Stalinin “qırmızı professor” adlandırdığı alim

post-img

Ötən əsrin 30-cu illərinin “düşmən ovları”, tuthatutları canının dərdindən bolşevizmi vəsf edənlərdən də yan ötməyib.

Cəlladlar sanki bir şeytan fəhmi ilə onların qeyri-səmimiliyini duyur və cəzalandırılmaları üçün məqam gözləyirdilər. 

Hüseyn Cavid bu barədə yazırdı:   
Ya rəbb, bu nə dəhşət, nə fəlakət! 
Ya rəbb, bu nə vəhşət, nə zəlalət! 
Yox kimsədə insafü mürüvət, 
İblisəmi uymuş bəşəriyyət?!

Şər qüvvələrin qara caynaqlarına keçənlərdən biri də onların özlərinin tərifləyib göyə qaldırdıqları Məmmədkazım Ələkbərli olub. Şər, iblis, şeytan deyəndə 666 rəqəmi yada düşür. Bu simvol özündən 20 dəfə kiçik – 33 yaşı olan Məmmədkazımı da repressiyanın “ət maşını”na salıb məhv edəndə heç heyfsilənməyib də. Bəlkə də, növbəti qurbana görə İblisin vəsvəsəli gözü işıldayıb.
Bir qərinəlik qısa ömründə o, çox irəli gedə bilmişdi. Dərbənddə doğulub Bakı Pedaqoji İnstitutunda ali təhsil alan gənc filoloq Gəncə Vilayət Xalq Maarif Şöbəsinin müdiri, “Qızıl Gəncə” jurnalının baş redaktoru, Mahaçqalada “Dağıstan füqərası” qəzetinin yaradıcısı, “Maarif yolu” jurnalının məsul redaktoru, Moskvada Qırmızı Professorlar İnstitutunun məzunu, Azərbaycan Dövlət Universitetinin rektoru, mətbuatda müntəzəm çıxışlar edən jurnalist kimi “Kommunist” nəşriyyatının direktoru, “Ədəbiyyat qəzeti”, “Bakinski raboçi”, “Vışka” qəzetlərində, “Zərbəçi”, “Sürət”, “İnqilab və mədəniyyət”, “Firqə işçisi” jurnallarında baş redaktor olub. Azərbahycan Yazıçılar İttifaqının ilk sədri seçilib.
Görkəmli ədəbiyyatşünas, tədqiqatçı Məmmədkazım Ələkbərli 22 yaşında “İdealizm və materializm və yaxud yeni fəlsəfə”, 24 və 30 yaşlarında “Yeni əlifba və orfoqrafiya”, “Azərbaycan ədəbiyyatı” kimi sanballı kitablar yazıb. Səs-sədası bütün ölkəni bürüyüb və... onu gözə gətirib. 
Bacısı qızı Asya xanım “Mənim... üzdə “qırmızı”, içdə qızıl professor dayım” adlı hekayətində yazırdı: “Xatirələrim içərisində ən acı və ən şirini Məşədi Məmməd Kazım dayımla bağlı olanlardır. Çox savadlı, ziyalı adamlardan idi mənim o bəxt-talesiz dayım. Bizim Pedaqoji İnstitutdan sonra təhsilini Moskvada davam etdirib. Xüsusi istedad və bacarığına görə bir kərə ­Stalin ona “Krasnı professor” deyib və onu Azərbaycan KP Mərkəzi Komitəsinə 1-ci katib təyin etmək istəyirmiş. Bu məqsədlə dayımı Moskvadan Azərbaycana göndəriblər. Gələndə elə hey susurdu. Sən demə, ürəyində bu baş vəzifəyə layiq bildiyi Mircəfərin adını Moskvada necə dilə gətirmək haqda düşünürmüş.
Mircəfər dayımın yaxın dostlarından idi. İstəyirdi onu qabağa çəksin. Nəhayət, bir kərə cəsarətə gələrək, Bağırovun təqdimatını eləyib Stalinə. Özününsə elmi araşdırmalarla məşğul olmaq istədiyini bildirib...” 
Məmmədkazım Ələkbərli Moskvada Sovet Yazıçılarının 1-ci qurultayında məruzə ilə çıxış edib. Dəfələrlə “Kitabi-Dədə Qorqud”un azəri türklərinə aid dastan olduğunu söyləyib və yazıb. Digər tərəfdən o, üzləşdiyi sovetizm maneələrinin istiqamət verdiyi yollarda da məcburi addımlar atmalı olub: “Oktyabr inqilabı və Azərbaycan ədəbiyyatı”, “Şura ədəbiyyatı yüksəliş yollarında”, “Aprel ədəbiyyatı” kimi məqalələrin müəllifi idi.
Bağırov Mərkəzi Komitəyə rəhbər təyin olunandan sonra da onunla dostluğunu davam etdirib, tez-tez evlərinə gəlib. Amma nə bu dostluq, nə Azərbaycan dilində “Fəlsəfə” dərsliyinin ərsəyə gətirilməsi yolunda çabaları onu repressiya maşınından xilas edə bilməyib. Əksinqilabi burjua millətçi təşkilatın üzvü, sovet hökumətinə qarşı silahlı üsyandan xəbəri olan, RK(b)P və sovet hökumət rəhbərlərinə qarşı terror mövqeyində dayanan şəxs kimi həbs edilib və 1 il 2 aylıq işgəncələrdən sonra 1938-ci il oktyabrın 12-də güllələnib. Bir növ dostunun əli ilə taleyi qara yazılıb Məmmədkazımın. 
Dövrünün ünlü simaları – Mikayıl Rəfili, Əhməd Cavad, Almas İldırım və başqalarının onun haqqında yazdıqları rəğbət dolu məqalələr şəhadət verir ki, bu adam dövrün “mübahisəli”lərindən çox, mübarizlərindən olub. Elə onun 1938-ci ildə güllələnməsi də bunu təsdiq edir.
Məmmədkazım Ələkbərlinin “qara siyahı”ya düşməsinin bir səbəbi də onun Azərbaycan yazıçılarının ilk qurultayında yazılı ədəbiyyat tariximizin çox qədimlərə gedib çıxmasına dair dedikləri ilə əlaqələndirilir. O deyib: “Əlimizdə olan faktlara əsaslanaraq deyə bilərəm ki, Azərbaycanın yazılı ədəbiyyatının banisi VIII əsrdə yaşayan şairə Zibeydə Xatundur. Zibeydə Xatunun azərbaycanlı olması və türk dilində şeirlər yazmasını sübut edən dəlil isə Hindistanın Bombey şəhərində işıq üzü görən “Ruzi Revşən” adlı kitabdır. Beləliklə, biz əlimizdə olan sübutlara əsaslanaraq, Azərbaycanın yazılı ədəbiyyatının VIII əsrə aid olduğunu təsdiq etdik”.  
Görkəmli alimin bu çıxışı 10 illərcə tam məxfi saxlanıb. Cənubi Qafqazda belə faktların üzə çıxarılması Stalin və Mikoyan kimi şovinistlərin milli mənliyinə toxunurdu, onlar Azərbaycanın üstünlüyünü həzm edə bilmirdilər. Buna cəsarət edənlərin aqibəti isə dəhşətli ölümlə sona çatırdı.
Beləliklə, milli tarix və ədəbiyyatını sevən görkəmli filosof-alim bolşeviklərin “qara siyahısı”na salındı və “NKVD”nin dəhşət saçan zindanında məhv edildi. Sovet quruluşunu vəsf edən əsərlər yazmaması və yazılarında türk sözləri işlətməsi də erməni-bolşevik cəlladlara dəstəvuz oldu. Onlar Ələkbərliyə “pantürkist”, “əksinqilabçı”, “xarici dövlətin casusu” və digər damğalar vuraraq həbsinə, sonra da məhvinə nail oldular. Dostu  Bağırov da onu xilas edə bilmədi və ya istəmədi.  

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət