Səhnəmizin və kinomuzun Leylası

post-img

Ötən əsrin 20-ci illərində Bakının İçərişəhərində Leyla adlı gözəl bir qız böyüyürdü. Anası Bikə xanım tez-tez onu da özü ilə Əli Bayramov klubundakı qadınlar dərnəyinə aparırdı. Leylanın elə o vaxtlardan incəsənətə marağı yaranmağa başlamışdı.
Bir gün “Qız qalası əfsanəsi” adlı səssiz filmə baxan Leyla heyrətə gələrək, özünü köhnə Bakının küçələrində çəkilmiş kadrlardakı Gülnar kimi təsəvvür elədi. Onun iztirablarını yaşadı. Sonralar da hər dəfə evlərinin yaxınlığındakı Qız qalasının yanından keçəndə Leyla sanki aktrisa Sofiya Jozeffi kimi, bəlalı Gülnara dönürdü. Gülnar özünü Qız qalasından dənizə atıb əfsanəyə dönmüşdü, Leyla isə İçərişəhərin qala divarları arasından dünyaya çıxaraq, tanınmış teatr və kino aktrisası oldu.
Söhbət milli səhnə və ekranımızın parlaq ulduzu, unudulmaz Xalq artisti Leyla Bədirbəylidən gedir. 16 yaşına çatanda filarmoniyada solist kimi işə götürülən cazibədar görkəmli gənc Leyla istedadlı rəqqasə olub. “Toy” və “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün səhnələşdirilib. Filarmoniyada çalışdığı illərdə ilk dəfə Qəmər Salamzadənin “Dəcəl dəstə” filmində rol alıb. Sonra “Ayna” və “Beş dəqiqəlik konsert” filmlərinə çəkilib. 1941-ci ildə Leyla xanımı Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər və düz 33 il orada çalışıb. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olub. Sonra Mirzə İbrahimovun “Məhəbbət” pyesində Zəhra, Uilyam Şekspirin “Otello”sunda Dezdemona, İslam Səfərlinin “Göz həkimi”ndə Nərminə, Cəfər Cabbarlının “Od gəlini”ndə Solmaz, Lev Tolstoyun “Canlı meyit”ində Liza obrazlarını özünəməxsus ustalıqla yaradıb.   
Onun filmoqrafiyası xüsusilə zəngindir. İlk olaraq, Üzeyir Hacıbəylinin və Rza Təhmasibin dəvəti ilə “Arşın mal alan” filmində Gülçöhrə roluna öz möhürünü vurub. Ardınca daha 41 filmdə yaddaqalan rolları ifa edib.
İstedadlı aktrisanın şərəfləndirdiyi filmlərdən “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Mən ki gözəl deyildim”, “Dəli Kür”, “Sevil”, “Dərviş Parisi partladır”, “Qanlı zəmi”, “Kişi sözü” və digərlərini göstərmək olar. 
Leyla Bədirbəylinin cazibədar görkəmi çoxlarını heyran edib. Səməd Vurğun “Allı-güllü Leylam” şeirində onu vəsf edib. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti günlərində keçmiş SSRİ-nin rəhbəri İosif Stalin Leyla xanımı “Qafqaz gözəli”, “Azərbaycan gözəli” adlandırıb və bununla o, daha da şöhrətlənib.
Düz 62 il sənətdə fədailik edən, sevimli Xalq artistimiz “Mahnı dağlarda qaldı” tamaşasındakı Fəxrəndə xanım roluna görə Azərbaycanın Dövlət mükafatına və “Arşın mal alan” filmindəki Gülçöhrə roluna görə Stalin mükafatına layiq görülüb. 1999-cu ildə – ömrünün son aylarında “İstiqlal” ordeni ilə təltif edilib. Sələflərinin ənənələrini uğurla davam etdirmiş, Azərbaycan mədəniyyəti salnaməsinə parlaq  səhifələr yazmış Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 29 dekabr 2019-cu ildə Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət