Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və “Azercell Telekom” MMC əməkdaşları ilə birlikdə üçtərəfli onlayn görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə muxtar respublikada “Açıq kitabxana” layihəsinin yaradılması istiqamətində müzakirələr aparılıb.
Qeyd olunub ki, layihənin ilkin olaraq ölkədə üç yerdə - Bakı şəhərində, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulub. Bunun üçün ilkin olaraq köşklər qurulacaq və burada çap məhsulları yerləşdiriləcək. Yaradılan köşklərdə “Azercell” tərəfindən göstəriləcək Bookmate xidməti vasitəsilə oxucular milli və dünya ədəbiyyatı şedevrlərini EPUB (Electronic Publication) formatında oxuya, eyni zamanda audio kitabları dinləyə biləcəklər.
“Açıq kitabxana” da “Uşaq guşəsi”, “Dövri mətbuat bölməsi”, “Açıq rəf”, “Milli musiqi guşəsi”, “azad wi-fi zonası”, “Kitabı kitaba dəyişmək guşəsi” və Milli Kitabxananın elektron kataloquna və kitabxanasına giriş oxucuların istifadəsinə veriləcəkdir.
Köşklərdə mövcud olan kitablar zamanla kitabsevərlərə hədiyyə olunacaq və yeni kitablarla zənginləşdiriləcək. Kitabların oxunması ilə yanaşı müxtəlif əyləncəli tədbirlərin keçirilməsidə nəzərdə tutulur.
Görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, dövlət-özəl tərəfdaşlığına diqqət çəkərək layihənin əhəmiyyətini vurğulayıb, bu layihənin həyata keçirilməsinin kitaba marağın artırılmasına, mütaliə mədəniyyətinin yüksəldilməsinə, gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət edəcəyini qeyd edib.
Səbuhi HƏSƏNOV