlər və bütün dünyada tanınan bir çox digər şah əsərləri daxildir.

Sonda Mədəniyyət Mərkəzinin təklifi ilə Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə xalqlarımız arasında mədəni mübadilənin və dostluğun, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığına ehtiram əlaməti olacaq birgə konsertin keçirilməsi qərara alınıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 



Mədəniyyət