100 yaşlı “Elm” nəşriyyatı elmin xidmətində

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında digər müzakirələrlə bərabər, “Elm” nəşriyyatının 2024-cü ilə dair  hesabatı dinlənilib. 
Bu nəşriyyat bir əsrə qədərdir ki,   fəaliyyət göstərir. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri “Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilib. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində “Elm” nəşriyyatı uğurla davam etdirir.  Müəssisəyə vaxtilə akademik Ziya Bünyadov, Əjdər Xanbabayev, Faiq Məlikov, Şirindil Alışanov, Hafiz Abıyev və başqaları başçılıq ediblər. 2019-cu ildən nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovdur. 
Hesabatdan əvvəl AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB), Naxçıvan Bölməsinin, Mərkəzi Elmi Kitabxanasının və “Elm” nəşriyyatının 2024-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli bu il Rəyasət Heyətinin iclaslarında AMEA-nın elmi bölmə və regional mərkəzlərindən əlavə, ilk dəfə olaraq “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, “Elm” nəşriyyatı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin də fəaliyyətlərinə dair hesabatlarının ictimaiyyətə təqdim olunduğunu bildirib.
“Elm” nəşriyyatının illik hesabatını təqdim edən Səbuhi Qəhrəmanov qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm” nəşriyyatında “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Qlobal ekoloji problemlər”, “Ecoethics problems of Azerbaijan: scientific, legal, moral aspects” adlı kitabları, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları və s. nəşr olunub.
Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar isə “Böyük Azərbaycan şairi Füzuli”, “Füzuli sənətkarlığı”, “Füzulinin ərəbcə poetik irsi” monoqrafiyaları, o cümlədən “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın tezisləri işıq üzü görüb.
Bundan əlavə, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından  milli elmin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi və müxbir üzvlərinin biblioqrafik göstəriciləri çap olunub.
Çoxcildlik əsərlərdən isə “Qərbi Azərbaycan folkloru. III cild”, “Cəmiyyətin sosial və mənəvi həyatındakı islahatların fəlsəfəsi (15–16 cild)” kitabları işıq üzü görüb.
Eyni zamanda “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham ­Əliyevə”, “Qasım Qasımzadənin yaradıcılıq yolu”, “Nəzəri-tənqidi fikrin poetikası”, “Mir Möhsün Nəvvab”, “Tarix danışan binalar” monoqrafiyaları, “Kitabi Dədə Qorqud. Drezden, Vatikan və Günbəd nüsxələri”, “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı”  və s. nəşrlər hesabat ilində çap olunub.
Səbuhi Qəhrəmanov hesabat ilində Azərbaycan elmi cəmiyyəti üçün mühüm əhəmiyyəti olan, Web of Science, Scopus, Google Scholar, EBSCO, COPERNICUS, AGRIS, Asos index və b. beynəlxalq bazaların siyahısına daxil edilmiş “Azərbaycan Riyaziyyat Jurnalı”, “Azərbaycan Kimya Jurnalı”, “Filologiya və sənətşünaslıq”, “Türkologiya”, “Həyat elmləri və biotibb” və 10-a qədər digər elmi jurnalların da işıq üzü gördüyünü diqqətə çatdırıb.
Natiq “Elm” nəşriyyatının hesabat dövründə Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında, eləcə də X Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunduğunu, müəssisə əməkdaşlarının il ərzində bir sıra tədbirlərdə təltif edildiklərini söyləyib.
Nəşriyyatın 2024-cü ildə beynəlxalq əməkdaşlıq üzrə də fəliyyətini davam etdirdiyini söyləyən direktor Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurası, Avropa Elmi Redaktorlar Assosiasiyası, Nəşr Etikası Komitəsi (COPE),  ABŞ-ın EBSCO məlumat bazası, o cümlədən AVES publishing, “Elsevier” nəşriyyatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb.
Eyni zamanda, akademiya rəhbərliyinin  nəşriyyata göstərdiyi diqqət sayəsində burada çap fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırıldığı, nəşriyyatın maddi-texniki bazasının təkmilləşdirildiyi bildirilib.   
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının ötən ildəki fəaliyyətini yüksək qiymətləndirib və müvafiq tapşırıqlarını verib. Onu da əlavə edək ki, Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələlərdən biri də “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında idi. Qeyd edilib ki, 2025-ci ilin sentyabr ayında nəşriyyatın yaradılmasının 100 ili tamam olur.

Ə.ƏLİYEV  
XQ

Elm