“Neftçi”nin Suriya səfəri

post-img

Suriya uzun illər “birinci şəxs” olan Bəşər Əsədin ölkədən qaçması, nəticədə hakimiyyətin dəyişməsi ilə yenidən gündəmdədir...
Bugünlərdə Hələb şəhərindəki "Beynəlxalq Stadion"da güclü yanğın olması barədə  xəbər yayılmışdı. Həmin arena 2007-ci ildə istifadəyə verilmiş və açılışda yerli “Əl-İttihad” və "Fənərbağça" komandaları qarşılaşmışdı (2:2). Tarix deyir ki, vaxtilə Azərbaycan futbolçuları da Hələbdə çıxış ediblər.
Həmin oyundan danışmazdan əvvəl qeyd edim ki, Bakının “Neftçi” komandası iki müxtəlif dövrdə Suriyaya səfər edib. Onlardan birincisi 1968-ci ilin dekabrına təsadüf edib. O vaxt “Neftçi” yalnız Dəməşqdə şəhərin yığma komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
“Bizi orada gözləmirdilər”
1967–1979-cu illərdə “Neftçi”də oynamış məşhur Nikolay Smolnikov da Suriyadakı matçın iştirakçısıdır. Onda 19 yaşı olan hücumçu həmin səfəri xatırlamağa çalışır:
“Ora yoldaşlıq görüşləri keçirdiyimiz İrandan getmişdik. Oyunun təfərrüatlarını unutmuşam, amma yadımda o qalıb ki, bizi orada gözləmirdilər. Aeroportda çox saxladılar. Qış - soyuq idi, oradakı skamyalar da mərmərdən idi. Bizimkilər sovet səfirliyi ilə danışdılar, bizi ora apardılar. Hansısa otaqda kimsə xalçanın üstündə, kimsə kresloda – gecəni birtəhər qaldıq. Səhər mehmanxana tapıb, bizi yerləşdirdilər. 
Özü də aeroportda bütün əşyalarımızı almışdılar. Ancaq idman geyimlərini götürməyə icazə verdilər. Qayıdana kimi əşyalarımız orada qaldı”.
“İdman” qəzeti “Neftçi”nin Suriya səfəri ilə bağlı oxucularına belə məlumat vermişdi: 
“Neftçi” komandası buraya gəlməzdən iki həftə əvvəl Suriyada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilib. Zeynəb Xanlarovanın ifa etdiyi Azərbaycan mahnıları Suriyada şöhrət qazanıb...
Suriyada “Neftçi” Dəməşqin yığma komandası ilə cəmi bir oyun keçirdi. Bu komanda üç paytaxt klubunun oyunçularından qurulmuşdu. Görüş şəhərin yeni stadionunda keçirildi və Dəməşqin futbol həvəskarlarının böyük marağına səbəb oldu. Tamaşaçılar Azərbaycan futbolçularının ustalığına yüksək qiymət verdilər. R.Əlizadə və E. Markarov rəqiblərin qapısına iki top vurdular”.
“Neftçi”nin Suriyaya növbəti səfəri isə 1983-cü ilin dekabrında reallaşdı. Bu, artıq başqa komanda, başqa futbolçular idi. Baş məşqçi Kazbek Tuayev Suriyada necə çıxış etməkləri barədə “İdman”a danışarkən 15 il əvvəlki səfəri də xatırlamışdı: “O vaxt komandada çıxış edən futbolçulardan indi “Neftçi”də yalnız S.Kramarenko və mən qalmışıq. Yeri gəlmişkən, onda Dəməşq klublarının yığma komandası ilə matçda “Neftçi”nin ən yaxşı oyunçusu Sergey Kramarenko hesab edilmişdi. Bu dəfə də Suriya paytaxtı klublarının yığma komandası ilə görüşdə qapını komandamızın veteranı S. Kramarenko qoruyurdu. Mərkəzi “Abbasiyyə” stadionunun tribunalarındakı 25 min futbol azarkeşinin bizim qapıçını hərarətlə alqışlaması fərəh doğururdu. Bundan ruhlanan qapıçı gəncliyində olduğu kimi böyük ustalıq nümayiş etdirib öz qapısından bir top da buraxmadı.
