Türkmənin böyük şairi

post-img

Məhtimqulu Fəraqi – 300

Məhtimqulu Fəraqi ümumtürk ədəbiyyatına şərəf və şan gətirən parlaq simalardan biridir. Dünyaca məşhur şairin poetik irsi və fəlsəfəsi bu gün də özünün təzə-tərliyi ilə seçilir, sabah da belə olacaq.

2024-cü ildə görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi səbəbilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2024-cü ilin “Məhtimqulu İli” elan edilib. Bu kimi qərarlarla türk mədəniyyətinin görkəmli şəxsiyyətləri öz örnək həyatları və qoyub getdikləri ölməz əsərləri ilə yeni nəsillərə tanıdılır.

Məhtimqulu Fəraqi 1724-cü ildə Türkmənistanın Gürgən şəhəri ətrafındakı Hacı Qovşan kəndində ziyalı ailəsində anadan olub. Məşhur türkmən şairi Dövlətməmməd Azadinin (1700–1760) oğludur. Məhtimqulu gənclik illərində Şərqdə elm və mədəniyyət mərkəzləri kimi tanınan Buxara və Xivə mədrəsələrində mükəmməl təhsil alıb. Sonra Əfqanıstana və Hindistana, Özbəkistanın Margilan, Əndican, Səmərqənd şəhərlərinə gedib. Daim təhsilini təkmilləşdirib, gözəl şeirlər yazıb. Sözün qədrini bilib və söz xiridarı olmayanları məzəmmət edib:

Süvar olub minər atın bilməyən,
Arif olub öz izzətin bilməyən,
Söhbət içrə söz, ləzzətin bilməyən
Duya bilməz məclis nədir, söz nədir.

Məhtimqulu Fəraqi 83 yaşında Türkmənistan sərhədi yaxınlığındakı Mərəvə təpənin Aba Sarı adlı çeşməsinin ətrafında vəfat edib. Əsərlərinin əksəriyyətini türkmən alimləri əhalidən toplayıblar. Bu günə qədər 740-dan çox şeiri, 10 poeması məlumdur. Şairin əsərləri Azərbaycanda dəfələrlə nəşr olunub. 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan “Divan”ının yeganə nüsxəsi 2015-ci ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda aşkar edilib və nəşr olunub.

Yeri gəlmişkən, hələ fevral ayında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” adlı Beynəlxalq elmi konfransı keçirilib. Konfransa Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutundan gəlmiş alimlər də qatılıblar. Azərbaycan–Türkmənistan elmi-ədəbi əlaqələrinin inkişafında yeni bir mərhələnin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bu çərçivədə Fəraqinin həyat və yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Şairin “Divan”ı qonaqlara hədiyyə edilib. Məruzələrdə onun yaradıcılığının müxtəlif istiqamətlərinə nəzər salınıb.

Onu da deyək ki, mərhum ədəbiyyatşünas alim Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabında (Bakı, 1980) yazdığına görə, Məhtimqulu Azərbaycanda da olub və ölkəmizin gözəlliklərini tərənnüm edib. Akademik İsa Həbibbəyli isə onun “Divan”ına yazdığı ön sözdə şairin “Yaylaqları var” adlı şeirini meşələr və dağlarla əhatə olunmuş Nuxanın (Şəkinin) təbiətinə həsr etdiyini bildirib:

Səfər edib getsək Nuxa mülkünə,
Könül istəyəntək yaylaqları var.
Seyran etsək qönçəsinə, gülünə,
Bağçasında bülbül oylaqları var.

Şeirdə Məhtimqulu, eyni zamanda, Azərbaycan klassikləri Nizamini, Xaqanini, Nəsimini, Füzulinin də adlarını yada salıb, onlara hörmət və ehtiramını ifadə edib. Maraqlıdır ki, bu şeir şairin əsərlərinin Moskva nəşrində “Azərbaycan” adı ilə verilib.

Məhtimqulu yaradıcılığında Nəsimi, Xətai, Nəvai, Füzuli, Həbibi, Aşıq Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım və Molla Pənah Vaqiflə ruh yaxılığı və onların təsiri də hiss olunur. Məsələn, Füzuli yazıb:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Məhtimqulu isə bu fikri belə qələmə alıb:
Az yegil, az yatğıl, sözünü az et,
Nə var mənasız söz uzatmaq ilən?

Onun sevgi şeirləri bizim klassiklərin yazdıqları qədər sadə, xoşagələndir:

Gözüm düşdü, seyranımda qardaşlar,
Kükrəyir damu tək narı dilbərin.
Qıyılmış kaman tək üzündə qaşlar
Görüb-görməyənlər zarı dilbərin.

Şairin “Göy kəbutər”, “Atlı ərənlər”, “Məhşərnamə”, “Kəsik baş”, “Suhud oğlan”, “Azğın işan”, “Qara yer”, “Sözüm var” kimi irili-xırdalı 13 pomasının olduğu qeyd edilir. Hamısı da özünün fəlsəfi-dini, əzlaqi-didaktik səciyyəsinə görə diqqət çəkir. Mövzuları klassik Şərq ədəbiyyatında yazılmış ənənəvi süjetlərdən, əfsanə və rəvayətlərdən alınsa da, onlara Fəraqi öz dövrünün ahəngini, məzmununu verib, öz dünyagörüşü, düşüncə və təcrübəsi süzgəcindən keçirib...
Bu ilin may ayında Aşqabadda, Kopetdağın ətəyində salınmış parkda Fəraqinin nəhəng abidəsi qoyulub. Bu, Orta Asiyada ən böyük abidədir.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət