Kinosevərlərin maraqla gözlədikləri “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçın şəhərindəki “Lacinema” Kino Mərkəzində təşkil olunub.
Filmin prodüseri və ssenari müəllifi Sərvər Bayramov bildirib ki, bu ekran əsərinin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir. Eyni zamanda, mövzu məkan anlamında Şərqi Zəngəzur–Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır.
Bildirilib ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimizin, mədəniyyətimizin intibah dövrü sayılan XII–XIII əsrləri əks etdirir.
Xalq artisti Mehriban Zəki filmin Laçında təqdimatını böyük uğurun başlanğıcı adlandırıb: “Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Hər birinizi bu gün münasibətilə təbrik edirəm”.
Sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi olub. Təqdimatda şəhid ailələri, qazilər, Laçın sakinləri və ətraf ərazilərdə yaşayan vətəndaşlar iştirak ediblər.
XQ