Meydannın sintetik döşəməsi üzərində oynamaq o qədər də asan deyildi. Ona görə də uyğunlaşmaq üçün müəyyən vaxt lazım gəldi. Lakin sonra futbolçularımız təşəbbüsü ələ alaraq rəqibə öz iradələrini qəbul etdirməyə başladılar. M. Əhmədov sürətlə rəqiblərin əhatəsindən çıxıb gözəl qol vurdu. Meydan sahibləri bu qolun əvəzini çıxmağa çox səy göstərsələr də, taktiki cəhətdən rəngarəng oyun nümayiş etdirə bilmədilər. Onlar daim cinahlardan hücuma keçərək topu cərimə meydançasına ötürürdülər. Bu görüşdə hesab axıradək dəyişmədi - 1:0”.
Jidkov Suriya turnesində debüt etmişdi
Qarşıdakı dörd mövsümdə “Neftçi”nin qapısını qoruyacaq və inamlı çıxışı ilə azərbaycanlı azarkeşlərin sevgisini qazanacaq, amma sonra Kiyev “Dinamo”suna keçməklə onları məyus edəcək Aleksandr Jidkov da Bakı komandasında, qeyri-rəsmi olsa belə, məhz Suriya turnesində debüt etmişdi. 
“İdman” yazır: “Bir gün sonra “Neftçi” Həma şəhərində vilayətin yığma komandası ilə oynadı. “Neftçi”nin qapısını komandaya yeni qəbul edilmiş Jidkov qoruyurdu. Meydan sahibləri onun qapısından bir top keçirsələr də, öz qapılarından artıq iki qol buraxmışdılar. Bu görüşdə Şıxlarov və Ponomaryov fərqləndilər”.
Və Hələb şəhəri. K.Tuayev deyir: “Hələb dahi Azərbaycan şairi Nəsiminin edam olunduğu şəhərdir. Biz onun mavzoleyinə gedərək qəbrinin üzərinə çiçək dəstələri qoyduq. Bu qədim şəhərdə həmyerlimiz A. Ələsgərova da rast gəldik. O, yerli konservatoriyada dərs deyir”.
“Neftçi”nin Hələbdə Suriya çempionatının gümüş mükafatçısı “Əl-İttihad”la qarşılaşmasının taleyini birinci hissədə Allahverdi Səfərovun vurduğu yeganə qol həll edib – 1:0. 
Baş məşqçi sözlərinə davam edir: “Səfərov və Sadıqov səfər oyunlarında yaxşı təsir bağışladılar. Fərəhlidir ki, bu gənc futbolçular, nəhayət, komandada öz yerlərini tapa biliblər. Həmişə olduğu kimi, Qurbanov, Özbəyov, Drozdov, Xudiyev, Ponomaryov və başqaları meydanda səmərəli faaliyyət göstərdilər. Yalnız Cavadov xəstələndiyinə görə çıxış edə bilmədi”.
Soyadlar insanda nostalji hisslər yaşadır...
Nəhayət, “Neftçi” Suriyada son matçını ölkə çempionu və kubokunun sahibi, Hüms şəhərinin “Əl-Karamah” komandası ilə keçirib. Bu, Azərbaycan futbolçuları üçün ən çətin görüş olub. Məğlub vəziyyətinə düşən “Neftçi” yalnız hakimin final fitinə az qalmış hesabı bərabərləşdirə bilib – 2:2. Oyunda qolları Ponomaryov və Şıxlarov vurublar.
“Avtomatla göyə atəş açmağa başladılar”
K.Tuayevin adını çəkdiyi futbolçulardan biri, 1977–1984-cü illərdə “Neftçi”nin müdafiəçisi olmuş Asim Xudiyev yaddaşını işə salır:
“Dəməşqdə şəhərin mərkəzində qalırdıq. Komandamızın həkimi Boris Xetaqurovun sosial şəbəkədə Suriyadan paylaşdığı o şəkli də hotelin qabağında çəkdirmişik.
Dəməşq şəhərinin yığması ilə yoldaşlıq görüşünün keçirildiyi stadion şəhərin mərkəzində idi, amma yeni deyildi. Bizə yad olan meydanın örtüyü idi: nə ot idi, nə də torpaq. Süni örtüklü demək olar, amma keyfiyyəti o qədər aşağı idi ki, oynamağa çətinlik çəkirdik. 
Adi taxtanın üstünə nazik yaşıl xalça sərmişdilər, hətta meydanın mərkəzində bir neçə yerdə qopmuşdu. Butslarla oynaya bilmədik, kim nə tapdı, onu da geyindi.
Oyunlarımız yerli azarkeşlər tərəfindən maraqla izləndi. Amma onların komandalarının səviyyəsi bizdən aşağı idi. Biz, belə desək, məzuniyyət vaxtı ora getmişdik. Bizim üçün bir növ istirahət oyunları idi. Üç matçda rahat qələbə qazandıq.
Hümsdə isə başımıza qeyri-adi hadisə gəldi. Oyun bitən kimi kimlərsə avtomatla göyə atəş açmağa başladılar. Biz də belə hadisələrə öyrəşməmişdik. Torpaq meydan idi – qorxudan yerə uzandıq, kimsə də paltardəyişmə otağına qaçmaq istədi. Polislər meydana daxil olub bizi sakitləşdirdilər ki, belə hadisələr burada adi haldır - bəzən hərbçilər hisslərini belə ifadə edirlər”.
Xetaqurovun arxivindən paylaşdığı şəkildə kimlər var? Oturanlar - Yaşar Vahabzadə, İqor Ponomaryov, Maşallah Əhmədov, Allahverdi Səfərov, Ələtdin Ələkbərov. Ayaqüstə duranlar – Gennadi Drozdov, Vaqif Sadıqov, Vladimir Mixaylevski, Şakir Qəribov, Asif Əliyev, Rəşid Özbəyov, Səməd Qurbanov, Sergey Kramarenko, Aleksandr Jidkov, İskəndər Cavadov, həkim Boris Xetaqurov, masajçı Zakir Qacarlı, Səmədağa Şıxlarov, Asim Xudiyev.
“Bir komanda. 
Bir millət. Bir Suriya”
Mənim də Suriya ilə bağlı kiçik xatirəm var. Düzdür, o ölkəyə səfər etməmişəm. Amma 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində olanda Suriya millisinin Asiya kuboku çərçivəsində Avstraliya ilə oyununu izləmişəm. O vaxt suriyalılar yarışa “Bir komanda. Bir millət. Bir Suriya” şüarı ilə qatılmışdılar. Suriya həmin  Asiya kubokunda heyətinin yarıdan çoxu legioner olan azsaylı komandalardan idi. O vaxt onlar yarışın gedişində baş məşqçini dəyişməklə də diqqəti cəlb etmişdilər.
Oyuna gəlincə, Əl-Əyndə “Khalifa bin Zayed” stadionunda 10 minə yaxın suriyalının dəstəyinə baxmayaraq, komanda məğlub olaraq Asiya kubokunda qrupdan çıxmaq tilsimini qıra bilməmişdi (bunu yalnız 2023-cü ilin Asiya kubokunda edə bildi). Matça birlikdə getdiyim suriyalı jurnalistlərlə sonra Abu Dabidə yaşayan bir imkanlı suriyalının evində qonaq olub axşam yeməyi də yemişdik...
Rasim MÖVSÜMZADƏ,
idman şərhçisi

İdman